Bəstəkar Şəfiqə Axundova daha mahnı yazmayacaq

Atası Qulam kişi balaca Şəfiqənin musiqi və rəqsə olan marağını ötəri hiss kimi dəyərləndirirdi. Çünki xanımı Züleyxa da qarmonda ifa etməyi çox sevirdi. Ailə Züleyxanın qarmonda ifa etdiyi mahnıları dinləməkdən zövq alırdı. Ancaq bu bacarıq ailə və qohumların əhatəsindən kənara çıxmırdı. Buna görə də o, qızının pianoda çalmasına mane olmurdu. Balaca Şəfiqə isə piano arxasına keçərkən özü də bilmədən möcüzələr yaradırdı. Musiqi  onun həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Şəfiqənin bu bacarığı artıq qohumlar-tanışlar arasında xüsusi heyranlıqla qarşılanırdı. Evlərinə gələn qonaqlar Şəfiqənin ifasını dinləmədən getməzdilər.
Bir gün atası qızının getdikcə musiqiyə olan marağından ehtiyatlanıb ona piano çalmağı qadağan edir. Qulam kişinin köhnə pianonu qıfıllamaqdan başqa çarəsi qalmamışdı. O, Şəfiqəyə musiqini unutdurmaq üçün Züleyxanın qarmonunu da gizlədir. Ailədə musiqi dinləmək, hətta musiqinin adını çəkmək qadağan edilmişdi.

Lakin sən saydığını say...

O, orta məktəbi bitirən kimi sənədlərini konservatoriyaya verir və qəbul olunur. Onun bəstəkarlıq bacarığı artıq peşəkar səviyyədə püxtələşir.
Atası konservatoriyaya daxil olduğu xəbərini eşidəndə Şəfiqəni evə buraxmır. O, bir müddət qonşuda qalmalı olur. Qarlı günlərdə cəzalanıb evə buraxılmayan Şəfiqə nəinki yolundan dönmür, əksinə, musiqi təcrübəsini daha da zənginləşdirir. Ona bu yolda dahi bəstəkar Üzeyir Hacıbəyov  böyük dəstək olur. Müəllim sarıdan Şəfiqənin bəxti gətirmişdi. O, bütün qüvvəsilə sənətin sirlərinə yiyələnirdi.  “Anladım ki, məni bu işdən heç kəs və heç nə ayıra bilməz. Mən bu sənət üçün doğulmuşam. Əhatəmdə Uzeyir bəy kimi dahi sənətkarın varlığı gücümü daha da artırırdı” - deyən Şəfiqə xanım bəstəkarla tanışlığı həyatının qiymətli hədiyyəsi kimi dəyərləndirir. Bu tarixçəni o, hələ çox illər xatırlayacaq...

Konservatoriya illəri və getdikcə artan uğurlar

Şəfiqə xanım şəxsi arxivində dahi bəstəkarın düzəliş etdiyi səhifələrin bu gün də qorunub saxlanıldığını desə də, onların yerini dəqiqliyilə xatırlamır: “Fortepiano üçün pyeslər və mahnılar üzərində işləyirdik. Üzeyir bəyin düzəliş etdiyi səhifələri diqqətlə nəzərdən keçirirdim. Onun kimi xarüqələr yaratmağa çalışırdım. İndi o yazıları harada saxladığımı xatırlamıram. Ancaq bilirəm ki, arxiv evimdədir”.

Üzeyir bəy qərara gəlir ki, konservatoriyada bəstəkarlıq sinfi açsın. Buna görə də görkəmli bəstəkar Boris İsakovuç Zeydmanı Bakıya dəvət edir. Musiqi nəzəriyyəsi və bəstəkarlıq sinfində oxumaq üçün sənəd verən tələbələr arasında Şəfiqə xanım da var idi. Sənətində uğur bu dəfə də onun üzünə gülür. Beləcə Şəfiqə Axundova 1956-cı ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirir. O, yazdığı əsərlərlə müəllimi Zeydmanın diqqətini çəkir. Müəllimi ona gələcəkdə görkəmli bəstəkar olacağını deyir və Şəfiqənin yazılarını maraqla gözdən keçirir.

Musiqi nəzəriyyəsi və bəstəkarlıq sinfində təhsilini davam etdirən gənc bəstəkar tələbəlik illərində “Gəlin qayası” radiopyesinə musiqi yazır və onun “Könül təranələri” adlı bir mahnısı dillər əzbərinə çevrilir. Sonralar “Gəlin qayası” povestinin müəllifi Süleyman Rəhimov Şəfiqəyə opera yazmağı təklif edir. Beləcə, “Gəlin qayası” operası yaranır. Bəstəkarın əsərə muğam da əlavə etməsi onun xalq mahnılarımızı yaxından bilməsinə işarədir. Sonralar Novruz Gəncəlinin librettosu əsasında yazdığı “Ev bizim, sirr bizim” operettası ilə də böyük sevgi qazanır. Gözəl əsərlərin ardınca yeniləri sıralanır: BSO üçün süitalar, xor üçün silsilələr, “Leyla”, “Bəxtiyar ellər” kimi 300-ə yaxın mahnı və romanslar, simli kvartet üçün pyeslər, dramatik teatr üçün “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” və digər əsərləri də Şərqin ilk opera yazan xanım bəstəkarı Şəfiqə Axundovanın barmaqlarının sehrindən yaranıb. Böyük əsərlər yaradan bu xanım uşaqları da unutmayıb. O, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və və sairə kimi tamaşalara yazılan musiqilərlə uşaqların qəlbinə yol tapıb. Şəfiqə xanımın əsərləri həmişə populyar və sevimlidir. Böyükdən kiçiyə qədər hamının sevərək dinlədiyi mahnılarla yüzlərlə insanın qəlbinə yol tapan bu insan həyatda yaşadığı ağrı-acıya baxmayaraq özünü bəxtəvər sayır.

“Üç Tac”ın nisgilli sakinləri…

84 yaşlı Şəfiqə xanımın səhhətində problemlər olsa da, həkimlər onun ürəyində və tənəffüsündə hər şeyin normal olduğunu deyir, yenidən ayağa qalxacağına ümidlər verirlər. Ancaq bir şərtlə: əgər əsəblərini qoruyarsa. İndi Axundovlar ailəsi bəstəkarın ətrafına toplaşıb onu qorumağa çalışırlar. Taleyində baş verən təlatümlərdən xəbərsiz olan bəstəkar xanım oğul itkisindən bixəbər işıqlı və geniş otaqda müalicəsini davam etdirir.

“Üç Tac” adlanan yeni yaşayış binasının 16-cı mərtəbəsində yaşayan sakinlərdən qonşular razılıq edir. Bu evdə səslənən musiqinin ilk dinləyicisi də elə qonşular olurdu. Bəstəkarın mənzilinə liftlə qalxarkən qonşu xanımla həmsöhbət oldum. O, 6 ildir bəstəkarın evindən gələn musiqinin sehrindən danışdı. “Təəssüf ki, bir müddətdir o evdə heç kəs heç nə çalmır. Oğlu Talehin ifası bir aləm idi. İndi o yoxdur, Şəfiqə xanım da çalmır”, - deyə təəssüflənən qonşudan ayrılıb bəstəkarın yaşadığı mənzilin qapısını döydüm. Məni bacısı qızı Rəfiqə Axundova qarşıladı. Bəstəkarla çox danışmaq fürsətim yox idi. Səhhətinə görə onu yormaq olmazdı. Ancaq söhbətim bütün bir ömrün tarixçəsini az da olsa, öyrənməyimə kifayət etdi.

Bura çox iri, işıqlı və hündürmərtəbəli binanın bir mənzilidir. Müasir və yeni mebellərlə bəzədilmiş evin geniş eyvanından Bakının bütün gözəllikləri görünür. Buradan baxarkən adama elə gəlir ki, paytaxt insanın ovucları içində yerləşir. Bu mənzərə bəstəkar xanıma xüsusi bir ilham verməyə bilməz. Özü də bunu etiraf etdi. Bəs nə üçün yalnız dünənə qədər? Bəs indi? Bəlkə də xanım bəstəkar sağalıb ayağa qalxacağı günü gözlədiyi üçün belə deyir. Ancaq yanılmışdım.

- Şəfiqə xanım, indi özünüzü necə hiss edirsiniz?

- İndi yaxşıyam. Yavaş-yavaş səhhətim də normallaşır.

- Eyvandan baxarkən Bakının bütün gözəlliyi görünür. Bu da sizin ilham mənbəyiniz olmaya bilməz.

- Bəli, belə olubdur. Mən Bakını çox sevirəm. Buradan Bakı lap gözəl görünür. Ancaq indi işləmək istəmirəm.

- Səbəb nədir?

- Qızım, artıq yorulmuşam. Musiqinin sadə və mürəkkəb janrlarında çox yazmışam. Yaşımın artıq o vaxtıdır ki, dincəlmək istəyirəm. Yəqin ki, buna görə xalqım məni qınamayacaq. Mən muğamı çox gözəl bilirəm. Muğam üstündə opera, pyes və mahnılar yazmışam. Müəllimim Üzeyir bəy də mənim əsərlərimi çox bəyənirdi. Onun tələbələrinin sayı çox olsa da, onun mənə qarşı xüsusi bir diqqəti var idi. O, konservatoriyada bəstəkarlıq sinfini mənə görə açmışdı. Həddən ziyadə diqqətli insan idi. Bizim tanışlığımız mənim gənclik dövrümə təsadüf edirdi. O zaman məndə işləmək üçün qüvvət, həvəs var idi. Opera musiqinin ən mürəkkəb janrıdır. Bunu hər bəstəkar yaza bilməz. Muğamla operanın sintezini yaratmışam. Bu, çox böyük işdir. Üzeyir sağ olsa idi, mənim üçün çox şeylər edərdi.

- Hər bir əsər sizin yuxusuz gecələrinizin bəhrəsidir. İndi musiqidən uzaqlaşmağınıza səbəb yorğunluğunuz deyil ki?

- Bilirsiniz, o vaxt cavan idim, yorulmaq nədir bilmirdim. Pianonun arxasından durmurdum. Opera yazmaq asan iş deyildi. Operada olan leytmativlərə uyğun mahnılar yaratmaq çətindir. Çox yazıb yaratmışam. Bu barədə özümü xoşbəxt hiss edirəm. Yaradıcılıq elə bir işdir ki, bu yolda can qoymalısan. Mahnılarımı dinlədikcə fəxarət hissi keçirirəm. Ulu öndərimiz Heydər Əliyev də mənim sənətimə böyük qiymət vermişdi. Bu gün də dövlət başçısından sadə insana qədər hər kəs mənə qarşı diqqətlidir. Dövlət mənim çox qayğıma qalıb. Hər şeydən çox razıyam. Bu sənətdə çalışdım, adım tarixə düşdü. Azərbaycanın ilk qadın bəstəkarının unudulmayacağını yaxşı bilirəm.

- Mahnılarınızı övladınız hesab edirsiniz. Etiraf edirsiniz ki, bu səbəbdən də onları sata bilməzsiniz...

- Mən heç vaxt mahnımı satmamışam. Ehtiyacım olsa da. Bunu bacarmadım, bundan sonra da bacarmayacağam. İndi hər şeyim var. Heç buna ehtiyacım da yoxdur. Azərbaycan xalqı məni sevir. Bu sevgiyə həmişə sadiq qalmışam. Tanrı hamıya cansağlığı versin, içində də mənə. 

ŞƏMSİYYƏ







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar