20 il əvvəl “Respublika Xatirə Kitabı"nın çapına başlanıb
   
   "Respublika Xatirə Kitabı"nın redaksiyası 1989-cu ildə sahə ensiklopediyası kimi yaradılıb. Xalqımızın tarixi yaddaşı kimi səciyyələndirilən bu nəşri milli-mənəvi yaddaşımızın abidəsi adlandırmaq olar. Nəşrin redaktoru Tofiq Abdullayevlə söhbətimiz bu barədədir.
      
   - "Ruspublika Xatirə Kitabı"nın hazırlanması hansı zərurətdən irəli gəlmişdir?
   - Əsrlərdən bəri xalqımız bəlalar, müsibətlər çəkib. Tarixin ayrı-ayrı dönəmlərində ədalətsiz müharibələrə düçar olmuşuq. Torpaqlarımız zaman-zaman düşmən hücumlarına məruz qalıb, hissə-hissə zəbt olunaraq parçalanıb. 1905-1907-ci illərdə ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətlər, 1918-ci ilin mart qırğınları, azərbaycanlıların 1948-1953 və 1988-ci illərdə Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiya edilməsi, onların Dağlıq Qarabağdan zorla qovulub çıxarılması, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ da daxil olmaqla, 8 rayonumuzun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi, 20 Yanvar, Xocalı faciələri - bütün bu qanlı hadisələr zamanı on minlərlə soydaşımızın vəhşiliklə qətlə yetirilməsi tariximizin qan yaddaşına çevrilmişdir. AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Qubada aşkar edilmiş kütləvi məzarlıqlar 1918-ci ilin martında quduzlaşmış erməni faşizminin törətdiyi vəhşiliklərin daha bir dəhşətli mənzərəsidir. 1941-45-ci ilin sovet-alman savaşında 300 min azərbaycanlı döyüş cəbhələrində həlak olmuş, itkin düşmüşdür.
   Bəli, heç kim unudulmamalı, heç nə yaddan çıxmamalıdır. Elə bir insan, elə bir ailə tapılmaz ki, müharibələrin ağrı-acısını dadmamış olsun.
   Vətən uğrunda şəhid olmuş insan ruhlarının bizdən bircə umacağı var, - onların xatırlanması, yada salınması, anılması. "Xatirə Kitabı" məhz bu zərurətə cavab olaraq hazırlanmağa başlandı, məhz bu xeyirxah amala xidmət edir.
   Yeri gəlmişkən qeyd edim ki, şəhidlərin adını əbədiləşdirən təkcə qranit abidələr, tunc heykəllər, mərmər salnamələr deyil, həm də mahiyyətində, məzmununda qan yaddaşı olan, sətirləri şəhid qanları ilə yazılan kitablardır. Xatirə-yaddaş, geniş mənada götürsək, bəşəri hisslərlə bağlıdır. Çünki müharibələr bütövlukdə bəşəriyyətin bəlası olduğu kimi, onun qurbanları, şəhidlər də hamı üçün əziz və müqəddəsdir. Söhbət müharibələrdə haqq-ədalət uğrunda mübarizə aparmış insanların şəhidliyindən gedir. Belə şəhidlərin adlarının anılması, onların hörmət və ehtiramla xatırlanması mərhəmət hissinə söykənir.
   Təsadüfi deyildir ki, dünyanın sivil ölkələrində "Xatirə Kitabı" yaratmaq mənəvi tələbata, insanların qan yaddaşının rəmzinə çevrilib.
   Bir vaxtlar faşizmdən əzab-əziyyət çəkmiş, dünya xalqlarının qınağına tuş gəlmiş Almaniyada "Xatirə Kitabı"nın 800-ə yaxın cildi nəşr olunub. Alman xalqı belə bir kitab yaratmaqla qanlı müharibənin baiskarı Hitlerə və onun timsalında faşizmə olan nifrətini bir daha sübut etmişdir. MDB məkanında isə "Xatirə Kitabı"nın 1400 cilddə buraxılması nəzərdə tutulmuşdur ki, bu nəşrin 20 cildi Azərbaycana aiddir.
   - Bizim respublikamızda "Xatirə Kitabı"nın yaradılması təşəbbüsü ilə bağlı ilkin addımlar barədə məlumat verməyinizi xahiş edirik.
   - Bu suala cavab vermək üçün "Xatirə Kitabı"nın nəşrini araya-ərsəyə gətirən yola - qısa zaman kəsiyinə diqqət yetirmək lazım gəlir. Belə ki, "Respublika Xatirə Kitabı" redaksiyası hələ 20 il əvvəl - 1989-cu ildə Azərbaycan Sovet Ensiklopediyası nəzdində sahə ensiklopediyası kimi yaradılmışdı. Lakin bu redaksiyanın fəaliyyəti üçün lazımi maddi-texniki imkan, həmçinin müvafiq kadr potensialı olmamışdır. Respublika Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə redaksiya müstəqil quruma çevrilsə də, yenə kitabın nəşri ilə əlaqədar heç bir iş görülməmişdir. Aradan müəyyən vaxt keçdikdən sonra Nazirlər Kabineti bu işi qaydaya salmaq məqsədilə yenidən qərar qəbul etmişdir. Lakin o vaxtlarda ölkədə baş verən məlum ictimai-siyasi hadisələrin gərginliyi və iqtisadi çətinliklər kitabın nəşrinə mane oldu. Nəhayət, ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, həyatın bütün sahələrində olduğu kimi, "Xatirə Kitabı"nın taleyinə də bir aydınlıq gətirdi. Bütün həyat və fəaliyyəti xalqa, Vətənə xidmətdə keçən, daim qurub-yaratmaq ruhu ilə yaşayan Heydər Əliyev ilk vaxtlardan "Xatirə Kitabı"nın yaradılmasına, bu müqəddəs və xeyirxah nəşrin bərpasına xüsusi diqqət yetirdi. Məhz Heydər Əliyevin təşəbbüsü, tövsiyəsi və tapşırığı ilə Respublika Nazirlər Kabineti 1 may 1997-ci il tarixdə "Azərbaycan Respublikası Xatirə Kitabı"nın bərpa edilməsi haqqında" xüsusi qərar qəbul etdi. Beləliklə, ulu öndərin qayğı və diqqəti sayəsində "Xatirə Kitabı"nın nəşri ilə əlaqədar işlər öz axarına düşdü.
   Bir müddətdən sonra, yəni 23 dekabr 1997-ci il tarixdə Heydər Əliyev "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Qanunu imzaladı. Məhz bundan sonra bu redaksiya ayrıca bəndlə dövlət büdcəsinə daxil edildi və "Respublika Xatirə Kitabı"nın nəşri tam qaydasına düşdü.
   - Bir neçə kəlmə də "Xatirə Kitabı"nın məzmunu, həcmi və çap keyfiyyətləri barədə...
   - Bütövlükdə 20 cildlik ensiklopedik nəşr olan "Respublika Xatirə Kitabı"na İkinci Dünya müharibəsində, məhəlli münaqişələrdə, Polşa, Çexoslovakiya hadisələrində, Əfqanıstan müharibəsində, qanlı 20 Yanvar və Xocalı faciələrində, Qarabağ döyüşlərində, dövlət müstəqilliyimizin və ərazilərimizin bütövlüyü uğrunda mübarizələrdə şəhid olmuş, itkin düşmüş soydaşlarımızın adları yazılır, onların döyüş hünərləri barədə qısa bioqrafik məlumatlar dərc olunur, fotoşəkillər verilir. Həcmi 80-100 çap vərəqi, sayı 2000 nüsxə olan "Xatirə Kitabı"nın hər cildinə 15-16 min nəfər şəhid və itkin düşmüş soydaşlarımızın adı daxil edilir. İndiyədək "Respublika Xatirə Kitabı"nın 8 cildi çapdan çıxmışdır, 9-cu cild üzərində iş gedir.
   - "Xatirə Kitabı" redaksiyası həm də nəşriyyat statusuna malikdir. Bu, yaradıcılıq fəaliyyətinizin daha geniş və əhatəli olmasına imkan verirmi?
   - Əlbəttə, redaksiyamızın fəaliyyəti təkcə "Xatirə Kitabı" ilə məhdudlaşmır. Əlifba sırasına uyğun olaraq "Xatirə Kitabı"nın cildləri üzərində ardıcıl işləməklə yanaşı, bir çox aktual mövzularda kitablar da nəşr edirik. Bu kitablar arasında S.Zeynaloğlunun "Tarixin qan yaddaşı", B.Gözəlovun "Son borc", N.Həsənəlinin "Vətənin şöhrətini ucaldanlar", V.Əsgərovun "Azərbaycanın Milli Qəhrəmanları", eləcə də istedadlı qələm sahiblərinin, söz ustalarının Qarabağ müharibəsinə, vətənimizin azadlığı və istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarına həsr etdikləri şeir və poemalardan ibarət "Azərbaycan harayı" toplusu diqqəti cəlb edir.
   Bütün bunlardan əlavə, AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun, eləcə də Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin materialları əsasında erməni daşnaklarının Azərbaycanda törətdikləri vəhşiliklər haqqında xüsusi kitab hazırlayıb nəşr etməyi nəzərdə tutmuşuq.
   Oxucuların diqqətinə onu da çatdırmaq istəyirəm ki, "Respublika Xatirə Kitabı"nın nəşr olunan ayrı-ayrı cildlərinin nüsxələri pulsuz olaraq şəhid ailələrinə verilir, bununla yanaşı, həmin nüsxələr Respublika Hərbi Muzeyinə, Respublika Milli Kitabxanasına, AMEA-nın kitabxanasına da göndərilir.
   Redaksiyamızın İnternet saytı da açılmışdır. Bu, "Xatirə Kitabı"nın dünyanın hər yerində oxunmasına imkan verir.
   Yaradıcı kollektivimiz Respublikamızın Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, Hərbi Komissarlığı, Veteranlar Şurası, rayonların hərbi komissarlıqları ilə, eləcə də digər təşkilat və cəmiyyətlərlə sıx əlaqə şəraitində fəaliyyət göstərir və bu, işimizin səmərəsini daha da artırır.
   
   Müsahibəni yazdı:
   Canalı Mirzəliyev