Ölkə rəhbəri İlham Əliyevin sərəncamı ilə 2009-cu il respublikamızda “Uşaq ili” elan olundu. Əlbəttə, sərəncamla bağlı fikir və diqqətimiz bir daha uşaq musiqi məktəblərinə, uşaq bağçalarına və müxtəlif fiziki məhdudiyyətli uşaq evlərinə yönəldi... Bugünlərdə isə Tofiq Quliyev adına 12 saylı Uşaq Musiqi Məktəbində olduq. Məktəbin direktoru, Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi İctimai Birliyinin sədri, Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinin pedaqoqika və psixologiya müəllimi Gülnarə Səfərova ilə görüşdük...
  
  
   - Gülarə xanım, ölkə rəhbərinin 2009-cu ili “Uşaq ili “ elan etməsi ilə bağlı sərəncamını necə xarakterizə edərdiniz?
   - Bilirsiz, uşaqlar haqqında dünyada bir çox siyasi xadimlər, filosoflar, alimlər və görkəmli sənət adamları bir-birindən gözəl fikirlər söyləyib. Həmin fikirlərdən biri belədi: “ Uşaqlar bizim gələcəyimizdir”. Doğrudan da, uşaqlara qayğı və diqqət dünyanın hər yerində birmənalıdı. Əlbəttə, bu bizim ölkədə də belədi. Məlum sərəncam da bu fikrin yüksək səviyyədə bir daha təsdiqidi.
   - Uşaq musiqi məktəblərinə göstərilən diqqət və qayğını, rəhbərlik etdiyiniz məktəbin timsalında qənaətbəxş hesab etmək olarmı?
   - Əlbəttə, olar. Əvvəlcə onu deyim ki, 2007-2008-ci tədrisi ili başa çatdıqdan sonra bizim məktəbdə təmir-bərpa işlərinə başlandı. Üç ay müddətində işlər Avropa standartları səviyyəsində başa çatdırıldı. Məktəb zəruri olan bütün mebel və texniki avadanlıqla təmin edildi. Dərs vəsaiti - dərsliklər və yeni musiqi alətləri alındı. Bütün bunlar məktəbdə müəllim kollektivi və şagirdlər arasında yeni bir ab-hava yaratdı. İndi şagirdlərin valideynləri tez-tez məktəbə gəlirlər. Bizimlə əlaqə saxlayır, ünsiyyət yaradırlar. Mövcud şəraitimizdən çox razılıq edirlər... Onu da qeyd edim ki, məktəbin sosial bazası əsasında “Xalq çalğı alətləri ansamblı” yaratmışıq. Bu imkanımızdan istifadə edərək ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirdik. Belə ki, Xətai rayonu ərazisində yerləşən 3 saylı uşaq evində, Qaradağ rayonu ərazisindəki müxtəlif fiziki məhdudiyyətli uşaq evində xeyriyyə konsertləri verdik. 2008-2009-cu tədris ilində dərsdən kənar müxtəlif səpkili 14 tədbir keçirdik. Filarmoniyada görkəmli bəstəkar Q.Qarayev adına Dövlət Kamera Orkestrinin yekun konsertində beş şagirdimiz: Aida Əmirova, Rəşidə Əliyeva, Gülsüm Xəlilova (fortopianoda) və başqaları çıxış etdilər...
   - İndi respublikamızda milli musiqiyə münasibət dəyişib. Daha doğrusu, milli musiqiyə maraq, həvəs artıb. Sizcə, bu, nə ilə bağlıdı?
   - Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO- nun respublikamızdakı xoşməramlı səfiri , millət vəkili Mehriban xanım Əliyevanın xüsusi qayğısı nəticəsində milli musiqimizə münasibət çox dəyişdi. Nəticədə də bir-birinin ardınca “Muğam”, “Xalq ulduzu”, “Yeni ulduz” müsabiqələri keçirildi. Qaliblər müəyyənləşdirildi. Onlara qiymətli hədiyyələr və pul mükafatları verildi. Biz də məktəbimizdə “Xalq çalğı alətləri ansamblı” yaratdıq... Onu da qeyd edim ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bir sözü var: “Musiqi məktəbləri eyni zamanda mədəniyyət ocağı olmalıdı”. Biz həqiqətən bütün səylərimizi bu istiqamətə yönəltmişik. Bu tezisi əldə rəhbər tutaraq bir ictimai birlik də yaratdıq... Bütün bunların nəticəsi olaraq məktəbimizin V sinif şagirdi Mirəhməd Əhmədzadə ötən il ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş I Respublika müsabiqəsinin laureatı oldu. Elə həmin il məktəbimizin IV sinif şagirdi Rəşidə Əliyeva görkəmli və dünya şöhrətli bəstəkar Q. Qarayevin anadan olmasının 90 illik yubileyinə həsir edilən “Gənc musiqiçilər təhlil və ifa edir” elmi-ifaçılıq müsabiqəsinin qalibi oldu. Bir şagirdimiz - Aida Əmirova da həmin müsabiqədə III dərəcəli diplom aldı. Həmin il Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanını aldıq. Bakı şəhəri üzrə məktəbimizin müəllimi Nazilə Yaqubova Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Ən yaxşı müəllim” diplomu ilə təltif edildi.
   Sonda onu da deyim ki, ölkə rəhbərinin məlum sərəncamı təqdirəlayiqdir. Doğrudan da, sağlam və savadlı uşaqlar mənsub olduğu xalqın xoşbəxt gələcəyidir. Bu gün böyük inamla qeyd edə bilərəm ki, şəhərimizin bütün məktəblərində uşaqlar üçün gözəl şərait yaradılıb. Çünki bütün bunları rəhbərlik etdiyim məktəbin timsalında görürəm. Onu da qeyd edim ki, məktəbimizin müəllim kollektivi böyük ruh yüksəkliyi ilə uşaqlara milli musiqimizin elmi əsaslarını öyrətmək üçün əlindən gələni edir. Eyni zamanda onlarda milli-mənəvi dəyərlərimiz haqqında geniş təsəvvür yaratmağa böyük səy göstərirlər. Əldə etdiyimiz uğurlara əsasən deyə bilərəm ki, üzərimizə düşən işi ən yükək səviyyədə yerinə yetiririk...
  
   Söhbəti qələmə aldı:
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar