Xəyallanaq “Qırxqız” yaylağına, vaysınaq “İsa bulağı”na, həsrət qalağından çıxıb, qalxaq qeyrət oylağına, “Qaragilə”!..

Sənin məcun Səsini, mərcan sədanı dinləyəndə gözlər bir nöqtəyə dikilə, ağızlar açıla, qaşlar alınlara qaçıla qalır, ay “Qaragilə”. Məzmunda qatı, mənada bayatı həyatını incələyəndə isə hislər sıxıla, duyğular darala, nəfsi-nəzərlər - mahnılarından birindəki “maral”a nisbət, sarala qalır. Yəni, bu dünyada həsrəti-hicrə salxım-salxım, vəsli-yara gilə-gilə, vay “Qaragilə”!..

Ay “Qaragilə”...
İllərdi məchul və nakam bir “qızıl gül”ü əsim-əsim əsdirib, səbrimizi kəsim-kəsim kəsən Kəs. Öz bülbül rübabı ilə xəzan könülləri belə gülləndirən xanım. Xatirələrdə əsasən ozan, hərdən də azan sədaları, kəklik-turac ədaları ilə qalmış başdan-başa tamaşa xatun. Apaydın xalları ilə - dilini yalnız anası bilən lalları da dilləndirən şəkər ləhcəli. Həng-cəngi həvəsləri, dipdiri nəfəslərilə ərənləri selləndirib, ərgənləri tülləndirən, segah-dügahi zəngulələrilə ahılları belə xəyallandırıb bir-birinə bir dönəm də mehrləşdirən incə sənət İncisi. Doğma yurd-yuva hicrindən yana, bu dünyada hər vüsala “heç” söyləmiş, xalqın “aydınlıq” adlandırdığı suyu - Xan Arazı “qanlı” tutub, o dünyaya yana-yana köç eyləmiş cənnət Gözəli. Bu “gəlimli-gedimli dünya”ya 1933-də gəlib, qıpqısa bir mahnı sürəsiycə yaşayıb, “son ucu ölümlü” dünyanı 1983-də tərk etsə də, bu xalqın zövq dəftərinə qızıl hərflərlə yazılmış Səs-səda Qəzəli -

Rübabə xanım Muradova!..

Mahnılarının birində dönə-dönə təkrarladığın “Səbrü-qərar, səbrü-qərar!” kəlmələrindən də hiss olunur ki, sənin kimi həssaslar, yurd həsrətli kövrəklər çox yaşaya bilməzlər. Amma, hər halda, bu qədər sənət yatırı, səs-avaz qatarı müqabilində əllicə il nəmənəymiş səni Tarı, ay saysız-hesabsız sevərlərinin qısqanılmaz Yarı?!
Amma qoy hələ bu minor məsələ sonraya qalsın; “söz vaxtına çəkər” deyimi baxımından ərz edim ki, Sən o vaxt o dünyaya nə qədər tələsmişdinsə, mən də bu barədə elə o qədər ləngimək qəsdindəyəm, Xanım, hey! Öncə Sənin bu dünyadakı toy-büsati izlərin, bu xalqa bəxş etdiyin dəm-dəstgahi sənət həzlərin barədə.
Bunların isə sayı da çox, sanbalı da.
Misalçün, nərmənazik könüllərə yönlədiyin: “Sənsiz ey şux, mənim xoş güzəranım yoxdur”. Qəlbi qəlblərdə muçur-muçur bitirdiyin: “Ağac o-lay-dım, yol-da du-ray-dım, sən gələn yol-lara köl-gə sa-lay-dım”. “Ay su gələr arxa-nova, ay tökülər çarxa-nova”- deyə şəlalələnib təsdiqlədiyin “Yar yardan ayrılsa da, ay məhəbbət ölüncə var” və sair.
Hələ özgür muğam, fundamental xalq mahnıları Sarayımıza nəqş etdiyin özəl səs-səda ornamentləri, doğal nəfəs-zəngulə şəbəkələri! Yazılarımın birində mən bunları əsl Ustad nəqqaşələri, xanım XANəndəliyi adlandırmışdım. Bir qədər ərki-əda ilə bunu da qeyd etmişdim ki, kaş mən bu yazını yaz ağzı - Sənin bu dünyaya gəlimin ayında yazıb, muraz-muradıma yetmiş olaydım! Ki, heç olmasa, ifalarındakı alov-atəşlərə, o tayımızda qalan ilk məhəbbətindən yana nisgil siləli həyat dramına, bu dünyadan yarımca əsrlik bir ömürcüklə getməyinin ağrısına qüvvət verən bu qorabişirən istilər tilişkəsinə ilişməyəydim...
Sənin böyük sənət dəyəri əyarına müqabil sözlər, təsvir-təfsirlər tapa bilmədiyim səbəbindən, belə-belə bəhanələr, könlüyarə “Qaragilə”! Sənə butaylı bizlərdən daha bir köynək (və bir göynək...) yaxın Şəhriyar Dədə demişkən, “bir biləydim”, bu saat mənim bəzi sözləri yaza-yaza (hərdən də sər-xəyalım aza-aza) zümzümələdiyim də ruhuna əyanmı, bağrıparə Qaragilə?! Bu ecazkar muğam, təsnif və nəğmələri zümzümeyi-gülləmələrdən sonrasa, qələm muma dönər, kəlam pərşuma və könül deyər; -

Nə Sənə sevgi qəhətdi, nə mənə öygü...

Onun qızıl gülü əssə də, sənin səbrin kəsilməsin, könül. O, yaxşı bilirdi ki, bu xitabı kimə etdiyini biz də bilirik. O vaxtlar nəinki bütün hal və Rüstəmi-Zal əhlinə, hətta xof-xəfiyyə qövmünə də gün kimi aydın idi ki, o, mahnıda “trafaret” bir Yara xitab etdiyi halda, “mahna”da böyük bir Vətənin digər tən yarısına səslənir. O bu ilahi nəğməni bu tayda - Bakıda oxuyub lentə aldırsa da, “Dərbənd aralı, könlüm yaralı, Bir yar sevmişəm, Qaragilə, - ellər maralı” bəyanını ürəyində məhz Təbrizdən car edirdi. Bu, onun can-qanovuz rəngli səsindəki Təbrizlöyün nisgildən əlavə, milli nəfs-nəfəsindəki məsafə iraqlığından - mənbə-mənsəb uzaqlığından da hiss edilirdi. Bu, coğrafi-relyefi faktlara, ölkəvi-bölgəvi fakturalara da uyğun gəlirdi; axı, bizim (!) sabiq “Dəmirqapı Dərbənd”imiz o tay paytaxtımızdan bu tay paytaxtımıza nisbətdə daha “aralı” idi. Bunları öz xəlqi yanğı-yanıqlı avazı ilə duyuran isə məhz bu o tay-bu taylı ümumazərbaycan Maralı idi!..
Bu nədi belə, görəsən? Sözümdə-sovumda nəsə çatmır, deyəsən...
Hə, kəlmələrimdə urvat-urva kəmliyi var. Bütün zərgər könülləri mərmər Səsinə, şirin şivələri şəkkər ləhcənə qataq, ay Qaragilə! Bileysən bunnari niyə deyəm? Əlbət, Sən hələ-həlbət bileysən! Vəli, mənüm söz-sovim, filməsəl, o vaxti şurəvinin fil qulağində yatırtdıği bir qisim-qövmədi, qıza!..
Bu heynidə o zamanlarkı “zəmanə-züü”çülərə xitabən haşa bir haşiyə; heç bilirsiz o cür siyasi çağlarda o cür mətləbləri hiss edib, bu cür hislər keçirmək nə demək?!
Bunu eşidib-oxuyuban bilə bilmək müşkül...
...Bir kərə Rübabə xanımı AzTV-nin dəhlizində yaman halda, lap elə oxuduğu təsniflərdən birinin bir misrası (“Ay bu yaman gündə...”) günündə gördüm və dilimdən bir söz çıxdı: “çöldən cağbacağ, içdən çilik-çilik bir termos...” Yan-yörəmdəkilər bu “obraz”ıma təbəssümləndilər, mənsə öz-özümə fikirləşdim: “haçansa bu kumirim haqda yazası olsam, sətirlərimdən qan-qada yağacaq...”
Və bu saat, deyəsən, -

Elə “o məsələ”...

Düz demirəmmi, ay təkrarsız messo-soprano?!.
Düz deyirəm, amma “bilmədiyimiz” mətləblər də var. Məsələn, Sən öz can-cismində yaylayıb-qışlayan qəmu-həsrətlərini dinləyicilə o cür ahəngi-zəngulələr, o sayaq bərdaşi-güşələrlə paylaşırdın, həmi? Bəs bu saat Səni səssiz-səmirsiz bir qələmlə ifadə etməyə çalışan bu azarkeş-yazarkeşin neyləsin? Sənin “çarxa-nova”yatmaz duyğularını oxucularıyla necə bölüşsün, ay görkəm-gözəllikcə major, bəxt-talecə minor xanım?!.
Amma o bəxt, o tale - şair demiş, çox da sevinməsin, qoy. Axı Sən həm də 38 yaşında Xalq artisti olmusan! Özü də, çoxları kimi tək elə “Azərbaycan SSR” sayalı yox, həm də əsli-fitrəti xalq artisti! Güneyimizin - ad-sanı Şah Xətai şöhrətli Ərdəbilində doğulmusan. Quzeyimizdə - ucqar bir rayon teatrında ikən öz ələm aləminlə bahəm, xoşavaz, bənzərsiz əda və davranışınla böyük aktyorumuz Ələsgər Ələkbərovun gözünə necə aləm görünmüsənsə, dərhal Bakıya dəvət edilmisən. Əvvəl filarmoniyanın, sonra Opera və Balet Teatrının solisti olmusan. Asəf Zeynallı məktəbinin də bəxtəvərlərindən olmusan; uğuruna “Seyid Şuşinski məktəbi” düşüb. Opera teatrında isə naxışın birə-beş gətirib! “Sevimlimiz” çağırılmısan, adın dillərə “Əsl Əsli”, “Təkrarsız Xanəndə qız” kimi düşüb, “Ərəbzəngi”nə, “Şahsənəm”inə, “Sənəm”inə bir baxanlar növbəti çıxışlarını səbirsizliklə gözləyiblər. Oxuduğun muğamlar, təsniflər, xalq və bəstəkar mahnıları nəinki statistik heyranların, hətta təbiətən rəqabət-qısqanclıq damarlı sənətdaşların tərəfindən də “möhürbənd”i timsalında qəbul edilib.
Efirlərdə oxuyurdun: “Heydərbaba, yolum səndən kəc oldu, Ömrüm keçdi, gələmmədim, gec oldu...” Məclislərin birindəsə söyləmişdin: “Ay həzərat, bu sözlərin hər biri ürəyimi minbir kərə deşmələr!..”
Və elə bu dəm Haqq dünyaya köçənə qədər yaşadığın qəzavü-qədərlərdən -

Seçmələr...

Bu barədə düşünüb-daşınırkən haqqında oxuduğum yazılardan birinin gözəl başlığı gəldi xəyal qənşərimə: “Doldur piyaləmi Arazdan mənim...” Sonra Üzeyir bəyin “Arazbarı”sı səsləndi ruhumda... Yox, belə getsə, hələ də hicrançay kimi axan o Arazın söz-sov dalğaları mənim bu vüsalməram yazı-arxıma dov gələcək. Yaxşısı budur, keçim oxuyub-eşitdiyim xatirələrdən bəzi fraqmentlərə...
Kiçik bacısı Tahirə Muradova onu bu xalqın “Səs-səda bacılığı” kimi təsvir-təfsir edirdi: “Bacım özündən, bizdən çox bu xalqı, bu milləti oxuyurdu. Son günlərini də mahnıyla yaşadı. Şəkər xəstəliyi sağlamlığını, görkəmini alsa da, sonacan səsinə dəyə bilmədi. Mənim bu işə məəttəl qaldığımı görüncə, deyərdi, ay qız, atamız tez-tez demirdimi ki, “səs bizdə həm Allah vergisi, həm də ölüncədi?!.”
Bu məqamda onun avaz “maddə”sini də yada salmayaqmı: “Yar yardan ayrılsa da, ay məhəbbət ölüncə var”?!.
Haqq dünyaya köç məqamında bacısına “ayrıca bir vəsiyyət” edir: “O taya yol açılarsa, Ərdəbildən bir ovuc torpaq gətirib səpərsən qəbrim üstünə...”
Bir neçə ildən sonra Ərdəbilə gedən Tahirə xanım nakam bacısının verdiyi nişanələrlə ata-baba ocağını tapır. Şəhərdəki qohum-əqraba, dost-tanış sovet vaxtı köçüb Şimali Azərbaycana getmiş Mirzə Xəlil İşraqinin adını eşitmədikləri bu “şuralı qızının” pişvazına çıxır.
Ovaxtlar Mirzə Xəlil kişinin nələr saydığını söyləmək çətin, fələyin saydığından isə bir-iki “rəqəm”: Hələ uşaqkən bu ailə gözəl Ərdəbil dağlarına istirahətə gedir. Yeddi-səkkiz yaşlı Rübabə dağın döşündə bitmiş çiçəklərdən dərdikcə-dərir və nənəsi onlardan birini görəndə içini çəkib, vaysınır: “Ay bala, sən neyləmisən?! Bu “Gümüşxəncər” çiçəyi 20-25 ildən bir açır. Bunu dərən adamın əllərini üç ay sərasər yara basar, tale-qismətdənsə yarımaz...”
Belə, “Qaragilə”...

Tahir Abbaslı