Vidadi Babanlı: «Ədəbiyyatda onun dəyişilməz prinsipləri vardı»
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məşhur yazıçı Mehdi Hüseynin anadan olmasının 100 illiyinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar sərəncam imzalayıb. Qeyd edək ki, Mehdi Hüseyn Azərbaycanın xalq yazıçısı, SSRİ Dövlət mükafatı laureatı olub. Yazıçı-dramaturq, tənqidçi, ictimai xadim kimi tanınan M.Hüseyn Azərbaycan Yazıçılar İttifaqının sədri olmuşdur. 1909-cu ildə Qazax rayonunun Şıxlı kəndində dünyaya göz açmış yazıçı «Xavər», «Abşeron», «Vətən çiçəkləri», «Səhər» kimi əsərlərin müəllifi olaraq geniş oxucu kütləsi qazanmışdır. Yazıçı 1965-ci ilin martın 10-da Bakıda vəfat etmişdir. Mehdi Hüseyn ədəbiyyatımızda gənc nəslə qayğısı ilə də tez-tez xatırlanır. Onun qayğısı ilə ədəbiyyatda imzasını təsdiq etmiş nasir Vidadi Babanlı bizimlə söhbətində də o illəri xatırladı:
- Vidadi müəllim, Mehdi Hüseyn Azərbaycan xalqı üçün kim idi?
- Mehdi Hüseyn Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir. İstər ictimai, istər ədəbi fəaliyyəti ilə örnək idi. Mən hətta deyərdim ki, ədəbi tənqidçi kimi o öz yaradıcılığından üstün idi. Sözsüz ki, «Səhər», «Qara daşlar», «Yeraltı çaylar dənizə axır», «Abşeron» kimi dəyərli əsərlərin müəllifi olan Mehdi Hüseynin imzası Azərbaycan ədəbiyyatı üçün ciddi fakt idi. Ədəbiyyat barədə fikirləri yüksək elmi səviyyələrdə hörmət və heyrətlə qarşılanırdı. Bir faktı xatırladım. O vaxtlar sovet respublikalarının yazıçılar birliyinin sədrləri yay aylarında Moskvaya gedər və müvəqqəti olaraq SSRİ Yazıçılar İttifaqının katibi kimi fəaliyyət göstərərdilər. Mehdi müəllim də belə bir katib funksiyasını yetirəndə mən də Moskvadaydım. Onu daim tanınmış rus yazıçılarının, tənqidçilərinin əhatəsində görürdüm. Mehdi müəllimlə söhbət etmək, fikir mübadiləsi aparmaq onlara çox xoş gəlirdi və onun fikirləri ilə razılaşırdılar. M.Hüseyn həm də öz xalqının görkəmli ziyalısı olaraq yüksək mədəniyyəti ilə fərqlənən humansit insan idi.
- Mehdi Hüseynin Azərbaycan Yazıçılar İttifaqının sədri kimi siz gənclərə münasibəti necə idi?
- Ədəbiyyatda onun dəyişilməz bir prinsipi vardı. Yaxşıya yaxşı, pisə pis deməyi bacarırdı. Yazıçılar İttifaqının sədri olanda istedadlı gəncləri tam qayğı ilə əhatə etməyə çalışırdı. Yadımdadır, İsa Hüseynovu nə qədər hücumlardan qoruyurdu. Çalışırdı ki, gənc istedadlar çap çətinliyində ruhdan düşməsinlər. Ümumiyyətlə, Mehdi müəllim öz müasiri və yaxın dostları olan Süleyman Rəhimov, Əbülhəsən, Əli Vəliyev kimi yazıçıları belə tənqid etməkdən çəkinməzdi. Onlar da bu tənqidi normal qarşılayırdılar.
- Bu qayğıdan hansı gənclər sonradan ədəbiyyatımızın gerçək imzasına çevrildilər?
- İsa Hüseynov, Nəbi Xəzri, Əliağa Kürçaylı, Bayram Bayramov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə və bir çox başqaları Mehdi müəllimin qayğı göstərdiyi gənc nəsildən ortaya çıxmış, ədəbiyyatımızın inkişafında fərqlənmiş yazarlar oldu. M.Hüseyn dünyasını dəyişəndə böyük insan Mir Cəlal Paşayevin «Ədəbiyyatımız yetim qaldı» sözlərini eşitmişdim. Bu təsadüfi sözlər deyildi. Çünki Mehdi müəllimin yoxluğundan ədəbiyyatımıza qayğı sarıdan xeyli boşluq yarandı.
- Maraqlıdır, bəs sizin Mehdi Hüseynlə isti münasibətləriniz necə yarandı? Bildiyimizə görə, gənc yazar olaraq Mehdi müəllim sizin də yaradıcılığınıza diqqətini əsirgəmirmiş.
- Bilirsiniz, mən ədəbiyyata poeziya ilə gəlmişəm. Şeirlərim Bakıda və Moskvada çap olunmuşdu. Moskvada təhsil aldığım vaxtlar idi. Bir poema yazmaq istəyirdim. Heç cür alınmırdı. O vaxta qədər oçerk belə yazmamışdım. Məni narahat edən mövzunu nəsrə çevirib bir povest yazdım. Göndərdim Azərbaycan Yazıçılar İttifaqına. O vaxt gənclər üzrə məsləhətçi İlyas Əfəndiyev idi. Onun imzası ilə məktub aldım. Povest bəyənilmişdi və bəzi düzəlişlər məsləhət görülürdü. Düzəlişləri edib, yay vaxtı Bakıya dönəndə povesti «İnqilab və mədəniyyət», indiki «Azərbaycan» jurnalına apardım. Əli Vəliyev jurnalın baş redaktoru idi. Povesti verib, çapını gözlədim. Yay tətili qurtarırdı, amma povest çap olunmurdu, məndə Moskvaya qayıtmalı idim. Həm çap olunmaq arzuma, həm də kasıb tələbə kimi qonorara görə yenidən jurnalın redaksiyasına yolladım. Əli müəllim dedi ki, özün get Mehdi müəllimin yanına gör nə deyir. Mehdi müəllimin kabinetinə girib sakitcə dayandım. Eynəyinin altından baxıb soruşdu ki, «nə istəyirsən, bala?» Dedim ki, bəs mənim povestim çap olunmayıb. Sözümü ağzımda qoyub dedi ki, xahiş etməyi də bacarmırsan, povestini oxumuşam, növbəti nömrədə çap olunacaq. Sənsə yazmağını dayandırma, əsərin çox xoşuma gəldi. Böyük sevinclə onun otağını tərk etdim. Növbəti nömrədə əsərim çap olundu. Moskvadan qayıdanda mənə xəbər verdilər ki, bəs Mehdi müəllim povestə yüksək qiymət verir və səni axtarır. Evinin ünvanını verdilər, çəkinə-çəkinə getdim. Gülərüzlə qaşıladı. Tənqidi qeydlərini söyləyib dedi ki, povestinin kitab halında çapını hazırla, amma bəzi çatışmazlıqları yenidən işlə. Beləcə, «Gəlin» adlı ilk kitabım M.Hüseynin sayəsində çapdan çıxdı və o vaxtdan nəsrə keçdim.
- Neçə yaşınız vardı ilk kitabınız çap olunanda?
- 26 yaşım vardı, o vaxt bu yaşda kitab nəşr etdirmək çox çətin idi. Kitabdan sonra bir hekayə yazıb çap etdirmək istəyirdim. «Kommunist» qəzeti çapa götürdü. Çap olunmamışdan əvvəl isə hekayəni Mehdi müəllimə oxudum. Qısaca dedi ki, hələ çap tezdi, cilalanmağına ciddi ehtiyac var. Düzü, incidim və pərt oldum. Sonradan həmin hekayəni nəzərdən keçirəndə Mehdi müəllimin verdiyi qiymətin dəqiqliyinə inandım və hekayəni yenidən işlədim.
- M.Hüseyn imzalı hansı əsəri daha çox xoşlayırsınız?
- «Səhər» inqilabi əsər idi. «Abşeron» neftə həsr olunmuşdu. Amma mənim ən çox xoşuma gələn «Yeraltı çaylar dənizə axır» povesti idi. Bu povest Stalinin ölümündən sonra yazılmış cəsarətli əsər idi. Çoxları bu əsərdən sonra müəllifin cəzalanacağını düşünürdü. Əsər sovet ideologiyasının əleyhinə idi, 37-ci il repressiyalarından bəhs edirdi. Əslində Mehdi müəllimin əsl yaradıcılıq ömrü başlayırdı. Amma təəssüf ki, 56 yaşında, qəfildən vəfat etdi. Mehdi Hüseyn həm də «Cavanşir», «Alov» kimi pyeslərin müəllifi idi.
- Bəzi əsərlərinə film də çəkilib.
- «Səhər» əsəri ekranlaşdırılıb. Mehdi müəllimin «Qara daşlar» əsərinə çəkilən film isə xüsusilə bəyənilirdi. Bir çox əsərləri isə səhnəyə qoyulmuşdu.
- Vidadi müəllim, M.Hüseynin 100 illiyi bu il dövlət səviyyəsində qeyd ediləcək. Bu baxımdan onunla təmasda olmuş yazıçı kimi xatirələrinizi qələmə almısınızmı?
- Mənim «Gizlinlər» adlı avtobioqrafik əsərim var. O dövr yazıçılarından Əli Vəliyev, Süleyman Rüstəm, Rəsul Rza, Səməd Vurğun, Süleyman Rəhimov haqqında xatirələrimi qələmə almışam. Bu əsərdə Mehdi Hüseynlə bağlı xatirələrə, faktlara kifayət qədər yer ayırmışam.
- Deyirlər, Mehdi Hüseyn sərt xarakterli, ağırtəbiətli olub.
- Onun sərtliyi yalnız ədəbi məsələlərlə bağlı idi. Ədəbiyyatda güzəşti sevmirdi. Amma xeyirxahlığını, qayğıkeşliyini kimsədən əsirgəmirdi. Ova getməyi çox sevirdi. Həmişə də İsmayıl Şıxlı ilə ova çıxardılar. Məni də bir neçə dəfə özü ilə aparıb. Onda görmüşəm ki, Mehdi müəllim necə zarafatcıl, hazırcavab insandır. Mehdi müəllimi hər dəfə xatırlayanda Mir Cəlal Paşayevin o dəqiq qiyməti yadıma düşür.
- İndiki ədəbi gənclik M.Hüseyndən hansı örnəyi qəbul etməlidir?
- Bu günün ədəbi gəncliyində obyektivlik çatışmır. Yersiz mübahisələrlə ədəbiyyat yaranmır. Bir-birilərini tərifləyib, digərlərini pisləmək adəti yaranıb. İstərdim ki, gənclik ədəbiyyata baxışda Mehdi Hüseyn sərtliyini və prinsipiallığını örnək, yol olaraq qəbul etsin.
Sabutay