Çingiz Həsənov:
   «Çəkiliş meydançasında ikinci rejissor üçün «yox» sozü yoxdu»
   
    «Azərbaycanfilm» kinostudiyasında dövlət sifarişi ilə Ayaz Salayev «Ehram TV» bədii filmini çəkir. Həmin filmin ikinci rejissoru, kinostudiyanın istehsalat şöbəsinin müdiri Çingiz Həsənov bu ekran əsərinin maraqlı olacağına inanır. Müsahibimiz sözün həqiqi mənasında ikinci rejissor olan Çingiz Həsənovdur.
   
   - Ayaz Salayevdən başqa hansı rejissorların filmlərində ikinci rejissor kimi çalışmısınız?
   - İkinci rejissor kimi ilk dəfə 1992-ci ildə «İcraçı» filmində işləmişəm. Sifariş Moskvadan verilmişdi. Bundan başqa, ikinci rejissor kimi Eldar Quliyevlə, Oqtay Mirqasımovla, Rasim Ocaqovla, Rüstəm İbrahimbəyovla, Nicat Feyzullayevlə və digər rejissorlarla işləmişəm. Filmdə ikinci rejissorun məsuliyyəti çox böyükdür. Bu şəxs filmin skeletini əvvəlcədən qurur. Film ərsəyə gələnə kimi ikinci rejissorun fəaliyyəti davam edir.
   -İkinci rejissor kimi ixtisaslaşmış kinematoqafçılarımız azdır. Bu nədən irəli gəlir?
   -Film ikinci rejissorun tutduğu plan əsasında çəkilir. Quruluşçu rejissor həmin planı təsdiq etdikdən sonra isə başlanır. Çəkilişlərin uzadılması, vaxtında təhvil verilməməsi ikinci rejissorun zəifliyindən irəli gəlir. Bu gün filmlərdə öz işini bilən ikinci rejissora çox böyük ehtiyac var. «Rejissorlar həmişə işini bilən ikinci rejissorla işləmək istəyir. Peşəkar ikinci rejissorun işinə heç bir rejissor qarışmır. Bu işi bilən kinematoqrafçılar barmaqla sayılacaq qədər azdır. Onların arasında Akif Rüstəmovun adı çoxlarına tanışdır. Bu gün gənc nəsil arasında ikinci rejissor yetişmir. Bu problem gələcəkdə özünü göstərəcək.
   -Ayaz Salayevlə ikinci rejissor kimi işləmək öz fərqini nədə göstərir?
   - Ayaz müəllimin filmində ilk dəfə çalışıram. Bu rejissorla işləmək çox asandır. Ona görə ki, Ayaz Salayev nə çəkdiyini bilir və bu da çəkiliş prosesini asanlaşdırır. Filmin bütün kadrları əvvəlcədən onun beynində hazır vəziyyətdə idi. Ayaz müəllimin iş prinsipi mənə daha yaxındı. Onun iş prinsipi mənim də işə ciddi yanaşmağıma stimul verir. Ümumiyyətlə, ikinci rejissorun ciddi işi filmin keyfiyyətli alınmasına gətirib çıxarır. Mənə elə gəlir ki, Ayaz Salayev «Ehram TV» filmi ilə milli kinomuzda çox işlər görmüş oldu. Filmin tamamlanmasına bir şey qalmayıb. Yaxın vaxtlarda kino ictimaiyyəti dediyimin şahidi olacaq.
   -Ayaz Salayev digər rejissorlardan fərqli olaraq çəkiliş heyətindən və əsasən də ikinci rejissordan nə tələb edir?
   -Ayaz Salayevin hazırlığı ikinci rejissordan məsuliyyət tələb edir. Təkcə Ayaz Salayev yox, digər rejissorlara da ikinci rejissorun fəallığı vacibdir. Əgər vaxtında aktyor seçimi aparılıbsa, rekvizitlər, kostyumlar hazırlanıbsa çəkiliş meydançasında rejissorla heç bir problem yaşanmır. Belə fikirləşirəm ki, çəkiliş meydançasında ikinci rejissor üçün «yox» sozü yoxdu, rejissorun fikri mütləqdir. Ola bilsin ki, rejissor çəkiliş meydançasında dəyişiklər etsin. Rejissorun istədiyi hər bir detalı ikinci rejissor hazırlamalıdır. 

   -İrandan operator və aktyor dəvət olunmuşdu. Onların iş prinsipi necə idi və hansı yeniliklər ortaya çıxardı?
   -Biz İrandan «Ehram TV»də operator işləmək üçün Bayram Fəzlini, baş rollardan birinə aktyor Şəhab Hüseynini dəvət etmişik. Bayram Fəzli dünyamiqyaslı filmlərdə operator işləyib. Özəllik o idi ki, bu insanlar yorulmaq bilmir. Çəkiliş prosesinin sürətinə İrandan dəvət olunmuş bu şəxslərin təsiri böyük oldu. Yaradıcılıq baxımından götürsək, yəni planların qurulmasında, müəyyən texniki işlərin aparılmasında operatorun xidmətləri danılmazdır. Aktyor Şəhab Hüseyninin də çəkiliş meydançasında məsuliyyəti işimizi asanlaşdırdı. Bizim aktyorların - Rasim Balayevin, Fuad Poladovun, Kübra Əliyevanın, Yaşar Nurinin, müğənni Röyanın və digər çəkiliş heyətinin öz işlərinə peşəkar və ciddi yanaşmaları da bu filmin çəkilişini sürətləndirdi. Filmdə çoxlu məkanlar var idi. Hətta onların əksəriyyəti standartlara uyğun olmayan məkanlar idi. Bu çoxluq çətinlik yaradan səbəblərdəndir. Yəni tez-tez bir yerdən digər yerə köçmək, yerləşmək, çəkilişə hazırlaşmaq işi gecikdirir və vaxt aparır. Amma bütün çətinlikləri birgə aşdıq. «Azərbaycanfilm» kinostudiyasının direktoru Xamis Muradov da «Ehram TV»nin çəkilişlərinə böyük köməklik göstərdi.
   -Bu gün kino sahəsində peşəkar texniki işçilərə ehtiyac çoxdur. Texniki işçilərin böyük əksəriyyəti sovet dövründə təhsil alanlar və praktika keçənlərdir. Onların sayları da bildiyimiz kimi azdır. Bu sahəyə gəncləri cəlb etmək, yetişdirmək və gələcəkdə boşluqların olmamasını təmin etmək üçün kinostudiyada hansı addımları atmaq lazımdır?
   -Mədəniyyət və Turizm Nazirliyinin gənc kinematoqrafçılar üçün keçirdiyi «Bu meydan, bu ekran» müsabiqəsi var. Bu layihədə də gənc rejissorlarla ikinci rejissor kimi çalışmışam. Burada gördüm ki, rejissorlarımızın davamçıları gəlir. Amma digər sahələrdə, xüsusən də kinonun texniki sahəsində bu ürəkaçan deyil. Kinostudiyanın pirotexnik sexinin rəisi Əlibala Məmmədov öz işini peşəkar səviyyədə bilən adamdır. Hansı effektləri istəsən onu yaradır. Amma hələlik onu əvəz edəcək kadr yoxdu. Təəssüf ki, bir-iki nəfər gücnən tapmaq olar. Tək Əlibala müəllimlə iş bitmir. Hansı yollasa bu işi davam etdirmək lazımdır. «Azərbaycanfilm» kinostudiyası bu sahəyə marağı olan bütün gənclərə həmişə qayğı göstərməyə hazırdır. Gənclərə üzümü tutub deyirəm: işləmək istəyənlər, bizə müraciət etsinlər.
   -Filmlərin təbliğatı mövzusuna toxunaq. Filmin təbliğatı ilə hər hansı bir yeni yaranmış prodakşn müqavilə əsasında film istehsalata buraxılarkən məşğul ola bilər. Təkcə yazılı təbliğat yox, bununla bağlı sənədli filmlər çəkmək və video materiallar hazırlamaq da olar. Belə olduqda həm gənclər təcrübə keçər, həm də çəkilən filmin reklamı uğurla aparılar.
   -Razıyam ki, təbliğat və reklam birinci işlərdəndir. Bu film üçün mütləqdir. Hazırda bizdə bu iş pərakəndə şəklində aparılır. Amma mən də düşünürəm ki, bu sırf bir mərkəzdən idarə olunmalıdır. Deyilən təşəbbüsü qəbul eləyirəm və müəyyən yerlərdə bu məsələni gündəmə gətirəcəyəm də. Prodakşnların yeni istehsalata buraxılan filmlərin təbliğatını aparmaları Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində həll olunmalıdır. Məncə, filmə ayrılan büdcənin 2-3 faizi ilə bu məsələni tənzimləmək olar. Bundan ən çox həmin film xeyir götürər.
   -İkinci rejissorlar nə vaxt rejissor olmaq istəyirlər? Sizin də içinizdə belə bir hiss varmı?
   -İkinci rejissor işi mənim üçün daha maraqlıdır. Düzünü deyim ki, quruluşçu rejissor kimi işləməyə hələ hazır deyiləm. Məndə bu istək olmadığı üçün ikinci rejissorların nə vaxt rejissorluq etmək istədiklərini deyə bilmərəm. Hələlik ikinci rejissor mənim təbiətimə daha yaxındır.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar