Həcc ziyarətindən az vaxt keçməyib. Ancaq «hər şeyi isti-isti» deyiminin əksinə olaraq, zəvvarlardan biri ilə söhbətə düz bir rüb gec getdim. Nədən ki, müsahibim sıradan bir zəvvarlardan deyil, filosofdur - mövzunu, təəssüratlarını «bişirməli» idi. Güman edirəm, Bülbül adına Orta İxtisas Müsiqi Məktəbinin direktoru, fəlsəfə elmləri doktoru Nigar Cərulla qızı ilə söhbətimiz oxucularımızçün də maraqlı olacaq.
   
   - Nigar xanım, bu çox müqəddəs, təəssüratca zəngin və maraqlı səfərdən qayıdanlara ilk sual maraqlı olmasa da olar; necə getdiniz?
   - Səfərə çıxmazdan qabaq, xalq artisti Ağaxan Abdullayevlə rastlaşdım. Dedim, Ağaxan müəllim, Məkkəyə gedirəm. Dedi, Nigar xanım, bu, Sizinçün ağır sfər olacaq. Bir var - bu səfər barədə eşidəsən, bir də var - özün gedəsən, görəsən...
   Düzü, ağır olduğunu təsəvvür edirdim, bu qədər çətin olduğunu bilmirdim. Ancaq insanda Allah eşqi o qədər güclü olur ki, bu səyahətin bütün artıq-əskiklərinin üstündən bir xətt çəkirsən. Bütün çətinliklər adamın gözünün qabağından cənnət tabloları kimi gəlib keçir. O ziyarətdən sonra ibadətə duranda insan özünü yalnız və yalnız Məkkədə təsəvvür edir. Qayıdandan sonra...
   - Yox, Nigar xanım, hələ «qayıtmaq vaxtı» deyil, hələ oradasız, özü də hələlik sıradanbir zəvvar kimi danışın, sonra sual-cavabımız fəlsəfəyə çəkəcək...
   - Mən bu səfəri Allah tərəfindən bir hədiyyə kimi qəbul etdim. Bilirsiz, insan heç yerdə özünü evindəki qədər rahat, doğma hiss etmir. Məkkədə isə daha rahat, daha doğma, tamam başqa bir duyğu üstdə köklənirsən. Ora insanın ruhunun evidi, dədə-babasının odasıdı, Haqqa məhəbbətinin ocağıdı. Orada insan az qala öz ev-eşiyini, hardan olduğunu belə unudur.
   - Ruhən, mənən çox təmiz olan o Ev şər-şərait, qayda-fayda cəhətdən necədir?
   - Bilirəm, o vaxt ANS-də səsləndi ki, Həcc ziyarətində anti sanitariyadı, şərait yoxdu, xidmət düzgün qurulmayıb və sair. Əlbəttə, mən onları tam inkar etmirəm, ancaq təsdiq də etmirəm. Məkkəyə gələn milyonlar selinin qarşısında durmaq üçün ayrıca bir dövlət lazımdı. Etiraf edək ki, hər halda, ora Şərq ölkəsidir - yəni, tutalım, Qərb üçün açıq-saçıqlıq nə qədər xarakterikdirsə, Şərqə də müəyyən mizan-düzənsizlik, ütüsüzlük o qədər xas olan keyfiyyətdir. Bu şəhərin müsafir şəraiti o qədər də yuxarı deyil. Məkkə Məhəmməd peyğəmbərin özünü də az incitməyib, onu həmişə Mədinə ağuşuna alıb, hifz edib, mədəni münasibət bəsləyib. Bu günün özündə də Mədinə Məkkədən fərqli olaraq, öz mədəniyyətini, səliqə-sahmanını saxlayıb.
   - Siz Mədinədən danışdıqca, bir daha «mədəniyyət» sözünün etimolojisi haqda düşünməli oluruq.
   - Doğrudan da, Mədinənin insanları da, münasibətləri də, otelləri də yüksək səviyyədədir.
   - Deyirsiz, orada adam hərdən özünü də unudur. Hətta, hər şeyə hər elmdən sonra qiymət verən fəlsəfəni, filosofluğu da?..
   - (Gülümsünür) Qoy Hegellərin, Nitsşelərin ruhları məni bağışlasın... Əlbəttə, bir filosof kimi də bəhrələndim bu səfərdən. Və bu «damar», hardasa, məni ibadətdən bir balaca yayındırırdı da, bəzən. Mənim üçün çox maraqlıdır - insan və onun milli «növ»ləri, insan və onun intellekt «mərtəbələri», hadisə və obyekt-subyektlərə baxış, münasibət instinktləri, jestləri, insan-ibadət psixologiyası, insan selindəki burulğan, gah aydın, gah laübalı təzadlar, həyata və ölümə münasibət və sair.
   - Əgər belə demək mümkünsə, dünyanın «müsəlman çələngi» içərisində öz gerilik-irəlilik nüansları ilə seçilənlər də vardı, yəqin?
   - Bəli, xalqların təşkilatçılıq məharətini izləmək, bütün şərq ölkələrinin mədəniyyətlərini, dinə, bir-birinə münasibətlərini fərqləndirmək mənim üçün çox maraqlı idi. Bir də görürdüm, özümdən asılı olmayaraq, ibadəti dayandırıb nəyisə müşahidə edir, insanları izləyirəm. Təzadlar həddən artıq idi. Türklərdə yüksək təşkilatçılıq mədəniyyəti gördüm. Özlərini çox gözəl aparırdılar. Zəvvarlarına xidmət səviyyəsi məni heyran etdi. Təvaf zamanı elə cərgə düzəltmişdilər ki, onların qadınlarına heç kim toxunmasın. Malaziya camaatında da həmin təşkilatçılığı gördüm. Əgər təşkilatçılığımız yaxşı olsa, bizim zəvvarlar hamıdan nümunəvi ziyarət edərlər - çünki bizim xalqın daxili, fərdi mədəniyyəti daha yüksəkdir.
   Orada o qədər adam vardı ki, mən həm vahimələnir, həm də sevinirdim. Ümumiyyətlə, Qurban bayramında izdiham daha çox olur. Kəbədə olduğumuz zaman hamının üzündə nur vardı. Onlar orada - Allahın yanında çox ali bir mütilik görkəmi alır, özünüfəda hissi üstdə köklənirlər.
   Bu mürəkkəb dünyada sadələşmək, ülviləşmək, müqəddəsləşmək üçün gərək insan bəzən özü-özünü «itirsin». Nə yazıq ki, bəşərilik tərəzisinin naqislik gözü daha ağır gəlir, indi özündənmüştəbehlik baş alıb gedir. Amma o Məkkə hələ də böyük sınaq, paklanma meydanı olaraq qalır. Məkkə insanı - sözün ali anlamında - «heç nə» edir.
   Əlbəttə, oraya əsasən imkanı olanlar gedir. Amma orada hamı həddindən artıq bərabər görünür, yeganə «etiket» sadəlik, bərabərlik, «kasıbçılıq»dır. Lakin oradan çıxan kimi...
   - İstərdim psixoloji təzadları bir az da «uzadasınız». Çünki orada bütün məsələlərə el gözü ilə baxanlar çox, elm gözü ilə baxanlar isə...
   - Sufilərdə bir kəlam var: «Gərək insan özünü heç nə hiss edə bilsin...»
   Təzadlardan biri bu idi ki, onlardan bir çoxu Quranın bir ayəsini, bir cümləsini belə oxumayıblar - oraya yalnız Allaha inam, şükranlıq üstdə köklənib gedirlər. Elələrinin Allahdan arzusu tamam başqadı. Mənə görə, Allaha inamı olan insan səbrli olmalıdır; «Salam»dan sonra Allahın ikinci adı «Səbr»dir.
   Görürdüm ki, insanların əksəriyyəti yaxşı şəraitə, rahatlığa nə qədər meyllidir. İstəyirlər ki, hər şey yağ kimi getsin. Ancaq yaxşı olar ki, ziyarətə gedən hər kəs bu yolda üzləşəcəyi çətinliklər, çəkiləcək əzab-əziyyət, xərc-xəsarət barədə məlumatlı olsunlar.
   Mən bütün bunları müşahidə etdikcə, düşünürdüm ki, ey belə insan, bu maddi vəsaitini, vaxt limitini öz səviyyənə uyğun məsələlərə xərcləmək əvəzinə, niyə bu ruhi-mənəvi alilik zirvəsinə qalxıb, özünü incidirsən?! Ancaq sonradan onların taleyi ilə maraqlanıb, az-çox bələd olduqca, bu sərt qənaətlərimdən uzaqlaşdığım da olurdu. Yəni onlar çox ağır bir həyat yolu keçdiklərindən Allah onlara bu ziyarəti nəsib edib. Yəni onlar həyati problemlərə - məsələn, həyat yoldaşlarına, qaynanalarına, nankor övladlarına o qədər dözüm, səbr xərcləyiblər ki, daha ziyarət zamanı sərf etməyə taqətləri, səbrləri qalmayıb.
   - O tip adamlar, xarakterlər alimlərə, ziyalılara daha çox təsir edirlər. Qəribə bir analogiya: Cəlaləddin Əfqani deyib ki, Qərbə getdim - müsəlman görmədim, amma İslam gördüm. Sərqə getdim, müsəlman gördüm, amma İslam görmədim. Necə bilirsiz, bu qədər haqq olan, mükəmməl olan və nüfusca çox olan İslamın ümmətlərinin çox məsələlərdə geridə qalması, məsələn, İsrail kimi «zərrə dövlət» qarşısında acizliyi bəlkə elə bu mental, ictimai-sosial pintilik və naqisliklərdən irəli gəlir? Yəni düşmən hələ də «göydə balonlarla uçur», bunlarsa, yüz ildi tank-topa daş atmaqla məşğuldur.
   - Onda gərək bəşəriyyətin tarixinə baxaq. Bəşər övladı ilkin olaraq Şərqə endirilib. Lətifəsi iraq olsun deyib, bir haşiyə çıxım. Bir çobanın yüz qoyunu olur. Biri sürüdən aralınır, çoban da başlayır onu izləməyə. Çobana deyirlər ki, neyləyirsən onu, bir qoyuna görə o birilərini də itirə bilərsən. Çoban deyir yox, mənim üçün o qoyun qiymətlidi. Çünki onun öz məqsədi var. Tarixən toplumdan (sürüdən) ayrılan insan həmişə üzünü Şimala tutub. Cənubun ən diribaşları, ağılları gedib Qərbə, Şimala. Cənublular niyə bir az tənbəl, laqeyddi? Çünki təbiət Cənuba hər şey verib. Mübarizə, mübarizlik nəyinsə uğrunda yaranır. Bu baxımdan Şimaldakılar hər şeyi öz ağılları ilə qazanmalı olublar. Qərb soyuq ağıla malikdir, Şərq isə, heç də həmişə köməyə çatmayan qaynartəbiətliliyə, nəfsi həzz və duyğulara. Mən müalicə olunmaq üçün oradan Çexiyaya getdim. Tamam başqa bir mədəniyyət! Küçələr tər-təmiz, insanlar diqqətçil, həssas, xoşsifət. İnsan heyrət edir ki, bu böyüklükdə şəhəri nə sayaq belə təmiz saxlaya bilirlər. Deməli, hər şey mümkündü - təki istək, meyil olsun. Dövlətli valideyn övladları adətən necə olur? Biz də onlara timsal - zəngin torpaqlar övladı kimi tənbəllik.
   - Bayaq Sizinlə birgə şagirdlərinizin ifasını dinlədik. Bu müsəlman uşaqlar Qərb klassiklərinin əsərlərini necə gözəl ifa edirlər!
   - Bəli, gördünüz də - onların simalarını, istedadlarını, qabiliyyətlərini! Bax elə bizim bu gənclərin simasında Şərqlə Qərbin müasir mənzərəsini, inkişaf bərabərliyini görmək mümkündür.
   Bayaq Azərbaycan Uşaq Orkestrinin yüksək səviyyəsindən, xarici ölkələrdə uğurlu çıxışlarından danışdıq. Onlardan 4 nəfəri hazırda bizim məktəbdə təhsil alır. Ümumiyyətləsə, o orkestrdə 52 uşaq bilavasitə bizim məktəbin yetirmələridir. Mən bu an fürsətdən istifadə edib, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirimək istəyirəm. Onun incəsənətimizə - xüsusən müasir durumda - qayğı və yardımı əvəzsizdir. Səyahətdən sonra bizim 9 şagirdimiz Prezident təqaüdünə layiq görülüb.
   - Sizin uşaqlar belə gözəl ifalar edəndə nə hisslər keçirirsiniz, Nigar xanım?
   - İnanın, göz yaşlarımı saxlaya bilmirəm. Siz indi gördünüz bu uşaqlar necə emosional, necə alicənab, mənən zəngindilər! Bu keyfiyyətlərin onlara aşılanmasında biz də az əziyyət çəkmirik. Yəqin ki, bayaq Anar Seyidovun əsil maestrolara məxsus jestlərinə fikir verdiniz...
   - Hə, jestlərinə də diqqət yetirdim, ayaqqabılarına da. Hə, hə, təəccüblənməyin. Fikirləşdim ki, bu ayaqqabıları başqa uşaqlar da geyir və görəsən o uşaqlar indi bu saat hansı əməllərlə məşğuldurlar və Anarın bu ayaqqabıları öz üstündə çox duyğusal bir qəlb, ağıllı, müasir bir baş gəzdirdiyi üçün necə də xoşbəxtdir!..
   - Hə, düzü, mən də onların tez-tez dabanları üstə qalxıb-enən ayaqlarına baxırdım. Və narahat olmayın, onların geyimləri nə qədər adi, sadə olsa da, beyinləri o qədər «mürəkkəb»dir, nəğməli, musiqili və zəngindir!
   Hansı insan ki, adamlara zövq, gözəllik bəxş edir, o insan Allahın ən xoşladığı, hamıdan fərqləndirib, seçib məşhurlaşdırdığı bəndəsidir. Deyim ki, o elə Məkkə ziyarətinə gedib-gəlmiş kimidir.
   - Sizə elə gəlmirmi ki, indilər adamlar alim, sənətkar olmaqdan çox, Məşədi, Hacı olmaq istəyirlər?
   - Çünki Məşədi, Hacı olmaq asandı, Üzeyir bəy, Qara Qarayev olmaq çətin.
   - Son sözünüz?..
   - Allah bu ziyarəti ürəyi istəyənlərin hamısına nəsib etsin.
   - Amin.
  
   Söhbətləşdi: T. Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar