Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marsello Kabalero Torres:
   «Ölkələrimiz arasında istər mədəniyyət, istərsə də turizm sahəsində əlaqələr yaxşı səviyyədədir və bu, inkişafa doğru gedir»
 
  
   Azərbaycan müstəqillik əldə etdikdən sonra digər ölkələr kimi, Kuba ilə də əməkdaşlığı genişləndirməyə başladı. Ölkələr arasında münasibətlər 1992-ci ildən qurulsa da, ötən il Kubanın Bakıda səfirliyinin açılması bu əməkdaşlığı daha da intensivləşdirdi. Təsadüfi deyil ki, ötən bir il müddətində Azərbaycanla Kuba arasında siyasi münasibətlər inkişaf edir, əməkdaşlığın ən müxtəlif sahələrində, xüsusilə də mədəniyyət sahəsində müxtəlif sazişlər imzalanır. Kubanın Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri Marsello Kabalero Torreslə söhbətimizin məqsədi də ikitərəfli münasibətlərə aydınlıq gətirmək idi.
   
   - Cənab səfir, siz Latın Amerikası ölkələrinin Azərbaycana təyin olunmuş ilk səfirisiniz. Necə oldu ki, Kuba hökuməti tərəfindən belə bir təşəbbüs qaldırıldı?
   - Əvvəlcə deyim ki, Azərbaycan Kuba üçün yeni ölkə deyil. Bizim münasibətlərimiz hələ Azərbaycan SSRİ-nin bir parçası olduğu dövrlərdən başlayır. Özü də bu münasibətlər möhkəm olub. Sovet hakimiyyəti illərində Kubanın neft sektorunda istifadə edilən avadanlığın 70 faizi məhz Azərbaycandan alınırdı. Məsələn, hələ də kubalılar Azərbaycandan ixrac edilən soyuducu və kondisionerlərdən istifadə edirlər. Digər tərəfdən, mindən çox kubalı gənc Bakıda ali təhsil alıb. Bir sıra azərbaycanlı neftçi və geoloqlar Kubada çalışıb. Müstəqil dövlət kimi isə respublikanızla əlaqələrimiz 1992-ci ildən qurulub. Düşünürəm ki, Kubanın Bakıda fövqəladə və səlahiyyətli səfirliyinin fəaliyyətə başlaması ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafına doğru növbəti addımdır və bu çox uğurlu olacaq. Ona görə ki, Azərbaycanla Kuba arasında əməkdaşlığın çox yaxşı perspektivləri var. Artıq siyasi əlaqələrimiz yüksək səviyyədədir. Bu da ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafının genişləndirilməsinə imkan yaradır.
   - Cənab Torres, Azərbaycana səfir təyin olunmazdan əvvəl Bakıda müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərirdiniz. Səfir olmaq haqda təyinatı necə qarşıladınız?
   - Bunun çox maraqlı tarixçəsi var. Azərbaycana gəlməzdən öncə, Afrikada 5 il səfir kimi çalışmışam. Missiyamı başa çatdırıb Kubaya qayıtdıqdan sonra mənə dedilər ki, eyni vaxtda həm Kubanın Azərbaycanda, həm də Azərbaycanın Kubada diplomatik korpuslarının açılması haqqında qərar qəbul edilib. 2007-ci ilin 1 oktyabrında Azərbaycan nümayəndələri bu məqsədlə Kubaya səfər etdilər. Mənə tapşırılan vəzifə isə Azərbaycanda səfirliyin işini qurmaq və yeni səfir gələnə kimi gözləmək idi. Həmin ilin 23 oktyabrında Azərbaycana gəldim. Noyabrın sonlarında gözləmədiyim halda mənə Kubadan zəng etdilər və dedilər ki, səni Azərbaycana səfir təyin edirik. Mən isə xahiş etdim ki, fikirləşmək və qərar qəbul etmək üçün yarım saat vaxt versinlər. Həyat yoldaşıma zəng etdim və cəmi iki dəqiqəyə razılığa gəlib, qərar qəbul etdik.
   Ona görə ki, Azərbaycanda olduğum müddətdə bu xalqı yaxından tanımağa başlamışdım. Səfirliyin işini qurduğum zaman şəxsi maşınımız olmadığından, taksi ilə, metro vasitəsilə, ya da piyada gəzməli olurdum. Bütün bunlar isə yerli əhali ilə mənim aramda ünsiyyət yaradırdı. Mən xalqınızın gözəl xüsusiyyətləri haqqında öz həyat yoldaşıma danışmışdım və o da azərbaycanlıları qiyabi də olsa, tanıyırdı. Beləliklə, xalqınızın gözəl xüsusiyyətlərinin bizdə yaratdığı gözəl təəssürat dərhal qərar verməyimizə səbəb oldu. Hazırlıq üçün Kubaya getdim və 2007-ci ilin avqustunda Azərbaycana rəsmi səfir statusu ilə gəldim.
   - Ölkəmiz haqqında təəssüratlarınızı bilmək maraqlı olardı. Azərbaycanda özünüzü necə hiss edirsiniz? Sizi ölkədə daha çox nə cəlb edir?
   - Mən bu barədə diplomat kimi danışmaq istəmirəm. Azərbaycanlılar həddindən artıq istiqanlı və qonaqpərvərdirlər. Və həssas olduğumdan bu xalqı dərhal sevdim. Bu səbəblərdən Azərbaycanda yaşamaq təhlükəsizdir. Axşamlar, gecə saat 2-də heç bir qorxu olmadan küçədə gəzə bilirsən. Sizin mətbəxiniz də bizi çox cəlb edir. Biz artıq Şamaxı və Lənkərana səfər etmişik, gələn ay isə Şəkiyə getməyə hazırlaşırıq. Bir sözlə, Azərbaycan təbiətinin qoynunda olmaq istəyirik. Kubada bir təbiət var, burda isə təbiətin ən müxtəlif nümunələri mövcuddur ki, bu da bizi çox əyləndirir.
   - Bildiyiniz kimi, ölkələri və xalqları birləşdirən, yaxınlaşdıran mühüm amillərdən biri də mədəniyyətdir. Bu gün Azərbaycanla Kuba arasında mədəni əlaqələrin mənzərəsini necə təsvir etmək olar?
   - Düşünürəm ki, ölkələrimiz arasında mədəni əlaqələr qənaətbəxşdir və bu əməkdaşlıq getdikcə daha da inkişaf edir. Bu il fevralın 25-dən martın 1-ə qədər Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti Kuba Respublikasında səfərdə oldu və ölkənin turizm naziri Manuel Marrero Kruzla görüşdülər. Görüş zamanı Kuba Respublikasının turizm naziri Azərbaycana dəvət olundu. Eyni zamanda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində «Əməkdaşlıq haqqında» saziş imzalandı. Səfər çərçivəsində Kuba mədəniyyət nazirinin birinci müavini Rafael Bernal Alemani ilə görüş də keçirildi. Həmin görüşdə ölkələrimizdə qarşılıqlı mədəniyyət günlərinin təşkil olunması ilə bağlı razılıq əldə edildi. Beləliklə, Kubada Azərbaycan Mədəniyyəi Günləri 2010-cu ilin fevral-mart aylarında keçiriləcək. Göründüyü kimi, ölkələrimiz arasında istər mədəniyyət, istərsə də turizm sahəsində əlaqələr yaxşı səviyyədədir və bu, inkişafa doğru gedir.
   - Cənab Torres, ötən ay Bakıda Azərbaycan- Kuba Hökumətlərarası Komissiyasının ikinci iclası keçirildi və iclas çərçivəsində mədəniyyət sahəsində bəzi fikir mübadiləsi aparıldı. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı. Ümumiyyətlə, yaxın gələcəkdə mədəni əlaqələrin inkişafı üçün hansı layihələrin reallaşdırılması nəzərdə tutulub?
   - Azərbaycan- Kuba Hökumətlərarası Komissiyasının ikinci iclası bizim üçün xüsusi əhəmiyyət kəsb edir. İclasda iki ölkə arasında mədəniyyət, səhiyyə, iqtisadiyyat, ticarət, idman və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olundu və yaxın vaxtlarda tərəflərin imzalayacağı yeni sənədlərin layihələri ətrafında fikir mübadiləsi aparıldı.
   Digər tərəfdən, Azərbaycanda da Kuba mədəniyyətini tanıtmaq maraqlı olardı. Bu məqsədlə də 2011-ci ildə Azərbaycanda Kubanın mədəniyyət günləri keçiriləcək. Biz burada Kuba filmləri həftəsi təşkil etməyə hazırlaşırıq. Bununla bağlı Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri Rüstəm İbrahimbəyovla söhbətim olub. Azərbaycan Memarlar İttifaqı ilə birlikdə Bakıda Kubanın memarlığını nümayiş etdirən foto-ekspozisiya təşkil etməyə hazırlaşırıq. Bu da mədəniyyət tədbiridir və düşünürəm ki, bununla da azərbaycanlılar bizim mədəniyyətimizi daha yaxından tanımış olacaqlar.
   
   MEHPARƏ







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar