İsmət Yılmaz: «Amma mədəniyyətlərarası dialoqu əngəlləməyə çalışanlar, savaş yaratmaq istəyənlər də var»
   
   Azərbaycanla Türkiyə arasındakı mədəni əlaqələr tarixin bütün mərhələlərində mühüm yer tutub. İki ölkə arasındakı bu münasibətlər Azərbaycan Demokratik Respublikasının fəaliyyətdə olduğu dövrdə daha geniş şəkil aldı. Belə ki, dövlətlərarası səviyyədə müxtəlif sazişlər, müqavilələr imzalanır, mədəniyyətin müxtəlif sahələrində mübadilələr həyata keçirilirdi. 70 illik sovet rejimi dövründə əlaqələrə fasilə verilsə də, ölkəmiz müstəqillik əldə etdikdən sonra münasibətlərdə yenidən canlanma yarandı. 

   Bu iki ölkənin mədəni əlaqələrinin inkişafında isə 1992-ci ilin iyun ayında İstanbul şəhərində 6 ölkənin mədəniyyət nazirləri tərəfindən əsası qoyulan Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası (TÜRKSOY) mühüm rol oynayıb. Günü-gündən mədəni əlaqələrimiz genişlənməkdə və inkişaf etməkdədir. Azərbaycanla Türkiyə arasında elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığın inkişafına təkan verən amillər içərisində türk dövlət və toplumları dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları da xüsusi rol oynayır. Elə bu əlaqələrin nəticəsidir ki, ölkələrimizin mədəniyyət nümayəndələri ardıcıl olaraq qarşılıqlı səfərlər edir, mədəniyyətin bütün sahələrində mübadilələr həyata keçirirlər.
   Türkiyənin mədəniyyət və turizm nazirinin müavini İsmət Yılmaz bu dəfə ölkəmizə «Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009» mədəniyyət ilinin təntənəli açılış mərasimində iştirak etmək üçün gəlmişdi. Fürsətdən istifadə edib İsmət bəydən ölkələrimiz arasında mədəni əlaqələrin hazırkı səviyyəsi, İslam Konfransı Təşkilatının bugünkü durumu, Bakı toplantısına münasibəti və digər məsələlərlə bağlı fikirlərini öyrəndik.
   - İsmət bəy, necə düşünürsünüz, hazırda iki qardaş ölkə arasındakı mədəni əlaqələr qənaətbəxşdirmi?
   - «Bir millət - iki dövlət» olan ölkələrimiz arasında, xüsusilə də mədəniyyət sahəsində əlaqələr hər zaman sıx olub. Bu gün mədəni əlaqələrin, əməkdaşlığın genişləndirilməsi üçün var qüvvəmizlə çalışırıq. Qəlbən inanıram ki, Türkiyə ilə Azərbaycan gələcəkdə də gücünü birləşdirəcək. Mədəni əlaqələrimizə böyük töhfələr bəxş etmiş görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: «Bizim tariximiz bir, dinimiz birdir. Biz bütün imkanlardan istifadə etməliyik ki, mədəni-humanitar və digər əlaqələr lazımi səviyyədə inkişaf etdirilsin. Türk xalqı ilə Azərbaycan xalqının tarixində, milli ənənələrində, mədəniyyətində çox oxşarlıq var. Ona görə də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin sıx olması təbii haldır».
   - Bildiyiniz kimi, ötən ilin dekabr ayında Bakıda Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirildi. İndi isə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin toplantısıdır. Hər iki mötəbər tədbirin məhz Bakıda keçirilməsi artıq belə bir fikir formalaşdırır ki, Bakı mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilir...
   - İndi mədəniyyətlərin bir-birinə yaxınlaşması, mübadiləsi dövrüdür. Öz mədəniyyətini qapalı saxlayan xalqlar geri qalmağa məhkumdur. Dünyaya inteqrasiya edən mədəniyyətlər isə daim inkişaf edir, yaşayır. Belə bir fikir var ki, ədəbiyyat, teatr, rəsm, heykəltəraşlıq, bir sözlə, mədəniyyətin hər bir sahəsində bütün insanların münasibətlərinə nail ola bilsəniz, o halda dünyəviləşərsiniz. Dünyaya inteqrasiya edən dəyərlər də uzunömürlü olur. Bakı Qərblə Şərq arasında hər zaman tranzit, bir körpü rolu oynayıb. 2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı statusunu alması bir körpünün ötürücü əhəmiyyətini daha da artırırdı. Bu gün İslam Mədəniyyətinin Paytaxtı olan Bakıda düzənlənən rəsm, foto sərgiləri Bakıya verilən bu statusu reallaşdıran elementlərdir. Paytaxtınızda olduğum müddətdə gördüm ki, bu qədim Şərq şəhəri ona verilən etibarı tamamilə doğruldacaq. Bakı İslam dünyasında cazibə mərkəzi olacaq. Əvvəlki illərdə, doğrudan da, bu tədbirlər çərçivəsində İslam dünyasına aid nə varsa, yerinə yetirdik. Amma Bakıya gəldiyimiz zaman görürük ki, bura türkdilli insanların birləşdiyi nöqtədir. Düşünürəm ki, Bakının başına mənəvi bir tac qoyuldu. O baxımdan bu toplantının keçirilməsində əməyi olanlara, başda prezident İlham Əliyev olmaqla, təşəkkür edirik. Bildiyiniz kimi, İstanbul da 2006-cı ildə paytaxt olmuşdu. Düşünürəm ki, Bakıda keçirilən bu toplantı İslam dünyasında mühüm rol oynayacaq.
   - İslam dini bərabərliyi aşılayır, lakin təəssüf ki, bu gün Qərblə Şərq arasında soyuq müharibə hiss olunur. Yenə sağ olsun İslam dövlətləri ki, İslam dininin ənənəsinə sadiq qalıb, barışdırıcı mövqe ortaya qoyublar; mədəniyyətlərarası dialoq konsepsiyasını irəli sürüblər. Sizcə, mədəniyyətlər və dinlər arasındakı dialoq ümumbəşərilik hədəfinə çatmaqda nə dərəcədə yardımçı olacaq?
   - İslam dini, doğrudan da, barış dinidir. Amma mədəniyyətlərarası dialoqu əngəlləməyə çalışanlar, savaş yaratmaq istəyənlər də var. Deməli, mədəniyyət adamlarının barışı dəstəkləməsi çox vacibdir. Hər yerdə bir yaxşı, bir pis var. Pis olmasa, yaxşının qədrini bilmək olmaz. Dünyanın hər tərəfinin barış içində olduğunu da gözləmək olmaz. Çünki savaşdan qazananlar var...
   - O halda nə etmək lazımdır?
   - Onların sayını minimuma endirmək lazımdır. Bu yolun hətta xoş görüntülüsü belə yetərli deyil. Çünki bu, «sizin bir xətanız var - amma qəbul edilə bilir», deməkdir. Daha doğrusu, bununla özümüzü görməməzliyə vurmuş oluruq. Amma bu, doğru deyil. Doğru söz olanı olduğu kimi qəbul etməkdir. Çünki yaxşı və pis subyektivdir, tez-tez dəyişir. Sizin gözəl gördüyünüzü, başqası gözəl, doğru görməyə bilir. İslam dini də bunu söylər...
   - Bu proseslərdə İslam dünyasının BMT-si hesab olunan İslam Konfransı Təşkilatının üzərinə böyük məsuliyyət düşür. Amma bir sıra mövqelərdə qurumun fəaliyyətinin zəifliyindən narazılıq edilir. Necə düşünürsüz, təşkilat olaraq onların bu günə nümayiş etdirdikləri fəaliyyət kifayətdirmi?
   - Təəssüf, hələ ki, İKT-nin fəaliyyəti bizi qane etmir. Daha çox iş görülməsi lazımdır. İslam dünyasında bir savaş var. Əgər bu ölkələrin öz arasında bir savaş varsa, onlara demək lazımdır ki, döyüşü buraxın, İslam dini barış dinidir, bu dinə inananların bir-biri ilə savaş etməmələri lazımdır. Buraxın, qoy yabançılar bir-birilərilə savaşsınlar.
   - Məncə, bu, sizin Bakıya ilk gəlişiniz deyil və İslam dünyasının paytaxtı haqqında təəssüratlarınızı bilmək maraqlı olardı.
   - Bəli, ilk gəlişim deyil. Əvvəllərki gəlişlərimdə də Bakını təmiz, gözəl, inkişaf etməkdə olan bir şəhər kimi görmüşdüm. Ancaq son illər Bakı hər gün inkişaf edir, gözəlləşir. Bunu görməkdən qürur duyur və səmimi qəlbdən Azərbaycan xalqına xoşbəxtlik arzu edirəm.
   
   Söhbətləşdi: Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar