Ulu babalarımızdan zaman-zaman bizə gəlib çatan, milli adət və ənənələrimizə söykənən toylarımız inkişaf etmiş, dövrünə görə dəyişmiş, yeniliklərlə zənginləşmişdir. Məlumdur ki, xalqımız böyük, zəngin xarakterə malik olan mədəni irsini əsrlər boyu yaşada - yaşada yad ünsürlərdən qoruyaraq bizə ərmağan etmiş, əmanət vermişlər. Ancaq itirdiklərimiz də az deyildir. Gəlin, açıq danışaq. Gözəl mərasimlərimiz olan toy-düyünlərimizə, özgə mədəniyyətlərin yüngül, bayağı ünsürləri qatılıb.

Azərbaycan uşaq mətbuatı XX əsrin əvvəllərində formalaşmağa başlamış, dövrümüzə qədər böyük bir inkişaf yolu keçmişdir. Vaxtilə bu mətbuat gənc nəslin tərbiyəsində mühüm rol oynamışdır. Bəs bu gün necə, uşaq mətbuatı bu funksiyanı necə yerinə yetirir. Bu barədə həmsöhbətlərim gənc “Göyərçin “jurnalının redaktoru Rafiq Yusifoğlu, “Günəş “ jurnalının redaktoru Vasif Quliyev və “Savalan “ qəzetinin redaktoru Eldar Əliyev oldu.

1996-cı ildən “Göyərçin “ jurnalına rəhbərlik edən Rafiq müəllim uşaqların sevimlisi olan bu dərginin 1958-ci ildən nəşr olunduğunu bildirdi. Uşaq mətbuatının cəmiyyətdə rolu barəsində sualıma isə belə cavab verdi:

- Uşaq mətbuatı spesifikliyi ilə səciyyələnir və pedaqoji yönümlüdür.Onun qarşısında təkcə informasiya vermək deyil, yeni nəslin tərbiyəsi kimi mühüm məsələ dayanır. Uşaqların təbiətə, dünyaya, insanlara münasibətlərinin formalaşmasında, əxlaq qaydalarının öyrənilməsində uşaq mətbuatı əvəzolunmaz rola malikdir.

- “Göyərçin” jurnalının fərqliliyi nədədir?

- “Göyərçin” ədəbi-bədii jurnaldır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar , nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcıllıqlarına da yer verilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, xalqımızın igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. ”Göyərçin»dən əlifbadan sonra ikinci dərs vəsaiti kimi də istifadə etmək olar. Çünki jurnalda çap olunan materillardan dərsliklərin tərtibində də istifadə olunur. Jurnal əsasən I-IV sinif şagirdləri üçün nəzərdə tutulub.

- Uşaq mətbuatının bugünkü vəziyyəti sizi qane edir?

- Qənaətbəxş hesab etmək olar.

- Mütəxəssis problemi var?

- Bəli.

- Səbəb nədir?

- Uşaq jurnalında işləmək üçün gərək uşaqların psixologiyasını, yaş xüsusiyyətlərini yaxşı biləsən, bir sözlə, pedaqoq olasan. Ona görə də bu sahədə işləmək çətindir.

- Müasir uşaq yazarlarından kimlərin yaradıcılığını uğurlu sayırsınız?

- Bu sırada Sevinc Nurun, Aygün Bünyadzadənin, Qəşəm İsabəylinln, Ələmdar Quluzadənin adını çəkə bilərəm.

- «Göyərçin»in uğurlu layihələrindən biri jurnalda rəssamlıq işinin səviyyəsinin yüksəkliyi, digəri isə silsilə nağıllar kitablarının nəşridir. Bu barədə nə deyə bilərsiniz?

- “Göyərçin” jurnalı yarandığı gündən burada böyük rəssamlar çalışmışlar. Yaşlı nəsildən Yusif Hüseynov, Davud Kazımov, Rasim Babayevin, gənc nəsildən Aytən Şirzadova, Günel Hüseynova, Afər Mehdiyevin və başqalarının adını çəkmək olar. Uşaqları da bu sahəyə maraqlandırmaq üçün hər nömrədə onların çəkdikləri şəkillərə də yer verilir. İkinci məsələyə gəldikdə isə, bu günə kimi “Sehrli üzük”, “İlahi qazlar”, “Meymunlar ölkəsi”, ”Namuslu oğru” və s. nağıllar kitabları balaca oxucuların ixtiyarına verilib. «Göyərçin» eyni zamanda fəsillərlə bağlı «Zamanın qatarı», yol hərəkəti qaydaları haqqında «Yollar», təqvimdə olan əlamətdar günlərə aid ”Günlərimiz ,aylarımız”, dilimiz haqqında «Ana dilimiz” kimi maraqlı dərgilərlə balaca dostlarının görüşünə gəlmişdir.

- Hansı çətinliklərlə qarşılaşırsınız?

- Birincisi, abunə problemidir. Əvvəllər jurnalımız çox böyük tirajla çap olunurdusa, indi az tirajla çıxır.

- Tələbat niyə azdır?

- Nə valideynlər, nə də müəllimlər uşaqları bu cür jurnallar almağa yönəltmirlər. Təbliğat azdır.

- Problemin həlli yolunu nədə görürsünüz?

- Yalnız maarifləndirmədə. Əgər televiziya kanallarımız şou-proqramların vaxtından 10 dəqiqələrini bu məsələyə həsr etsələr, yaxşı nəticə əldə etmək olar.
“Günəş” jurnalının redaktoru Vasif Quliyev də uşaq mətbuatı ilə bağlı fikirlərini bizimlə bölüşdü.

- Vasif müəllim, siz də abunə problemi ilə qarşılaşırsınız?

- Əlbəttə. Jurnalımızı çox çətinliklə satırıq. Nə şəhər, nə də rayon məktəbləri abunə yazılırlar. Jurnal 1994- ci ildən satışa verilmir.Hal- hazırda dost-tanışın köməyi ilə az sayda abunəçilərimiz var. Çox təəssüf ki, valideynlər uşaq jurnallarına maraq göstərmirlər.

Əvvəl “Pioner”, indi isə “Savalan” adı altında çıxan uşaq qəzetinin redaktoru Elşad Əliyev isə dedi: “Biz ancaq uşaqların maraqlarından çıxış edirik. Jurnalımız əsasən IV-IX sinif şagirdləri üçün nəzərdə tutulub. Problemlərə gəldikdə isə, bunlar əsasən abunə və çap problemləridir. Əfsuslar olsun ki, bizdə hələ abunə işi lazımi səviyyədə formalaşmayıb. Biz uşaqlarımıza qəzet və jurnalları bir növ məcburi oxutmalıyıq. Məktəblərdə də bu qəzet və jurnallardan əlavə vəsait kimi istifadə olumalıdır.

- Uşaq qəzetinin reklama ehtiyacı var?

- Qətiyyən. Hər şeyin kommersiya dövrünə qədəm qoyduğu bir vaxtda uşaq mətbuatının buna ehtiyacı yoxdur.

- Ən çox nəyə ehtiyacınız var?

- Uşaqlarla ünsiyyətə. Onlar mütəmadi olaraq öz istək və arzularını qəzetimizə yazıb göndərməlidirlər. Uşaqlar mətbuatla ünsiyyət qurmağı öyrənməlidirlər.

Sevinc Asifqızı,
Azərbaycan Müəllimlər
İnstitutunun III kurs tələbəsi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar