İslam dininin yayılmasından sonra Şərqdə meydana gələn fəlsəfi cərəyanlar və ya dinlə bağlı olur, ya da onun elementlərini özündə əxz etdirirdi. Fakirlik islam dininin məşhur cərəyanlarından olan sufi qayda-qanunlarının başlanğıcı hesab olunurdu. Fakirlik kəlməsi ərəb mənşəli olan «kasıb» sözündən alınıb. Sufizimdə bu sözü gəzərgi həyat tərzi keçirən dərvişlərə deyirdilər. Eyni zamanda bu ifadəni Hindistanda müqqədəs insanlara, yəni asketik (tərki-dünya) həyat tərzi keçirənlərə də (sadhus) aid edirlər. Termin eyni zamanda gəzərgi səyyahalara da şamil edilir. Onlar Allah adamı kimi bir kənddən başqa bir kəndə gedir və «möcüzələr» törədirdirdilər. Bu möcüzələr müxtəlif fokuslardan ibarət olurdu. Məsələn, fakirlər isti daş kömürün üzərində gəzir, çarpayıda mismarların üzərində uzanır, ağızlarından alov buraxır, əllərini qaynar neftin içərisinə salır, dəmir qarmağı arxalarına sancmaqla ona bitişik ağır əşyanı dartırdılar. Deyilənlərə görə, bəziləri öz dillərini kəsir, sonra isə bərpa edirdilər. Hətta müqəddəs rəqs nümayiş etdirən fakirlər qarmağı bədənlərinə sancmaqla özlərin ağacdan asırdılar. Tamaşaların nümayişindən sonra onlar əşyalarını toplayıb növbəti kəndə gedirdilər. Belə səyyahaların bəziləri məşhurlaşaraq «Allah adamı» və ya «Müqəddəs adam» hesab olunurdular. Tarixi mənbələrə görə, hətta Uniston Çörçil və Mahtama Qandin fakirləri yarım-çılpaq geyindiklərinə görə, həqarətli formada tənqid edərək onları çox qorxulu və iyrənc adlandırırdılar. Fakirlər əsasən bədən kəsməkdə, damğalamaqda, doğrayıb, sonra onu bitişdirməkdə və başqa bu kimi tryuklar etməkdə məşhur idilər. Bütövlükdə Şərq fəlsəfəsinə əsaslanan və orta əsrlərdə meydana gələn bu oyun illər keçməsinə baxmayaraq, bu günə qədər qorunub saxlanılıb. Qeyd edək ki, Şərqin bir parçası olan Azərbaycanda da vaxtilə bu sistemlə məşğul olanların sayı çox olsa da, hazırda bununla yalnız bir nəfər məşğul olur. Artıq 27 ildir ki, səhnəyə fakir kimi çıxan Elçin Quliyevlə söhbətimiz bu sistemin mahiyyəti, onun yoqa ilə oxşar və fərqli cəhətləri, folklorumuzdan götürülən elementlər, oyunu icra etməyin çətinlikləri və s. barədə oldu.
- Fakir olmaq üçün nə lazımdır və nə vaxtdan bu oyunla məşğul olursunuz?
- Bu oyunu icra etmək üçün ağıl lazımdır. İnsan ağıl, inam və fəlsəfəni bir yerdə konsentirasiya etməyi bacarmalıdır. Bizə «Fakir» da, «Yoqa» da deyirlər. Doğrudur, bu oyunda yoqanın elementləri olsa da, fərqlər də var. Məsələn, qılınc və ya şüşənin üzərində dayanmaq və giminastik hərəkətlər etmək əslində yoqadan alınma elementlərdir. Belə detallar bizim folklorumuzda da var. İndiki nəsildə bu oyunu davam etdirən yoxdur. Mən bunu həvəsim olduğu üçün öyrənmişəm. Mənim müəllimim olmayıb, sadəcə görüb-götürmüşəm. Doğulub, boya-başa çatdığım Şuşada məşhur pəhləvanlar var idi. Mən də həvəsə düşüb pəhləvanlıqla bağlı onlardan bəzi detalları öyrəndim və 10 yaşımda olanda artıq ictimaiyyət qarşısında tryukları nümayiş etdirməyə başladım. Əvvəllcə bu işə başlamaq çox çətin idi. Ailədə də mane olurdular. Yadımdadır ki, birinci tryukum şüşələr üzərində gəzmək idi və öhdəsindən gəldim. Lakin ikinci dəfə şüşə sümüyümə elə batmışdı ki, 6 ay ayağa dura bilməmişəm. Amma daxilimdə güclü inama olduğundan sağalandan sonra yenə də tryuklar nümayiş etdirməyə başladım. Fakirlik elə bir sistemdir ki, yalnız bədən oyunları göstərməlisən. Məsələn, qılıncları düzüb üzərində dayanmaq, mismarların üzərində gəzmək, neft içib ağızdan alov püskürmək əslində başqaları üçün təhlükəli görünə bilər. Lakin mənim daxilimdə elə bir inam var ki, heç bir təhlükə məni bu sənətdən uzaq sala bilməz. Bir məsələni də qeyd edim ki, fakirlik Şərq fəlsəfəsini özündə əxz etməklə yanaşı, folklorumuzu da yaşadır.
- Hesab etmirsinizmi ki, əslində fakirlik həm də insanın öz həyatı ilə riskə getməsi deməkdir. Məsələn, dediniz ki, neft içirsiniz. Bu, sizin orqanizminizə mənfi təsir göstərmir?
- Bunun üçün çoxdan tibbi müayinədən keçmişəm. Həkim deyir ki, neftin mənə ziyanı yoxdur. Başqası içsə, ona mənfi təsir edər, amma mən bunu hiss etmirəm. Həkimlər də buna təəccüblənir. Bəziləri deyir ki, bu Allah vergisidir. Mən də hesab edirəm ki, mənim üzərimdə Allahın əli və böyük köməyi var. Hər adam iti qılıncın üzərinə çıxa bilməz axı. Mən isə nəinki iti qılınc üzərində gəzirəm, hətta üstümə yarım ton, 2 ton ağırlığında yük götürürəm. Məsələn, ən ağır tryukum qılıncların üzərində uzanıb üzərimə mismarlar vurulmuş taxta parçası qoymaq və onun da üstünə adam götürməkdir. Riskə gəlincə, mən bununla qətiyyən razılaşmıram. Mən şüşənin, iti qılıncların üzərinə inamla çıxıram. İnanıram ki, heç nə olmayacaq. İlk tryukum şüşələrin üstündə gəzmək olub. Evdə qılıncları qoyuram, üstünə çıxa bilmirəm. Amma tamaşaçı qarşısında çıxıram. Yaponlar, çinlilər gələndə əllərini ayaqlarıma, kürəyimə, əlimin içinə çəkirlər. Fakirlik Şərq fəlsəfi dünyagörüşünə yaxın olduğundan bu onlara çox maraqlı gəlir. Qılıncın üstünə ayağımı qoyanda alnımdan tər axır, enerji itirirəm. Lakin fəlsəfə və inamı birləşdirərək konsentrasiya edirəm. Bəzən biri deyir ki, mən də edə bilərəm, amma ayağını qoyan kimi geri durur.
- Amma dediniz ki, dəfələrlə yaralanmısınız...
- Bəli, olub. O zaman səhnəyə hirsli və ya fikirli çıxmışam. Əslində bu, çox ağır işdir və bütün tryuklara çoxlu enerji sərf etməli olursan.10-15 dəqiqə səhnədə işləyəndə elə bil ki, 15 saat daş daşımışam. Nə zaman səhnəyə fikirli çıxmışam, onun ziyanını çəkmişəm. Çünki özüm-özümə psixi təsir edirəm. Bəzən də hirsli vaxtlarım olub, amma məcbur olub səhnəyə çıxmışam, amma bu mənə ziyan gətirib. Məsələn, 1994-1999-cu illərdə Türkiyədə işləyəndə alov püskürərkən, alov sifətimə qayıtdı və sifətimin bütün dərisi yanmışdı. Hətta sifətimin sümükləri görünürdü. Məni Türkiyənin o zamankı prezidenti Türqut Özalın oğlu Əhməd Özal müalicə etdirdi və sifətimin bütün dərisini dəyişdilər. Lakin bütün bu kimi təhlükələrə baxmayaraq, mən öz sənətimi sevirəm. Orta məktəbi bitirəndən sonra biznes üzrə təhsil aldım. Qarabağ müharibəsi dövründə polis işləmişəm. Amma yenə də bu sənətdən əl çəkə bilməmişəm
- Hər dəfə səhnəyə çıxarkən eyni tryukları nümayiş etdirirsiniz, yoxsa proqramda dəyişikliklər edirsiniz?
- Əvvəllər göstərdiyim nömrələrin bəzilərini indi göstərə bilmirəm. Əvvəl məndə bir nömrə var idi, özümü asırdım və 10 dəqiqə kəndirdə qalırdım. Hətta belə bir nömrə ilə bir kinoya da çəkilmişəm və 6 dəqiqə təyyarədən aslı formada fırlanmışam. Bu nömrəni 21-22 yaşlarıma qədər etmişəm. İndi isə yaş dövrilə əlaqədar olaraq bunu etmək çətindir. Əgər o zaman 60 kilo idimsə, indi 85 kiloyam, yaşım da artıb. Əgər sovet sistemi olsaydı, 24 yaşımdan təqaüdə çıxardım. Hər bir sənətin özünün yaş həddi var. Gimnastlar var ki, onlara 15-16 yaş hədd qoyulur. Dövlət onları müəyyən işlə təmin edir və təqaüdə yola salırdı.
- Hindistanda fakirliklə məşğul olanlar hətta bədənlərinə mil, qılınc keçirirlər və bəzən dəmir qarmaqla özlərini ağacdan asırlar. Niyə fakirlər bədənlərinə əzab verirlər?
- Elə fakirlik bədənə əzab verməkdir, amma baxır hansı formada. Bu ifrata varanda pis nəticələrə gətirib çıxardır. Məsələn, Əmir adlı bir pəhləvan öz nömrəsini göstərəndən sonra, mili sifətinin bir tərəfindən salıb, digər tərəfindən çıxartdı. Artıq bu iş deyil, xəstəlikdir. Bu formada tryukları Hindistanda da edirlər, amma sonra çürüyüb ölürlər. Mən də vaxtilə bunu edirdim və yaralanırdım. Başqa bir misal da çəkim: Bütün dünyada tanınan Çin qardaşları nümayiş etdirdikləri bir nömrəyə əsasən, armaturu boğazlarına qoyub onu əyənə qədər bir-birlərinin boğazlarına dirəyirdilər. Nömrələrin birində armatur qardaşlardan birinin nəfəs borusuna keçdi və öldü. Bu hərəkətlər ağıla edilmədiyindən fakirlikdən kənardır.
- Əvvəl sirkdə çalışmısınız və manejdə böyük tamaşaçı kütləsi qarşısında çıxış etmisiniz. Bu baxmıdan karvansara-restoran sistemində çalışmaq sizin üçün çətin deyil ki?
- 1989-cu ilə qədər sirkdə işləmişəm. Hətta həmin ildə keçirilən Beynəlxalq festival laureatı oldum. Orduda xidmət etdikdən sonra Moskvada sirkdə işləmək üçün lisenziya aldım. Əvvəllər manejdə işlədiyimdən restoran sistemində çalışmaq mənə ağır gəlirdi. Restorandv camaatın gözləri qarşısında işləyirəm və bu, onlara çox maraqlı gəlir. Sirkdə bizi arxadan bağlayırlar və bunu da tamaşaçılar başa düşür. Əgər birini göstərsəm, elə biləcəklər ki, göstərdiklərimin hamısı fokusdur.
Restoran-karvansarada bütün dünyadan gələn turistlər bizə tamaşa edir.
- Dediniz ki, indiki nəsldə fakir yoxdur. Bu sənəti öyrənməyə necə, həvəs göstərənlər var? Ümumiyyətlə, sənətinizi davam etdirmək üçün şagird hazırlaşdırırsınız?
- İstanbulda məktəbim olub və çoxlu şagirdlər yetişdirmişəm. Hazırda o şagirdlərdən 4-ü fəaliyyət göstərir. Otellərdə işləyirdim. Orda da tiryuklarım olub, dublyor kimi filimlərə, reklam və kliplərdə çəkilmişəm. Bu yaxınlarada İtalyanların filimlərinə çəkilmişəm. Mən o filimərdə dublyor kimi çəkilirəm. Lakin Azərbaycanda bu sənətə həvəs göstərilmədiyindən şagirdlərim də yoxdur. Yalnız oğlumu öyrədirəm. Amma istəmirəm ki, oğlum fakir olsun. Çünki bu, çox çətin sənətdir.
Zümrüd