Azərbaycan

31 avqust 1863 - Maarifçi, yazıçı-dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) Şəkidə anadan olub. Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin - "Uşaq bağçası" ("Əlifba") və "Bəsirətülətfal" adlı qiraət kitabının müəllifidir. "Qan ocağı", "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi" və s. pyeslərin müəllifidir.
31 avqust 1927 - Şair, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqun (İsgəndər Məmməd oğlu Hümmətov; 1927 - 10.12.1996) Göyçayda anadan olub. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.
31 avqust 1968 - Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (24.6.1939 - 1968) vəfat edib. "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllar kitabının müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib.
31 avqust 1993 - Ermənistanın silahlı qüvvələri Azərbaycanın Qubadlı rayonunu işğal edib. Ermənistanla həmsərhəd olan Qubadlı rayonu Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən kənarda işğal edilən 6-cı rayonudur. Qubadlı rayonu 1933-cü ildə yaradılmış, 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna birləşdirilmiş, 1964-cü ildən yenidən ayrıca ərazi-inzibati vahid kimi təşkil olunmuşdur. Ərazisi 802 kvadrat kilometrdir, əhalisi işğal zamanı 31 min nəfər idi. Qubadlı şəhəri və rayonun 93 kəndi işğal altındadır.
31 avqust 2000 - Tanınmış şair, publisist Şahmar Əkbərzadə (28.12.1941 - 2000) vəfat edib. "Həsrət qoxlayıram çiçək yerinə", "Mərkəzi poçtxana", "48 ölçülü qadın paltarı", "Tüstümüz", "Tikan, gəl öpüşək"
və s. məşhur şeirlərin müəllifidir. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991-2000) olub.

1 sentyabr 1900 - Sirk pəhləvanı Rəşid Əliməmməd oğlu Yusifov (1900-1982) anadan olub.
1 sentyabr 1919 - Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib.
1 sentyabr 1920 - Bakıda Şərq Xalqlarının I Qurultayı keçirilib.
1 sentyabr 1920 - Tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 - 16.8.2002) Şəkidə anadan olub. “Azərbaycan tarixi” kitabının müəllifi, 7 cildlik «Azərbaycan tarixi»nin IV və V cildlərinin məsul redaktoru olub.
1 sentyabr 1924 - Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (10.1.1838 - 1924) vəfat edib. Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, Cənubi Qafqazda müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir sıra xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) Tağıyevin dəstəyi sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.
1 sentyabr 1930 - Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930-2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq və gənclər üçün 40-a yaxın kitabın, 30-dək səhnə əsərinin müəllifidir.
1 sentyabr 1930 - Yazıçı-dramaturq, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə (1930 - 2.4.2012) anadan olub.
1 sentyabr 1937 - Aktyor, Əməkdar incəsənət xadimi Siyavuş Şəfiyev (1937 - 24.11.2001) Bakıda anadan olub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. "Əhməd haradadır?" (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm), “Ən vacib müsahibə” (Altay) filmlərində çəkilib.
1 sentyabr 1938 - Şair, yazıçı Əlağa Mərdanlı anadan olub. Əsərləri: "Dan ulduzu", “Pərvanə ömrü”, "Dördüncü meyit" və s.
1 sentyabr 1941 - Əməkdar mədəniyyət işçisi, şair, yazıçı-publisist Tofiq Abdin (Tofiq Məhərrəm oğlu Abdinov; 1941 - 24.2.2014) Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. “Qobustan” jurnalı, “Mədəniyyət” qəzeti və digər nəşrlərdə çalışıb, şeirlər, ədəbi-publisistik yazılardan ibarət kitabları nəşr olunub.
1 sentyabr 1945 - Xalq artisti, sənətşünaslıq doktoru Məcnun Təbriz oğlu Kərim (1945 - 2.10.2013) Zəngəzur mahalının Şəki kəndində doğulub. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətini bərpa edib. Bakı Musiqi Akademiyasının professoru olub. 1996-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim Musiqi Alətləri Ansamblını yaradıb.
1 sentyabr 1946 - Şərqşünas, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Möhsün Zellabdin oğlu Nağısoylu Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olub. AMEA-nın Dilçilik İnstitutunun direktorudur.
1 sentyabr 1949 - Azərbaycanda icbari yeddiillik təhsilə keçid başlayıb. Sovet hökuməti hələ 30-cu illərin sonunda bununla bağlı qərar qəbul etmişdi. Lakin müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu qərarı xeyli ləngitdi.
1 sentyabr 2009 - Xalq rəssamı, Prezident təqaüdçüsü Yusif İsmayıl oğlu Hüseynov (15.10.1928 - 2009) vəfat edib.
1 sentyabr 2010 - Bakıda Dövlət Bayrağı meydanının təntənəli açılışı olub. Ölkə Prezidentinin 2007-ci il 17 noyabr tarixli sərəncamı ilə yaradılıb. Meydanda ucaldılan 162 metrlik bayraq dirəyi hündürlüyünə görə “Ginnesin rekordlar kitabı”na daxil edilib. Bayrağın eni 35 metr, uzunluğu 70 metrdir. Ərazidə Dövlət Bayrağı Muzeyi yaradılıb.

2 sentyabr 1909 - Nasir, dramaturq Rza Nəbi oğlu Şahvələd (1909 - 2.7.1984) anadan olub.
2 sentyabr 1930 - Əməkdar rəssam Hüseyn Gülbala oğlu Hüseynov (1930-1987) Bakının Buzovna kəndində doğulub. Azərbaycan dilində ilk rəssamlıq dərsliklərinin müəllifidir.
2 sentyabr 1934 - "Kommunist maarifi" qəzeti nəşrə başlayıb. 1938-ci ildə "Müəllim qəzeti" adlanıb. 1946-cı ilin aprelindən "Azərbaycan müəllimi" adı ilə nəşr olunur.
2 sentyabr 1949 - Əməkdar incəsənət xadimi, bəstəkar İsmayıl Soltan oğlu Hacıbəyov (1949-2006) anadan olub. "Firuzə" operası, "Memorial" kantatası, "Naxışlar" fantaziyası və digər musiqi əsərlərinin müəllifidir.
2 sentyabr 1954 - Bakıda Televiziya Mərkəzinin təməli qoyulub. Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də fəaliyyətə başladı.

Dünya

31 avqust 1811 - Fransız yazıçısı Teofil Qotye (Theophile Gautier, 1811-1872) anadan olub. Romanları: “Gənc Fransa”, “Madmazel Mopen” və s.
31 avqust 1897 - Amerika aktyoru, iki dəfə «Oskar» laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel; 1897-1975) anadan olub. Filmləri: “Doktor Cekil və cənab Hayd”, “Anna Karenina”, “Mayda yeddi gün” və s.
31 avqust 1941 - Rus şairi, yazıçı Marina Svetayeva (8.10.1892 - 1941) vəfat edib. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr əsərləri) və s.
31 avqust 1949 - İngilis-irland əsilli Amerika kinoaktyoru Riçard Gir (Richard Tiffany Gere) anadan olub. Filmləri: “Ameliya”, “Qaçmış gəlin”, “Birinci cəngavər”, “Gözəlçə”, “Çaqqal”, “Gəl, rəqs edək” və s.

1 sentyabr 1854 - Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck, 1854-1921) anadan olub.
1 sentyabr 1875 - Amerika yazıçısı Edqar Berrouz (Edgar Rice Burroughs 1875-1950) anadan olub. Tarzan haqqında romanların (26 roman), elmi-fantastik janrda “Marslılar” seriyasından əsərlərin müəllifidir.
1 sentyabr 1896 - Hind yazıçısı və din xadimi, Krişna hərəkatının yaradıcısı Bxaktivedanta Svami Prabxupada (1896-1977) anadan olub.
1 sentyabr 1922 - İtalyan aktyoru Vittorio Qassman (Vittorio Gassman) (1922-2000) anadan olub.
1 sentyabr 1945 - Türk yazıçısı Mustafa Balel anadan olub. “Peyğəmbər çiçəyi”, “Asmalı pəncərə” və s. romanların müəllifidir.
1 sentyabr 1970 - Fransız yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac; 1885-1970) vəfat edib. Əsərləri: “Keçmiş zamanların yeniyetməsi”, “Məhəbbət səhrası” və s.

2 sentyabr 1852 - Fransız yazıçısı Pol Burje (Paul Charles Joseph Bourget, 1852-1935) anadan olub. Psixoloji romanların müəllifidir: “Andre Korneli”, “Şagird”, “Qadın ürəyi”, “Paris əxlaqından oçerklər”.
2 sentyabr 1926 - Tanınmış rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926-1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Uğur centlemenləri”, “Mimino”, “Payız marafonu” və s.

Hazırladı: Vüqar Orxan