Tatar mədəniyyətinin, maarifinin inkişafında rol oynayan ziyalılardan biri də tarixçi alim, pedaqoq və ictimai xadim Hadi Atlasi olub. O, həyatını milli mübarizəyə həsr edib, 30-cu illərin repressiyasına məruz qalıb.
Hadi Miftaxetdin oğlu Atlasov 1876-cı ildə Tatarıstanın Bua qəzasındakı Tübən Çəke kəndində anadan olub. İlk təhsilini mədrəsədə alıb. Sonra Orenburq şəhərində Karqalı Müəllimlər Seminariyasına daxil olur. Burada türk, ərəb, fars, rus və alman dillərini öyrənir. 1898-ci ildə təhsilini başa vurur və məzun olduğu mədrəsədə işə düzəlir. Təhsil sistemində dəyişikliyə can atan maarifçi “Astronomiya” və “Təbiət tarixi” dərsliklərini çap etdirir.
Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və mədrəsədə müəllim işləməyə dəvət olunur, burada qızlar üçün ayrıca sinif açır. Bu dövrdə onun “Axırzaman nişanı”, “Volqaboyu” və “Məktəb və molla” adlı publisistik əsərləri işıq üzü görür.
1906-cı ildə H.Atlasinin Orenburqda “Yeni nizam və qolyazmalarımız” adlı kitabı nəşr olunur. Kitabda Rusiya imperiyasında xristian olmayan xalqların dini və milli hislərinin tapdalandığı kəskin tənqid edilir. Əsər müsəlman xalqları arasında böyük əks-səda doğurur. Hökumət məmurları isə onu məhkəməyə verirlər. O, imamlıqdan çıxarılır və üç ay həbs cəzasına məhkum edilir. Qızlar üçün açdığı siniflər də bağlanır.
Xalq öz cəsur oğlunun müdafiəsinə qalxır, 1907-ci ildə II Dövlət Dumasına seçkilərdə onun namizədliyini dəstəkləyir. O, Dumaya seçilir. Müsəlman deputatları fraksiyasının Sankt-Peterburqda çap etdiyi “Duma” qəzetinin təşkilatçılarından olur. Qəzet açıq-aşkar türk-müsəlman kəndlilərinin hüquqlarını müdafiə edir. Hökumət məmurları bundan narahat olurlar və qəzetin 6-cı saydan sonra nəşri dayandırılır.
H.Atlasi bundan sonra türkologiyaya maraq göstərir və tarixi araşdırmalar aparır, “Sibir tarixi” kitabının (1911) birinci hissəsi Kazanda çap olunur. Kitab Kazan şəhərinin salınması və şəhərin ruslar tərəfindən işğalınadək olan tarixi dövrü əhatə edir. Müəllifin xüsusilə “Kazan tarixi” kitabı tatar və başqırdlar tərəfindən böyük maraqla qarşılanır.
Kazan Universiteti nəzdindəki Arxeologiya, Tarix, Etnoqrafiya Cəmiyyətinə üzv qəbul edilən tarixçi görkəmli türkoloq V.Bartoldun onun “Sibir tarixi” və “Kazan tarixi” kitabları haqqında yazdığı resenziyasını Rusiya Arxeologiya Cəmiyyəti Şərq şöbəsinin “Qeydlər” toplusunda dərc etdirir. Onun “Şura”, “Yıldız” jurnallarında dərc olunan “Başqırdlar haqqında bir söz”, “Sarkıl şəhəri”, “Başkırd jırları” və s. məqalələri oxucularda milli oyanışa səbəb olur. “Məktəb” jurnalında dərc olunan “Amerika kitabxanaları” məqaləsi qabaqcıl təcrübədən yararlanmağa, kitabxanalar qurmağa və ondan istifadə etməyə xidmət edir.
1917-ci ilin oktyabr inqilabından sonra milli qüvvələr arasında ixtilaf yaranır, o, Bakıya köçür. Azərbaycan Xalq Cümhuriyyəti illərində (1918-1920) Bakıda türk mətbəələrinə rəhbərlik edir. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra dərin sarsıntı keçirən qələm sahibi Böqelməyə qayıdır. Ətrafına millətçi ziyalıları toplaşır. Qısa müddət ərzində Sovet xüsusi xidmət orqanları onları həbs edir. Rəhbər vəzifələrdəki tatar ziyalılar işdən uzaqlaşdırılır.
10 il həbs cəzasına məhkum edilən H.Atlasi Rusiyanın Arxangelsk vilayətindəki Solovki adalarındakı həbs düşərgəsinə göndərilir. O, burada siyasi məqsədlə aclıq edən azərbaycanlılarla tanış olur. Soydaşlarımızın əqidə yolunda dönməzliyi, cəsarəti onu yenidən ruhlandırır...
Tədqiqatçı Əli Şamil araşdırmasında yazır ki, həbsdən azad edilən Hadi Atlasi yenidən Böqelməyə qayıdır. Altı ay orada yaşadıqdan sonra təqib və təzyiqlərdən qurtulmaq üçün Kazan şəhərinə köçür. Lakin burada da təqibdən yaxa qurtara bilmir. 1936-cı ilin avqustunda yenidən həbs olunur. 1937-ci ildə Kazan şəhərindəki Menjinski klubunda onun məhkəməsi başlayır və tarixçi alim ölüm hökmünə məhkum edilir. O, məhkəmədə son sözlərini belə ifadə edir: “Mən indiki zamanın adamı deyiləm, keçmişin insanıyam”.
Ölüm hökmü 1938-ci ilin fevralında yerinə yetirilir. 1958-ci ildə H.Atlasiyə ölümündən sonra bəraət verilir. Görkəmli maarifçi alimin əsərlərinin nəşri isə SSRİ dağıldıqdan sonra mümkün olur.
Savalan Fərəcov