Kəmalə Musazadə:
   «Mən 85 ziyalının qapısını döyüb Qaryağdıoğlunun məzarının Fəxri Xiyabana köçürülməsi haqda dövlət başçısına müraciət üçün imza toplamışam»
  
   «Cabbar Qaryağdıoğlunun yaratdığı trio Qafqazda və xaricdə bədii əhəmiyyətinə görə birinci dərəcəli Avropa ansamblları ilə müqayisə olunar»
   V. Vinoqradov
  
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il 16 avqust tarixində görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun xatirəsinin əbədiləşdirilməsi barədə sərəncam imzaladı. Sərəncamda muğam musiqimizin ulu babası sayılan bu şəxs haqda kitab yazılması, adına küçə verilməsi, haqqında film çəkilməsi və məzarına abidə qoyulması da nəzərdə tutulurdu. Qeyd edək ki, bütün bu işləri araşdıran və Cabbar Qaryağdıoğlunun məzarının Bakıda olmasını sübuta yetirən gənc rejissor Kəmalə Musazadədir. O, 2006-cı ildə ADMİU-nun kinorejissorluq fakültəsini bitirib. Tələbəlik illərindən «Adsız məzar» adlı sənədli filmin üzərində işləməyə başlayıb. Onun səyləri «Cabbar Qaryağdıoğlu» sənədli filminin meydana gəlməsi ilə nəticələnib. Filmin təqdimatından sonra onunla görüşüb bu barədə geniş söhbət etdik.
  
   - Cabbar Qaryağdıoğlunun həyatını araşdırmaq və onun haqqında film çəkmək sizə nəsib oldu. Filmi çəkməyi sizə təklif edildi, yoxsa bu, öz təşəbbüsünüz idi?
   - 2000-ci ildə «Muğam» səsyazma studiyasında işləyərkən tanınmış tarzən Möhlət Müslümov məni Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla tanış etdi. Bizim getdikcə sıx əlaqələrimiz yarandı. Söhbət əsnasında öyrəndim ki, Cabbar Qaryağdıoğlunun dəfn olduğu yer məlum deyil. Hətta bəziləri onun qəbrinin Şuşada olduğunu, bəziləri isə itib-batdığını iddia edirdi. Amma Şəhla xanımın dediyi Yasamal qəbiristanlığına gedib Cabbar Qaryağdıoğlunun bir kiçik mişar daşından ibarət olan məzarını öz gözlərimlə gördüm. Amma məsələ orasında idi ki, qəbrin Cabbar Qaryağdıoğlunun olmasını əsaslı dəlillərlə sübut etmək lazım idi. Əslində mişar daşın üzərində «Q» hərfinin yazılması bir işarə idi. Buna qədər Şəhla xanım müraciətlər etmiş, amma bu işi sona çatdıra bilməmişdi. Mən söz verdim ki, Cabbar Qaryağdıoğlunun xatirəsini əbədiləşdirmək üçün əlimdən gələni edəcəm. Sonra vaxtilə Cabbar əminin tikdirdiyi, ancaq sonradan dağıdılmış evinin xarabalıqlarına baxmağa getdim. Bu, Şeyx Şamil 33 ünvanında yerləşirdi. Sağlığında ora Cabbar əmi məhəlləsi deyirmişlər. O vaxt müxtəlif instansiyalara müraciət etdim. Bununla yanaşı, işlərin uzanacağını bilib bir həvəskar kimi kameramla Şəhla xanımın atasının qəbri üstündə və başqa məkanlarda bu barədə dediklərini lentə aldım. Öz imkanıma veriliş hazırlamaq istəyirdim. Paralel olaraq məzarın layiqli bir səviyyəyə çatdırılması üçün işlər görürdüm. Kimə müraciət edirdim mənə deyirdi ki, sizin nə marağınız var, yaxud da Cabbar Caryağdıoğlu sizin nəyinizdi belə? Bundan sonra etibarnamə əsasında Şəhla xanımın adından müxtəlif instansiyalara müraciət etdim. Hüquqi işlərdə mənə yaxından köməklik göstərdiyinə görə, vəkil Əkbər Məmmədova da öz minnətdarlığımı bildirirəm.
   - Deməli, əlinizdə tutarlı faktlar var idi. Müraciətlərinizə cavab olaraq prezident sərəncam imzaladı.
   - Muğam Mərkəzi yenicə yarananda fikirləşdim ki, C. Qaryağdıoğlunun Azərbaycan mədəniyyətində yüksək xidməti var. Onun əməyi yüksək qiymətləndirilməlidir. Ona görə də mən rəsmi təşkilatlara - o vaxtkı Mədəniyyət Nazirliyinə, Nazirlər Kabinetinə, Muğam Mərkəzinə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etdim. Mənə cavab gəldi ki, sizin məktubunuza baxılır.
   - Bu işdə muğam ifaçılarına müraciət etdinizmi? Çünki onların maraqlarına səbəb ola biləcək araşdırmalarınız olub.
   - Muğam ifaçılarına da müraciət edirdim. Adlarını çəkmək istəmirəm, onların bəziləri mənə müsahibə verməkdən belə yayınırdılar. Bəziləri deyirdilər ki, Cabbar əminin qəbri burada yoxdur, Şuşada qalıb və itib-batıb. Mən təsadüf nəticəsində Xan Şuşinskinin kürəkəni Fikrət Verdiyevlə tanış oldum. O bildirdi ki, Cabbar Qaryağdıoğlunun dəfnində iştirak edənlərdən biri yaşayır. Həmin şəxs - tarzən Firudin Ələkbərov da qocaldığından bəzi məqamları unutmuşdu. Amma mən təmkinlə onu danışdırıb hər şeyi ona xatırlatmağı bacardım. O da təsdiq etdi ki, Cabbar əmi köhnə Yasamal qəbiristanlığında dəfn olunub. Sonra onun da dediklərini lentə alıb lazım olan instansiyalara göndərdim. Əliş Ləmbəranski vaxtilə Şəhla xanıma deyib ki, həmin qəbir Cabbar Qaryağdıoğlunundu. Firudin Ələkbərov deyir ki, vaxtilə Firudin Şuşinski bəzi sənət adamlarına deyib ki, gəlin, pul yığaq Cabbar əminin məzarını düzəldək. Qərara gəliblər ki, xanəndənin qardaşı oğlu Cəlal Qaryağdıya müraciət etsinlər. O, memar idi. Amma bu dəfə də işlər sona çatdırılmayıb.
   - Bütün bunlarla yanaşı, «Adsız məzar» adlı film hazırlayırdınız. Bu işdə sizə kimlər köməklik göstərdilər?
   -Düzdür, filmi «Adsız məzar» adı ilə başlamışdım. Azərbaycan Televiziyasında Faiq Hüsiyevin köməyi ilə Müəllif proqramları departamentində «Adsız məzar» adlı film hazırlamaq istəyirdim. Həsən Cəbrayılov, Arif Zamanov AzTV-də olan arxiv materiallarının mənə verilməsində çox böyük köməklik etdilər. Bu işdə onlara da təşəkkür düşür. «Yeni Dalğa» prodüser mərkəzinin direktoru Rasim Həsənov şərait yaratdı və mən ilkin materialları bu studiyada montaj edə bildim. Sonradan öyrəndim ki, Nazirlər Kabinetində Cabbar Qaryağdıoğlu barədə xüsusi prezidentin imzalayacağı sərəncamı hazırlıq işləri aparılır. Sərəncam efirə getdikdən sonra Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim və işim asanlaşdı. Çünki bəzi adamlar «Bu qız qəbirdən nə istəyir?» - deyərək mənə qəribə baxırdılar. Filmin çəkilməsi işi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Salnamə» sənədli filmlər studiyasına həvalə edildi. Studiyada yaxşı qarşılandım. Direktor Tofiq Məmmədov, operator Köçəri Məmmədov, prodüser Kamil Məmmədov, montaj rejissoru Fərid Axundov mənə çox böyük köməklik göstərdilər. İlk işim olduğuna görə, İqbal Məmmədəliyevlə işləməyə razı oldum. Filmin «Cabbar Qaryağdıoğlu» adlanmasını məsləhət bildilər. «Salnamə» studiyasının bütün əməkdaşlarına, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin Kino Şöbəsinin əməkdaşı Gəmil Fərəcova təşəkkür edirəm.
   Operator Köçəri Məmmədov filmin montaj prosesində rəhmətə getdi. Bu, mənə çox pis təsir etdi. Demək olar ki, işlər yarımçıq qaldı. O, birgə işlədiyimiz aylar ərzində mənə əsl atalıq qayğısı göstərdi. Çox yüksək mədəniyyət sahibi idi. Həyatım boyu onun mənə göstərdiyi qayğı və hörməti unutmayacağam.
   - Filmdə Cabbar Qaryağdıoğlunun abidəsinin hazırlanması prosesindən görüntülər də var idi...
   - Azərbaycan Respublikasının Prezidentinin sərəncamında qəbirüstü abidənin hazırlanması da qeyd olunub. Bakı Şəhər İcra Hakimiyyəti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən abidənin hazırlanmasında bizi də dəvət etdilər. Məzarın yerini onlara göstərdim. Müxtəlif şəkillər apardım. Abidə təxminən 3 metrə yaxın mərmər daşdan hazırlandı. Heykəltəraş Zeynalabdin İsgəndərovla işbirliyi qurduq və abidənin hazırlanma prosesini bütünlüklə çəkdik. Bu işdə trestin əməkdaşı Fehruz Əsgərova təşəkkürümü bildirirəm.
   - Əldə etdiyiniz arxiv materiallarında hansı faktlar var idi? Bildiyimizə görə, siz ən çox onlara arxalanmısınız.
   - Arxivdən tapdığım materialların içərisində ən maraqlısı 1948-ci ildə Fəxri Xiyabanın yaranması, tikilməsi, 12 mədəniyyət xadiminin qəbrinin araşdırılması və oraya köçürülməsi haqqında Azərbaycan SSR Nazirlər Kabinetinin fərmanıdır. Həmin 12 nəfərin içində Cabbar Qaryağdıoğlunun da adı var. Amma hansı səbəblərdənsə C.Qaryağdıoğlunun qəbrinin köçürülmə prosesi baş tutmayıb. Müraciət etdiyimiz ilk məktublarda da mən istəyirdim ki, Cabbar Qaryağdıoğlunun qəbrinin də Fəxri Xiyabana köçürülməsi öz əksini tapsın. Bəzi səbəblərdən biz bunu qeyd etmədik.
   - Söhbətinizdən belə məlum oldu ki, bu önəmli iş prosesində sizi qınayanlar az olmayıb. Hazırda hansı əhval-ruhiyyədəsiniz?
   - Mən 85 ziyalının qapısını döyüb Qaryağdıoğlunun məzarının Fəxri Xiyabana köçürülməsi haqda dövlət başçısına müraciət üçün imza toplamışam. Rəhmətlik şair Bəxtiyar Vahabzadə çox təsirləndi və dedi: «Qızım kişilər hanı ki, bu işlə sən məşğul olursan?».
   Çox qınayanlar oldu ki, nəyinə lazımdı. Necə yəni nəyimə lazımdı? Bu, bizim millətimizin mədəniyyətini göylərə ucaldan bir şəxsiyyətdir. Cabbar Qaryağdıoğlu millətimizin fəxridir və onun məzarı layiqli yerdə olmalıdır. Dünya səviyyəsində olan bir sənətkarın qəbrinə gül qoymaq üçün onun məzarı axtarılır. Çünki həmin yerə getmək çətindir. Hamı deyir ki, muğamımızın babasıdır. Amma babaya bu cür münasibət olmaz. Filmin təqdimatında da vurğulandı ki, Cabbar Qaryağdıoğlunun qəbrinin Fəxri Xiyabana köçürülməsi məqsədəuyğundur. Muğam ifaçılarının, muğamsevərlərin, bütün elin ziyarət yerinə çevrilməlidir.
   Mənim üçün bu məzarın xüsusi rəmzi bir mənası var. Qaryağdıoğlu Şuşada dünyaya göz açıb, Bakıda dəfn olunub. Hər iki şəhər Vətənimizin bir parçasıdır. Ancaq təəssüflər olsun ki, Şuşaya əlimiz çatmır, ordakı ulularımızın - Natəvanın, Nəvvabın və başqa tarixi şəxsiyyətlərimizin məzarını nəinki ziyarət etmək mümkün deyil, hətta yerlə yeksan edilmiş vəziyyətdədir. Ancaq Qaryağdıoğlunun məzarına əlimiz çatır. Heç olmasa tarixi yaşatmaq üçün onun məzarını gələcək nəsillərə nümunəvi şəkildə çatdırmalıyıq.
   İstəməzdim dediklərim pafoslu alınsın, ancaq mənimçün Qaryağdıoğlunun məzarının araşdırılması, 65 ildən sonra məzarının üzərində mişar daşı yerinə möhtəşəm abidə ucaldılması, Şuşadan onun məzarı qədər torpağın geri qaytarılması kimi rəmzi məna daşıyır. Bu işlə məşğul olmağım mənimçün böyük şərəfdir. Mənə kömək olan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm.   

    İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar