Ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev:
«Bu gün iki ölkə arasında əlaqələr getdikcə dərinləşir»
Hazırda Azərbaycanla qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğu ölkələrdən biri də Ukraynadır. Hər iki ölkədə respublikaları təmsil edən səfirliklərin açılması isə ikitərəfli əməkdaşlığın bütün sahələrində bu münasibətlərin daha intensiv şəkil almasına səbəb olub. İstər siyasi, istər iqtisadi, istər təhsil, mədəniyyət və digər sahələrdə davamlı olaraq imzalanan dövlətlərarası saziş və müqavilələr də bunu bir daha təsdiqləyir. Artıq yeddi ildir ki, ölkəmizi Ukraynada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edən Tələt Əliyev iki ölkə arasında mövcud münasibətlərlə bağlı bizi maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi.
- Tələt müəllim, Ukrayna və Azərbaycan heç də bir-biriləri üçün yeni deyillər. SSRİ dağıldıqdan sonra isə hər iki ölkə «qardaş respublikalar» kimi deyil, müstəqil respublikalar kimi əlaqə qurmağa başladılar. Sizcə, bu gün ölkələr arasındakı münasibətlərin səviyyəsini necə dəyərləndirmək olar?
- Bu gün iki ölkə arasında əlaqələr inkişaf edir və mən bu əlaqələri olduqca yüksək qiymətləndirirəm. Çünki Ukrayna-Azərbaycan münasibətlərinin qurulmasında ulu öndərimiz Heydər Əliyevin qoyduğu böyük əmək bu gün yüksək səviyyədə cənab prezidentimiz tərəfindən davam etdirilərək daha böyük bir sahəni əhatə edir. Prezident İlham Əliyevin ötən ilin mayında Ukraynaya olan rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər bu münasibətlərin inkişafına yeni bir era açmış oldu.
Son iki ilə nəzər salsaq, görərik ki, bu zaman kəsiyində səfirlik bir sıra mədəni proqramlar həyata keçirib. Sovet dövründə biz bir dövlət çərçivəsində yaşadığımıza görə iqtisadi, mədəni sahələrdə əlaqələrimiz çox geniş olub. Amma indi hər iki ölkə müstəqildir və öz gələcəklərini qururlar. Yeni nəsil artıq yaşlı nəsil kimi informasiyalı deyil. Ona görə də yaranmış boşluğu doldurmaq üçün bir sıra tədbirlərin keçirilməsi vacibdir. Bu baxımdan Azərbaycan mətbəx mədəniyyətinin festivalını keçirdik. Bu festivalı keçirmək üçün Azərbaycan Kulinarları Assosiasiyasının rəhbəri Tahir Əmiraslanovu Ukraynaya dəvət etdik. Ukrayna dilində «Kulina» jurnalının nəşrini təşkil etdik və festivalı reallaşdırdığımız şəhərlərdə jurnalın təqdimatını keçirdik. Bunu təşkil etməkdə məqsədimiz Ukrayna ictimaiyyətinə Azərbaycan mətbəxinin zənginliyini göstərmək idi. Kiyevdə azərbaycanlılara məxsus «Oqni Baku» adlı restoranda yüksək səviyyədə açılış mərasimi oldu. 10 gün ərzində davam edən tədbiri Xarkov, Donetsk, Dneprepetrovski şəhərlərində də təşkil etdik. Yerli mətbuat, televiziya kanalları bu festivalı çox geniş şəkildə işıqlandırdılar.
Ümumiyyətlə, Ukraynada mədəniyyətimiz çox yaxşı qəbul olunur. Məsələn, diaspor ilə birlikdə xalqımızın dahi şairi Səməd Vurğunun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir gerçəkləşdirdik. 1978-ci ildə Kiyevdə şairin adı verilmiş kitabxananı yüksək səviyyədə təmir etdik. Xarkov şəhərində Seyfəddin Qurbanov adlı azərbaycanlı memar şairin heykəlini hazırladı və biz bu heykəlin təntənəli açılışını bilavasitə şairin qızı Aybəniz xanımın iştirakı ilə yüksək səviyyədə keçirdik.
Ötən ilin mayında ulu öndərin anadan olmasının 85 illik yubileyini yüksək səviyyədə qeyd etdik. Bundan əlavə, müasir yazıçılarımızın və şairlərimizin əsərlərinin Ukrayna dilində tərcümələrindən ibarət «Azərbaycan» adlı kitabın çap olunmasını təşkil etdik. Kitab Beynəlxalq Ukrayna-Azərbaycan Dostluğu Fondunun dəstəyi ilə nəşr olundu. Ən yaxşı işlərimizdən biri də Ukrayna dilində «Azərbaycan xalq nağılları» kitabının nəşridir. Çox gözəl illüstrasiyası olan bu kitab yenə də həmin fondun dəstəyi ilə çap olundu. Kitabı Ukrayna dilinə tərcümə edən Valentin Çevkov Azərbaycanda İlyas Əfəndiyev adına mükafata layiq görüldü və bu nəşr respublikamızda ilin kitabı kimi qiymətləndirildi. Ukraynanın birinci xanimi Katerina Yuşşenko ilə görüşdük və onun vasitəsilə kitabı bir çox məktəblərə payladıq. 2007-ci ilin sonlarında Azərbaycan Gənclər və İdman Nazirliyi və Ukraynanın Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycanın gənc estrada ulduzlarının Ukraynada ilk dəfə böyük şou proqramlarını təşkil etdik və bu, yüksək səviyyədə keçdi. Fevral ayında Azərbaycan Televiziyası ilə birlikdə Ukrayna-Azərbaycan dostluğuna həsr olunmuş böyük konsert proqramını gerçəkləşdirdik. Bundan əlavə, Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olmasının 90 illiyini keçirdik və bu münasibətlə Kiyevin filarmoniyasında böyük bir konsert proqramı təşkil etdik. Ardıcıl şəkildə keçirdiyimiz tədbirlər zamanı Ukrayna ictimaiyyəti Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi haqqında qida alır. Tez-tez Ukraynanın müxtəlif televiziya kanallarında çıxışlarımız olur. Məsələn, sentyabrda bu ölkənin milli televiziyasının canlı efirində iki dəfə Azərbaycan mədəniyyətinə həsr olunmuş ardıcıl çıxışlarım oldu. Verilişə Azərbaycan musiqilərindən ibarət disklər aparmışdıq və çıxışarası hər 5-6 dəqiqədən bir bu musiqilər efirə verilirdi. İnanın ki, insanlar zəng vurub xalqımızın nə qədər böyük mədəniyyətə sahibi olmaları və qonaqpərvərliyi haqqında ağızdolusu danışırdılar.
- Tələt müəllim, sovet dövründə Ukrayna azərbaycanlıların kompakt yaşadığı respublikalardan biri olub. Fərəhləndirici haldır ki, hazırda bu ölkənin dövlət strukturlarında təmsil olunan tanınmış soydaşlarımız var. Beləliklə də həmyerlilərimizin Ukrayna həyatında tutduqları mövqe bu ölkədə diasporumuzun köklü şəkildə təşkilatlanması üçün yetərlidir. Sizcə, soydaşlarımız bu sahədə nə dərəcədə maraqlıdır?
- 1999-cu ildə Ukrayna Azərbaycanlıları Konqresi (UAK) yarandı. Sonra biz Belarusda Belarus Azərbaycan İcmaları Konqresini (BAK), bunun ardınca Moldovada Moldova Azərbaycanlıları Konqresini (MAK) yaratdıq. Çünki o zaman səfirlik olaraq Azərbaycanı üç ölkədə təmsil edirdik. Bu təşkilatlar çox aktiv və operativ şəkildə fəaliyyətə başladılar. İnkişaf olduğu kimi, müəyyən obyektiv və subyektiv səbəblər üzündən problemlər də var. İnsanın şüuruna çatdırmaq lazımdır ki, bu təşkilatın olması ilk növbədə onların özlərinin, gələcək nəslin xeyrinədir. Çünki xalqımız harda yaşamasından asılı olmayaraq gənc nəsli milli ruhda böyütməlidir. Deyə bilmərik ki, diaspor sahəsində bütün məsələləri tam həll etmişik. Düşünürəm ki, güclü təşkilatlanma istiqamətində işlərimizi hələ də davam etdirməliyik. Ötən ilin iyul ayında prezident İlham Əliyev Azərbaycanın xaricdə çalışan nümayəndəlikləri və səfirliklərinin rəhbərliyi ilə görüşəndə bu mövzuya xüsusi toxundu. Bu sahədəki məsuliyyətin əsas hissəsini səfirliklərin, nümayəndəliklərin üzərinə qoydu. Biz də bunu proqram kimi qəbul etdik və onun üzərində də işləyirik. Bu gün soydaşlarımızın Ukraynada hansısa bir problemi yaransa, səfirliyə müraciət edirlər. Çünki səfirlik onların yanındadır. Digər tərəfdən, səfirlik ölkənin daxilində gedən bütün prosesləri gözəl bilir. Buna görə də diasporun təşkilat kimi formalaşmasında, gəncləri bu təşkilata cəlb etməkdə səfirlik fəal olmalıdır.
- İki ölkə arasında olan əlaqələri genişləndirmək məqsədilə səfirlik gələcəkdə daha hansı layihələri gerçəkləşdirməyə çalışır?
- Bu istiqamətdə 2 il bundan əvvəl bir layihəni reallaşdırmağa başladıq. Bu gün də davam edən layihə çərçivəsində «Azərbaycan-Ukrayna dostluq körpüsü», «Azərbaycan dünyası» jurnallarını nəşr etdik. Jurnalın redaksiya heyəti yaxınlarda Ukraynaya səfər edərək bu ölkədə yaşayan soydaşlarımızla görüşlər keçirdi və qərara alındı ki, gələn ildən nəşrin Ukrayna dilində çıxması təşkil olunsun. Əgər bu plan gerçəkləşərsə, ölkəmiz haqda məlumatı yerli ictimaiyyətə daha geniş şəkildə çatdırmış olarıq. Ukraynada üç dildə «Azərbaycanın səsi» adlı qəzet buraxılır. Ümumiyyətlə, bu ölkədə keçirdiyimiz tədbirlər Azərbaycanı bir daha yada salır.
Mehparə SULTANOVA