Dilarə İbrahimova: «Maliyyə işində vaxt çox əhəmiyyətlidir»
   
   Dilarə xanım İbrahimova Mədəniyyət və Turizm Nazirliyində İqtisadiyyat şöbəsinə rəhbərlik edir. Artıq 26 ildir ki, o, mədəniyyətimizin iqtisadi cəhətdən inkişafına xidmət edir. Bu zərif və nəzakətli xanımla görüşəndə şöbənin işinin nə qədər ağır olduğunu gördüm. Nə yaxşı ki, Dilarə xanımın zəhməti qiymətləndirilib. Bu yaxınlarda onu «Tərəqqi» medalı ilə təltif ediblər. Bu haqqı-halal sevincə biz də ortaq olub, təbriklərdən sonra söhbətə başlayırıq.
   

   - 1983-cü ildən burada işləyirəm. Mən tamamilə başqa sahədə çalışırdım. Burada işləmək çox maraqlıdır. İncəsənətlə bağlı məsələlərin maliyyələşməsi məhz bu şöbədən keçir. Mədəniyyət və turizm təsisatlarının maliyyələşməsi, proqnozlar, təkliflər hamısı bu şöbənin işləridir. Demək istəyirəm ki, iş çox olsa da, maraqlıdır. Axtarış və yenilik edəndə onu iqtisadi cəhətdən hərtərəfli təhlil etmək lazımdır.
   - Demək sizin şöbəniz yaradıcı şöbədir...
   
- Bizim işimiz gözə görünməsə də, işimizin əhəmiyyəti, vacibliyi başqa şöbələrin işi ilə sıx bağlıdır.
   - İqtisadiyyatla incəsənət bir-birinə tərs sahələrdir. Hətta tərs mütənasib də demək olar. Biri maddi tərəfləri, o biri mənəvi tərəfləri düşünür. Siz bunların arasında dayanmısınız. Nə müşahidələriniz, qənaətləriniz var?
   
- Gərək iqtisadiyyat incəsənəti duya bilsin. Əgər belə olmasa, hesabagəlməz dərəcədə böyük itki verə bilərik. Mən yalnız bu nazirliyin işindən danışmıram, ümumiyyətlə deyirəm. Hansısa böyük, səmərəli təklif olarsa, maliyyəsiz qalarsa, bu nəyə gətirib çıxarar?
   Bizə lazımdır ki, nəzərdə tutduğumuz inkişaf hiss olunsun, görünsün. Məhz belə bir yük iqtisadçıların üzərinə düşür.
   Maliyyə işində vaxt çox əhəmiyyətlidir. Məsələn, büdcə tərtib olunubsa, sonradan edilən təkliflər, tədbirlər kənarda qala bilər. Bunları əvvəlcədən görmək lazımdır ki, sonra gec olmasın.
   - Burada işə başladığınız dövrdən sonra ölkədə böyük dəyişikliklər olub - bir ictimai-iqtisadi formasiyadan digərinə keçdik. Üstəlik son zamanlar müəssisələrin işində, idarəetmədə struktur dəyişiklikləri baş verdi. Bu, sizin işinizə necə təsir etdi?
   
- Keçid dövrü bütün sahələrdə olduğu kimi mədəniyyətdə də çətinliklərilə hiss olundu. Amma bu çətinliklər aradan qalxır, yeniliklərlə əvəz olunur. Məsələn, əvvəllər büdcəni tərtib edirdik və faiz şəklində artımlar nəzərə alınırdı. İndisə mədəniyyət təsisatları üzrə qəbul edilmiş Dövlət proqramları əsasında büdcə təhlil olunur və müəyyənləşdirilir . Misal üçün, kinonun, teatrların, kitabxanaların, musiqi məktəblərinin, muzeylərin müvafiq Dövlət proqramları var. 
   - Bunun səmərəli tərəfləri nədir?
   
- Səmərəli tərəf odur ki, hər şey çox şəffaflaşdı. Layihələrə kompleks şəklində yox, ayrı-ayrılıqda yanaşılır.
   Normativ sənədlərdən istifadə də səmərəli oldu. Teatr haqqında qanunun işlənməsi və təsdiqlənməsi bu sahədə iqtisadi münasibətləri tənzimlədi.
   - Mədəniyyətlə, incəsənətlə iqtisadiyyatın arasında narazılıqlar varmı?
   
- Yox... Nə qədər incəsənət xadimlərinə fəxri adlar , təqaüdlər, mükafatlar verilir. «Teatr və teatr fəaliyyəti haqqında Qanun»a uyğyn olaraq, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan işçilərin əməkhaqlarına yüz faiz, aparıcı teatrın siyahısına daxil olan 4 teatr - Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Kukla Teatrının işçilərinin əməkhaqlarına isə 25 faiz əlavələr edilmişdir. Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət «Qaya» Ansamblının, M.F.Axundov adına Mərkəzi Kitabxananın, Qobustan Milli Təbii Qoruğunun bütün işçilərinin vəzifə maaşlarına əlavələr olunub.
   - Dilarə xanım, sizin işinizin qiymətləndirilməsi, bu nüfuzlu mükafatın sizə təqdim olunması həyatınızda, işinizdə nə dəyişikliklər yaratdı?
 
  - Bunu gözləmirdim. Öz-özümə deyirdim: «Bu, mən deyiləm». Evə zəng edib dedilər ki, «Yox, bu sənsən. Bəyəm Mədəniyyət və Turizm Nazirliyində işləyən İbrahimovadan iki nəfərdir?»…
   Azərbaycan Respublikasının Prezidentinə və mədəniyyət və turizm nazirinə mən çox minnətdaram. Bilirsiniz, iqtisadçılar rəqəmlə işləyirlər. Ona görə də, bədii söz sarıdan kasıbdırlar. Amma o qədər sevindim, heç indiyə qədər də inanmıram özümə. Mən çox minnətdaram ki, mənim zəhmətim qiymətləndirilib. Bu mükafatın adı «Tərəqqi» medalıdır. Bir iqtisadçı üçün «Tərəqqi» medalından yaxşı nə ola bilər?
   İqtisadiyyat işi o qədər maraqlıdır ki, günün necə gəlib keçdiyini belə hiss etmirsən. Əgər mənə ikinci dəfə yaşamaq imkanı verilsəydi, yenə də iqtisadiyyatı seçərdim.
   - Mənə isə iqtisadçının işi darıxdırıcı gəlir. Pəncərəniz paytaxtın ən görməli yerlərinə açılır- dənizkənarı bulvar görünür. Siz isə burada rəqəmlərlə işləyirsiniz...
 
  - Siz nə danışırsınız. Mən rəqəmlərlə danışıram. Rəqəmlər bizə nə isə deyir. Bəzən özümü pis hiss edəndə, elə bilirəm ki, rəqəmlər mənim üstümə gəlir (gülür).
   - Dilarə xanım, iqtisadçı kimi mədəniyyətin gələcəyinə necə proqnoz verərdiniz?
 
  - Gələcək çox gözəl olmalıdır. Qarşımızda mədəniyyət və turizm kimi bir-biri ilə bağlı və böyük gələcəyi olan sahə var. İnkişaf baxımından beş il sonra tamam başqa mənzərə olacaq. Böyük yeniliklər gözlənilir. Teatr və konsert müəssisələrinin binaları təmir olunur. Adi bir şeyi götürək: Bir teatrın tamaşasına bilet almaq üçün o teatrın kassasını axtarmaq lazım deyil. Şəhərimizdə nazirliyin nişanı olan köşklərdən istənilən teatrın tamaşasına bilet almaq olur. Az müddətdə biletlərin İnternetlə də satışını təmin edəcəyik. İqtisadi dirçəliş var. Mədəniyyətə qayğı göstərilir. Başqa mədəniyyət müəssisələrimiz də təmir olunur. Teatr, konsert müəssisələri yeni təmir olunmuş binalarda fəaliyyətini davam etdirəcəklər.
   Regionların inkişaf proqramları var. Mədəniyyətin və turizmin inkişafı ilə bağlı nəzərdə tutulmuş bu proqramların məhz maliyyə dəstəyi ilə həyata keçirilməsi labüddür. Bunlar irimiqyaslı işlərdir və gözəl gələcək vəd edir.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar