Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevralın 14-də Qarabağın dilbər guşələrindən biri Füzuli rayonunun Qoçəhmədli kəndində dünyaya gəlib. Məktəbə gedib, yazı-pozu öyrənib. Balaca Süleyman bəzən yolunu meşədən, yamacdan bulaq başından salar, içini təlatümə gətirən səsini sınayırdı, radiodan eşitdiyi mahnıları zümzümə edirdi. Artıq evdə, məktəbdə, hətta yaxın kəndlərdə, rayon mərkəzində onu məlahətli səsli uşaq kimi tanıyırdılar...

Bir gün taleyinə gün doğur, Şərq musiqisinin incisi, görkəmli xanəndə Seyid Şuşiniski soraqlayıb onu tapır, səsini dinləyir, çox bəyənir və tövsiyə edir ki, orta məktəbi bitirən kimi Bakıya gəlsin. Elə də olur, Seyidin dəvətiylə mərkəzə gəlir və A.Zeynallı adına Musiqi Texnikumuna qəbul olunur.

Gəncin səsindəki məlahət, şirinlik, ahəng, zəngulə insanın ruhunu oxşayırdı. İlahi səsin sahibi bu gənc, Seyid Şuşinskinin təşəbbüsü ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmaniyasına solist kimi işə düzəlir. İşləyə-işləyə indiki Azərbaycan Dövlət İqtisad Universitetini qiyabi yolla bitirir, 1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən festivalın qalibi olur və medalla vətənə dönür. Beləliklə, böyük sənət dünyasında məşhurlaşmağa başlayır. Muğam və xalq mahnılarının ustadı kimi tanınır. Onun adı gələndə hamı radioya qulaq kəsilir, gözünü mavi ekrandan ayırmır. Süleyman Abdullayevin səsi yazılmış vallar minlərlə evin bəzəyinə çevrilir.

Dədə Süleymanla evində görüşdük. Söhbətə lap uzaqdan başladıq.

- Sənətə gəlişiniz necə oldu?

- Əvvəlcə istəyirəm Seyid əminin məni necə tapmasından danışım. Məktəbə nəğmə dərsi keçirdik, müəllim də deyirdi ki, sənin səsin uşaqların səsindən fərqlidi. Mənim içimdə özümün də hələ yaxşı anlamadığım bir istək, oxumaq tələbatı vardı. 6-cı, 7-ci sinifdə oxuyurdum, kəndə təzə uzel radio çəkmişdilər, canlı konsertlər verirdilər. Mən rəhmətlik Cabbarı, Xan əmini, İslamı, Seyidi, Ağabalanı, Yaqubu, Bülbülü, yəni xalqımızın korifeylərini dinləməkdən doymurdum.

Rəhmətlik Seyidin əsli Füzulinin Horadiz kəndindən idi. Hər il baharın gülşən çağı mayda rayona gələr və səsli uşaq axtarışında olardı. Kəndə qohumlarıgilə gələr (çilov-plovu çox sevərdi) ordan da rayon mərkəzinə. Mədəniyyət Evinin qabağına musiqiçilər yığışardı, onlardan soruşar ki, buralarda yaxşı səsi olan varmı? Musiqiçilər mənim adımı çəkərlər. Nə isə, gəlib çıxdım. Seyid məni dinlədi, çox bəyəndi...

- Burda Dədə Süleyman söhbətinə ara verdi. Gözləri yol çəkdi. Görünür, xəyal onu uşaqlıq illərinə aparır. Sanki bir anlıq mənim burda olmağımı unudur. Təbii ki, mən də susuram. Sonra yenə sözə başlayır:

- Bilirsiniz, onlar doğrudan da, böyük kişilər idi. Üzeyir bəydi, Cabbar əmidi, Seyid əmidi. İnsanlara təmənnasız kömək ediblər. Görün, nə qədər adamın qolundan tutublar. Neçəsinin həyat yolunda işıq yandırıblar. Onlar sənətin məhəg daşları idi. Qohum və tanış-biliş məsələsinə görə heç vaxt sənətə xəyanət etməzdilər. Adama istedadına görə qiymət verərdilər. Seyid əmi mənə çox yaxşılıqlar edib. Danışsam, kitaba, qəzetə sığmaz.

- Daha çox hansı ansambllarda oxumusunuz?

- Bütün tanınmışların - Ə.Dadaşovun, Ə.Bakıxanov, H.Bayramov və Ə.Quliyevin rəhbərlik etdikləri ansambllarda çıxış etmişəm. O zaman bircə kanal vardı və mən telekanalda və radioda tez-tez canlı oxuyurdum. Muğam, təsnif, xalq və bəstəkar mahnıları. O vaxt fonoqram yox idi, hamımız canlı oxuyurduq. Mən demirəm ha, bunu xalq deyir, sevilən xanəndə olmuşam...
1964-cü ildə ilk solo konsertlərim olub.

- Dədə Süleymanın "Çahargah"ı, "Dəsti"si çox fərqlidi. Zənguləsi unudulmazdı deyirlər.

- Mən və məndən sonrakılar da xalqın mənəvi sərvəti olan 12 muğam dəsgahını dinləyiciyə, musiqi sevənlərə layiqincə çatdırmağa çalışmışıq. Kimsə, nəyisə daha yaxşı oxuyubsa, bir yenilik gətiribsə, səsi, zənguləsiylə, bax, o tarixdə elə onunla qalır. Yəni bunu biz yox, xalq qiymətləndirir.

- İlk dəfə hansı xarici ölkədə olmusunuz?

- 1969-cu ildə Türkiyənin İstanbul şəhərində festival keçirilirdi. Sovetin vaxtı, hər adam xaricə gedə bilməzdi. Kiyev rəqs ansamblı vardı, yaxşı oynayanlar məni özlərinə köməkçi götürmüşdülər. Yəni onlar 5 rəqs edib yorulanda, paltarlarını dəyişincə, qısa fasilədə mən bir mahnı oxumalıydım. Səhnəyə çıxdım oxudum, (tərifdən xoşum gəlmir, amma olanları deməliyəm) zal ayağa qalxdı, sürəkli alqışlar səngimədi. Ansamblın bədii rəhbəri Nikolay gördü ki, məni çox yaxşı qarşıladılar, gəldi bizim ansamblın tarzəni Adil müəllimin yanına dedi ki, bu xanəndə birini də oxuya bilərmi? Adil gülərək: - "Bu cavan oğlan, günlərlə canlı, mikrofonsuz toy aparır, konsertlər verir, əlbəttə, oxuyar" - dedi. Həmin konsertdə bir nəfəsə 6 mahnı oxudum, elə özümün də xoşuma gələn o oldu. Elə o zamandan Kiyev rəqs ansamblı mənim anturajım oldu. O festivalda 1-ci yeri tutdum və medalla vətənə döndüm. O vaxt Türkiyənin "İstanbul axşam" qəzeti vardı, yazmışdı ki, "Dün gecənin qalibi" yenə Süleyman oldu.

- Nəslinizdə sizdən başqa səsi olan olubmu?

- Anamın, dayımın və qardaşımın çox məlahətli səsi vardı, lakin səsin sehrinə düşüb gedən tək mən oldum. Uşaqlarımın da səsi var, təkcə Cümşüd xalq arasına çıxdı.

- Adətən xanəndələrin "Qızıl fond"da saxlanan səsləri olur, sizin necə varmı?

- Mən geriyə baxanda çox təəssüf edirəm ki, bəzi muğamlar vardı ki, onları niyə vaxtında yazdırmamışam. Amma "Mirzə Hüseyn segahı", "Dəşti", "Çahargah", xalq mahnıları və rəhmətlik Bəhram Nəsibovla bağlı bəstələrim "Qızıl fond"dadır.

- "Dədə" adını hardan götürmüsünüz?

- Düz 50 ildən çoxdu Allahın mənə bəxş etdiyi bu səslə xalqıma xidmət edirəm. Və nə qədər də ömrüm var edəcəyəm. Dədə adı elə belə göydəndüşmə olmayıb, onu uzun illərin, zəhmətimin bəhrəsi kimi qazanmışam. Kişi Allah xatirinə etdiyi yaxşılığı, xeyriyyəçiliyi deməz, mən də heç sevmirəm hallandırmağı. Təkcə onu deyəcəyəm ki, kimin nə çətinliyi olubsa, mənə üz tutub "Dədə, sənə qurban olum" gedək mənim bu işimi həll elə. Dədə, filankəs qaçqın-köçkündü toyun etmək lazımdı, filankəs xəstədi, filankəsin məktəb pulu və s. Saysam, bitən deyil. Allah savaba yazsın, yəni mənə Dədə adını xalq belə verib, mən bu adı fəxri titul kimi qiymətləndirirəm.

Ulu öndərimizin təşəbbüsü ilə Prezident təqaüdünə layiq görülmüşəm. Həmçinin muğam sənətinin qorunması və inkişafı üçün böyük işlər görən Heydər Əliyev Fondunun təqaüdünü alıram.

- Dədə Süleymanın çatmadığı və can atdığı bir arzusu, istəyi varmı?

- Lap yaralı yerimə toxundun. Cənnət məkanı Qarabağ, yurd həsrəti əzir məni. Vallah, digər bir dərdim, sıxıntım yoxdu, dərdim Qarabağ dərdidi. Yuxularımda Ağdama, Tərtərə, Murovdağa, Ağdərəyə, Füzuliyə gedirəm, doğma elimə çox uzaqdan həsrətlə baxıram. Qarabağımızın azad olacağına da inanıram. O günü gözləyirəm ki, Şuşada, Laçında, Xankəndində canlı konsertlər verib, elimi şad görüm. İnşallah, sonra, Allahın əmridi rahat ölərəm.

Söhbətləşdi: Zeynəb Bəhmənli

 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar