Bruno Pueza: «Fondun fəaliyyət dairəsi onu təbii surətdə Birləşmiş Millətlər Təşkilatının tərəfdaşına çevirir»
Azərbaycanın sosial inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirən Heydər Əliyev Fondunun əsas strateji hədəfləri sırasına uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli vətəndaş kimi yetişməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlərin reallaşması da daxildir. Bir çox qlobal layihələrin gerçəkləşməsi üçün fond nüfuzlu beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq edir. Bu sırada Birləşmiş Millətlər Təşkilatının adını xüsusi qeyd etmək yerinə düşər. Çünki Heydər Əliyev Fondu genişmiqyaslı beynəlxalq layihələri məhz BMT ilə birlikdə reallaşdırır.
Fondun 5 illiyi münasibətilə bu nüfuzlu qurumun rəhbərliyinin fikirlərinin oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb, BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Bruno Pueza ilə görüşüb söhbətləşdik.
- Cənab Bruno, bildiyiniz kimi, bu il Heydər Əliyev Fondunun 5 yaşı tamam olur. Fondun daha sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də Birləşmiş Millətlər Təşkilatıdır. BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi, fondun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Heydər Əliyev Fondu gənc olmasına baxmayaraq, artıq dünyada təhsil, elm və mədəniyyəti təşviq edən, eləcə də Azərbaycanda ən ehtiyaclı qrupların maraqlarını dəstəkləyən əhəmiyyətli bir qurum kimi təşəkkül tapıb.
Fond geniş mandata və büdcəyə malikdir. Ən əsas olan odur ki, bu fonda ölkənin birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva son dərəcə sədaqət və bacarıqla rəhbərlik edir.
Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət, elm və texnologiyalarla bağlı olan humanitar layihələrə verdiyi töhfələri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (YUNESKO) və İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESKO) yüksək qiymətləndirərək onu fəxri adlarla təltif edib.
- Necə oldu ki, Heydər Əliyev Fondu ilə əməkdaşlığa başladınız, fondun fəaliyyətindəki hansı məqamlar sizi cəlb etdi?
- Heydər Əliyev Fondunun fəaliyyət dairəsi, xüsusilə əhalinin xüsusi ehtiyaclı qruplarının maraqlarının qorunması sahəsindəki fəaliyyəti onu təbii surətdə Birləşmiş Millətlər Təşkilatının tərəfdaşına çevirir. Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın tarixi 2005-ci ildən başlayır. O zaman BMT-nin İnkişaf Proqramı (BMTİP) fondla birlikdə görmə qabiliyyətini tam və ya qismən itirmiş insanların informasiya texnologiyalarından istifadə etmələrinə kömək etmək üçün layihə həyata keçirmişdi. BMT İP-in də belə bir layihəyə dəstək verməsi həm ölkənizdə gedən uğurlu islahatlara inamın, həm də fondun indiyədək qarşıya qoyduğu məqsədlərə çatmaq üçün iradə nümayiş etdirməsinin nəticəsidir.
- Cənab Bruno, rəhbərlik etdiyiniz qurum ötən il Heydər Əliyev Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 20 aylıq bir layihənin icrasına başlamışdınız. Qadınlara qarşı zorakılıq əleyhinə olan bu layihəni həyata keçirməkdə məqsədiniz nə idi?
- Doğrudur, 2008-ci ilin yanvar ayında Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu (UNFPA) “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” adlı qeyd etdiyiniz layihənin icrasına başladı. Azərbaycanın bütün ərazisini əhatə edən layihənin məqsədi xüsusi ehtiyaclı qruplardan biri olan qız və qadınların zorakılığa yer olmayan bir həyat sürmələri üçün Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatından tam faydalanmalarını təmin etməkdir. Bundan əlavə, əhalinin maarifləndirilməsi, erkən nikahların qarşısının alınması və ailədə baş verən zorakılığın uşaqlara təsirinə yol verilməməsi də həmin layihə çərsivəsində görüləcək işlərin sırasına daxildir. Layihə Azərbaycanın beynəlxalq öhdəlikləri ilə üst-üstə düşür. Çünki burada yuxarıda qeyd etdiklərimdən əlavə, beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən beynəlxalq ekspertlərin bu işə cəlb edilməsi, regional seminarların təşkili, müvafiq çap məhsullarının hazırlanması, orta məktəblərdə insan alverinə və erkən nikahlara dair maarifləndirmə tədbirlərinin təşkili, kütləvi informasiya vasitələrində maarifləndirmə xarakterli proqramların hazırlanması, zorakılıqdan zərər çəkmiş şəxslərə xidmət göstərən mütəxəssislər üçün tədris proqramlarının hazırlanması və təlimlərin keçirilməsi, onların sosial və psixoloji reabilitasiyasını təmin edən şəbəkənin yaradılması və s. nəzərdə tutulur. 2000-ci ildə BMT-nin Minilliyin Sammitində Minilliyin Bəyannaməsinə imza ataraq, sabiq prezident Heydər Əliyev Azərbaycan hökumətinin üzərinə 2015-ci ilə qədər Minilliyin İnkişafı Məqsədlərinə, o cümlədən gender bərabərliyi ilə bağlı olan 3 saylı məqsədə nail olmaq öhdəliyini qoymuşdu. Hesab edirəm ki, Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər tamamilə həmin öhdəliyin yerinə yetirilməsinə yönəlib.
- Sizcə, belə layihələrin davamlı olaraq həyata keçirilməsi Azərbaycan cəmiyyətinə nə verir?
- Çox şey. Ən əsası isə bu təşəbbüslərin vasitəsilə cəmiyyətin iki həssas qrupu - görmə qabiliyyətini itirmiş insanlar və qadınlar Heydər Əliyev Fondunun ən böyük üstünlüklərindən birindən yararlanmış oldular. Həmin şəxslər Mehriban xanım Əliyevanın şəxsində onları müdafiə edən bir insan tapıblar - onların narahatçılıqlarının dinlənilməsi və ehtiyaclarının ödənilməsi üçün cəmiyyət və dövlətin resurslarının səfərbər edilməsini təmin edəcək bir insanı.
- Ad günündə Heydər Əliyev Fonduna arzularınız...
- Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın gələcəyini Heydər Əliyev Fondu ilə eyni mövqedən görür. Bu mövqe Azərbaycanın maddi sərvətləri ilə bağlı deyil. Burada məhz Azərbaycan xalqının maddi və sosial rifahının yüksəldilməsi üçün investisiya yatırılması nəzərdə tutulur. Bunun sayəsində azərbaycanlılar öz ölkələrinin inkişafına tam töhfə verə və bu inkişafın gətirdiyi bütün üstünlüklərdən faydalana bilərlər. Bu ortaq mövqeyi əsas götürməklə, biz Heydər Əliyev Fondu ilə əməkdaşlığımızı Azərbaycanın maraqları naminə davam etdirmək niyyətindəyik. Heydər Əliyev Fonduna öz məqsədlərini uğurla həyata keçirməyi arzu edirik.
Fəxriyyə ABDULLAYEVA