Bu başlıq teatrşünas alim Aydın Talıbzadənin müsahibəsindən seçilib. Hərçənd bu fikrə xeyli əvvəl, onun elmi və bədii yaradıcılığını izləyərkən, məqallələrini və hətta yeni romanı - «Kəpənək modusu-102»ni oxuyarkən gəlmişdim. Məhz onun yazılarından sonra teatrşünaslıq elminin elitar, yaradıcı sənət kimi sanbalı gözümdə birə-iki artmışdı. «Qoy ƏSL, HƏQİQİ alimlər danışsın» devizi ilə, sənətşünaslıq elmləri namizədi, teatrşünas alim, estetik Aydın Talıbzadənin fikirlərini təqdim edirik. - Romanınızı çap etdirdiniz. Orada dəfələrlə təkrarlanan bir məqam var - “mən şünasam”. “Şünaslıq” bir diaqnozdurmu? Özünüzü yazıçı hesab eləmirsiniz? - Bəli, romanı çap etdirdim. Bu, mənim həyatım və yaradıcılığım üçün bir aksiya idi. Bəli, mən romanın qəhrəmanını maksimal şəkildə özümə yaxınlaşdırmışam; ancaq mən o deyiləm. Bəli, mən istəmişəm uydurma ilə reallığı bir-birinə elə qarışdırım ki, hamı olayların həqiqiliyinə inansın... Və əvvəlcə özüm inanım. Mən inanmışam, amma başqalarını bilmirəm. “Mən şünasam” ifadəsi də qurduğum bu oyunun bir hissəsidir. Şünaslıq, əlbəttə ki, diaqnozdur. Mən bunu Moskvada görmüşəm: orada şünaslıq həyat tərzidir, düşüncə tərzidir, qavrayış modusudur. Orada mən görmüşəm, şahidi olmuşam ki, şünas teatrı aktyordan, rejissordan, təsviri sənəti rəssamdan, musiqini bəstəkardan, ifaçıdan heç də az bilmir və heç də az sevmir. Mən “şünas” kəlməsini “super bilici”, “super xiridar” sözlərinin mənası kontekstində anlayıram. Təbii ki, bu məna spektrində şünaslığa bir diaqnoz kimi yanaşmaq olar. Hərçənd, mənim fikrimcə, Səttar Bəhlulzadə də diaqnozdur... Vaqif Mustafazadə də diaqnozdur... Ramiz Rövşən də diaqnozdur... Alim Qasımov da diaqnozdur... Yəni sənətin, ədəbiyyatın “dəli”si, xiridarı olmaq nədirsə, elə budur. Bundan kənarda “şünaslıq” da yoxdur. Və nəhayət, gələk konkretliyə. Mən şeirlər yazmışam və heç vaxt özümü şair bilməmişəm: ruhum şeir yazmaqdan zövq alıb, yazmışam, vəssalam. Amma mən bir şünas kimi məqalə yazanda da, monoqrafiya yazanda da həmişə özümü yazıçı hesab eləmişəm. Əslində, bunun mənim üçün bir o qədər önəmi yoxdur: təki yazı Yazı olsun! - Mətbuatda çıxış etdiyiniz illərdə apardığınız “Teatral freskalar” rubrikası yaradıcı teatrşünaslıqda yeni bir (poetik) janr idi. Nədən dayandınız? - Düz 8 il keçir “Teatral fraskalar”dan... Hələ də unudulmayıb... Nə gözəl, nə mutlu bir şey... Səhnədən bir gün gec getməkdənsə, bir gün tez getmək yaxşıdır. Gərək nə özün bezəsən, nə də başqasını bezdirəsən... - Mövcudluq tarixi boyunca teatr öz mahiyyətini axtardı. Artodan, Meyerholddan, Qrotovskidən, Kantordan, Brextdən üzü belə hər teatr adamı qarşısına “teatr nədir” deyə bir sual qoydu. Belə çıxır ki, əsrlərlə teatr özünü axtarmaqla məşğul olub? O özünü tapıbmı? Sizcə, teatr nədir? “Metateatr” nəzəriyyəsini bu suala cavab hesab etmək olarmı? Və nə teatr deyil? Teatrı özündən azdıran nələrdir? - Teatr özünü axtarmır. Nəsillər öz teatrını və özünü teatrda axtarır. Tapa bilirsə, tapır; tapa bilmirsə, qışqırır ki, teatr ölüb. Siz təsəvvür edirsinizmi, “teatr nədir” sualına cavab vermək necə böyük missiyadır! Eləcə də mən sizdən soruşa bilərəm, həyat nədir? “Balıq və dəniz” haqqında dzen pritçasını xatırlayın. Praktiki şəkildə bu sualı cavablamaq mümkün deyil. Nə desən, onun alternativi mütləq olacaq. Amma... cəhd eləyəcəyəm: teatr zəmanə adamının düşüncə və yaşantılarına aktual refleksiyadır, əbədinin gündəmə modern formalarda transformasiyasıdır. İnsan teatra ruhu ağrıyanda gəlir, ruhsal dünyasının, mənəviyyatının problemlərini tanımadığı başqaları ilə bölüşməyə gəlir, gəlir və bilir ki, burda onu aldadacaqlar, ona nağıl danışacaqlar, aradığı xilaskar-qəhrəmanı göstərəcəklər və onu aldada-aldada inandıracaqlar ki, xeyir şərdən həmişə güclüdür, üstündür; inandıracaqlar ki, haqq üzülür, amma qırılmır, ədalət hər zaman öz yerini bulur. Camaat həmişə haqq-ədalət sorağında ya məbədə gedib, ya da teatra. Məbədgah “Tanrıya inan” imperativinin məkan obrazıdır. Teatr isə daima “insana inan” imperativini aktuallaşdırır. İnsan nə qədər rəzil, alçaq olsa, o, yenə Tanrının kölgəsidir və bunu unutmaq lazım deyil. Teatr həm də adi günün axşamının rituallaşdırılmış bayramıdır. Bu da çox önəmli bir fakt. Sual sual deyil ki... maşallah, dissertasiya mövzusudur... Heç cür yığıb yığışdırmaq olmur. Bəs bu gün nə baş verir? İnsanın vaxtı yoxdur ki, ruhunun niyə ağrıdığı barədə fikirləşsin. İnsan bugün fikirləşmir ki, mən nə üçün yaşayıram, bu dünya niyə belədir. O, deyir ki, bu dünya belədir və mən nə iş görüm ki, qazanım və ya axşama qazanım dolsun. Müasir insan, əlbəttə, bu, mənim subyektiv fikrimdir, ümumiyyətlə heç “yaşamır”, elə hey “at kimi qaçır”, yox, qaçmır, çapır, “çapır” pul arxasınca, komfort arxasınca, öz ehtiraslarının arxasınca. Dünyəvi psixoz yaşanılır indi. Və teatr bu psixozun içində heç kimi saxlayıb deyə bilmir ki, axı dünya təkcə bundan ibarət deyil. Deyə bilmir ki, hara qaçırsan, onsuz da heç vaxt heç kim heç kimi ötə bilməyəcək: çünki dünya fırlanır. Və onun bu istəyinin, bu cəhdinin mənası varmı? Qloballaşma dövründə, aramsız təbii fəlakətlər dövründə, müxtəlif masştablı sosial çaxnaşmalar dövründə insan dayanaqlı surətdə heç nəyə bağlanmaq istəmir. Sənət də, ədəbiyyat da sanki buna istiqamətlənir: “bax və unut”, “eşit və unut”, “oxu və unut”. Bu, modern sənətin, rəqəmsal sənətin ünvanıdır. Qəzet yox, İnternet aktualdır. Amma İnternet virtuallığın tunelidir, orada işıq var, Günəşsə heç vədə çıxmır, qaranlıq da olmur, hərarət də dəyişmir! Bu da bir psixoz variantıdır! Nə isə... Dedim axı, bu suallara cavab vermək üçün gərək dissertasiya yazım, ya da uzun-uzadı bir məqalə... O ki qaldı “metateatr” ideyasına... bu, virtual dünyanın teatrıdır, teatrşünas fərziyyəsidir və artıq köhnəlib. Körpənin ana bətnində böyüməsi teatr deyil. Uşaq elə ki dünyaya gəldi, bələnir və bununla da tükənməz rituallar, vərdişlər, streotiplər teatrına düşür. Və nəhayət, teatrı özündən azdıran nələrdir? Məncə, birincisi və ən vacibi, psixoza qatılmaq, psixoz burulğanında olmaq həvəsi... Bu psixoz nədən ibarətdir: pul, üstəgəl, şöhrət, üstəgəl dəb, komfort, üstəgəl sosial nüfuz... Əgər Beranje də kərgədana çevrilsə, onda... insanın İnsana ümidi sönəcək. Mən indicə Ejen İeneskonun ruhuna salam göndərdim. - Bildiyiniz qədərincə dünya teatr prosesində hansı istiqamətlər var? Bu proseslər fonunda bizim teatrımız nə ilə məşğuldur? - Düz 15 ildir ki, Moskvadan çıxmışam. Avropa ölkələrində isə heç olmamışam. Polşa, İtaliya, Almaniya, Fransa, İngiltərədə teatrla ilişikli nə kimi proseslər yaşandığını bilmək və görmək istərdim. Bir turist kimi yox, ora ezam edilmiş bir teatrşünas kimi! Lakin bütün hallarda teatr sənəti ilə əlaqədar mən hər cür imitasiyanın əleyhinəyəm. Bax, öyrən, amma özün ol. Hərçənd teatr həmişə konkret məkana, konkret mədəniyyətə, konkret ictimai-sosial infrastruktura bağlı bir institutdur. Yəni teatr sənətində hər bir imitasiya sonucda fiaskoya gətirib çıxarır, əgər milli mədəniyyət tərəfindən mənimsənilmirsə. Hələliksə, bizim teatr təmirlə məşğuldur və bu, ən yaxşı variantdır. Mən sevinirəm ki, təmirdən sonra sənətçilərin “o, çatmır, bu, çatmır” bəhanəsi kəsiləcək. Lakin təmir də daim nəzarət altında saxlanılmalıdır: çünki səhnəni, akustikanı, işıqların quraşdırılması sistemini təkcə inşaatçıların ixtiyarına buraxmaq olmaz. Azərbaycan teatrının hər şeydən öncə, mənəvi və psixi reabilitasiya “seans”larına böyük ehtiyacı var -Teatrımızın böhran keçirdiyini demək olarmı? Bu böhranın səbəbləri və nəticələri nədir? -Artıq böhran yoxdur: əvəzinə boşluq var və bu boşluqda hansı tamaşalarsa ilğım kimi hərdən görsənib gözdən itirlər. Bəlkə də bu, normaldır, müasir dünyaya uyğundur. Mən heç nəyi birmənalı qiymətləndirmək istəmirəm. - Dərs deyib yola saldığınız tələbələrin səviyyəsindən razısınızmı? Nə kimi problemlər var bu sahədə? - Əgər tələbədə teatr sənətinin və öz sosial təminatının gələcəyinə inam hissi olacaqsa, o, teatrşnaslıqda qalıb işləyəcək. - Teatrımızın yaradıcılıq baxımından bugünki problemləri? - Mənim fikrimcə, Azərbaycan teatrının hər şeydən öncə, mənəvi və psixi reabilitasiya “seans”larına böyük ehtiyacı var. Teatr diz üstündən qalxmalıdır və özünü tanımalıdır. Məhz bundan sonra teatr müəyyənləşdirməlidir ki, müasir tamaşaçı ilə nə barədə danışmaq, necə danışmaq və ona nə demək istəyir. Ümumiyyətlə, nəsə demək istəyirmi? Bəlkə, deməyə heç sözü yoxdur? Bir müşahidəmi Sizinlə bölüşmək fikrindəyəm. Amma bilmirəm, bu müşahidə özündə vəziyyətin həqiqətini nə dərəcədə əks etdirir. Azərbaycan dövləti bu gün teatrlar üçün nə mümkünsə, onu eləyir. Di gəl ki, əksər teatr sənətçilərinin marağı yenə də teatrın dışındadır. Sanki yaradıcı maraqlar spektrində onlar üçün teatr ən axırıncı yerdədir, özünəməxsus köhnə bir cərimə batalyonudur. Hətta tamaşa hazırlanarkən belə yaradıcı qrup ilk növbədə qastrolu və ya festivalı göz önünə alır. Məncə, bu vəziyyət kökündən dəyişməsə, teatrda kardinal nəsə eləmək mümkün olmayacaq. - Son illərdə diqqətinizi çəkən üslub və ya tamaşa gördünüzmü? - Üslub, yox, tamaşa, hə: “Uçqun”, “Əli və Nino”, “Yeddi gözəl”. Teatrşünaslar hər deyəndə obyektiv olmur, kiminsə marağını güdüb məddahlıq eləyir, həqiqəti gizlədib qırmızı-qırmızı yalan danışır, “ütülü həqiqətlərlə haqqı döyür” - Teatrla teatrşünasın praktiki-analitik əlaqələri nədən yaranmır? Olmaya buna ehtiyac yoxdur? - Şota Rustaveli adına teatr Bakıya bu yaxınlarda qastrola gələndə mən dünyalarca məşhur rejissor Robert Sturuadan soruşdum ki, bəs tənqidə münasibətiniz. Nə desə yaxşıdı. Dedi ki, mən bu gün necəyəmsə, məni beləcə tənqid yaradıb və ona görə də tənqidə minnətdaram. Təsəvvür edirsinizmi? Azərbaycanda isə çoxları yaxasını tutub gəzir ki, bizə tənqid lazım deyil. Bizim aktyorlar, rejissorlar bir balaca şöhrətə çatan kimi başlayırlar tənqidi, tənqidçini, teatrşünası danmağa. Bilmirəm nə üçünsə, bəziləri teatrşünası teatrın düşməni kimi qavrayır. İndi hesabınızı buradan götürün də. Bu məsələ ilə bağlı nəsə daha artıq bilmək istəyən insanlardan xahiş edərdim ki, mənim “Azərbaycan” (№4, 2006) jurnalında dərc olunmuş “Tənqidin fenomenologiyası” adlı məqaləmi oxusunlar. Bəlkə də bunun əsas səbəbi qarşılıqlı etibarsızlıqdır. Və burada təkcə teatr günahkar deyil. Çünki teatr tənqidi (və ya teatrşünaslar) hər deyəndə obyektiv olmur, kiminsə marağını güdüb məddahlıq eləyir, həqiqəti gizlədib qırmızı-qırmızı yalan danışır, “ütülü həqiqətlərlə haqqı döyür”. - Ədəbiyyatla, türklər demişkən, uğraşırsınız. Prosesdə nə kimi müşahidələriniz var? - Yazmağı çox sevirəm, amma çox yazmaqdan iyrənirəm. Məndə son vaxtlar belə bir təəssürat formalaşıb ki, indi hərə özü üçün yazır. Yazıdan çox az çörək pulu çıxsa da, yazır. Nəticədə isə “oxucusuz ədəbiyyat” meydana gəlir. Bir on il bundan öncə mən gözləyirdim ki, getdikcə yazmaq meyli azalacaq. Çağdaş dövrdə tamam başqa bir atmosferlə rastlaşıram. Ədəbiyyata güclü bir axın, özü də intellektuallığa iddialı bir axın var və bu axın (əksəriyyəti gənclər) günün ədəbi mənzərəsində bir rəngarənglik və polifoniya yaradır. Mənim üçün maraqlı olan da elə məsələnin bu tərəfidir. Qoy hamı yazsın; yazıb, yazıb, axırda özü çəkiləcək kənara... əgər həqiqi istedad deyilsə... Bir də ki “çalxalandıqca, bulandıqca zaman nehrə kimi” hər şey öz yerini, layiqi qiymətini alacaq. Amma bununla belə... bir məqamı vurğulamaq istərdim: bütün epatajlara, piarlara baxmayaraq günün ədəbiyyatı heç cür gündəmə gələ bilmir. Busa artıq sosio-kulturoloji, psixoloji və filoloji problemdir və onu burda çözmək mənlik deyil. Aliyə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar