Azərbaycan

24 avqust 1896 - Sənətşünas alim Məhəmməd Ağaoğlu (1896-1949) İrəvan şəhərində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Muzeyinin yaradılmasında (1919) iştirak edib. 1920-ci ildə Türkiyəyə, oradan Amerikaya gedib. Detroytda "İslam incəsənəti qalereyası"nda çalışıb, Miçiqan Universitetində dərs deyib, "İslam incəsənəti" jurnalının redaktoru olub. "Səfəvi xalçaları və parçaları", "İslam incəsənəti haqqında qeydlər" və s. kitabların müəllifidir.
24 avqust 1926 - Bəstəkar Nazim Ağalar oğlu Əliverdibəyov (1926-1985) anadan olub. Üzeyir Hacıbəylinin "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib. “Gilas ağacı”, “Çarvadarların izi ilə”, “Vulkana doğru” və s. filmlərə musiqi yazıb.

25 avqust 1915 - Əməkdar memar Tahir Abdulla oğlu Abdullayev (1915-2004) anadan olub.
25 avqust 1931 - Nasir, ictimai xadim, Əməkdar mədəniyyət işçisi Əjdər Rza oğlu Xanbabayev (1931- 30.5.1990) anadan olub.
25 avqust 1935 - Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) Ağdaş rayonunun Kotanarx kəndində doğulub. "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər", "Oddan keçənlər" və s. poemaların müəllifidir. Müxtəlif ölkələrin inqilabçı qəhrəmanlarına (Çe Gevara - Kuba, Xose Risal - Filippin və s.) poemalar həsr edib. Bir sıra şeirlərinə ("Anacan, dostum evlənir", "Gəl, ey səhər", "Payız gəldi" və s.) populyar mahnılar bəstələnib.
25 avqust 1926 - Xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova (1926 - 23.12.2005) Gəncədə anadan olub. Yaradıcılığında natürmort, mənzərə, xalq nağıllarına illüstrasiyalar geniş yer tutur: "Dağ çayı", "Aşıq Qərib", "Çövkən oyunu", "Payız bağında" və s.
25 avqust 1943 - Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943-1992) Gəncədə anadan olub. Əslən Cəbrayıl rayonundandır. “Dağlarda döyüş” (Fərrux), “Yeddi oğul istərəm” (Qəzənfər), “Axırıncı aşırım” (İman), “Həyat bizi sınayır” (Arif), “Qatır Məmməd” (Qatır Məmməd), “Arxadan vurulan zərbə” (Gündüz Kərimli), “Babək” (Cavidan) və s. filmlərdə unudulmaz obrazlar yaradıb. Rejissor kimi “İmtahan” (1987, Gülbəniz Əzimzadə ilə birlikdə), “Sahilsiz gecə” (1989), “Qəzəlxan” (1991) filmlərini çəkib. Filmlərin səsləndirilməsində iştirak edib.
25 avqust 1942 - Şair, publisist Davud Məcid oğlu Nəsib Qazax rayonunda (1942 - 26.3.2003) anadan olub. Kitabları: “Məhəbbət yolları”, “Ürək sözsüz danışır”, “Bizdən sonra yaşayanlar”, “Dünya bir körpüdür”, “Karvan gedir” və s.
25 avqust 1945 - Əməkdar artist, Azərbaycan Dövlət mükafatı laureatı Vəfa Nüsrət qızı Fətullayeva (1945 - 21.5.1987) anadan olub. 1970-ci ildən Akademik Dram Teatrında çalışıb. Teatrla yanaşı, televiziya tamaşalarında ("Göz həkimi", "Alov", "Atayevlər ailəsi") yaddaqalan obrazlar yaradıb. “Firəngiz” filmində (1975) baş rolda çəkilib.
25 avqust 1960 - Əməkdar artist Abbas Əhməd oğlu Qəhrəmanov İrəvan şəhərində doğulub. Dövlət Gənclər Teatrında, Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. “Arxada qalmış gələcək”, “Ölüm növbəsi”, “Cavad xan”, “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.

26 avqust 1892 - Görkəmli ictimai-siyasi xadim, jurnalist, publisist Seyid Cəfər Pişəvəri (1892 - 12.6.1947) Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində anadan olub. 1945-1946-cı illərdə İranda azərbaycanlıların milli hərəkatına başçılıq edib, Cənubi Azərbaycan Milli Hökumətinin baş naziri olub. Milli hərəkatın süqutundan sonra sovet Azərbaycanına mühacirət edib və burada müəmmalı avtomobil qəzasında dünyasını dəyişib.
26 avqust 1921 - Azərbaycan SSR Xalq Komissarları Soveti Dövlət Konservatoriyasının təşkili haqqında dekret verib.
26 avqust 1949 - Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyx-ül-islam Hacı Allahşükür Paşazadə Lənkəran rayonunun Cil kəndində anadan olub. Buxara və Daşkənddə dini təhsil alıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib. “Qafqazda İslam”, “Quranın təfsiri və tərcüməsi tarixi” və s. kitabların müəllifidir.

Dünya

24 avqust 1899 - Argentina yazıçısı və şairi Xorxe Luis Borxes (Jorge Luis Borges; 1899-1986) anadan olub. Əsərləri: “Alef”, “Yaradan”, “Uydurmalar” və s.
24 avqust 1903 - İngilis rəssamı və dizayneri Qrehem Vivian Sazerlend (Graham Vivian Sutherland, 1903-1980) anadan olub.
24 avqust 1947 - Tanınmış Braziliya yazıçısı və şairi Paulo Koelyo (Paulo Coelho) anadan olub. "Kimyagər" romanı ilə məşhurlaşıb. "Zəvvarlıq" və ya "Kahinin gündəliyi", "Valkiriya", "Beşinci dağ", "İblis və senyorita Prim", "On bir dəqiqə", "Qalib tək qalır" və s. romanların müəllifidir.

25 avqust 1724 - İngilis rəssamı Corc Stabbs (George Stubbs, 1724-1806) anadan olub.
25 avqust 1891 - İtalyan yazıçısı, rəssam və bəstəkar Alberto Savinyo (Alberto Savinio - Andrea Di Chirico, 1891-1952) anadan olub. Sürrealizmə meyl edib, “Niobeyanın ölümü”, “Kapitan Uliss” dramlarının müəllifidir.
25 avqust 1900 - Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 15.10. 1844 - 1900) vəfat edib. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist”, “Hakimiyyət iradəsi” və s.
25 avqust 1930 - Gürcü rejissoru, SSRİ Xalq artisti Georgi Daneliya anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Afonya”, “Mimino”, «Payız marafonu», “Kin-dza-dza!” və s.
25 avqust 1930 - Şotland əsilli Amerika aktyoru Şon Konneri (Thomas Sean Connery) anadan olub. 1962-1971-ci illərdə Yan Fleminqin əsərləri əsasında lentə alınan Ceyms Bond haqqında 6 filmdə baş rola çəkilib. "Toxunulmazlar" (1988) filmində roluna görə “Oskar” mükafatına layiq görülüb.
25 avqust 1938 - İngilis yazıçısı Frederik Forsayt (Frederick Forsyth) anadan olub. Əsərləri: “Çaqqal günü”, “Müharibə köpəkləri” və s.

26 avqust 1880 - İtalyan-polyak əsilli Fransa şairi Qiyom Apolliner (Guillaume Apollinaire - Wilhelm Albert Vladimir Apollinaris de Waz-Kostrowitcki; 1880-1918) anadan olub. Əsərləri: “Həyatı məhəbbətə həsr etmək”, “Mirabo körpüsü” və s.
26 avqust 1913 - Rus yazıçısı Aleksandr Çakovski (1913-1994) anadan olub. “Blokada”, “Qələbə” və s. romanların müəllifidir.
26 avqust 1914 - Argentina yazıçısı və şairi Xulio Kortasar (Julio Florencio Cortazar; 1914-1984) anadan olub. Əsərləri: "Uduş", "Sonuncu raund", "Manuelin kitabı" və s.

Hazırladı: Vüqar Orxan