Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm və Təhsil Şöbəsi nazirliyin iş planına uyğun olaraq elm və təhsil mövzusunda ölkədə, həmçinin beynəlxalq miqyasda tədbirlərin təşkili, normativ-hüquqi sənədlərin hazırlanması, elmi-tədqiqat işlərinin aparılması, nazirliyin tabeliyindəki elm-təhsil müəssisələrinə metodiki köməklik göstərilməsi istiqamətində səmərəli fəaliyyət göstərir. Şöbənin müdiri Yaşar Əliyevlə söhbətmiz bu barədədir.
   
   - Yaşar müəllim, xahiş edirik, əvvəlcə, şöbənin xətti ilə elm və təhsil mövzusunda son aylarda keçirilən tədbirlər barədə oxucularımıza qısa məlumat verəsiniz?
   - Maraqlı tədbirlər çoxdur. Əlbəttə, bunların hamısı haqqında uzun-uzadı məlumat vermək oxucular üçün yorucu olardı. Ancaq son aylarda keçirilən bəzi tədbirlər barədə qısa da olsa danışmağı lazım bilirəm. Məlumdur ki, hər il ölkəmizdə Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Həmin bayram ərəfəsində bizim təşkil etdiyimiz tədbir təkcə çalıb-oynamaqla bitmədi, həm də istedadlı uşaqların üzə çıxmasına kömək etdi. Belə ki, mart ayının 16-17-də Bakıda «Novruz-Bahar bayramı» adlı rəsm əsərlərindən və əl işlərindən ibarət Respublika müsabiqə-sərgisi keçirildi. Bu tədbirdə ölkənin 35 şəhər və rayonundan uşaq rəssamlıq və incəsənət məktəbləri şagirdlərinin 300-ə yaxın rəsm və əl işləri təqdim olundu. Münsiflər heyətinin qərarına əsasən 12 iştirakçı nazirliyin diplom və pul mükafatına layiq görüldü. Hazırda həmin sərginin kataloqu üzərində yekun işlər aparılır.
   Respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması, inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, xormeysterlərin yaradıcılıq fəaliyyətinin daha da genişləndirilməsi məqsədi ilə aprel ayında uşaq xor kollektivlərinin Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində VI Respublika müsabiqəsi keçirildi. May ayının 21-də Bakı şəhərində müsabiqənin yekun tədbiri keçiriləcəkdir.
   Cari ilin aprel ayında fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, şagirdlərin ifaçılıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə keçirilən gənc pianoçuların Respublika müsabiqəsinə yekun vuruldu. May ayının 16-da Bakı şəhərində sözügedən müsabiqənin yekun tədbiri keçiriləcəkdir. Bütün bunlarla yanaşı aprel ayının 21-də Muzey Mərkəzində nazirliyin təşəbbüsü ilə keçirilən turizm üzrə təhsil alan tələbələrin I Beynəlxalq Bakı Konfransı uğurlu yekunlarla başa çatdı.
   Bugünlərdə Bakıda xalq rəqslərinin təbii, milli ənənələrinin qorunub saxlanılması və istedadlı gənclərin aşkar edilməsində böyük rol oynayan uşaq rəqs kollektivlərinin Respublika baxış-festivalı təşkil olunmuşdur.
   Mingəçevir Turizm Kollecində turizm fənlərini tədris edən müəllimlər üçün xarici ölkələrdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlim-treninqlər keçirilmişdir.
   Onu da qeyd edim ki, Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş «2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı»nın icrası ilə əlaqədar da müəyyən tədbirlər reallaşdırmışıq.
   Turizm İnstitutunun maddi-texniki bazasının vəziyyəti, elmi-pedaqoji kadr heyətinin tərkibi, tədris, tərbiyə prosesinin, elmi-tədqiqat işlərinn təşkili məsələləri ilə əlaqədar olaraq bu tədris ocağında müvafiq təhlillər aparılmış, aidiyyəti təkliflər nəzərdən keçirilmişdir.
   - Bəs xarici ölkələrdə təşkil olunan tədbirlər haqqında nə deyərdiniz?
   - Bu sualla bağlı əvvəlcə, beynəlxalq əməkdaşlıq barədə qısaca məlumat verim... İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfirliyi ilə müvafiq danışıqlar aparılmışdır. Bu ilin noyabr ayında «İslamda gözəllik aləmi» adlı Beynəlxalq elmi konfrans keçirməyi nəzərdə tutmuşuq. Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin xarici ölkələrlə əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin, həmçinin Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi ilə danışıqlar aparılmışdır. Güman edirəm ki, bu danışıqların nəticəsi olaraq nəzərdə tutduğumuz planlar baş tutacaqdır.
   Xəbər verildiyi kimi, bu il mart ayında Moskva şəhərindəki P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrinin təşkilatçılığı ilə keçirilən folklor müsiqisindən və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertdə gənc muğam ifaçısı Elməddin İbrahimov və onu müşayiət edən musiqiçilər maraqlı konsert proqramı ilə çıxış etmişlər.
   Belarus Respublikasının Mozir şəhərində gənc istedadların VI Beynəlxalq Festivalında ölkəmizin gənc musiqiçiləri müvəffəqiyyətlə çıxış etmiş, onlar iki birinci yer qazanmış və müxtəlif diplomlara layiq görülmüşlər.
   Bu il Bakı Xoreoqrafiya Məktəbinin, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin şagird və müəllimlərinin xarici ölkələrdə keçirilən müsabiqə və festivallarda iştirakını təmin etmək üçün bir sıra təşkilati işlər görülmüşdür.
   Dünya ölkələri ilə mədəni əlaqələrin genişləndirilməsi, müxtəlif xalqların mədəniyyətləri, adət-ənənələri ilə yaxından tanışlıq, dostluq münasibətlərinin yaradılması, uşaq yaradıcılığına köməklik göstərmək məqsədi ilə Uşaqların Beynəlxalq Müdafiə Günü - iyunun 1-də Bakı şəhərində «Şərq-Qərb uşaqların gözü ilə» Beynəlxalq rəsm müsabiqəsi təşkil ediləcək.
   Ölkələrarası mədəni əlaqələrin möhkəmləndirilməsi, bədii və estetik zövqün formalaşdırılması, xoreoqrafiya və rəqs sahələrində yaradıcılıq nailiyyətlərinin zənginləşdirilməsi, klassik, xalq, estrada və xoreoqrafiya sahəsində gənc istedadların üzə çıxarılması mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq ilin son aylarında Bakıda «Sənətçilər dialoq naminə» layihəsi əsasında «Şərq-Qərb» Beynəlxalq rəqs festivalı təşkil olunacaq.
   Bundan başqa, qarşıdakı aylarda respublikamızın istedadlı uşaqlarının Tbilisidə gənc pianoçuların IV Beynəlxalq müsabiqəsində, Belçikada Ümumdünya Folklor Festivalında, Moskvada «Moskva dostlarını qarşılayır» adlı VI Beynəlxalq Festivalında, Suriyanın Dəməşq şəhərində gənc pianoçuların müsabiqəsində iştirakları təmin olunacaqdır.
   - Sizin şöbə elm və təhsil məsələləri ilə əlaqədar hüquqi-normativ sənədlərin hazırlanmasında da iştirak edir...
   - Bu yaxınlarda nazirliyimizin sistemində fəaliyyət göstərən tədris müəssisələrində pedaqoji kadrların işə qəbulu qaydalarını tərtib etmişik. İndi bu qaydaların təkmilləşdirilməsi üzərində iş gedir.
   Nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə Rusiya Kulturologiya İnstitutu arasında əməkdaşlıq sazişinin layihəsini hazırlamışıq. Orta ixtisas təhsili üzrə proqramların siyahısı müəyyənləşdirilmiş və bu sənəd Nazirlər Kabinetinə göndərilmişdir.
   - Qabaqcıl müəllim və istedadlı şagirdlərin təltif edilməsi, mükafatlandırılması adamda sevinc hissi oyadır...
   - Əlbəttə, müəllimlərimizin və şagirdlərimizin hər hansı bir müvəffəqiyyəti bizi ürəkdən sevindirir. Həmin uğurlarda zərrə qədər də olsa, şöbəmizin köməyini hiss edəndə böyük qürur hissi keçiririk. Uğurlar isə göz qabağındadır... Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli sərəncamı ilə Bakı şəhərindəki L. və M. Rostropoviçlər adına 21 saylı onbirillik musiqi məktəbinin şagirdi Zəhra Yusiflinin adı Azərbaycanın gənc istedadlarının «Qızıl kitab»ına yazılmış və o, respublika prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür. Ölkə başçısının sərəncamı ilə Laçın şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimi Elmira Abbasova «Əməkdar mədəniyyət işçisi», Bakı Xoreoqrafiya Məktəbinin direktoru Neylüfər Kərimova «Əməkdar müəllim» fəxri adlarına layiq görülmüş, Bakıdakı Qara Qarayev adına 8 saylı onbirillik musiqi məktəbinin müəllimi Təranə Babayeva isə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.
   Laçın şəhərinin yaranmasının 85 illik yubileyi ilə əlaqədar rayonun bir qrup mədəniyyət işçisi Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür. Belə misalların sayını artırmaq da olar.
   ...Sonda onu demək istəyirəm ki, elmimiz və təhsilimiz mədəniyyətimizin yoluna nur çiləyir. Mədəniyyətimiz elmimizin və təhsilimizin işığında irəliyə doğru addımlayır, böyük uğurlar qazanır, dünya mədəniyyətinə qovuşur, getdikcə daha da zənginləşir və yeni məzmun kəsb edir.
   
   Müsahibəni yazdı:
   Canalı Mirzəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar