Dünya memarlığı azərbaycanlı tələbələrin gözü ilə

Paytaxt Bakı gözümüzün önündəcə dəyişir, yeniləşir. Tarixin daş yaddaşı olan qədim tikililərlə birgə yeni, modern memarlıq nümunələri yaranır. Azərbaycan mədəniyyətinin üzdə olan ən sanballı qollarından biri memarlığın tarixi irsə sədaqət, dünyaya inteqrasiya yönündə inkişafı sivilizasiyaların vəhdəti istiqamətində təzə mərhələnin başlangıcından soraq verir. Bu mərhələ öncə ölkə memarlarına sənət, həyat vəsiqəsi verən tək ünvanda: Azərbaycan Memarlıq və İnşaat Universitetində formalaşır. İnkişaf etmiş çağdaş dünya və yeniləşən Azərbaycan memarlığının çuğlaşması, memarlıq fakültəsində təhsil alan 680 tələbənin o mədəniyyəti mənimsəməsi üçün son illər bu ali təhsil ocağında beynəlxalq miqyaslı uğurlu addımlar atılır.  Universitetin rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədova ilə söhbətimiz elə bu mövzudadır.

-  Təhsilimizin yeniləşməsi, Avropa və dünya standartlarına daha çox uyğunlaşması üçün beynəlxalq əlaqələrin böyük əhəmiyyəti var. İlk növbədə ona görə bu əlaqələr nəticəsində biz Avropanın, Amerikanın inkişaf etmiş universitetlərində tədris prosesi, qabaqcıl təcrübə ilə tanış oluruq. Yəni bütün bunları əyani şəkildə görür, üstün tərəflərini qəbul edə bilirik. Müqayisə aparırıq; nələri dəyişməli, hansı islahatlar aparmalı olduğumuzu aydınlaşdırırıq. Müqayisədən sonra Azərbaycanın təhsil sisteminin, memar kadrların hazırlanmasının üstün və ya çatışmayan tərəflərini daha aydın görə bilirik. Digər tərəfdən beynəlxalq əlaqələrin tələbələrimizə çox böyük köməyi var. Onlar xaricdəki, məsələn, Fransadakı, İtaliyadakı yaşıdları ilə ünsiyyət qura bilirlər, bilik səviyyələrini  müqayisə edir, nəticə çıxarırlar. Üçüncü tərəfdən yanaşsaq, sadəcə müəllimlərimiz, tələbələrimiz xarici ölkələrə gedir, daha çox informasiya alırlar, dünyagörüşləri genişlənir. Xarici səfərlər tələbə memarlar üçün daha gərəklidir; onlar Avropada müasir memarlıq nümunələrini görürlər. Müasir memarlıqla bağlı təsəvvürləri bir qədər genişlənir. Sizə deyim ki, avropalılar öz tarixlərini, mədəni irslərini yüksək dəyərləndirir, onu qorumağı çox gözəl bacarırlar. Bunu da öyrənmək lazımdır. Tarixi irsin qorunması, ondan istifadə edilməsi bu gün dünya memarlığında aktual məsələlərdən sayılır. Bu imkanı yalnız beynəlxalq əlaqələr yolu ilə əldə edə bilirik,  gördüklərimizdən öyrənirik.  Eyni zamanda xarici ali təhsil məktəbləri ilə elmi əlaqələrin olması elmimizin inteqrasiyasına xidmət edir, həyata keçirilən layihələr nəticəsində universitetimizin maddi-texniki bazasını inkişaf etdirməyimizə imkan yaradır. Söylədiklərim beynəlxalq əlaqələrin əsas istiqamətləridir, biz onlara önəm verir, bu sahədə fəaliyyətimizi genişləndiririk. 2000-ci ildən bu yana qüvvəmizi daimi əlaqələrin yaranmasına, genişlənməsinə yönəltmişik. Bu əlaqələr hansısa müvəqqəti layihələrlə məhdudlaşmır, davamlı, müntəzəm şəkil alıb. Əməkdaşlıq etdiyimiz xarici universitetlərlə həm müqavilə əsasında, həm də müəyyən müddətdən bir yeni layihələr üzrə işləyirik. Çalışırıq  ki, layihələri Avropa qurumları, təşkilatları maliyyələşdirsin, buna da nail ola bilmişik.

- Son illər həyata keçirilmiş layihələr barədə bir qədər ətraflı danışardınız.

- Memarlıq fakültəsi dörd ildir Avropa Memarlıq Məktəbləri Assosiasiyasının üzvüdür. Assosiasiyaya Fransanın, Şərqi Avropanın və keçmiş sovetlər birliyinin Avropa hissəsində olan ölkələrin ali memarlıq məktəbləri daxildir. Hər il assosiasiyanın üzvü olan ali memarlıq məktəblərinin birində genişmiqyaslı tədbirlər keçirilir. Son dörd ildə bizim müəllim və tələbələrdən ibarət nümayəndə heyətimiz də bu tədbirlərə qatılıblar. Bu ilin yazında assosiasiyanın illik toplantısı bizim Memarlıq və İnşaat Universitetində keçiriləcək. Biz 20 ölkədən tədbirə qatılacaq qonaqlar gözləyirik, ciddi hazırlıq işləri gedir. Həmin tədbir zamanı bir həftə ərzində ənənəvi olaraq müəllimlər üçün elmi konfrans, tələbələr üçün seminarlar, «World shop»lar, Azərbaycanın mədəniyyəti və memarlığıyla tanışlıq, tələbələrin bir-biriləriylə ünsiyyəti üçün görüşlər nəzərdə tutulur.
Memarlıq fakültəsinin Fransanın Montelye Memarlıq məktəbi ilə 7 il öncə başlanan sıx əməkdaşlığı uğurla davam edir.  Qarşılıqlı əməkdaşlıq nəticəsində bizim memarlıq fakültəsinin 11 tələbəsi Montelye şəhərində müxtəlif müddətlərdə təcrübə toplamaq şansı qazanıblar. Bir illik, yaxud daha çox müddətə təcrübə keçənlərimiz olub. Tələbələrin bir neçəsi hətta Montelye məktəbinin magistraturasına daxil olublar. Onların məsrəflərini Fransa hökuməti ödəyir və bu işdə Fransanın ölkəmizdəki səfirliyi bizə çox böyük dəstək verir.

- Mətbuatda sizin universitetin tələbələrinin İtaliyaya səfərləri, təcrübə mübadilələri barədə informasiyalara da rast gəlirik.

- Memarlıq fakültəsinin İtaliya universitetləriylə sıx əlaqələri var. Florensiya universitetinin memarlıq fakültəsi ilə isti münasibətlərimiz var, dəfələrlə birgə layihələr gerçəkləşdirmişik, müsabiqələrimiz olub.  Keçən il İtaliya Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə maraqlı layihə işləmişik. Bu layihə bizim İçərişəhərimizdə İtaliya və Azərbaycan tələbələrinin birgə tədqiqatlarını nəzərdə tuturdu. Tədqiqatlar artıq başa çatıb. Fevral ayında İtaliya səfirliyi ilə birgə Bakıda Florensiya universitetinin tələbə və müəllimlərinin iştirakıyla yekun təqdimat mərasimi keçirəcəyik. Florensiyada məşhur «Remialdo del Biyanko» fondu fəaliyyət göstərir. Bu, memarlıq təhsilinə və irsin qorunmasına dəstək verən bir fonddur. Son 6 ildə onlarla əməkdaşlıq edirik. Fond aktiv fəaliyyət göstərir. İl ərzində memarlıq məktəblərinin, universitetlərinin müəllim və tələbələri üçün 6-7 tədbirləri olur. Biz də hər il bu tədbirlərin bir neçəsində iştirak edirik. Sizə deyim ki, bu passiv iştirak deyil, hətta bəzi tədbirlərin təşkilatçısı olmaq məsuliyyətini də üzərimizə götürürük. Məsələn, universitetimiz bu fondun dəstəyi ilə Florensiyada artıq iki konfrans keçirib. 2007-ci ilin mart ayında keçən konfrans «İnkişaf edən ölkələrdə şəhərsalma və tarixi şəhərlərin qorunması» probleminə həsr edilmişdi. Biz ora əsasən MDB məkanından olan memarlıq məktəblərinin nümayəndələrini dəvət etmişdik, çünki bu problem onlar üçün daha aktualdır. İkinci konfransımız 2008-ci ilin dekabr ayında keçdi. Bu isə «İslam memarlığının qorunması» problemlərinə həsr olunmuş konfrans idi. Konfransa  cəmi 10 ölkədən, o sıradan bir sıra İslam ölkələrindən nümayəndələr qatılmışdı. Bu maraqlı fakt, gözəl nəticədir ki, Azərbaycan universiteti İtaliyada konfrans təşkil edir. «Remialdo del Biyanko» fondu memarlıq fakültəsi məzunlarının diplom işlərinin festivalını keçirir. Əsas beynəlxalq festival Florensiyada regionlarda reqional festivallar olur. Bu ilin mart ayında bizim universitetdə belə bir regional festival keçiriləcək. Bu festivala regiondakı İslam ölkələrindən, yaxud MDB məkanında olan türkdilli, müsəlman dinindən olan ölkələrin nümayəndələri iştirak edəcək və biz bu festivalda daha çox müasir şəhərlərdə İslam irsinin qorunması problemlərini müzakirəyə çıxaracağıq. Əlavə etmək istəyirəm ki, yayda İtaliyanın Turin şəhərində dörd ildən bir keçirilən Beynəlxalq Memarlar İttifaqının konqresində iştirak etmişik. Ölkəmizin tarixində ilk dəfə olaraq çox istedadlı dörd tələbəmiz-  Yalçın Məmmədov, Aysel Hüseynova, Leyli İsmayılzadə, Aleftina Plisko Turin konfransında iştirak etdi.  Tələbələrimiz üçün bu çox gözəl təcrübə idi. Onların formalaşması, inkişafı üçün bu səfərin böyük əhəmiyyəti olacaq. Beynəlxalq əlaqələrimizin fəal olması barədə aydın təsəvvür yaransın deyə nümunə gətirim; bu tədris ilinin birinci semestrində-sentyabr-dekabr aylarında bizim dörd nümayəndə heyətimiz Avropa ölkələrində səfərdə oldu.

- Gülçöhrə xanım, beynəlxalq əlaqələrin bir qolu da tələbə mübadiləsidir. Bilirik ki, sizin universitetdə xarici tələbələr təhsil alırlar, dediyiniz kimi, bizim tələbələr xaricdə oxuyurlar...

- Elədir. Turkiyə, İran, Rusiya vətəndaşları olan tələbələrimiz var. Ərəb ölkələrindən, məsələn, Misirdən üç nəfər tələbə memarlıq fakültəsində oxuyur. Bu, beynəlxalq əlaqələrin canlanmasını təsdiq edən, həm də ona xidmət edən nümunədir. Başqa fakültələrdə də xarici tələbələr təhsil alırlar, amma memarlıq fakültəsində onların sayı daha çoxdur. Onu da qeyd etməliyəm ki, bu gün memarlıq fakültəsinə ölkəmizdə maraq çox böyükdür, eyni zamanda İrandan, Türkiyədən axın var. Demək olar ki, universitetdəki xarici tələbələrin yarısı memarlıq fakültəsində təhsil alır. Özü də təhsilin bütün pillələrində; yəni, bakalavr, magistr və aspiranturada. Bu fakt fakültənin reytinqinin göstəricisidir.
Memar olmaq üçün dörd illik təhsili uğurla sona çatdırmaq azdır, sonra da gözəl dəst-xətti olan, özünü təsdiq etmiş memarın yanında təcrübə keçməlisən ki, mütəxəssis  kimi yetişə biləsən. Memarlıq zəngin və məsuliyyətli işdir. Hər bir memar istər gənc, istər təcrübəli olsun, zaman-zaman öyrənməli, yaradıcılığını təkmilləşdirməli, üzvü olduğu cəmiyyətin, yaşadığı məmləkətin inkişafına  töhfələrini verməlidir. 

Müsahibəni apardı:
Fimar Asimqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar