Heydər Əliyev Nuriyyə Hüseynovanın uşaqlıq yaddaşında belə qalıb...
Əməkdar artist Nuriyyə xanım Hüseynova həmsöhbətcillikdə elə «açıq kitab»mış ki, heç bir «titul vərəqi», «müsahibəöncəsi» qeydlərə ehtiyac duymadıq.
- Nuriyyə xanım, hər bir kitabın müqəddiməsi, hər insan ömrünün «süftə»si olur...
- Bildim. Mən Ordubad rayonunun Dırnıs kəndində doğulmuşam. 1978-ci ildə məktəbə getmişəm və səsimin olduğunu da elə o məktəbdə «kəşf» ediblər. Rayonda keçirilən bütün musiqi müsabiqələrində iştirak etmiş, həmişə də böyük uğur qazanmışam. 80-ci illərdə Bakıda keçirilən «Gənc ifaçıların muğam-mahnı yarışması»nı isə ömrüm boyu unutmaram. Tək elə ona görə yox ki, o müsabiqənin qalibi oldum, ən əsası ona görə ki, bu yarışma ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdi.
- Bildiyimə görə, o müsabiqə musiqi-ifaçılıq aləmimizə çox isimlər verib.
- Hə, o yarışma bugünümüzün parlaq ifaçılarından Könül Xasıyeva, Aybəniz Haşımova, Aygün Bayramova, rəhmətlik Xeyransa Məmmədova və başqalarını üzə çıxartdı. Hər bölgə üzrə qalib olan uşaqlar Bakı şəhərində qalıb, yataqxana ilə təmin olunub, təhsilini davam etdirdilər. Amma mən həmin il, valideynlərimin razılığı olmadığından, Bakıda qala bilmədim. Sonra dövlətin, respublika həmkarlar təşkilatından gələn saysız məktubların təsiri ilə mənim valideynlərim də fikirlərini dəyişdi və dayılarımın himayəsində qalmaq şərti ilə mən də Bakıya gəldim. Burada oxuduğum 5 ildə bir çox tədbirlərdə qalib oldum. Məsələn, 1983-cü ildə Səmərqənddə keçirilən II Beynəlxalq Musiqi simpoziumunun qalibi oldum, Moskvada keçirilən «Azərbaycan mədəniyyəti ongünlüyü”ndə böyük uğur qazandım. Bakıda keçirilən bütün dövlət və mədəniyyət tədbirlərində də mən və yuxarıda sadaladığım həmkarlarım həmişə iştirak edirdik. Dövlət tərəfindən bizə böyük qayğı var idi, tez-tez AzTV ekranına çıxardıq və s.
1987-ci ildə Bülbül adına Musiqi məktəbini bitirdim, sənədlərimi Konservatoriyaya verdim. O vaxt Konservatoriyada muğam şöbəsi yox idi. Dövlətin göstərişi ilə bizim üçün muğam şöbəsi açıldı. Şöbəyə ilk olaraq görkəmli bəstəkar Süleyman Ələsgərov rəhbərlik edirdi, ilk müəllimimiz isə xalq artisiti Arif Babayev oldu, sonra İslam Rzayev də gəldi. Mən ora daxil olan ilk tələbələrdən idim. Belə. Həyatımın «süftə»si haqda bu qədər.
- Keçin ikinci «fəsil»ə.
- İkinci «fəsil»ə keçməzdən əvvəl, bir balaca «ön söz» söyləyim. Konservatoriyaya daxil olandan sonra - 1987-ci ildən mən artıq müstəqil bir qız idim. Artistik həyat - yəni, çox məqamda teatr səhnəsindən o qədər də fərqlənməyən həyatda dondan-dona girmək qətiyyən mənə xas olan şeylər deyildi. Elə indi də mən həyatda necəyəmsə, səhnədə də eləyəm. Musiqiyə həvəsim həddən çox idi və bu «sevgilim»dən ayrılmaq mənim üçün ölümə bərabər bir şey idi. Amma nə edəydim ki, valideynlərim məni ailə qurmağa vadar, daha doğrusu, məcbur edirdi və indiki ağlımın diktəsilə desəm, əcəb edirdilər! Amma o vaxt fikirləşirdim ki, ay dadı-bidad, ailə quracağım şəxs məni səhnəyə buraxacaqmı?! Bəli, dəhşətli bir seçim qarşısında qalmışdım; sənət, yoxsa ailə?! Təxminən, Hamletin «olum, ya ölüm»ünə bərabər bir monoloq. Lakin! Yəqin mənim bu nidamdan hiss etdiniz ki, sonluq yaxşı oldu. Ailə qurduğum insan razılaşdı ki, təhsilimi davam etdirim, işləyim, amma səhnə - heç vaxt! Təhsil illərimdə artıq 2 övlad anası idim. Bu, təsadüf edirdi 80-ci illərin axırlarına; sovet rejimi dağılır, sənət adamlarının həyatında durğunluq dövrü başlayır. Elə bil bu da Allahdan imiş ki, belə bir dövr yaransın və mən ailə qurum, uşaqlarımı sərbəst, qaça-qaçsız böyüdüm. Düzdür, çox əziyyətlərim oldu, amma mən sarsılmadım. 1992-ci ildə Konservatoriyanı bitirdim və Asəf Zeynallı adına Musiqi məktəbində müəllim işləməyə başladım.
Mən həyatda qismətimə yazılmayan heç bir şey ardınca «mənimdir!» deyə qaçmamışam, yalnız özümlük, mənlik olan işlərin ardınca getmişəm. Heç vaxt ağlımı hisslərimə qurban verməmişəm və bu gün ailəm də yerindədi, uşaqlarım ali məktəblərdə oxuyurlar, özüm ADMİU-da və Bülbül adına Musiqi məktəbində işləyirəm, Musiqi Mədəniyyəti Dövlət Muzeyində yerləşən Qədim Musiqi Alətləri Dövlət Ansamblının solistiyəm.
- Bəs «ön söz»də söylədiniz ki, həyat yoldaşınız deyirmiş «səhnə - heç vaxt!»
- Onda səbir edin, bunun «açması»nı da söyləyim. Bir gün - 1995-ci ildə Konservatoriyada təsadüfən görkəmli kaman ustası Munis Şərifov dedi ki, emalatxanada Məcnun Kərimov qədim alətləri bərpa edib və istəyirik ki, bura bir solist götürək. Nuriyyə xanım, bəlkə bir özünüzü sınayasız. Emalatxanaya keçib ansamblla tanış oldum və burada bir mahnı ifa etdim («Qəl bizə, yar»). Çox bəyənildim, amma yoldaşımdan çəkindiyimdən solistliyə razılıq verə bilmədim. Evdə məsləhətləşdikdən sonra belə razılaşdıq ki, mahınını ifa edim, lentə alınsın və gətirim evə, xatirə kimi saxlayım.
Sonra bir gün N.Gəncəvi adına Ədəbiyyat Muzeyində 2 xalq mahnısı oxudum, AzTV bu konserti efirə verdi və çox gözəl qarşılandı. Özü də nəinki musiqiçi-tamaşaçı ictimaiyyəti tərəfindən, həm də - o ana qədər son dərəcə «konservatlıq» edən ailə, qohum-əqrəba «ictimaiyyəti» tərəfindən!
- Həyat yoldaşınız yaxşı dinləyicidi?
- Yox, deməzdim. Çox hövsələsiz adamdı. Hələ indiyədək hansı bir əsərəsə baxıb gözünün yaşardığını görməmişəm. Amma klassik musiqini çox sevir.
- Bəs onun həyat yoldaşı necə, nə vaxtsa, nədənsə mütəəssirlənib ağladığı olubmu?
- Onun yoldaşı, demək olar, hər şeydən təsirlənir. Nədən ki, onun xəmiri nəğmə ilə yoğrulub, onun ruhu, qəlbi musiqiyə köklənib.
- Bəs bu sentimental ruhla o vaxt bu maliyyə işçisini - rəqəmlərlə məşğul olan adamı necə sevdiniz?
- Mən?.. O vaxt mən kim idim ki, sevəm, ya sevməyəm? Sadəcə, mən valideynlərimin qayda-qadağaları ilə oturub-dururdum. Mən «sevirəm» sözünü deməkdən qorxurdum.
- Övladlarınız necə, qorxmurlar?..
- Mən uşaqlarımı çox sərbəst böyüdürəm, heç bir qadağa qoymuram. Amma bir sərt xahişim də olub: milli, vətənpərvər ruhda böyüyün, dilinizə, dininizə, kökünüzə hörmət edin, bilin kimi sevmək olar, baxın, görün sevginiz kimə layiqdi...
- Evdə xörəyi yalnız od üstündə bişirirsiz, ya həm də not üstdə, hansısa mahnı-muğam üstdə?..
- Baxır yuxudan hansı əhvalla durmağıma. Bəzən ovqatım «Şur»a köklənir, bəzən «Rast»a, daha çox da «Segah»a...
- Düşünmürsüz ki, inqilab vaxtı ev-eşikdə boş keçirdiyiniz o 7-8 ildə nələrisə, hansı ifalarısa itirdiniz?
- Demək olar heç nə itirmədim. Mən iki gül bala böyütdüm.
- Eşitmişəm, çiçəkləri güllərdən daha çox sevirsiniz. Niyə?
- Bu, uşaqlıq xatirəmlə bağlıdı. 80-ci illərdə saraydakı konsertdə ulu öndərimiz Heydər Əliyev də vardı və mən əlimlə ona bir çiçək verdim. O cür sərt, ciddi bir insan o zərif çiçəyə elə munis, elə duyğusal baxdı ki, o gündən mən dünyada çiçəkdən gözəl bir şey olmadığı qənaətinə gəldim...
- Bu yaxınlarda paytaxtımızda keçirilən Beynəlxalq Muğam Müsabiqəsini necə gördünüz? Fikrinizi yeddi muğamımızı ifa edən yeddi sənətkardan biri kimi yox, sadə bir vətəndaş kimi bildirmənizi istərdik.
- Bu müsabiqə təkcə muğam sənətilə məşğul olan insanların həyatında deyil, ümumən Azərbaycanın həyatında gözəl bir partlayış əmələ gətirdi. Bütün xalqımız özündə böyük məsuliyyət hiss edirdi. Sanki xalqımız, bütün Şərq «tələbələrilə» birgə bütün dünyaya imtahan verirdi. Amma deyim ki, bu böyük sənət üzüyünün qaşı Azərbaycan muğamıdır. Başqa xalqların muğamlarında bir qeyri-fundamentallıq, bir pərakəndəlik hiss olunur. Həm də ona görə ki, Azərbaycan muğamının, Azərbaycan musiqisinin çox dərin kökü və Üzeyir bəy kimi, Qara Qarayev, Fikrət Əmirov kimi qol-qanadları var. Deyim ki, o müsabiqədə yeddi muğamımızdan ən çətini mənim püşkümə düşdü. Cəmisi 18-20 dəqiqə oxunan «Şüştər» ilk səslənişdə qəm-kədər gətirir, amma onun sonunda bir sevinc var, işıq var. Bir sözlə, «Şüştər» qapalı, xasiyyəti bəlli olmayan adama bənzəyir. Alim Qasımov fasilədə mənə yaxınlaşıb, dedi: «Nuriyyə xanım, nə çətin muğam götürübsüz?» İş onda idi ki, mən gəlincə xanəndələr o biri muğamları götürmüşdülər, «Şüştər» qalmışdı yiyəsiz. Əlbəttə, bütün muğamlar mənim üçün əzizdi və mən qəribçiliyə salınmış o «Şüştər»i can-başla ifa etdim.
Biz salonda mikrofonsuz ifa edirdik və bu çox gözəldi; mikrofon çox vaxt səsin şəhd-şəkərini itirir. Təvazödən uzaq olmasın, hiss edirdim ki, gözəl ifa edirəm və özüm də, tamaşaçı da zövq alır. Amma televiziyada - AzTV-də bu nüanslar alınmamışdı. Bilmirəm, səs rejissoru kim idi, amma bu səs salondakı səs deyildi. Niyə bu işdə belə diqqətsizlik edirlər, bilmirəm. Axı bu, dövlət səviyyəsində keçirilən bir müsabiqədir. Bu şeylər məni ruhdan salmır, amma niyə gileylənməyim ki, bütün xanəndələri AzTV-nin «Səhər» proqramına çağırdılar, məni yox.
- Bir vaxt səhnə qadağası qoyulmuş Nuriyyə xanım böyük kino səhnəsinə necə yol aldı və o aləmdən narazılığı yoxdur ki?
- Mən «Cavad xan» filmində Cavad xanın həyat yoldaşını - Şükufə xanımı oynamışam və ssenari müəllifi S.Rüstəmxanlının, rejissor R.Almuradlı, baş rolun ifaçısı N.Mehdixanlının dediklərinə görə, böyük uğurla oynamışam.
- Bəs filminiz niyə ekrana çıxmır?
- Filmin təqdimatına lap az qalıb - bu ay baş tutmalıdır. Deyim ki, bu film dövlət sifarişi ilə çəkilib və çox yaxşı alınıb. Sağ olsunlar - Rövşən müəllim, Nurəddin Mehdixanlı ki, məni bu filmdə görüblər. Heç yadımdan çıxmaz Rövşən müəllimin məni görən anda dediyi sözlər: «Mən axtardığımı tapdım!»
- Nuriyyə Hüseynova daha nə gözləyir bu həyatdan, öz aləmini tam açmaq üçün ona daha nə lazımdı?
- Şərait! Mənim bir layihəm var; öz tələbələrimlə hazırlamışım. İstəyirəm bu yaxınlarda bir konsert düzənləyəm. Çox fərqli bir konsert! Bu işdə mənə Bülbül adına Musiqi məktəbinin direktoru Nigar xanım kömək olur. İstərdim ki, sizin «Mədəniyyət» qəzetinin baş redaktoru Nigar xanım da informasiya və ruhlandırma sarıdan bu işə rəvac versin...
Söhbətləşdi:
Kəmalə Cəbrayıl