Melda Araz: «Hər bir milləti göylərə qaldıran onun mədəniyyəti, incəsənəti və elmidir»
   
   Azərbaycan 1918-ci ildə müstəqillik əldə etdiyi dövrdə Türkiyə onu tanıyan ilk ölkə olub. Tarixən öz ənənəsinə sadiq qalan Türkiyə ölkəmiz müstəqilliyini bərpa etdiyi dövrdə də Azərbaycanla münasibətlərin bütün sahələrində əməkdaşlıq edən dövlətdir. Artıq 16 ildir ki, qardaş ölkənin Bakıda səfirliyi fəaliyyət göstərir. Səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyi isə mədəni əlaqələrin qurulmasında, inkişaf etdirilməsində mühüm rol oynayır. Müşavirliyin rəhbəri Melda Arazla söhbətimizdə ölkələrimiz arasında mədəni əlaqələrin bugünkü səviyyəsinə, həyata keçirilən və keçirilməkdə olan layihələrə, habelə gələcək planlara toxunduq.
   
   - Melda xanım, ölkənizi Azərbaycanda səfirliyin mədəniyyət müşaviri kimi təmsil etdiyiniz ötən bir il müddətində ölkələrimiz arasında mədəni münasibətlərdə nə kimi yeniliklər baş verib?
   - Biz qardaş ölkələr olduğumuzdan hər zaman öz aramızda dil tapıb, ortaq məxrəcə gələ bilirik. Məsələn, bu il İstanbulda Milli Kitabxanalar toplantısı olacaqdı. Amma bizə dedilər ki, Bakı İslam mədəniyyətinin paytaxtı olduğu üçün bu tədbir 2009-cu ildə Türkiyədə deyil, Bakıda keçirilsin və biz də razılaşdıq. Nəzərinizə çatdırım ki, İstanbul 2010-cu ildə Avropanın Mədəniyyət Paytaxtı olduğu üçün həmin toplantı gələn il İstanbulda keçiriləcək. Və bununla bağlı layihəmiz var. Həmin layihəyə əsasən, müxtəlif ölkələrlə İslam ölkələri arasında əlaqələr qurulur və Azərbaycan da həmin ölkələrin sırasına qatılıb.
   - Bildiyimiz kimi, hər iki ölkənin Mədəniyyət və Turizm nazirlikləri arasında ortaq filmlərin çəkilməsi haqqında anlaşma var. Bu sahədə hansı layihələr həyata keçirilib və ya olacaq?
   - Əvvəlcə deyim ki, bu gün Azərbaycanda kifayət qədər kinoteatrlar yoxdur, fəaliyyətdə olan kino zallarının divarlaında rus dilində yazılmış sözlərə rast gəlinir və s. Əgər Türkiyədən film gəlirsə, həmin zallarda göstərilir. Bir sözlə Azərbaycanda da kino zallarının dirçəlməsi, genişlənməsi lazımdır.
   Hələlik bu tip obyektləriniz müasir tələblərə uyğunluq baxımından qənaətbəxş deyil. Nazirliklərimiz arasındakı ortaq film çəkilişləri haqqında anlaşmaya gəlincə, bunun gerçəkləşdirilməsinin özü də uzun bir prosesdir. Layihənin reallaşdırılması üçün hər iki tərəf addım atmalıdır. Hələlik isə bir ortaq filmin çəkilməsi üzərində işlər gedir.
   - Həmin o ilk film nədən bəhs edir?
   - Bu, sənədli film olacaq. Filmdə sizin Qız Qalası ilə bizim Qız qülləmizin təsvirləri yer alacaq. «İstanbul Avropanın Mədəniyyət Paytaxtı-2010» tədbiri çərçivəsində dünyanın 8 ölkəsində tarixi-memarlıq abidələrimizin başqa ölkələrdə oxşarları, mənəvi bağlantısı olan abidələr haqqında sənədli film çəkilir. Təxmini büdcəsi 1 milyon 260 min avro olan bu layihəyə ABŞ, Çin, Hindistan və başqa ölkələr qatılacaq. Türkiyədəki Qız qülləsi ilə Azərbaycandakı Qız Qalası arasında müqayisə və paralellər apararaq film çəkmək Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına yardımçı olacaq. Çünki film bir çox Avropa ölkələrində göstəriləcək. Deyim ki, CNN şirkəti artıq bu filmin yayımlanması haqqını qazanıb. Film haqqında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Film Yapımcıları Məslək Birliyi arasında iki ay bundan öncə Niyyət Protokolu imzalanıb. Yaxın günlərdə filmin çəkilməsinə başlanılacaq. 2010-cu il ərzində bu film bir çox ölkələrdə yayımlanacaq, Azərbaycan mədəniyyətinin, tarixinin bir parçası olan Qız Qalası bir sıra ölkələrdə tanıdılacaq.
   - Gələcəkdə daha hansı ortaq filmlərin çəkilməsi gözlənilir?
   - Bununla bağlı bir komissiya yaradılıb. Reallaşdırılması nəzərdə tutulan bütün layihələr toplanılır. Bütün bunlar uzun vaxt tələb edən proseslərdir. Bu işin maddi tərəfləri var. Digər tərəfdən ortaq bir film olduğundan ortaq razılığa gəlinməlidir. Yəni bu, 1-2 ilin içində baş verəcək bir proses deyil. Bu məsələyə bizim müşavirlik tərəfindən böyük diqqət ayrılır. Önəmli olanı başlamaqdır və biz bu işə başladıq. İnşallah, bu, davamlı olacaq.
   - Nazirliklərimiz arasında olan digər bir anlaşma da yazarların əsərlərinin tamaşaya qoyulmasıdır. Bildiyimiz kimi, bu yaxınlarda həmin anlaşma çərçivəsində Bəxtiyar Vahabzadənin «Özümüzü kəsən qılınc» əsəri Türkiyə səhnəsində oynanıldı. Bu layihənin həyata keçirilməsində Türkiyənin Azərbaycandakı səfirliyinin və onun Mədəniyyət və Tanıtım Müşavirliyinin nə kimi rolu oldu?
   - Əslində müşavirlik olaraq, işdə bizim də təşəbbüslərimiz oldu. Böyük şairin ölümündən öncə ona söylədik ki, bununla bağlı Türkiyənin mədəniyyət və turizm nazirinə bir müraciət məktubu yazsın və biz həmin məktubu cənab nazirə təqdim etdik. Bizim mədəniyyət və turizm naziri də şairə bir cavab məktubu yazdı. O da çox məmnun oldu. Biz B.Vahabzadəyə onun məktubunu telefonla oxuduq və görüşmək üçün vaxt təyin etdik, ancaq şairin vəfatı buna imkan vermədi.
   Beləliklə, bu əsərin Türkiyənin dövlət teatrlarında oynanılması qəbul edildi. Bundan sonra Bəxtiyar Vahabzadənin bu əsəri Türkiyə teatrlarının repertuarında yer alacaq. Əslində B.Vahabzadə buna layiq idi. Layiq olanlar üçün də müşavirliyimizin qapısı hər zaman açıqdır.
   - Melda xanım, bugünlərdə Azərbaycan mətbuatında belə yazılar özünə yer alıb ki, artıq Türkiyədə ermənilərlə birlikdə müştərək filmlərin çəkilişinə başlanılıb. Olmazdımı ki, qardaş ölkə olaraq belə bir layihə ilk növbədə Azərbaycanla birlikdə reallaşdırılsın?
   - Sizin yerli qəzetlər məsələnin mahiyyətini bilmədən bu işə aqressiv reaksiya verirlər. Digər xalqlarla ortaq filmlərin çəkilməsi sadəcə TRT-nin bir film layihəsidir. Həmin layihəyə təkcə ermənilər deyil, çox xalqlar daxildir. Belə demək mümkünsə, çox yerdə Azərbaycan, İran, Türkiyə, Əfqanıstan və s. ölkələrdə film çəkilişləri edirik. Yəni bu məsələdə Ermənistanı bir nümunə kimi götürmək olmaz. Təəssüf ki, bu gün iki dövlət arasında heç bir problem olmadığı halda, belə ürəkbulandıran məsələləri gündəmə gətirirlər. Məsələn, biz Yunanıstanda da film çəkilişləri apardıq və bu ölkədə türk xalqlarının yaşayışını, həyat tərzini lentə almışdıq. Həmin filmdə yunan da, bolqar da var. Biz film çəkilişlərində də xalqlar arasında ayrı-seçkilik etmədik.
   - Söhbət zamanı Bakının bu il İslam Mədəniyyətinin Paytaxtı elan olunmasından bəhs etdiniz. Gələn il isə İstanbul Avropanın Mədəniyyət Paytaxtı olacaq. Siz ixtisasca memarsınız. Hansısa şəhərin bir il müddətində mədəniyyət mərkəzi elan olunaraq bütün tələblərə cavab verməsi üçün nə kimi şərtlər lazımdır? Yəni şəhər nə keyfiyyətlərə malik olub, «mədəniyyət mərkəzi» statusu ala bilər?
   - Hər bir milləti göylərə qaldıran onun mədəniyyəti, incəsənəti və elmidir. Təsadüfi deyil ki, sivil cəmiyyətdə yaşadığımız bu dövrdə dövlətlər arasında yaranmış soyuqluğu mədəniyyətlərarası dialoq vasitəsilə «isitməyə» cəhd edirlər. Bu üzdən müxtəlif şəhərlər mədəniyyət mərkəzləri elan olunur. Türkiyədə «konfrans turizmi» deyilən bir termin var. Əgər çox yaxşı konfrans keçirmək üçün salonlarımız olarsa, o halda konfransın keçiriləcəyi yerləri konfrans-mədəniyyət mərkəzi halına gətiririk. Mən deyərdim ki, bu gün İstanbul Türkiyə üçün, Bakı isə Azərbaycan üçün konfrans-mədəniyyət mərkəzidir. Yəni insanlar Bakıya təkcə konfrans keçirilir deyə gəlmirlər, onlar həm də Bakının gəzməli yerlərini görməyə gəlirlər. Paytaxtınızda çoxlu tarixi binalar, memarlıq abidələri var. Ən əsası Azərbaycanın qədim mədəniyyəti, musiqisi mövcuddur. Bir sözlə, «konfransı keçiririk» deməyə haqq qazandıran şərtlər var. Biz də İstanbulun gələn il Avropanın Mədəniyyət Paytaxtı olması ilə əlaqədar böyük tədbirlər görürük. Məsələn, Ayasofiyanın içərisində olan inşaat kütləsini sökdük və abidəyə bir çəki-düzən veririk. Azərbaycanda hər bir şey yaxşıya doğru getməkdədir. Siz özünüzə necə Qərblə Şərqin körpüsü deyirsiniz, biz də özümüzə elə deyirik. Beləliklə, hər hansı bir şəhərin mədəniyyət mərkəzi olması üçün onun həm də qədim tarixə, zəngin memarlıq abidələrinə, görməli yerlərə malik olması lazımdır.
   - Melda xanım, yaxın gələcəkdə ölkələrimiz arasında hansı mədəniyyət layihələrinin həyata keçirilməsi gözlənilir?
   - Hər şeydən öncə deyim ki, nazirimiz Bakıya səfər edərkən bizə belə bir müjdə verdi ki, 2010-cu Bakıda Türkiyənin Mədəniyyət Mərkəzi açılacaq. Biz digər ölkələrdə Türkiyə mədəniyyət mərkəzlərinin açılması haqqında iki il öncə qərar qəbul etmişik. Artıq Avropa ölkələrində ilk mərkəzlər açılmaqdadır. Bu ölkələrin sırasında Azərbaycan da var. Qeyd edim ki, Azərbaycan da öz mədəniyyət mərkəzini Türkiyədə açacaq. Türkiyənin mədəniyyət əlaqələrini digər ölkələrdə daha yaxşı yaymaq üçün kino klubları, teatr salonlarının da təşkil olunması nəzərdə tutulub. Təbii ki, belə gözəl təşəbbüslərin həyata keçirilməsi istiqamətində Azərbaycan Türkiyə üçün ön sıradadır. Ümid edirəm ki, mədəniyyət mərkəzi açıldıqdan sonra daha çox tədbirlər keçirəcəyik və mədəni əməkdaşlıqda bir canlanma baş verəcək.   

   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar