Alim Qasımov: “Məni o ruhi məqama meydan gətirdi”
   
   Mən Alimlə o vaxt görüşdüm ki, o, artıq muğamla bir yerdə idi, neçə il idi ki, onunla qol-boyun yol gedirdi. Uşaqlıqda mən təknəmizdə çörəyin olmağına, yazda ağacın çiçəkləməsi qədər adi hal kimi baxırdım. Eləcə də, muğama. Nə süfrəmizi süfrə edən çörəyin necə əvəzsiz nemət, nə də muğamın ağlımızın, ruhumuzun qərarlaşmadığı bu dünyada necə ilahi bir işarə olduğunu dərk edirdim.
   Sonralar mən böyüdüm. Gördüm ki, keçmiş ötüb gedən buludların kölgəsi kimidir. Alimin səsi də muğamın yer üzündən ötüb keçən kölgəsini xatırlatdı mənə. Bu kölgə Misirin ehramları, Hindistanın qədim kitabları, Mənsur Xəllacın «Ənəlhəqq» nidası və Nəsiminin sığmadığı iki cahanın üzərindən keçib getdi. Mən o vaxt, uşaq olanda fərqinə varmadığım çörək təknəsini, hər yaz çiçəkləyən ağacın həqiqətini anlamağa başladım. Uzaq-uzaq səhraların, dərin-dərin dəryaların, sökülən dan yerinin, qüzaran üfüqlərin, nəhəng sivilizasiyaların bu günümüzə gəlib çatan xarabalıqlarında oxuya bilmədiyimiz daş yazıların, naxışların nəfəsini duydum bu səsdə. Hər dəfə Alimə qulaq asanda, fikirləşirəm ki, eşitmək Adəm övladına verilən universal qanunlardan biri deyil, insanın öz daxili səsini dinləməkdir, kainatın bu «daxili səs»lə vəhdətidir. Budurmu muğam? Belədirmi insanın mahiyyəti? Elə bu suallar ilə Novruz bayramı ovqatı ilə yaşadığımız bir mart günü, nəhayət ki, ustad sənətkarımız Alim Qasımovla görüşə bildim.
   
   - Muğamın bir zahiri məqamı var, bir də ruhi. Bu ikinci məqama necə gəlib çıxmısınız? O prosesi sözlə ifadə edə bilərsinizmi?
   - Bu, mənim həyat tərzimdən irəli gəlir. Yaradıcılığımın ilk illərində toylarda bəzən altı-yeddi saat oxuyurdum. Bir də görürdün ki, məclisə təzə gələn adam iki dəqiqə əvvəl oxuyub qurtardığın muğamı sifariş elədi. Məcbur idin ki, oxuyasan. Belə-belə, muğam dəstgahı mənim üçün az qala adi mahnıya çevrilmişdi. Eyni şeyi təkrar-təkrar nə qədər oxumaq olar? Adamın özü də, beyni də yorulur. Başladım özüm istəyən kimi oxumağa, daha doğrusu, bu təkrarın içində rahatlıq axtarmağa. Toydu da, biri xətrimə dəyirdi, biri mənə eyhamla sataşırdı, çünki pulu çox idi. Mən də Allahımı çağırıb, gözlərimi yumub içimdə ağlaya-ağlaya oxuyurdum. Yaxşı ki, arada bu oxuduqlarımdan bəzilərini lentə alırdım. Gözləyirdim ki, toy qurtarsın, yolda oxuduğuma qulaq asım. Evimiz uzaq idi - Güzdəyə gedib-gəlirdim, saatyarımlıq yol idi. Yolda kaseti qoyurdum maqnitofona. Görəndə yaxşı oxumuşam, çatan kimi evdəkiləri də yuxudan qaldırardım ki, təzə oxuduqlarıma qulaq assınlar. Həm də ki, gecə də olsa, mənə çaydan, sudan verməlidirlər axı, çünki toydan gəlmişəm. «Ay burası yaxşıdır», «orası yaxşıdır», beləcə, neçə illər hər gecə toydan qayıdandan sonra evdə bu müzakirələr davam etdi. Hiss olundu ki, mənəviyyat maddi həyatdan bir balaca uzaqlaşırsa, öz yerini tapırsa, onda yaradıcılıq, istər-istəməz istiyə, alova dönüb, qəlblərə girə bilir. Həm də onda oxuduğun fərdiləşir, özününkü olur; daha qulağa, görkəmə yox, mənəviyyata qulluq eləyir. Onda görürsən ki, sənə münasibət də dəyişdi. Yəni məni o ruhi məqama meydan gətirdi, həyat özü gətirdi.
   - İfa etdiyiniz muğamlarda dini musiqiyə uyğun qəzəllərə üstünlük verirsiniz. Həm də ki, oxuyanda həqiqətə can atan bir sufi timsalında görünürsünüz. Belə məqamlarda bəzən əlləriniz səs və sözlə deyə bilmədiklərinizin tərcümanına çevrilir. Bu məqamlara da toxunmağınızı istəyərdik.
   - Azərbaycanda əl hərəkətləri ilə oxumaq bir az nöqsan görünsə də, bu festivalda (17-26 mart 2009-cu ildə Bakıda keçirilən I Beynəlxalq Muğam Festivalı - Q.Ş) gördük ki, oxuyanların heç biri qalstuk geyinib, düpbədüz oturmayıb, hamısı hərəkətdə idi. Yerdə oturan da var idi. Artıq bu iş, Allaha şükür ki, daha məndən keçdi. Haqq yerini tapar, deyiblər. Tapdı da, inşallah, həmişə tapacaq da. Bəzən səsimlə gedə bilmədiyim notları, məqamları əl hərəkətləri ilə çatdırmağa çalışıram. Görürəm ki, əl hərəkətləri ilə səs sözümə qulaq asdı, yadımdan çıxan sözləri yadıma saldı, yaxud sözün deyiliş qaydasını ölçüyə saldı. Mən bunu bilmirəm ki! Kortəbii eləyirəm bunları.
   - Siz oxuyanda mən həmişə düşünmüşəm ki, Alim Qasımov həddindən çox mütaliə edir. Həqiqətənmi sözlərini çox oxuduğunuz Nəsimini, Füzulini, Seyid Əzim Şirvanini dərindən mütaliə edirsiniz, yoxsa eləcə ruhunuz, qanınız sizi fəhmlə onlara tərəf çəkir?
   - Kaş siz deyən kimi, mütaliə aludəçisi olaydım. Mən bir qəzəl öyrənmək üçün o dünyanı görüb gəlirəm. Bir sətir yazıb başımın altına, bir sətir maşına, birini də cibimə qoyuram, dənə-dənə söz öyrənirəm. Adam var yanında qəzəli oxuyursan, o saat da əzbərləyir. Şükür Allaha ki, bu, məndə yoxdur. Deyək ki, beş musiqiçi başlasın bir mahnını öyrənməyə. Onlar bir günə öyrənər, mən bir həftəyə. Düzdür, onu öyrənincə çox əziyyət çəkərəm, ancaq yaxşı öyrənərəm. Ancaq sonra görərəm ki, o əziyyətim hədər getməyib, o musiqi daxili aləmimə hopub. Oxuyanda məlum olar ki, onlar öyrəndiyi kimi, mən isə onu başqa cür ifa eləyirəm. Qəzəli tez əzbərləmək talantı məndə yoxdur. Bir muğamı, yaxud xalq mahnısını dəfələrlə məşq eləyirəm, öyrənirəm, ancaq səhnəyə çıxanda ilham gəlirsə, eşq gəlirsə, tamam başqa cür alınır. O da Allahın bir sirridir ki, siz deyəni alıb, başqa şeylər verib mənə.
   «Başqa şeylər» sözünü də Alim elə başqa cür dedi. Görünür, Tanrının insan surətinin mahiyyətinə yazdığı «başqa sözlər»i əzbərləmək qeyri-mümkündür. Bəlkə də onu yüz dəfə eşidərsən, bir dəfə qavrayarsan. Deyirlər, qədimdə bir müdrik qoca və tələbələri harasa gedəndə, yol qırağında budaqlarını meyvə əyən bir ağac görürlər. Tələbələr ağaca tərəf yüyürəndə qoca onları saxlayır:
   - Getməyin, o meyvələr acıdır.
   Tələbələr meyvənin tamına baxanda görürlər ki, doğrudan da acıdır. Heyrətlə ustadlarının bunu hardan bildiyini soruşurlar. Müdrik qoca cavab verir:
   - Bu ağac yol qırağında bitib. Əgər onun meyvəsi şirin olsaydı, çoxdan dərib aparmışdılar.
   Ağacı tanımaq, meyvəni tanımaq... Ən çətini isə sözü tanımaq. Bu, sadəcə olaraq təcrübə deyil. Bu, mahiyyətə varmağı sevən adamın gizli bilgisidir. Çünki söz əzbərləmək məsələnin zahiri tərəfidir. Sözü tanımaq, mahiyyətinə varmaq isə başqadır. Yəqin ki, Alim də «başqa şeylər» deyəndə elə bunu nəzərdə tuturdu: - mətni əzbərləmək yox, onun əzabını çəkmək və sonra da o əzabın ləzzətini yaşamaq.

   - Azərbaycan muğamını indiyə kimi Alim Qasımov qədər dünyada tanıdan ikinci xanəndə olmayıb. Şərq təfəkkürünə əsaslanan muğamı Qərb insanı necə qəbul edir?
   - Forma cəhətdən deyək ki, bizim «Çahargah»ı təqdim edə bilərsən. Ancaq ona gözəllik, rəng, ilham, eşq qatmasan, o nə bizim Azərbaycanda, nə də xaricdə yeriyə bilər. Baxır o xanəndə necə ona eşq verib, necə öz ilhamından ora qatıb, öz istedadını nə qədər ora sərf edib. Bu rəssamlıqda da var, şairlikdə də, yəni əsl yaradıcılıq bunu tələb edir. Ona görə də «mənəvi qulaq»ın səsi dünyada eynidir. Gözəl səs, gözəl ifa, gözəl alət hamının xoşuna gəlir. Kədərlənəndə görürsən ki, amerikan da, fransız da, azərbaycanlı da eyni cür kədərlənir. Yaxud, Çarli Çaplinin filmlərini götürün. Çaplinin vətəni haradır? Dünya. Əsl sənət üçün sərhəd yoxdur. Onun oynadığı filmlərə baxanda bizim uşaqlar da gülür, ingilisin, zəncinin uşağı da.
   Hər bir böyük sənətkar bu mənada elə Çarli Çaplinin bir tayıdır. Bu yaxınlarda ABŞ-dan səfərdən qayıtmışıq. Proqramımızda «Leyli və Məcnun»dan bir çox parçalar vardı. ABŞ-ın müxtəlif ştatlarında çıxış eləyirdik. 3000-3500 nəfərlik konsert zalları ağzına kimi dolu olurdu. Yanmasan, işıq verməsən, heç kim ora ayaq basmaz.
   ABŞ-da neçə-neçə tamaşaçı məni bağrına basıb, neçələri heyranlıqlarını bildirib. Yaponiyada bizi zal ayaq üstə alqışlayıb. Deyək ki, Avropa və ABŞ-da bunu çox görmüşəm. Ancaq hamı bilir ki, yaponlar ifaçıları nadir hallarda ayaqüstə alqışlayırlar.
   Hansı xarici təşkilat və cəmiyyətlə əməkdaşlıq etmişiksə, bizi konsertə dəvət ediblərsə, onlarla əlaqələrimiz bu gün də davam edir. Elə bir təşkilat yoxdur ki, biz onunla cəmi bir dəfə işləyək. Necə deyərlər, hara arpa-buğda səpmişiksə, Allah rizası üçün, hamısı göyərib. ABŞ-da konsertin sonunda bir amerikan mənə yaxınlaşdı ki, özümlə müsəlman aləminə, çadraya münasibəti yaxşı olmayan oğlumu da gətirmişəm; qoy görsün ki, baş örtüklü müsəlman qızı (A.Qasımov qızı Fərqanənin çıxışını nəzərdə tutur) necə oxuyur.
   - Alim müəllim, bu cür sadə və sərbəst geyimi xaricilərdən götürmüsünüz, yoxsa onun da yolu muğam ifaçılığınız kimi təkamüldən keçib?
   - İlk vaxtlar xaricə gedəndə çuxa, papaq yaxud başqa bu cür paltarları geyindirərdilər bizə. Çıxırdıq səhnəyə, heykəl kimi nə əlimizi tərpədə bilirdik, nə bir hərəkət eləyə bilirdik. Bir dəfə Fransaya getmişdik. Fransız menecerimiz vardı, bizə ağırlıq gətirən paltara baxıb soruşdu ki, siz bunları gündəlik geyinirsiniz? Cavab verdik ki, yox. Dedi ki, elə bil qanadlarınızı kəsiblər; siz bu paltarda, sanki darıxırsınız, ona görə də həmişə nə geyinirsinizsə, səhnədə də onu geyinin. Düzü, bu, hamımızın ürəyindən oldu. Dünyaşöhrətli pakistanlı muğam ustası var - Nüsrət Fətəlixan. Bir dəfə İslamabadda onun konsertinə baxdım. Gördüm ki, uzun bir ağ köynək geyib. Səhnədə çox sərbəst oturub, həm də rahat oxuyur. Bir növ, səhnədə kef eləyir. Əl hərəkətləri də öz yerində. Ordan qayıdan kimi, birdəfəlik qərara gəldim ki, hansı paltarda özümü rahat hiss edirəm, onu da geyinəcəyəm.
    Söhbət ondan getmir ki, mən də pakistanlıya baxıb əlimi qaldırım, yaxud hansısa hərəkət eləyim. Yox, canla, sözlə, qəlblə o tam yaranmasa, çox biədəb, süni çıxar. Məsələn, durub fikirləşim ki, çoxdandır oxuyanda əlimi dəbərtmirəm, qoy arada əlimi qaldırım. Vallah, bu alınmaz. Gərək o, ürəkdən gələ. Qaldı yerdə oturmaq məsələsi. Belçikaya getmişdik. Gördük ki, yerdə döşəklər qoyulub, mikrofonlar quraşdırılıb. Soruşdum ki, bu nə məsələdir? Biz belə oxuya bilmərik, stullar gətirin. Oranın işçiləri getdilər stul gətirməyə. Mən uşaqlara dedim ki, onlar gələnə kimi bir məşq eləyək. Oturduq, oxuduq, ayə, gördüm əladır. Uşaqlardan bir-bir soruşdum ki, sizinçün belə rahatdır? Hamı dedi ki, bəli. Dedim, mənimçün lap yaxşıdır. İki dəfim vardı, bir-iki dəftərim, qoydum yanıma, gördüm can rahatlığıdır. Bu əsnada stulları gətirdilər, dedim ki, daha lazım olmadı. Bizim yerdə oturmağımız o gündən başladı. Həm də Allahın qisməti, bir nizamı da var axı. Mən həyatımda indiyə qədər heç nəyi planlaşdırmamışam, qabaqcadan düşünməmişəm. Planlaşdırdığım iş heç əmələ də gəlməyib. Plansız işlərimin hamısı alınıb.
   Düz təxminən beş il bundan əvvəl Alimin «Çahargah»ını dinləyəndə ruhum yerindən oynadı. Sanki min il əvvəlki və min il sonrakı dünyanın havası bir-birinə qarışdı. Anladım ki, insan heç vaxt Tanrının dərgahına yüksəlməyəcək. Yalnız faniliyin qovğasından yaxa qurtarıb o uca məqama can atacaq. Mövlanə Cəlaləddin Rumi demişkən, ney öz kökündən ayrıldığı üçün ağlayır. Amma dinləyənlər isə ondan zövq alır. Sonra düşündüm ki, Alimin yanğısı da elə neyin dirilik suyuna çataraq, əbədi vəhdətə qovuşmaq istəyidir. Qoy məni Mövlanənin ruhu, Alimin oxuduğu «Çahargah» bağışlasın, o vaxt bu nəhəng sənətkarı dinləyəndə bir-iki misra yazdım, varağın ağappaq ənginliyinə. Qismət olar, verərəm Alim müəllim oxuyar. Biz görüşəndə də bu haqda ona heç nə demədim. Bu görüşdə poeziyadan danışmaq məqamı olsa da, ancaq yer yox idi. Lakin bizim kəndin ağsaqqallarından olan rəhmətlik Arzuman kişi demişkən, dünyanın quyruğu çox uzundur, yəqin gec-tez belə bir məqam tapılacaq. Sağlıq olsun... Nə isə keçək mətləbə.
   - Rəhmətlik Hacıbaba Hüseynov demişdi ki, mən muğamı Alim Qasımova tapşırıb gedirəm. Hansı xüsusiyyətlərinizə görə o, bu sözləri söyləmişdi?
   - Birinci, mən zəhmətkeş idim, ikinci, onun dostu idim. Üçüncüsü, onun sənətinin incəliklərini yaşadırdım. Onunla çox toylarda oxumuşam. Görüb ki, nə oxuyuram, necə oxuyuram. Mən daha rəhmətliyə rüşvət verib deməmişəm ki, mənim haqqımda belə desin.
   - Elə bilirəm ki, gənclərimizin muğama meyli, daha çox, siz oxumağa başlayandan sonra yarandı. Bu sənətə vurğunların sayı artdı. İfanızdakı hansı cəhətlər, sizcə, onları cəlb etdi?
   - Gənclər sərbəstliyi sevən olurlar. Mən də öz ifalarımda çox sərbəst oluram. Görünür, o sərbəstlikdir onları cəlb eləyən. Axı müəyyən təbəqə adamları düşünüb oxumaq olmaz. Mən oxuyanda özümü həlak etməsəm, azadlığımı axtarmasam, cavan onu dərk etməyəcək, onu yuxu basacaq.
   - Alim müəllim, bu yaxınlarda (26 mart) Bakıya - I Beynəlxalq Muğam Festivalına gələn məşhur Şərq musiqisi tədqiqatçısı, fransız professor Jan Dürinqdən müsahibə aldım. Ona sual verdim ki, Azərbaycan xanəndələrindən ən çox kimi xoşlayırsınız? İndi onun cavabını olduğu kimi sizə çatdırıram: «Alim Qasımovu. Çünki o, muğamın ilkinliyini daha çox bərpa etməyə çalışır və müəyyən qədər də buna nail olub. Ancaq müəyyən qədər». Bu istiqamətdə tədqiqatlar aparıb, sonra ona uyğun oxuyursunuz, yoxsa bu elə fəhmlə, bədahətən alınır sizdə?
   - Çox adam deyir ki, muğamatı dəyişdirirlər. Bunu qoydum qırağa. Mən qədim alətlərə, qədim musiqiyə çox qulaq asan bir adamam. Bugünkü və keçmiş oxumalar arasında görürəm ki, böyük fərq var. Mən o qədim musiqini öyrənirəm və oxuduqlarım da daha çox onlara oxşayır. Festivalda Fərqanə ilə «Çahargah» oxuyurduq. Filarmoniyadakı son çıxışı deyirəm, yəqin baxmısınız. Orda «Mənsuriyyə»də bir yer var. Mən Fərqanədən xahiş elədim ki, orda bir-iki yerdə - hansı ki, onu Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd eləyib zəngulələrdə - o boğazları vursun. İndi mən yaşlıyam da, onları öyrənə bilməmişəm. Fərqanə də o zəngulələri vurdu və çox gözəl də alındı. O qədim nəfəsi çatdıra bildi.
   - Bəs filarmoniyadakı həmin çıxışınızda o «Mənsuriyyə»nin sonluğu nə idi? Axı biz indiyə kimi «Mənsuriyyə»nin o cür başa çatmasını görməmişdik. O ifa, o sonluq zalı heyrətləndirdi. Alqışlar kəsilmək bilmirdi.
   - Onu soruşmayın. Uşaqlarla axtarıb tapmışıq. Gördük çox gözəl alınır, ona görə də oxudum.
   O cür zalı yerindən oynadan, adamın varlığı ilə yoxluğunu bir-birinə qarışdıran sonluğa Alimin bu cür sadə cavab verməyini təbii qarşıladım. O, bunu çox adi bir hal kimi qələmə vermək istəsə də, əslində mirvariyə bənzəyən o sonluğu Alimin qəvvas kimi dəryaların hansı dərinliyindən axtarıb tapdığını görmək çətin deyildi. Yəqin o gün filarmoniyada o çıxışa baxan hər kəs mənimlə razılaşar.
   Əgər mən indi yenə bir hikmətli hekayəti xatırlasam, qoy oxucu məni qınamasın. Çünki Alimin səsi və təfəkkürü bu hikmətlərdən yoğrulub.
   ...Bir rahib günün günortasında çıraq yandırıb küçədə dolaşırmış. Görənlər heyrətlənib soruşurlar ki, gün işığında çıraqla niyə gəzirsən? O da kədərlə deyir: insan axtarıram.
   Alimin «Mənsuriyyə»nin sonunda yandırdığı çıraq mənə o müdrikin halını xatırladır. Əvvəl o, çırağı tapmışdı, yəqin insanı da tapacaq.
   - Sizin özünəməxsus üslubunuz ənənəvi məktəbə söykənsə də, fərdi yoldur. Bu, məktəbə çevrilə bilər, yoxsa ayrıca yol kimi qalacaq?
   - Bizdə muğamda Seyid Şuşinski məktəbi var. Elə muğam var ki, onu oxuyanda Seyid Şuşinski yolundan çıxsam, o, ləzzətdən düşər. Bu ustad sənətkarın elə tələbələri var ki, onun kimi oxuya bilmir, heç onların ifasında Seyid Şuşinskidən əsər-əlamət də yoxdur. Ancaq mən onun ifa etdiyi «Heyratı»nı, «Humayun»u, «Osmanlı»nı, «Müxalif»i oxuyuram. O, bir məktəbdir. Məsələn, Hacıbaba Hüseynovun «Çahargah»ına, «Şur»una, «Bərdaştı»na gərək müraciət eləyəsən. Yəni, hər ustadın bir gözəlliyi var. Baxır tələbəyə. Mən indi görürəm ki, toy kasetlərim, disklərim satılır. «Nardaran-3», «Nardaran-4». Heç bilmirəm, onları kim buraxır. Bir gün görürəm ki, Fərqanə də birini alıb gətirib ki, kasetini almışam. (gülür) İndi bu qızıl deyil ki, gizlətsinlər. Kasetdi də. Elə mən özüm də kasetlərdən, vallardan öyrənmişəm də. Kim istəyir, öyrənir. Yəni, məktəb hər evdədir. Məktəb ürəklərdə yaranır. Bu, mənim istəyib-istəməməyimdən asılı deyil. Necə ki, xörəyə bir az istiot, darçın, ədva tökərsən, bax, gənc yaradıcı da belədir - kimdən nə götürəcək, qazanına nə tökəcək, bu, onun özündən asılıdır.
   - Hansı muğamı oxuyanda özünüzü daha rahat hiss edirsiniz?
   - Özümçün oxuyanda hamısı mənim üçün maraqlıdır. Ancaq tamaşaçıya çatdırmağa qalanda, çətin muğamlardan biri «Rahab»dır, biri «Bayatı-Qacar», biri də «Humayun».
   - Səhnədə Fərqanə xanımla çıxış etmək yaradıcılıq baxımından sizə çətinlik yaradır, yoxsa?
   - Həm çətindir, həm asan. Çətindir ona görə ki, bir şey yaradanda iki nəfər üçün yaradırsan, şərikli olursan. Şərikli mal da dostluğu pozar (gülür). Ancaq bir də səhnədə görərsən ki, səsin sözünə baxmır, onda yoldaşın köməyinə çatır, daha doğrusu, adam bir-birinə güvənir. Bu tərəfdən yaxşıdır. Ancaq desəm ki, həmişə yaxşıdır, yox, bu, problemli bir işdir. Həyatda tam yaxşı şey yoxdur. Yaxşı nə qədər yaxşıdırsa, pisi də var. Pis də nə qədər pisdirsə, yaxşısı da var.
   - Bəs Fərqanə necə düşünür?
   - O cavandır, hələ öyrənmək niyyətindədir. Fikirləşir ki, hələ bunda nə var hamısını öyrənim, hamısını yavaş-yavaş çəkim, sonra bunu qoyaram qırağa, o şərikli iş görən adamlar kimi. Sonra da özüm üçün oxuyaram (gülür).
   - Bir sənətkar kimi onun gələcəyinə necə baxırsınız?
   - Allah mərdimazardan, nadandan qorusa, Fərqanə Azərbaycana çox mənəvi dəyərlər verəcək, mənəvi gözəlliklər gətirəcək. Allah cəmi balalarımızı qorusun, Fərqanə balamızı da.
   - Yaxşı bir şeir oxuyursan. Ağıl onu çox yaxşı qəbul etsə də, ruhunu qane etmir. Yaxud əksinə olur. Ruhu qane edir, ağlı yox. Bu, muğamda necədir?
   Görürsən ki, qəzəl yaxşıdır, gözəldir, amma oxuyanda o gözəllik alınmır. O qəzəli, necə deyərlər, beynində əkirsən, bir ay, iki ay zümzümə eləyirsən, ancaq o istədiyin gəlib çıxmır. Ancaq eləsi də var, beş-on günə görürsən ki, özününküləşdirmisən. Elə bil sənə deyir ki, məni hansı guşədə istəyirsən, oxu.
   - Mövlanə Cəlaləddin Rumi bəzən dostlarına gileylənirdi ki, mən şeir yazanda özümə nifrət eləyirəm. Bütün həyatım bu misralarla davada keçib getdi. Hansı ki, onun yazdığı «Məsnəvi» dünyanı bu gün də heyrətləndirir. Bu, Nəsimidə də var. İnsan bir işi ürəkdən eləyəndə, sanki Allahın nəfəsini duyur, onda adam bir rahatlıq tapır. Bu cür hallar keçirmisinizmi?
   - Nehrəni çalxalayanda, tutmayan vaxtı da olur, tutan vaxtı da. Görürsən ki, su soyuq olanda, ya nis çalxalayanda tutmur. Tez-tələsik, məclis xatirinə oxuyanda, o, dildə-ağızda dad vermir - tarixi bir şeyə dönmür.
   - Hər ifanızda, lap xırda olsa belə, mütləq təzə nəsə olur. Ona görə də ekrandan səsiniz gələn kimi, tez diqqət kəsilirik. Lap açıq desək, hər təzə ifanızla bizi havalandırırsınız. Getdikcə, necə deyərlər, hündürlüyü artırırsınız. Bəzən adam qorxur ki, birdən Alim Qasımov dayanar, «bəsdir» deyər.
   - Yox, hələ dayanmaq haqqında düşünmürəm. Bayaq Mövlanəni misal gətirdiniz. Dostlarına şikayət eləyirdi, ancaq işindən əl çəkə bilirdi, yox! Düzü, mən də bəzən ürəyim istəyəni oxuyandan sonra, deyirəm ki, daha qurtardım. Ancaq olmur. Başlayıram yenə axtarmağa.
   - Bəzən oxumağınızda elə bir element olur və o qədər yerinə düşür, təzə görünür ki, bu, yaradıcılığınızda az qala yeni bir mərhələyə dönür.
   - Bir dənə iş var da. Dünya da qoymur axı axıra kimi getməyə. Heç kim axıra qədər gedə bilmir.
   Çox uzaqda, ötən əsrin pərdəsi arxasında qalan bir şairin sözlərini xatırlayıram: «Nə başlanğıc var, nə də ki, son. Keçmiş və gələcək burda görüşür. Bircə onu deyə bilərəm ki, biz burda olmuşuq». Axtaran insan nə əvvələ çata bilir, nə də axıra. Bəlkə Alim söhbətimizin sonunda bunu nəzərdə tuturdu. Bəlkə də o, başqa bir şey demək istəyirdi. Gördüm ki, Alim səhnədə qəlibləri necə sındırırsa, elə söhbətində, düşüncəsində də elədir. Mən onun üz cizgilərinə baxanda, söhbətini dinləyəndə, qəlyanını astagəlcəsinə tumarlamasını müşahidə eliyəndə, çoxdan oxuduğum bir müsahibəsi yadıma düşdü. Alim onda deyirdi: «Şəhərdə olanda kənd, kənddə olanda isə şəhər üçün darıxıram. Əslində kənd də, şəhər də mənzil başına çatan kimi gözümdə adiləşir. Maraqlı olan bircə yoldur».
   
   Qorxmaz Şıxalıoğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar