«Beşik» nəşriyyatının direktoru Nərgiz Cabbarlı: «Biz uşaqların dünyagörüşünün formalaşmasında iştirak etdiyimizin məsuliyyətini hər an hiss edirik»
   
   Heç kimə sirr deyil ki, uzun müddət idi Azərbaycanda uşaq nəşrləri sahəsində boşluq əmələ gəlmişdi. Əlifba dəyişmişdi, birinci sinfə gedən uşaq latın qrafikasını öyrənirdi, amma bu qrafikada oxumaq üçün dərslikdən əlavə heç nə yox idi. Uşaqların öz milli ədəbiyyatından, milli folklorundan, dünya uşaq ədəbiyyatından xəbəri olmurdu. Bir neçə il bundan qabaq Azərbaycan Prezidenti İlham Əliyev latın qrafikası ilə kitabların çap olunması barədə xüsusi sərəncam imzaladı. İndi artıq rəngarəng dizaynı, maraqlı və zəngin mətnləri ilə diqqəti cəlb edən uşaq nəşrləri yaranmış boşluğu doldurmaqdadır. Uşaq nəşriyyatları sırasına yeni qoşulmasına baxmayaraq, keyfiyyətli uşaq ədəbiyyatı nümunələri ilə maraq kəsb edən «Beşik» nəşriyyatı da artıq kifayət qədər tanınır. Fəaliyyətə «Mən və mənim dünyam» adlı geniş layihənin icrası ilə başlayan nəşriyyat uşaqların tərbiyəsində, milli ruhda böyüməsində, vətənpərvər insan kimi yetişməsində yaxından iştirak edir. «Tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən bu nəşrləri dünya arenasına çıxarmaq arzusundayıq»-deyən nəşriyyatın direktoru Nərgiz Cabbarlı ilə bir yaşlı «Beşik»in həyata keçirdiyi layihələr və gələcək planları haqda danışdıq.
   
   - Nərgiz xanım, rəhbərlik etdiyiniz nəşriyyat uşaqların latın qrafikasında məktəbdənkənar oxuyacağı kitabların nəşri ilə məşğuldur. Necə düşünürsünüz, uşaqların belə nəşrlərə maraqları getdikcə artır, yoxsa azalır?
   - Deməzdim ki, bu maraq bizim arzuladığımız səviyyədədir. Marağı adətən kitab-satış sərgilərində, özümüzün keçirdiyimiz satış-sərgilərdə, müəyyən mərkəzi kitabxanaların rəhbərləri ilə təşkil edilən görüşlərdə müşahidə edirik, bir də təbii ki, satışın nəticələrindən bilirik. Amma indi heç kəsə sirr deyil ki, Azərbaycanda, ümumiyyətlə, kitaba maraq əvvəlki illərlə müqayisədə həddindən artıq azalıb. Şükürlər olsun ki, son 4-5 ili müşahidə etdikdə cüzi tərpənişin olduğunu görmək olur. O ki qaldı bizim nəşrlərə, nəşriyyatımızın üstünlüyü ondadır ki, başqa nəşriyyatların əldə etdiyi nəticələrdən daha yaxşı nəticə əldə etmişik. Bu da onunla bağlıdır ki, əvvəla, bizdə indiyə kimi çap olunmamış elə mövzulara müraciət edilir ki, bu gün orta məktəblərdə ona tələbat var. Məsələn, tarixi şəxsiyyətlərlə bağlı uşaqlara tarixi əsərləri oxumaq tapşırılır. Amma bu mövzuda uşaqların qavraya biləcəyi dildə yazılmış, səviyyəli tərtibat verilmiş nümunələr demək olar ki, yoxdur. Amma bizim dərc etdiyimiz «Güvəncin nağılları» seriyasında Mətə xan, Hüseynqulu xan, Şeyx Şamil, Babək, Tomris və b.-dan tutmuş bir çox tarixi şəxsiyyətlərimiz, Azərbaycanın tarixi əraziləri, yer adları ilə bağlı fərqli nağıllar oxumaq mümkündür.
   - Sizcə, uşaq kitabları çap edən digər nəşriyyatlardan nə fərqiniz var?
   - Məncə, əsas fərq bu işə kommersiya kimi yanaşmamağımızla bağlıdır. Bu işin ideya müəllifi - təsisçi Qoşqar Qarayevdən, layihənin məsləhətçisi xalq yazıçısı Elçindən tutmuş ən sıravi əməkdaşımıza kimi hər kəs buna yaradıcılıq işi kimi yanaşır, uşaqların dünyagörüşünün düzgün formalaşdırılması istiqamətində məsuliyyətli addım kimi dəyərləndiririk. Ümumiyyətlə, bu ifadəni işlətməkdən xoşum gəlmir, amma indi «uşaq ədəbiyyatı bazarı»nda kommersiya ilə məşğul olanlar daha çox at oynadırlar. Çünki hamı bilir ki, valideynin cibinə girmək üçün ən yaxşı vasitə uşaqdır.
   - Deməli, rəqabət var?
   - Əslində bu, rəqabət də deyil. Çox az nəşriyyat var ki, müəyyən nəşrlərində rəqabətin varlığı hiss olunsun. Ədəbiyyatdan, kitabdan bir az xəbərdar olanlar kitabların fərqini görə bilirlər. Yenə də təəssüf ki, bizdə bəzi oxucular o səviyyədə deyil ki, bu müqayisəni apara bilsinlər. Yalnız onu deyə bilərəm ki, biz daha çox professionallarla iş görürük və eyni zamanda gənclərin arasında yazıçı, şair və ya rəssam seçəndə də onlara tənqidi nöqteyi-nəzərdən yanaşıb, yaradıcılığı həqiqi mənada nə isə vəd edən yazıçılara üz tuturuq. Səbəb də odur ki, uşaqların dünyagörüşünün formalaşmasında iştirak etdiyimizi unutmuruq.
   - Nərgiz xanım, məlumdur ki, sizin nəşriyyat bir neçə istiqamətdə kitabların çapı ilə məşğuldur. Yəni həm məktəbəqədər uşaqlar, həm də nisbətən yuxarı sinif şagirdləri sinifdənxaric oxu kimi nəşrlərinizdən faydalana bilir. Maraqlıdır, daha çox hansı yaşda uşaqlarda kitaba maraq var?
   - Məktəbəqədər uşaqlar üçün nəşr etdiyimiz kitablara maraq daha böyükdür. Bunun əsas səbəbi də odur ki, bu yaşda olan uşaqların diqqətini cəlb etmək üçün estetik görünüşlə seçdiyimiz bədii nümunələr arasında bütövlüyə, tamlığa, balansa nail olmuşuq. Yəni uşaq seçim özünə qalanda rəngə, gözəlliyə qaçır. Biz də bunu nəzərə alaraq çalışırıq ki, rəssam işində uşaqların ruhuna yaxın olan rəsmləri seçək. Eyni zamanda mətnlər də oynaq, yumşaq, rahat oxunan və az həcmli olmalıdır. Bunları nəzərə aldığımız üçün də məktəbəqədər uşaqlara aid olan nəşrlərimizdə daha çox uğur qazanmışıq.
   Amma nəşrlərimizin oxucuya çatmaq problemi hələ ki həll olunmayıb. Həm də bu, təkcə bizim deyil, bütün nəşriyyatların problemidir. Məncə, hamıya bəlli olan bir həqiqətdir ki, uşaq ədəbiyyatı məsələsində dövlətin nəzarəti və dəstəyi mütləqdir. Bu nəzarət oxuculara nəyin çatdırılması və nəyin çatdırılmaması məsələsində olmalıdır. Hər bir nəşriyyat isə gördüyü işin keyfiyyətinə, peşəkarlığına görə dəstəklənməlidir. Çünki elə insanlar var ki, bu işi kommersiya məqsədilə yox, içərisində olan həvəsə, yanğıya görə görür. Məsələn, təsisçimizin ədəbiyyatla, kitabla bağlı sevgisi, marağı, bu işə genetik bağlılığı olmasaydı, yəqin ki, heç riskə gedib nəşriyyatı təsis etməzdi.
   İstəyirəm onu da qeyd edim ki, həyata keçirdiyimiz ən böyük layihənin məsləhətçisi Elçin Əfəndiyevdir. Bunun özü də nəşriyyatımızın üstünlüyüdür. «Beşik»də rəssamlarımızdan tutmuş müəlliflərimizə qədər hamı nəinki uşaq ədəbiyyatı, ümumiyyətlə, ədəbiyyat və rəssamlıq sahəsində öz sözünü demiş insanlardır.
   - Bir nəşriyyat olaraq, məktəb, rayon və mərkəzi kitabxanalarla əlaqələriniz hansı səviyyədədir? Ümumiyyətlə, kitabxanalar kitablarınızı almaqda nə dərəcədə maraqlıdırlar?
   - Kitabxanalarla əlaqə yaratmaq üçün müxtəlif cəhdlər göstəririk. Axundov adına Mərkəzi Kitabxana ilə özümüzün təşəbbüsümüzlə müəyyən əlaqələrimiz var. Bizimlə münasibət qurmaq baxımından F.Köçərli adına kitabxananın rəhbərliyinin, direktor Füzurə xanımın əməyini xüsusi qiymətləndirmək istəyirəm. Onlar bizim kitablarımızı nəinki alırlar, hətta təbliğ də edirlər. «Uşaq ili» çərçivəsində reallaşdırdıqları bütün tədbirlərdə bizim nəşriyyatın adı ön cərgələrdə olub. Bu, sırf onların öz maraqlarının nəticəsində baş tutur. Bu marağın arxasında da bizim nəşrlərimizlə kitabxananın istəyinin üst-üstə düşməsi dayanır. Başqa heç bir kitabxanadan hələ ki təkliflər almamışıq. Bundan başqa, özümüzün təşkil etdiyimiz satış sərgilərindən sonra valideynlər zəng edirlər, ya iradlarını bildirirlər, ya da ki, təşəkkür edirlər. Bu mənada oxucu ilə aramızda müəyyən mənada əlaqə yaranıb. O ki qaldı kitabxanaların nəşriyyatlarla əlaqələr qurmaqda maraqlı olmamasına, bu baxımdan mən onları qınamıram, çünki kitabxanalar özləri özlərini maliyyələşdirmir.
   Sualınızla bağlı bir şeyi də qeyd etmək istəyirəm ki, bizim nəşriyyat cəmisi bir ildir ki, fəaliyyət göstərir. Bu bir ildə də 4-5 aydır ki, ictimaiyyətə açılmışıq. Bu müddətdə hesab edirəm ki, çox şeyə nail olmuşuq.
   - Ötən ilin dekabrında «Mən və mənim dünyam» adlı layihə çərçivəsində 72 adda kitabın təqdimatını keçirdiniz. Layihə nə qədər uğurlu alınıb və davamı olacaqmı?
   - Bu layihəni elə geniş masştabda nəzərdə tutmuşuq ki, hələ 7-8 il bundan sonraya qədər davam edəcək. Ümid edirik ki, dövlət tərəfindən də bu layihəyə dəstək olacaq. Çünki Azərbaycanda sırf uşaq ədəbiyyatı üzrə ixtisaslaşmış nəşriyyat yoxdur. Biz də yeni yaranmışıq və fəaliyyətimizi başqa istiqamətlərə yönəltmək fikrimiz yoxdur. Məncə, bu işə qoyulan sevgi, yanğı, vətəndaşlıq və söz adamının məsuliyyəti diqqətdən kənar qala bilməz.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar