Bu nida 20 Yanvarda Xəzərdə əks-səda verib

Tarix: 1990-cı il.
Məkan: keçmiş SSRİ

Situasiya: SSRİ rəhbərliyi imperiyanın dağılmasının qarşısını almaq üçün Bakıda qanlı faciə törədib. Bakı işğal edilib. Yazovun soyuqqanlı əsgərləri tökdükləri qan gölməçələri  üzərində fövqəladə rejim tətbiq edirlər. Müqavimətin səsi isə yalnız Xəzərdən eşidilir. Yüzlərlə mülki gəmi ağır fit səsləri ilə hələ dəfn edilməmiş şəhidləri yad edir. Yadelli əsgərlər sonuncu müqaviməti də aradan qaldırmaq, dənizi də işğal etmək istəyirlər. Təpədən-dırnağa qədər silahlı qoşuna qarşı yeganə etiraz gəmilərinin fit səsdir. Dənizçilərin 4 günlük etiraz aksiyalarını həmin dövrdə gəmidə işləmiş, hadisələrdə iştirak etmiş şair Faiq Balabəyli ilə birgə xatırlayaq.
- Faciə baş verən  zaman hansı gəmidə idiniz?
- "Şirvan" gəmisində elektromexanik  işləyirdim.
- Gəmidə faciədən necə xəbər tutdunuz?
- Qırğın günündən əvvəl - 13 yanvardan başlayaraq biz gəmilərlə erməni ailələrini Türkmənistana çatdırırdıq. Bu o vaxt idi ki, Moskva erməni ailələrinə təxrtibatlar təşkil etməklə  xalqımızın müstəqillik uğrunda apardığı hərəkatı boğmağa bəhanə axtarırdı. Hadisə günü gəmimiz Neft Daşlarının yaxınlığında dayanmışdı. Kayutda kitab oxuyurdum. Motroslardan biri həyəcanla içəri daxil oldu ki, bəs radiodalğalarında Bakıda qırğın olduğu barədə xəbərlər verildi. Rejim qaydasını pozaraq kapitanı gözləmədən rabitə vasitəsi ilə bütün gəmilərimizə "Məni eşidən gəmilər, Bakıda qırğındır, Bakıya qayıdın" deyə SOS siqnalı verdim. Çox keçmədən "Sovet Naxçıvanı", "Neft Qazon" gəmilərindən bizimlə əlaqəyə girib məlumatı dəqiqləşdirdilər. 20 Yanvarın səhərisi isə bizim Xəzər Dəniz Neft Donanma İdarəsinin 100-ə qədər gəmisi Bakı Buxtasını mühasirəyə aldı.
- Nə üçün?
- Dənizçilər Kapitanlar Şurası yaratmışdı ki, dinc vətəndaşlarımızın güllələnməsinə cavab olaraq sistemli etiraz dalğası təşkil edə bilsinlər. Bu, Moskvaya nümayişkaranə tətil etirazı olmaqla yanaşı, həm də sovet ordusunun hərbi gəmilərinin şəhərə hücumunun qarşısını alırdı. Buxtadan şəhərdə törədilən vəhşiliklər aydınca görünürdü. Şəhərə basqın etmək istəyən hərbi gəmilərdən isə aramsız olaraq bizə hədə-qorxu gəlirdi.
- Nə idi tələbiniz?
- Dənizçilər 5 müddəa ilə çıxış edirdi. Biz Moskvanın Azərbaycandan üzr istəməsini, ordunun Bakıdan çıxmasını tələb edirdik. Qeyd edim ki, hər yarım saatdan bir "SOS" siqnalı ilə bütün ölkələrin gəmilərinə 20 yanvar faciəsi ilə bağlı məlumat göndərirdik. Onlar da bizə cavab göndərib dənizçi həmrəyliyi göstərirdilər. Hadisə haqqında beynəlxalq rabitə vasitəsi ilə məlumatlar ötürülürdü. Çünki artıq Bakının dünya ilə  əlaqəsi kəsilmişdi.
- Həmin vaxt Bakı tam işğal olunmuşdu?
-  Yalnız Bakı Buxtası unudulmuşdu. Səhv etdiklərini sonradan SSRİ müdafiə naziri Yazov etiraf etdi:"Mənim yeganə və ən kobud səhvim Bakı Buxtasını nəzarətsiz buraxmağım və dənizçilər belə döyüşkən olduqlarını bilməməyimdəydi". Bakı Buxtası təslim edilməmiş tənha ada idi. Məsələ burasındadır ki, fövqəladə vəziyyət elan edilərkən dəniz amili nəzərə alınmamışdı və bu da bizə əlavə şans verirdi. Qurudan bizə soydaşlarımız ümidlə dözüm arzulayırdılar.
- Hərbi  gücün qarşısnıda mülki gəmilər çox dayana bilməzdi. Bunu nəzərə aldınızmı?
- Kapitanlar Şurası dəniz hərəkatının dinc tətilə keçməsini istəyirdi ki, hərbçilərə yeni qırğın törətmələrinə bəhanə verməsinlər. Çünki artıq dənizdə də fövqəladə vəziyyət elan edilirdi.
Tələbələrimizi şura üzvlərindən ibarət nümayəndə heyəti yanvarın 21-də Moskvadan gəmiş SSRİ müdafiə nazirinin hərbi donanma üzrə birinci müavini admiral Sidirova çatdırdı. O isə qışqırıb bağırmış "40 let VLKSM"ın kapitanına güllələnmə, "Sabit Orucov" gəmisinin kapitanına isə 15 il həbs cəzası verməklə hədələmişdi.
- Sidirov nə üçün məhz bu gəmilərin kapitanlarını  hədəf seçmişdi?
- Bilirsiniz, Bayıla tərəf hərbi maşın karvanını müşahidə etmişdik. Dəqiqləşdirdiyimiz məlumata görə meyitləri dənizə tökmək üçün hərbi gəmilərə yığırdılar. Sovet ordusu öz cinayətini ört-basdır etmək istəyirdi. Buna isə yol vermək olmazdı. "Vosxod" hərbi gəmisinə rabitə vasitəsi ilə xəbərdarlıq etdik ki, əgər belə bir cinayətə əl atılsa, həmin hərbi gəmiləri batıracağıq. Tələb etdik ki, hərbi gəmilər yerindən tərpənməsinlər. Hərbçilər bizi əmin etməyə çalışdılar ki,  iki hərbi gəmi buxtadan çıxacaq və onlar hərbçi ailələrini Mahaçqalaya aparacaqlar. Yoxlama tələb etdik. Əvvəlcə razılaşsalar da, sonra yenə bəhanəyə əl atıb sözlərini dəyişdilər. Bu halda "40 let VLKSM" başda olmaqla 5 gəmimiz döyüşə atıldı. Döyüş hərbçilərin güclü avtomat atəşləri altında gedirdi. Buna baxmayaraq, hərbi gəmiləri öz yerlərində oturtmaq mümkün oldu. Admiral Sidirov mənən məğlub oldu.
- Cəmilərin müqavimətinin son gününü özündə qoruyub saxlayan  tarixi sənədlərə baxanda heyrətlənməmək mümkün olmur.
- Yanvarın 24-də Yazovun xüsusi əmri ilə Xəzər dənizində və Bakı Buxtasında fövqəladə vəziyyət elan edildi. Artıq belə vəziyyətdə biz dinc tətilə keçmək məcburiyyətində qalırdıq. Lakin bu dəfə də sovet ordusu hiyləgər və qaniçən addımını atdı. Bizə verilmiş vaxtın bitməsinə 30 dəqiqə qalmış gəmilərimizə qəfil hücum başlandı. BMP-lərdən, vertolyotlardan atəş açılır, desantlar tökülürdü. "Vodoley-4" gəmisinə sahildən tanklar atəş açırdı, gəmi 3 yerdən top zədəsi aldı və yanğın başladı. Gəmi güllələrdən deşik-deşik oldu. Eləcə də "Sabit Orucov" gəmisi yandırıldı. Digər gəmilər də eyni aqibəti yaşayırdı. Gəmilər həbs edilir, qarət edilir, dənizçiləri avtomatların qundağı ilə döyürdülər. Yanvarın 25-də isə hələ də müqavimət göstərən "Vixr-12", "Atlet-24" gəmilərini də ələ keçirib qarət etdilər. "Atlet-24"ü ələ keçirən hərbçilərin saqqalları uzun, yaşları da  30-dan yuxarı idi. Ümumilikdə 47 nəfər dənizçi həbs olunub Rusiya və Azərbaycan zindanlarına salındı.
Sabutay







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar