İnkişafda olan turizm sahəsinin problemlərindən danışanda ilk göz önünə gələn məsələlərdən biri də hotelçilərin qarşılaşdığı çətinliklər olur. Hazırda Bakı şəhərində 165, bütün ölkədə isə 500-dən artıq hotel fəaliyyət göstərir. Lakin etiraf etmək lazımdır ki, bu hotellərin heç də hamısı turistlərə yüksək xidmət və peşəkar qulluq göstərmək qabiliyyətində deyil. Hotel rəhbərləri ilə söhbətlərimizdə onlar bunu müxtəlif səbəblərlə izah edirlər. Bəs əslində problemin kökü nədədir? Niyə Azərbaycanda fəaliyyət göstərən hotellərin əksəriyyəti dünya standartlarına cavab verə bilmir? Suallarımıza aydınlıq gətirmək üçün "Delfin" və "Meridian" hotellərin baş meneceri Elçin Zeynalabdinlə söhbətləşdik. Qeyd edək ki, E. Zeynalabdin Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini, Amerika Kornell Hotelçilik Universitetini, Türkiyədə hotelçilik məktəbini bitirib, 10 il Birləşmiş Ərəb Əmirliklərində hotel meneceri vəzifəsində çalışıb. - Elçin müəllim, bu gün hotellərin işində kifayət qədər problemlər mövcuddur. Hotelçilik üzrə təcrübəsi olan mütəxəssis kimi deyə bilərsinizmi, bu problemlərin kökündə nə durur? - Birincisi, Azərbaycanda yeganə "Hyatt Regency" hotelidir ki, bu gün dünya zəncirvari sisteminin içərisindədir. Bu yaxınlarda açılan beşulduzlu "Ramada" və hazırda tikintisi gedən "Hilton" hotelləri də bu sistemə daxil olacaqlar. Demək istədiyim odur ki, dünya miqyasında tanınan hotellərin sırasında olmaq üçün ən azı o hotellərin 2-3 dənəsi Azərbaycanda olmalıdı. Əlbəttə, bu gün MDB ölkələri ilə müqayisədə bizdə hotelçilik daha yaxşı inkişaf edib. Bu inkişaf nədən irəli gəlir? Əvvəla, inkar etmək olmaz ki, Azərbaycanda iqtisadi inkişaf mövcuddur və bu mövcudluğun içərisində hotellərin yaranması təqdirəlayiqdir. Lakin əfsuslar olsun ki, bu gün turizm sistemi bizdə istədiyimiz səviyyədə işləmir. Korporativ müştərilər, neft sektoru ilə bağlı olan iş adamları, biznesmenlərlə paralel olaraq turistlər də gəlib-getsə, onda turizmdən yüksək gəlir götürmək mümkündür. O ki qaldı problemlərə, bu gün çox adam deyir ki, bu sahə üzrə kadrlar yoxdur. Lakin mən hesab edirəm ki, bu elə də ciddi səbəb deyil. O mənada ki, problemlərin ən başlıca səbəbi birinci növbədə hotellərin baş müdirlərinin peşəkar olmamasıdır. Hotelçilikdə belə bir yazılmamış qanun var ki, kadrı biz özümüz yetişdirməliyik. Yəni biz hotelçilik sistemində elə inkişaf etməliyik ki, işçilərimizə bu sistemin əsaslarını öyrədə bilək. Təsəvvür edin ki, yanıma bir çox adamlar gəlir ki, məni filan hotelə baş menecer təyin ediblər, istəyirəm bu işi görəm. Bir vərəq və qələm verirəm ona, deyirəm hotelin içərisində olan şöbələrin koordinasiyasını yaz mənə ver. Çox adi bir sualdır. Bunu hotelçilik universitetlərində birinci kursda öyrədirlər. Və yaxud turizm təhsili üzrə Türkiyədə, Kiprdə diplom alan azərbaycanlı uşaqlar elementar suallara belə cavab verə bilmirlər. Məsələn, tutaq ki, mənim 25 otağım var, 50 nəfər də qonağım. Ya bunları yerləşdirməliyəm, ya da imtina etməliyəm. Bu məsələnin həllini əksər baş müdirlər bilmir. Mən demirəm ki, mütləq Kornell Universitetini və ya İngiltərənin hansısa bir hotelçilik məktəbini bitirmək lazımdır. Yox, sadəcə olaraq, bir qədər təcrübə kifayətdir ki, bu problemlər öz həllini tapsın. Baxın, "Meridian" hotelində cəmi 15 otaq var. Heç vaxt bizdə boş yer olmur. Qiymətlərimiz də beşulduzlu hotelin qiymətindən heç də geri qalmır. Bunun əsas səbəbi servisin səviyyəsi ilə bağlıdır. Mən həmişə deyirəm ki, hər hotel otaq satır, hər restoran da yemək. Amma o otaqla restoranı birləşdirib lazımi səviyyədə servis təqdim etmək peşəkarlıq tələb edir. Bu gün gələn xarici iş adamları keyfiyyətə pul verirlər. Otağın təmizliyi deyiləndə sadəcə oranı süpürüb-təmizləməkdən söhbət getmir. Bunun gigiyena qaydaları var. Adi bir misal deyim. Əl-üz yuyulan yerlərdə üzərinə "dezinfekte" yazılan xüsusi bağlamalar qoyulur ki, bunun özü də servisin bir səviyyəsidir. Bax bu gün hotelçilik sahəsində əsas problem budur. "Kadr yoxdur" demək düzgün deyil. Kadrları baş müdirlər özləri yetişdirməlidir. - Onda dediyinizdən belə çıxır ki, turizm təhsili baş menecerlər üçün vacib olsa da, qalan xidməti personal üçün elə də əsas deyil, eləmi? - Xeyr, elə deyil. Baxın, hotelin içərisində 15 işləyən şöbə var. Bunların arasında satış-marketinq şöbəsində çalışanlar təhsilli olmalıdır ki, otaqların düzgün satılmasına nəzarət edə bilsin. İctimai-iaşə şöbəsində səriştəli, işini bilən adamlar olmalıdır. Mən bu şöbəyə adi bir restoran işçisini müdir qoydum. O, mənə deyir ki, mən indi başa düşürəm ki, restoranla hotelin nə qədər böyük fərqi var. Ona görə də mənə belə gəlir ki, hoteldə çalışan xidməti personal hotelçiliyin içərisində olan müddəalarla tanış olmalıdır. Baş müdirlər isə hər bir şeyi bilməlidir. Yəni baş müdirlər mütləq hotelçilik məktəbini bitirməlidir. Məndə çamadan yığılan yerlərin hamısında kameralar var. Gələn qonağın çantasının itməsinin hotel üçün nə demək olduğunu yəqin ki, təsəvvür edirsiniz. Bütün bunları tətbiq etmək üçün də hotelçilik təhsili, üstəgəl təcrübə mütləq lazımdır. Baş müdir bunları bilirsə, öz işçilərinə də öyrətməlidir. Bunun üçün işçinin hansısa kurs keçməsinə nə ehtiyac var ki… - Əksər hotellərdə baş müdirlər xaricilərdir. Həm də bu hotellərdə azərbaycanlı işçilər aşağılayıcı şərtlərlə işləyirlər. Buna necə baxırsınız? - Bu məsələ məni də çox narahat edir. Özü də yerli işçilər 800-1000 manata qane olub işlədikləri halda, xaricilər bunun 5 qatını istəyirlər. Axı niyə biz bu gün öz vətəndaşımıza üstünlük verməyək? Xarici elə-belə gəlmir. Ona ev tutulur, maşın verilir, sığorta etdirilir. Bütün bunların hamısı puldur. Üstəlik, əcnəbilərin yalnız bir məqsədi var. Mümkün qədər çox pul qazanmaq və çıxıb getmək. Ona görə də çalışıb öz insanlarımızı yetişdirb hotellərdə yuxarı vəzifələrə oturtmalıyıq. Mədəni səviyyəmiz, servisimiz yüksək, mətbəximiz onlarınkından zəngin. Niyə də özümüz-özümüzün ağası olmayaq… Azərbaycanda hazırda cəmi bir neçə beşulduzlu hotel var. Bununla heç nə etmək olmaz. Amma inşallah, uzağı 5 ilə belə hotellərin sayı artacaq. Ona görə də çalışıb bu hotellərdə işləyə biləcək kadrlar yetişdirməliyik. Bunu da biz yox, gələcəkdə hotelçilik biznesi ilə məşğul olmaq istəyən iş adamları etməlidir. Çünki Avropada bir nəfərin iki illik kurs keçməsi müəyyən qədər vəsait hesabına başa gəlir. Mənim işçilərimin buna ehtiyacı yoxdur. Onlara nə lazımdırsa özüm öyrədirəm. - Bəzi hotel rəhbərləri deyirlər ki, işçini əziyyət çəkib öyrədirlər, amma başqa bir hoteldən bir qədər yüksək vəzifə və əməkhaqqı təklifi alan kimi onları atıb gedirlər. Sizdə belə hallar olurmu və ümumiyyətlə, işçini işdə saxlamaq üçün baş müdir ne etməlidir? - Hotel üç növbə ilə işləyən bir qurumdur: səhər, günorta və gecə. Burdakı işçilər işdə daha çox olurlar, nəinki evdə. İnanın ki, insanları işlədikləri yerin daxili mühiti əməkhaqqı qədər maraqlandırır. Mənim elə işçilərim var ki, deyir, bura gələndə elə bilirəm öz evimə gəlirəm. Bu mühiti də baş müdir yaradır. Həmişə deyirəm ki, mənimlə işləyən mənim dostlarımdır. İşçi ilə dost olmaq lazımdır. Amma bununla bərabər, yeri gələndə onlara nəyi isə irad da tuturam və heç biri də məndən incimir. Yəni işin iş qaydası var, yoldaşlıq, dostluq da öz yerində. İkinci bir tərəfdən, gərək işçinin gözünü doyurasan. Dediyiniz məsələ ilə bağlı bir neçə amil çox vacibdir. Birincisi, yuxarıda qeyd etdiyim kimi, daxili mühit - işçi-rəhbər münasibətləri səmimi olmalıdır. İkincisi, işçilər normal ev yeməkləri ilə təmin olunmalıdır. Mən bilməliyəm ki, aşpaz onlara nə bişirib verir. Ona görə də özüm də onlarla bir yerdə yemək yeyirəm. Üçüncüsü, işçi iş saatından əlavə işdə saxlanılırsa, ona artıq pul verilməlidir. Üstəlik, işçinin əməkhaqqı normal olmalıdır. Mənə elə gəlir ki, bu şərtlər olarsa, işçi heç vaxt hoteli tərk etməz. - Elçin müəllim, bildiyiniz kimi, Azərbaycan Hotel Kompleksləri Assosiasiyası təzə yaradılıb. Siz də həmin qurumun üzvüsünüz. Necə hesab edirsiniz, AOKA-nın xarici ölkələrin oxşar qurumları səviyyəsinə çatması üçün nə etmək lazımdır və ümumiyyətlə, bir neçə hotelin rəhbəri kimi, bu assosiasiyadan nə gözləyirsiniz? - Bir neçə ay bundan əvvəl Türkiyədə hotellərin standartlara uyğun olub-olmaması ilə bağlı bir seminar keçirilirdi. Mən də həmin seminarda iştirak edirdim. Azərbaycanda bir neçə hoteldə olmuşam və görürəm ki, bizdə yeməklərin hazırlanması standarta uyğun gəlmir. Elə hotellər var ki, onların mətbəxinə girsəniz, orda bir stəkan su də içməzsiniz. Mənim rəhbərlik etdiyim "Delfin" hotel sanitar-epidemioloji təmizlik baxımından Binəqədi rayonunda birinci yeri tutur. Dəfələrlə gəlib yoxlayıblar, həmişə də deyiblər ki, sizin hotelin mətbəxi bizim laboratoriya kimidir. Özüm də onlara demişəm ki, sutkanın hansı vaxtı istəyirsiniz gəlin, yoxlayın. Bu gün əksər restoranların mətbəxinə getsən görərsən ki, işçilər salatı əlcəksiz hazırlayır. Amma standartlara görə açıq əllə yalnız ət və balıq məhsullarını götürmək olar. O da ona görə ki, onlar fırında bişdiyi zaman bütün mikroblar məhv olur. Mənə elə gəlir ki, əgər assosiasiyaya Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sanitariya-gigiyena qaydalarına nəzarət səlahiyyəti verilsə, çox böyük effekt verər. İkinci bir tərəfdən, hotelçilik böyük bir sistemdir. Biz təsnifatdan keçməliyik. Bu gün əksər hotellərin rəhbərləri hotelçiliklə bağlı elementar şeyləri bilmirlər. Heç olmasa, AOKA-ya işçiləri təsnifatdan keçirmə ixtiyarı verilməlidir. Belə deyək də, hotellərdə müdirlərin, şöbə müdirlərinin tutduqları vəzifəyə nə dərəcədə uyğun gəldiklərini bu qurum müəyyənləşdirməlidir. AOKA-nın İdarə Heyətində çox təcrübəli insanlar var. Düşünürəm ki, müəyyən səlahiyyətlər verilsə, assosiasiya çox işlər görə bilər. - Bugünlərdə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, 2010-cu ildə işçilərinin 25 faizi turizm təhsilli olmayan hotellərə lisenziya verilməyəcək. Sizcə, bu, hotellərin mövcud problemlərini həll edə biləcəkmi? - Çox yaxşı olar. Amma bu qədər turizm təhsili olan kadrın hazırlanmasında da bir ayrı qayğı, bir ayrı problemdir. - Azərbaycan Turizm İnstitutu o vaxta qədər 2 dəfə məzun buraxacaq. Nazir demək olar ki, bütün tədbirlərindəki çıxışlarında turizm şirkətlərinə, hotellərə bu təhsil ocağı ilə yaxından əməkdaşlıq etməyi tövsiyə edir… - Əgər doğrudan da dediyiniz institut normal təhsilli kadr yetişdirəcəksə, mən buna çox sevinəcəyəm. Amma açığını deyim ki, indiyə qədər tələbələrin təcrübə keçməsi ilə bağlı bizə onlardan hansısa müraciət olmayıb. Çünki təkcə nəzəriyyə ilə yaxşı kadr olmaq mümkün deyil. Bunun üçün praktika da çox lazımdır. Bir neçə gün əvvəl Cəfər Cəfərovla tədbirlərin birində qarşılaşdıq. Ona təklif etdim ki, buraxılış imtahanlarına bizi də dəvət etsinlər. Görək bu uşaqlar nə bilirlər. Mən şəxsən ordan bir ildə çıxan bütün məzunları işlə təmin edə bilərəm. Amma gərək mən onların nəyə qadir olduğunu bilim. Bu ay açığını deyim ki, planlaşdırmışam ki, həmin instituta baş çəkim. İstəyirəm ATİ ilə yaxından əməkdaşlıq edim. Fəxriyyə ABDULLAYEVA






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar