Azərbaycan-Frankfurt Cəmiyyətinin sədri Kəmalə İsgəndərova:
   «Ölkəmizin tanıdılmasında bu sahənin təbliğinə böyük diqqət ayırmalıyıq»
   
   Müasir dövrdə hər bir dövlətin dünya ölkələri sırasında öz mövqeyini möhkəmləndirməsi və beynəlxalq aləmə sıx inteqrasiyası üçün təbliğat-təşviqat işini həyata keçirən əsas mexanizmlərdən biri də diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsidir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan diaspor təşkilatlarının əlaqələndirilmiş uğurlu fəaliyyət strategiyasının reallaşdırılması işi bu gün özünü Azərbaycanın dünyada mövqeyini gücləndirməsində təcəssüm etdirir. Elə bunun nəticəsidir ki, hazırda azərbaycanlıların dünyanın 30-dan çox ölkəsində 150-dən artıq ictimai, milli-mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Bu təşkilatlar haqq səsimizin dünyaya çatdırılması işində mühüm rol oynayır. Belə diaspor təşkilatlardan biri də üç ilə yaxındır ki, Almaniyada fəaliyyət göstərən Frankfurt-Azərbaycan Cəmiyyətidir. Təşkilatın sədri Kəmalə İsgəndərova ilə Bakıya səfəri zamanı həmsöhbət olduq. 
   
   
   - Söhbətə ənənəvi sualla başlayaq. Cəmiyyətin yaranması hansı zərurətdən irəli gəldi?
   - Belə bir ideya məndə təsadüfi bir hadisədən sonra yarandı. Artıq 11 ildir ki, həyat yoldaşımın işi ilə əlaqədar Almaniyada yaşayırıq. Qızım Leyla orta məktəbə gedəndə sinif yoldaşları ondan haralı olduğunu soruşublar. Leyla da deyib ki, Azərbaycandandır. Uşaqlar da təəccübləniblər ki, belə bir ölkə də var? Hətta müəllim də deyib ki, ilk dəfədir, belə bir yer adı eşidir. Onda qızım evə ağlaya-ağlaya gəlmişdi. Bu hadisə 2001-ci ildə baş vermişdi. Elə o zaman qərara aldım ki, cəmiyyət yaradıb Azərbaycanı tanıtmalıyam. Nəhayət, 3 il bundan öncə Frankfurt-Azərbaycan Cəmiyyətini yaratdım. İlk vaxtlarda Azərbaycan mədəniyyət gecəsi keçirdik və tədbirə 200 nəfər almanı dəvət etdik. Həmin müəllim də gələnlərin içərisində idi. Tədbirdə milli yeməklərimiz, rəqslərimiz, rəssamlarımızın əsərləri nümayiş etdirilirdi. Almaniyanın yerli qəzetlərində mədəniyyət gecəsi barədə geniş materiallara yer verildi. Bu yerdə onu qeyd edim ki, ölkəmizin tanıdılmasında mədəniyyət böyük silahdır. Əminliklə deyə bilərəm ki, bu təbliğatdan istifadə edib hədəflərə çatmaq mümkündür. Adi bir misal deyim, bu tədbirdə iştirak etdikdən sonra alman şagirdləri və müəllim «Azərbaycan haradır?» sualına cavab tapdı. Hətta almanlar bizə deyirdilər ki, Azərbaycana necə gedək.
   - Cəmiyyətin bu günə qədər gördüyü işlər də oxucular üçün maraqlı olardı.. 3 illik fəaliyyət sizi hədəflərinizə yaxınlaşdırdımı?
   - İşimizin bəhrəsini yavaş-yavaş görməyə başlayırıq. Ən güclü təbliğat Azərbaycan həqiqətləri ilə bağlı kitabların yayılmasıdır. Məsələn, alman professoru Yohans Ralfın Qarabağ hadisələri ilə bağlı ətraflı şəkildə yazdığı kitabı, eyni zamanda Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ həqiqətləri ilə bağlı doğma dilimizdə yazılmış kitabları alman dilinə tərcümə edib yayırıq. Ötən ilin mayında Almaniyada ilk dəfə Azərbaycan kitabxanası açdım. Açılışda yerli mətbuat nümayəndələri də iştirak edirdilər. Bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim ki, bu işdə Azərbaycanın Almaniyadakı səfirliyi də bizə dəstək verdi. Ümumiyyətlə, bütün tədbirlərin keçirilməsində səfirliyimiz bizə yaxından kömək edir.
   Məqsədimiz Azərbaycan həqiqətlərini Avropaya yaymaq və zəngin mədəniyyətimizi tanıtmaqdır. Bilirsiniz ki, 2008-ci il Almaniyada Azərbaycan Mədəniyyət ili oldu. Bir il müddətində mədəniyyətimiz bu ölkədə çox tanındı. Almanlar artıq Azərbaycanı yetərincə tanıyır. Çünki Almaniyanın ən böyük şəhərlərində gözəl Azərbaycan gecələri keçirilir. Özüm şahid oldum ki, Berlin Konsert Evində düzənlənən möhtəşəm gecədə almanlar musiqilərimizi ayaq üstə alqışlayırdı.
   - Kəmalə xanım, Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarımız bir araya gələ bilirlərmi?
   - Elə bu məqsədlə ötən il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün Berlində Almaniya-Azərbaycan Koordinasiya Şurasını yaratdıq. Almaniyada 40-a qədər Azərbaycan cəmiyyəti var. Koordinasiya Şurasını yaratmaqda məqsəd o cəmiyyətləri birləşdirməkdir.
   Şuranın 7 üzvündən biri də mənəm. Demək olar ki, Almaniyanın bütün şəhərlərində diaspor təşkilatlarımız fəaliyyət göstərir və Koordinasiya Şurasının də məqsədi bu təşkilatları birləşdirmək, birlikdə layihələr hazırlamaq, illik planlar tərtib etməkdir.
   Tariximizdə önəmli günləri, Novruz bayramını, 20 Yanvarı, Xocalı faciəsini qeyd etməyi planlaşdırmışıq.
    - Almaniyada yaşayan soydaşlarımızın diaspor işinə, təşkilatlanmaya marağı varmı?
   - Hazırda Almaniyada 5 minə qədər azərbaycanlı yaşayır. Əvvəlki illərlə müqayisədə soydaşlarımızın təşkilatlanmağa maraqları artır. Elə ona görə də biz Koordinasiya Şurası yaratdıq. Şurada Almaniyada yaşayan bütün azərbaycanlıların ünvanı var. Almaniyada böyük potensiala malik ziyalılarımız, tələbələrimiz yaşayır. Onların gördükləri işlərlə tanış olduqdan sonra fəxr elədim ki, belə soydaşlarımız var.
   - Almaniyadakı diaspor təşkilatlarımızın maraqlarının ümumi məqsədə yönəldilməsi istiqamətində hansı işləri həyata keçirirsiniz?
   - Bizim fikirlərimiz eyni məqsədə, eyni hədəflərə yönəlir və biz buna çox sevinirik. İndi biz eyni hədəfə vururuq. Birlikdə keçirdiyimiz tədbirlər o qədər uğurlu alınır ki, bu belə davam edərsə, çox böyük işlər görə biləcəyik . Ötən il diaspor təşkilatlarımızla birlikdə dahi Azərbaycan bəstəkarı Qara Qarayevn 90 illik yubileyini keçirdik.
   - Sevindirici haldır ki, dünyanın bir sıra ölkələrində diaspor təşkilatımıza rəhbərlik edən qadınlarımız var. Almaniyada necə, bu sahədə qadınlarımız fəallıq nümayiş etdirirlərmi?
   - Bizim Koordinasiya Şurasında Samirə İsmayılova icraçı direktordur. Mayns, Köln şəhərlərindəki diaspor təşkilatlarımızda çoxlu qadınlarımız var. Övladlarımızın, gələcək nəslin milli ruhda böyümələrində anaların rolu çox böyükdür. Elə buna görə də istərdim ki, diasporda qadınların sayı çox olsun.
   
   MEHPARƏ






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar