Nigar Cərullaqızı: «Valtorna, trambon, faqot, turba, violonçel, kontrabas, altı itirə bilərik»
   
   Qədim Şərq ənənələrinə görə, dövlətin qüdrəti onun musiqi mədəniyyətinin səviyyəsi ilə müəyyən olunurdu və buna görə də böyük dövlət xadimləri onun inkişafı və tərəqqisi üçün çalışardılar. Şərqin bir parçası olan Azərbaycanda Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi dahilərimiz klassik musiqi sənətinin, simfonik musiqi mədəniyyətinin dirçəldilməsi üçün əllərindən gələni ediblər. Zaman-zaman bu dahilərin ənənələrinə arxalanan və simfonik musiqi mədəniyyətinin keçmiş şöhrətinin qaytarılması, bərpa edilməsi üçün çalışan sənətkarlarımız olub. Amma təəssüf ki, yaşadığımız dövrdə simfonik musiqiyə maraq getdikcə zəifləyir. Bu, özünü məktəblilər arasında orkestr alətlərinə həvəsin azalmasında da göstərir. Nəticədə isə artıq bəzi orkestr alətlərinin yalnız quruca adı qalıb. Əslində nə baş verir? Məsələ ilə bağlı bizi maraqlandıran suallara Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Nigar Cərullaqızı ilə söhbətdə cavab tapmağa çalışdıq.
   
   - Sizcə, nə üçün gənc nəslin nümayəndələri arasında orkestr alətlərinə həvəs getdikcə zəifləyr?
   - Təəssüf ki, bu gün şou-biznes bütün dinləyici auditoriyasını öz əlinə alıb və nəticədə də ciddi musiqiləri dinləyən auditoriyanın miqyası azalıb. Ciddi musiqini dinləmək üçün yüksək səviyyəli intellekt lazımdır. Bu intellektin əldə olunması isə böyük zəhmət tələb edir. Amma bu gün insanlar asan qazanc dalınca qaçırlar. Təəssüf ki, bizim istəyib-istəməməyimizdən asılı olmayaraq bu, yaşadığımız zamanın qaydalarının diktəsidir. Adi bir misal deyim, sovet dövründə Fərhad Bədəlbəyli Portuqaliyanın paytaxtı Lissabonda Birinci Beynəlxalq müsabiqənin laureatı olmuşdu. Geri dönərkən onu çox böyük təmtəraqla qarşıladılar. Bu, Azərbaycan üçün böyük bir hadisə idi və bütün respublika sevinirdi. Radio və televiziyada bu haqda verilişlər hazırlanırdı. O zaman biz F.Bədəlbəyliyə bir qəhrəman kimi baxırdıq və sevinirdik ki, o, bir ad qazanıb gəlib.
   Gəlin o dövrlə bu günümüz arasında müqayisə aparaq. Məsələn, hazırda Bülbül adına məktəbin neçə-neçə beynəlxalq müsabiqələr laureatları var. Təəssüf ki, kütləvi informasiya vasitələrində onlar haqda sadəcə informasiya verirlər. Amma onları qəhrəmana çevirmək, yaşıdlarına örnək kimi göstərmək istiqamətində heç bir təbliğat aparılmır.
   Məsələn, məktəbimizin məzunu Günel Mirzəyeva doğrudan da çox yüksək səviyyəli beynəlxalq müsabiqənin laureatı oldu. Amma Azərbaycanda bu haqda heç kim məlumatlanmadı. Heç kəs demədi ki, tez dönsün, onun üçün konsertlər təşkil edək. Və yaxud tarzən Eyyub Quliyev Polşada çox ciddi bir beynəlxalq müsabiqənin laureatı oldu. Bununla da bağlı mətbuatda («Mədəniyyət» qəzeti istisna olmaqla) sadəcə bir neçə informasiya yazıldı. Belə müvəffəqiyyətlərə laqeyd yanaşanda dinləyici auditoriyasının miqyası da daralır.
   Əksinə, bu gün televiziya ekranlarında səviyyəsiz əyləncəli verilişlərə geniş yer verilir. Belə proqramlar ekranı əlinə götürməməlidir. Anlaya bilmirəm, evdə oturan insan həmin verilişlərdən nə öyrənir? Onda hansı intellektual dəyişikliklər baş verir. Yüngül əyləncənin də vaxtı var axı. O halda intellektual potensial çox aşağı düşür. Elə ona görə də bir sıra simfonik musiqi alətlərində çalmağa gələnlərin sayı azalmağa doğru gedir.
   - Bu alətlərdən hansıların adlarını çəkmək olar? Hansıları itirmək təhlükəsi ilə üz-üzə dayanmışıq?
   - Bunlar valtorna, trambon, faqot, turba, violonçel, kontrabas, alt kimi simfonik musiqi alətləridir. Məsələn, bu gün violonçeldə çalmağa Azərbaycanda yaşayan əcnəbilər və ya 1-2 rus ailəsindən olan uşaqlar həvəs göstərirlər. Çünki onların bir məqsədi var: Böyüyəndə Azərbaycanı tərk edib getmək. Aldıqları biliklərə görə dünyanın hər hansı bir orkestrində 3-4 min dollar pul qazanacaqlar. Çünki dünya orkestrlərinin belə mütəxəssislərə böyük ehtiyacı var.
   - Amma təhsili Azərbaycandan aparırlar...
   - Təəssüf ki, bu belədir. Bizim neçə-neçə məzunlarımız Türkiyədə, İtaliyada çalışırlar. Bilirsiniz ki, İtaliya incəsənətin mərkəzidir. Buna baxmayaraq, biz İtaliyadan ölkəmizə konsert verməyə gələn musiqiçilərin səviyyələrindən heç vaxt razı qalmamışıq. Amma onlar bizim pianoçularımızın qarşısında sözün həqiqi mənasında heyrət edirlər. Və həmin an dəvət edirlər ki, onların ölkələrinə gedib konsert proqramı ilə çıxış etsinlər.
   Bu musiqiçilərin üzərində biz həddindən çox zəhmət çəkirik. Bilirsiniz ki, elitanın öz musiqi zövqü, dinlədiyi əsərlər var. Azərbaycanda da orkestr musiqisini dinləmək istəyənlər çoxdur. Məsələn, əgər filarmoniyada ustad sənətkar çıxış edirsə, biz ora bilet tapa bilmirik. Amma bu auditoriyanı da qoruyub saxlamaq lazımdır.
   - Auditoriyanı da qoruyub saxlamaq və bu musiqini yaşatmaq üçün mütəxəssislərin olması vacibdir. Əsası qoyulandan bəri dahi musiqiçilər yetişdirən Bülbül məktəbi bu sahədə mütəxəssis və musiqi alətləri baxımından nə dərəcədə təmin olunub?
   - Məktəbimizdə yuxarıda adlarını çəkdiyim orkestr alətlərindən bəziləri var. Sadəcə olaraq, bu alətlərdə ifa etməyi öyrənməyə gələn yoxdur. Mütəxəssis baxımından da o qədər əziyyət çəkmirik. Amma əməkhaqqı az verildiyindən bu musiqi alətlərini tədris edən müəllimləri məktəbdə saxlaya bilmirik. Məsələn, məktəbimizdə valtornada çalmağı öyrədən çox yaxşı Lev İçkolski adlı müəllim var idi. Yuxarıda dediyim səbəblərə görə Azərbaycanı tərk edib, xaricə işləməyə getdi. Bu mütəxəssisləri qorumalıyıq ki, onlar Azərbaycanı tərk etməsinlər. Ən azı onları digər müəllimlərdən fərqləndirib yüksək əməkhaqqı verməliyik. Əks halda, biz yaxın gələcəkdə təhlükə ilə üzləşəcəyik. Alətlərə gəlincə, onlar həddindən artıq bahadır. Sovetlər dönəmində faqot çox ucuz bir alət idi. Bu gün isə bu alət 12 min 500 dollardır. Bu, nəfəsli alətdir və özünəməxsus gözəl səsi var. Orkestrləşdirilən hər bir əsərdə faqotdan istifadə olunur. Artıq faqot məktəbdə yoxdur. Axı onu kim çalsın? Hansı valideynin imkanı var ki, bu məbləğə musiqi aləti alsın?
   Yadımdadır ki, vaxilə məktəbimizdə faqot olanda bir yəhudi tələbə xahiş edirdi ki, bu aləti ona verək, öyrənsin. Sonradan öyrəndim ki, o, Azərbaycanı tərk edib getmək istəyir. Ölkəmizi tərk edərkən həm yaxşı pianoçu oldu, həm də faqot çalmağı öyrəndi. Demək istədiyim odur ki, əcnəbilər bu alətlərin dəyərini çox gözəl bilirlər. Ancaq əfsuslar olsun ki, bizdə belə deyil. Məsələn, alt musiqi alətində öyrənməyə gələn yoxdur. Skripkada özünü doğrultmayan şagirdləri məcbur edirik ki, bu alətdə ifa etməyi öyrənsinlər. Violonçel, kontrabas kimi simli alətlər yox dərəcəsindədir. Hazırda alətləri ifa edənlərin özləri də virtuoz ifaçılar deyillər. Nəfəsli alətlər arasında klarnetə həvəs göstərirlər. Çünki klarnetlə toyları idarə edə bilirlər. Valtorna, turba kimi nəfəsli orkestr alətlərini toylara dəvət etmirlər axı. Mən onları başa düşürəm. Çünki indiki halda bu alətlərdə ifa edib ondan alınan məvaciblə ailə saxlamaq mümkün deyil.
   - Bəlkə bu ondan irəli gəlir ki, Azərbaycanda klassik musiqiyə həvəs getdikcə azalır?
   - Klassik musiqini həmişə əhalinin az faizi dəyərləndirib. Amma bu auditoriyanı da nəzərə almaq lazımdır. Ümumiyyətlə, həmişə tamaşaçılar, dinləyicilərin zövqləri müxtəlif olub. Tutaq ki, kənd yerlərində yallı ilə dincəlirlər, yallı oynayırlar, gözəl-gözəl xalq mahnıları ifa edirlər. Təbiətin qoynunda tütək çalırlar. Bu onların musiqi zövqüdür və biz bunu da dəstəkləyib, sevinməliyik. Bunun özü də incəsənətdir. Musiqinin palitrası çox genişdir.
   Simfonik musiqi elitar təbəqəyə hesablanıb. Onları xırda mahnılar, bayağılıq qane etmir. Özlərini əzilmiş hesab edirlər. Zövqü tapdalamaq olmaz, onu həmişə formada saxlamalısan. Bildiyimiz kimi, simfonik musiqi ciddi musiqi hesab olunur.
   Əgər biz istəyiriksə, orkestrimiz yaşasın mütləq orkestr alətlərini yaşatmalıyıq. 70 milyon əhalisi olan Türkiyədə əvvəllər iki orkestr fəaliyyət göstərirdisə, indi 40-a yaxın simfonik orkestr təşkil ediblər. Amma Azərbaycanda eyni musiqiçilər, eyni ifaçılar ailələrini dolandırmaq üçün həm radio və televiziyanın simfonik orkestrində, həm Azərbaycan Dövlət Filormoniyasının orkestrində, həm də opera orkestrində işləyirlər.
   - Son olaraq çıxış yollarını nədə görürsünüz?
   - Ən yaxşı çıxış yolu odur ki, musiqi məktəbləri dövlət tərəfindən bu alətlərlə təchiz olunsun. Çünki heç bir valideynin bu alətləri almağa imkanı yoxdur. Sovet dövründə orkestr alətlər ucuz idi və dövlət məktəbləri təchiz edirdi. Digər tərəfdən, mənim bir təklifim var. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva internatların ləğv edilməsi ilə bağlı çox gözəl proqramı var. İstərdim ki, o uşaqlar ailələrə veriləndə onların arasından musiqi istedadı olan uşaqlar seçilib Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gətirsinlər. Onlara savad verməklə yanaşı orkestr alətlərində çalmağı öyrədək və onlar gələcəkdə öz orkestrimizdə qalıb işləsinlər. Və bütün bunlar da dövlətin nəzarəti altında olsun. Bu yollarla da elitar auditoriyanı saxlamış olarıq.
   
   MEHPARƏ






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar