Bu inteqrasiya dil və əlifba faktorundan keçir

Dünyanın qədim xalqlarından olan türklər Avroasiyanın əbədi sakinləri olmuşdur. Bəşər sivilizasiyasının inkişafında əlahiddə yeri olan bu xalq zaman-zaman böyük xaqanlıqlar yaratmış, nəhəng imperiyalar qurmuş və birgə yaşamışlar. Türklərin böyük əksəriyyətinin yaşadıqları geoməkan sonralar çar Rusiyası və onun səltənəti üzərində ucalmış Sovet İttifaqının nəzarətinə keçmişdir. Hər iki dövlət aparatının ideoloji idarəetmə prinsipi məxfi  "Parçala, hökm sür!" planına əsaslanırdı. Onu da qeyd edək ki, hər iki imperiyanın - çar Rusiyası və SSRİ-nin ərazi və əhalisinin böyük hissəsini türklər təşkil edirdilər. Məqsəd əsrlər boyu eyni düşüncə, eyni həyat və məişət tərzi ilə yaşamış türkləri bir-birindən təcrid etmək olub. Bununla da onları qədim dövlət təfəkküründən, yaratmış olduqları böyük və zəngin mədəniyyətdən müəyyən mənada uzaqlaşdırdılar. Lakin bir neçə əsr ərzində aparılmış mənfur siyasət türk xalqlarının mənəvi birlik  ideyasını tamamilə məhv edə bilmədi. 

Totalitar düşüncə ilə idarə olunan Sovetlər İttifaqı çökəndən sonra soyu, kökü eyni olan türk xalqları mənəvi-siyasi birliklərini bərpa etmək məramı ilə bir araya gəldilər. Türk dünyasının vahid mədəni, sosial, siyasi məkanda birləşməsi üçün uzun illər aparılmış gizli və açıq hazırlıq işləri öz bəhrəsini verdi.

Noyabrın 20-də İstanbulda Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsis konfransında iştirak etmiş Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərovla Türk Dövlətləri Birliyinin yaranması istiqamətində görülmüş işlər barədə söhbət etdik.

- Nizami müəllim, türkçülüyün mənəvi-ideoloji əsaslarının yaradılmasında xüsusi xidmətləri olmüş İsmayıl bəy Qaspıralı türk dünyasının birliyilə bağlı bu gün də dəyərini saxlayan "Dildə birlik, fikirdə birlik, işdə birlik!" şüarını irəli sürmüşdü. Elə söhbətə bu tarixi ekskursla başlamağınızı istərdim.

- Türkçülük ideologiyasının ideoloji-nəzəri əsasları və onun tarixi çox geniş və dərin işlənilib. Bu ideologiya XIX əsrin ortalarından türk millətinin tanınmış fikir adamları dünya miqyasına çıxandan, türklər yetkinləşmiş bir millət kimi özünü digər xalqlarla müqayisə etməyə başlayandan yaranıb.
Türk dünyasının nəhəng fikir adamları "türklər kimdir", "türklərin dünyada yeri", "türkləri nə gözləyir" və s. bu kimi taleyüklü problemlərə baş vurublar. Burada bir problem olub ki, o artıq zamana qədər türklər çox geniş coğrafi, siyasi, mədəni bir diferensiasiya prosesi keçirmişdilər və bu ictimai-siyasi amillər onları bir-birindən fərqləndirmişdi. Bu diferensiasiya prosesi dil fərqi ilə nəticələnmişdi. Qeyd edək ki, türk xalqlarının hamısında ictimai, siyasi, mədəni inkişaf eyni olmamışdır.Bəzi türk xalqları bir çox səbəblərdən müəyyən sahələrdə inkişafdan geri qalmışlar. Müxtəlif səbəblərdən zamanın inkişafından geri qalmış türk xalqlarının geniş ziyalı təbəqəsi, ideoloqları yox idi. Ancaq Osmanlı türkləri, Azərbaycan türkləri və nisbətən tatarlar inkişaf xəttinin önündə idilər. Amma ən maraqlı cəhət ondan ibarətdir ki, XIX əsrin sonlarından başlayaraq artıq türk ziyalılarının - diferensial şəkildə olsalar da, mənəvi birliyi yaranmışdı. Bu mənəvi birliyin qarşısında çox böyük problemlər var idi. Həmin dövrdə mütəşəkkillik kifayət qədər deyildi. Düzdür, eyni əqidə və məsləkin daşıyıcısı idilər. XIX əsrin sonlarında türklərin dünyaya çıxmaq imkanları orta əsrlərə nisbətən çox aşağı idi. Tarix sübut edir ki, türklərin ictimai-siyasi səviyyəsi orta əsrlərdə daha yüksək olub. Ancaq bununla yanaşı, türkləri birləşdirəcək ideyalar XIX əsrin sonu, XX əsrin əvvəllərində gündəmə gətirilmişdi. Söhbət gedən tarixdə ən böyük türkçü İsmayıl bəy Qaspıralı idi. Ondan bir qədər sonra türkçülüyün inkişafında Ə.Hüseynzadənin mühüm xidmətləri olmuşdur. Həmin dövrün türkçüləri fikir və düşüncələrini İsmayıl bəy Qaspıralının Krımda nəşr etdiyi "Tərcüman" qəzeti ilə bəyan edirdilər. Türk dünyasının böyük mütəfəkkiri Əhməd bəy Ağaoğlu Avropa parlamentinin kürsüsündən sözünü deməyə müvəffəq olmuşdur. Ancaq həmin dövrdə türklərin ümumi güc potensialı ilə müqayisədə görülmüş işlər qaneedici deyildi. Bunun ardınca da bütün türklərin inam və güvənc yeri olan Osmanlı imperiyası çökməyə başladı. Eyni tarixi dönəmdə Türkiyənin qonşuluğunda vaxtilə çar Rusiyasının işğalına məruz qalmış türk respublikalarında bolşevikləşməyə start verildi. Düzdür, sovetləşmədə türklər ürəkdən iştirak etmədilər, ayrı-ayrı vilayətlər, məmləkətlər halında Sovetlər Birliyi tərkibində oldular. Türkiyə isə müstəqil dövlət olduğundan inkişaf etdi, ancaq türk dünyasından təcrid vəziyyətdə qaldı. İlkin dövrlərdə Türkiyə digər türk respublikaları ilə müəyyən əlaqələr qursa da, sonradan bu bağlantılar tamamilə qırıldı. Hətta Sovetlər Birliyinin tərkibində yaşayan 15-ə qədər türk xalqı bir-birindən təcrid olundu. Aparılan ideoloji-siyasi kurs bütün vasitələrlə onları bir-birindən aralı salır, nəyin bahasına olursa-olsun, bu xalqların birliyinin qarşısını alırdı. Kremldən yürüdülən siyasət nəticəsində hər bir türk xalqı üçün ayrıca dil yaradılırdı ki, onlar bir-biri ilə ünsiyyətdə olmasınlar. Bunun üçün müxtəlif üsul və vasitələrə əl atırdılar. Türk xalqlarının bir-birini başa düşməmələri üçün terminologiyanı fərqli etmək, rus dili vasitəsi ilə imperiya xalqlarını birləşdirmək bu mənfur siyasətin tərkib hissəsi idi. Bütün bu və ya digər üsullarla degenerat, mənşəyi məlum olmayan bir mühit yaratmaqla məqsədlərinə nail olmaq istəyirdilər. Elə bu süni dəyərlər Sovetlər Birliyinin dağılmasına gətirib çıxardı. Keçmiş SSRİ-nin dağılması türk dünyasında mənəvi birliyin yaranması üçün müəyyən şərait yaratdı. Artıq bu birlik mədəni-etnoqrafik birlikdən siyasi birliyə doğru addımların atılması ilə müşayiət olunur.


- Ümumtürk birliyində Azərbaycan ziyalılarının xüsusi çəkisi var, bu işdə Ə.Hüseynzadənin, Ə.Ağaoğlunun fikir və düşüncələri əlahiddə yer tutur. Ortaq türk ədəbi dili məsələsində Azərbaycan yazarları mücadilə yapdılar. C.Cabbarlı, H.Cavid (Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.) öz əsərlərində Osmanlı türkcəsinə üstünlük verirdi. Bu fikri Cavidin türkiyəli tədqiqatçısı Mustafa Haqqı Türkəqül da təsdiqləyir.


- XX əsrin əvvəllərində yetişən Azərbaycan ziyalıları ilə digər türk xalqlarının seçilmişləri müqayisəolunmaz dərəcədə fərqlidirlər. Bunu digər türklər də təsdiqləyir ki, XX əsrin əvvəllərində Bakıda həqiqi bir ziyalı dəstəsi yetişmişdi. İsmayıl bəy Qaspıralıdan sonra türkçülük ideologiyasında Əlibəy Hüseynzadənin əlahiddə rolu olmuşdur. Ə.Hüseynzadə açıq şəkildə deyirdi ki, İstanbul ləhcəsi bütün türklərin ümumi dili olmalıdır. Onun idealı bu dil vasitəsi ilə bütün türk dünyasını birləşdirmək idi. Məlum məsələdir ki, birləşmənin nüvəsində dil birliyi dayanmalıdır. Bu ideyanı çox gərgin, son dərəcə ağır şərtlər altında Hüseyn Cavid davam etdirdi. C.Cabbarlı, A.Şaiq, M.Müşfiq, hətta S.Vurğun ilkin mərhələlərdə imkan daxilində İstanbul ləhcəsindən istifadə edirdilər. Amma 1930-cu illərdən sonra onlar, belə deyək, Azərbaycanın xalq dilində daha çox yazmağa başladılar. H.Cavid isə idealından dönmədi. Onun üçün Turançılıq bir ideologiya idi. Adlarını burada çəkdiyimiz və çəkmədiyimiz yazarlar üçün İstanbul ləhcəsində yazmaq ideologiya yox, mədəniyyət faktoru idi. İctimai sifariş idi ki, sadəcə, bu dildə yazırdılar. Bir daha vurğulayaq ki, Turançılıq H.Cavidin məsləki idi. İstanbul ləhcəsində yazmağın faciəsi H.Cavidin şəxsi faciəsində təsdiq olundu. Ortaq türk dili məsələsinə münasibət necə idisə, H.Cavidə də münasibət o cür idi.
 

- Dünyanın ədalətli tarixçiləri də etiraf edirlər ki, zaman-zaman bir neçə imperiya yaratmış türklər bəşəriyyətin inkişafına xidmət göstərmiş bir çox yeniliklərə imza atmışlar. Vicdanlı tarixçilər onu da vurğulayıblar ki, türklər başqa millətlərə qarşı aqressivlik etməmiş, əksinə, son dərəcə ədalətli, şəfqətli olmuşlar. Türk birliyinə sovetlərin aqressiv münasibəti kifayət qədər bəllidir. Artıq beynəlxalq siyasi durumda xeyli dəyişikliklər baş verib, dünyada qarşısıalınmaz qloballaşma prosesi gedir. Belə bir dünyəvi atmosferdə Türk Dövlətləri Birliyinin yaranması, əslində, təbiidir. Bu, real görünürü və dünya birliyi tərəfindən necə qarşılanır?


- Bütün dünyada türklərin tarixini yazanlar çox nadir hallarda onların varlığını, mövcudluğunu mədəniyyətdən kənar dəyərləndiriblər. Bu qələm sahibləri də türk varlığının düşmənləri olublar. Ədalətli tarixçilər hətta türklərin apardıqları müharibələri belə mədəniyyət hadisəsi kimi qiymətləndiriblər. Bu gün türk dünyasının mədəni birliyi ümumən dünya üçün də ciddi əhəmiyyət kəsb edir. Türklərin yaşadığı ərazi dünyanın böyük bir hissəsidir, 250 milyonluq xalqın mədəni birliyi olmasa, bu xalq dünyaya bütöv şəkildə inteqrasiya oluna bilməz, parçalanar, ayrı-ayrı xırda qruplar halında inteqrasiya olunar ki, bu da eklektikaya, qarışıqlığa gətirib çıxara bilər. Türk Birliyinin yaranması təbii olduğu qədər də zəruridir.

- Bununçün, sizcə, nədən başlamalı, ilk növbədə hansı işlərə rəvac verilməli?


- Heç şübhəsiz, bu birlik mədəni-mənəvi bir birlikdir. Mədəni-mənəvi birliyin açarı birinci növbədə dildir. Bu mədəni-mənəvi birliyə çox nəsnələr daxildir. Buraya həyat tərzi və məişət vərdişlərindən tutmuş düşüncə tərzinə qədər hər şey daxildir. Bu gün türk dünyasında fərqliliklərin birləşməsi prosesi gedir. İnteqrasiya prosesi bütün dünyada getdiyi kimi, ayrı-ayrı ümumi tarixi mədəniyyətlər arasında da gedir. Vaxtilə ümumi olmuş, sonradan müxtəlif səbəblərdən diferensiasiya olunmuş mədəniyyətlərin özündə də gedir.


Bütün dünya bu gün çəkinmədən ərəb birliyindən, slavyan birliyindən, anqlo-saks birliyindən danışır. Bunlar artıq xeyli vaxtdır dünya gerçəkliyinə çevrilib. Yeni dünya düzəninin formalaşdığı bir dönəmdə türklərin də birləşməsi təbiidir. Bu inteqrasiya dünya birliyi tərəfindən də normal qarşılanır. Ərəb, slavyan, anqlo-saks birliklərinin genetik əsasları olduğu kimi, türklərin də mənəvi-mədəni birliyinin özülündə kök, soy yaxınlığı durur.


- Bəs bu mənəvi-siyasi birliyin yaranmasının çətinlikləri, problemləri nədir?

- Məlumdur ki, türk xalqları uzun müddət bir-birindən aralı düşmüş, heç bir mədəni-mənəvi ünsiyyətləri olmamış, tək-tək ziyalılar da rus dilində ünsiyyətdə olmuşlar. Türklər çox böyük ərazidə məskunlaşdıqlarından onların əlaqəsini belə tezliklə qurmaq mümkün deyil. Bütün çətinliklərə baxmayaraq, digər xalqlar kimi biz də müasir mədəni idarəçilik texnologiyası, iqtisadi, mədəni-siyasi əlaqələrə yiyələnməklə bu birliyə nail olmalıyıq. Siyasi sərhədlərin açılması və şəffaf olması ciddi önəm daşıyır. Etnik-mədəni əlaqələrdə mədəniyyətin birliyi yalnız mədəniyyət problemi kimi qəbul olunmur, bu ən çox siyasi dəyər daşıyır. Sərhədlərin açılması, xalqların bir-biri ilə iqtisadi-mədəni əlaqə qurması, daha çox siyasi dəyər daşıyır. Belə olduğu təqdirdə siyasi müstəviyə çıxarılmış problem, sözsüz ki, siyasi yolla da həll olunmalıdır.


- Türkdilli Dövlətlərin Parlament Assambleyası hansı zərurətdən yarandı?


- Parlament Assambleyasının yaradılmasına kimi türk xalqlarının ziyalıları çox müxtəlif qurumlarda birləşmiş, müəyyən əlaqələr yaratmışlar. Zamanında TÜRKSOY, Türk Dövlətləri Başçılarının Zirvə toplantıları , türk xalqlarının qurultayları bu missiyanı yerinə yetirirdi. Türk xalqlarının sonuncu qurultayı Bakıda keçirildi. Bundan başqa ayrı-ayrı türk respublikalarının prezidentləri və digər dövlət qurumlarının rəhbərləri vaxtaşırı görüşürlər. Bunlar özlüyündə çox yaxşıdır, ancaq bununla problemin həllinə tam nail olmaq mümkün deyil. Türk Dövlətləri Başçılarının Zirvə Toplantısında məsləhətləşmələr aparılır, qərarlar verilir və qısa müddətdə başa çatır. Parlament Birliyinin iş prinsipi bir qədər fərqlidir. Orada müzakirələr uzun zaman davam etdirilir. Bu müzakirələrdə çox problemlər həll oluna bilər. Müxtəlif türk xalqlarını təşkil edən nümayəndələr müzakirələrin gedişində ümumi fikir birliyinə gələcəklər. Parlament Assambleyasının ətrafında türk xalqlarını təmsil edən geniş tərkibli kütləvi informasiya vasitələrinin nümayəndələri cəmləşir. Kütləvi informasiya vasitələri aparılan müzakirələri təhlil edir və ünvanına çatdırır, bütün bunlar da ümumi türk düşüncə tərzinin yaranmasına xidmət göstərən amillərdi. Sözsüz ki, Parlament Assambleyasının özündə, aparılan müzakirələrdə dil birliyi tətbiq olunur. Ayrı-ayrı türk dövlətlərinin parlamentində vahid dil və əlifba problemini müzakirə etmək olmaz. Bu ümumtürk məsələsi olduğundan Türk Dövlətlərinin Parlament Assambleyasında həll olunmalıdır.


- Ortaq dildən, vahid əlifbadan söhbət düşmüşkən, ortaq dilin İstanbul ləhcəsi, əlifbanın latın qrafikası olması daha uyarlı və real deyilmi?


- Bu məsələ prinsipcə həll olunub. Əvvəl belə bir fikir var idi ki, bütün türk dilləri təhlil olunsun, onların əsasında süni bir dil yaradılsın. Bu fikir özünü doğrultmadı, yaşamaq imkanını itirdi. Dillərin tarixi sübut edir ki, süni dilin yaşamaq ehtimalı yoxdur. Türkiyə türkcəsi artıq digər xalqlar tərəfindən də ortaq dil kimi işlənir.


Türkiyə türkcəsi həm də yüksək səviyyədə inkişaf edib. Türkiyə türkcəsində yüz milyona yaxın insan danışır. Onu da qeyd edək ki, bu dil türklərin coğrafi cəhətdən Qərbdə olan bir dilidir. Biz Şərqdən Qərbə doğru gedirik.


İqtisadi cəhətdən də Türkiyə inkişaf edib. Mədəni-siyasi birliyin gerçəkləşməsi üçün güclü maliyyə vəsaiti lazımdır. Ortaq dilin formalaşması üçün geniş və çevik əlaqə sistemi qurulmalıdır. Çoxsaylı kütləvi informasiya vasitələri - qəzet, jurnal və kitab nəşr edilməli, radio, televiziya fəaliyyət göstərməlidi. Bu imkanlar da Turkiyədə cəmləşib. Bundan başqa, digər türkdilli respublika və ərazi qurumlarından Türkiyədə çoxsaylı tələbə kontingenti təhsil alır. Türk respublikalarının bir çoxunda Türkiyə Cümhuriyyətinin liseyləri, universitetləri fəaliyyət göstərir. Sadaladıqlarımız məqsədə doğru atılan addımlardır. Ancaq bunlar hələ hər şey deyil. Türkiyə türkcəsinin özü də bu prosesə hazırlanmalıdır. İstanbul ləhcəsi bu gün Türkiyə türklərinin ünsiyyət vasitəsidir. Onu bütün türklərin dilinə çevrilmək üçün hələ çox iş görmək lazımdır.

- Əlifba məsələsində runik əlifbanın qəbul olunması haqqında da fikirlər səsləndi.


- Orijinallıq və spesifika baxımından Orxon-Yenisey əlifbasının qəbulu mümkün görünür.


Düzdür, Orxon-Yenisey və qədim türk-hun əlifbası türkləri birləşdirmiş bir əlifba olub. Bu əlifbaların mövcudluğu türkün qədim yazı mədəniyyətindən xəbər verir. Son illər Orxon-Yenisey əlifbasına sevgi də artıb. Türkün qədim mədəniyyətin yaradıcısı olduğunu sübuta yetirən bu əlifbanı məhəlli xarakterdə yaşatmalıyıq. Ancaq ümumtürk əlifbası kimi latın qrafikasının üzərində dayanılıb. Türkiyə, Azərbaycan və özbək türkləri artıq latın əlifbasından istifadə edirlər. Bu əlifba üzərində müəyyən iş aparılmalıdır ki, bütün türk dillərinə uyğunlaşdırılsın. Eyni səs bütün türk xalqlarında eyni bir işarə (hərf) ilə ifadə olunmalıdır. Buna unifikasiya deyilir.

- Nizami müəllim, söhbətimizdən belə qənaətə gəlmək olar ki, ümumtürk birliyi üçün xeyli iş görülüb. Nəzərdə tutulmuş işlərin başa çatdırılması üçün müəyyən bir keçid dövrü nəzərdə tutulub, yoxsa proseslər qeyri-müəyyən vaxta kimi davam edəcək?


- Artıq proseslər başlayıb, indi keçid mərhələsindədir, lakin Ümumtürk Birliyinin yaranması üçün müəyyən vaxt tələb olunur. Yəni bu məsələdə konkret vaxt limitini tarix özü təyin edir…

- Maraqlı söhbət üçün sağ olun!

Xeybər Göyyallı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar