Allahın adı ilə başlanan bu sualımızı müsahibəmizə başlıq etdik...
   
   Millət vəkili, jurnalist-yazıçı, qəzet təsisçisi, Birlik sədri və həvəskar bəstəkar Lalə Abbasova həm də halal insan və müdrik anadır.
   
   - Lalə xanım, bax, bu saat titullarınızdan hansına bab əhval-ruhiyyədəsiz?
   - Hamısına uyğun ovqatdayam. Bir günün bir neçə saatı ərzində deputatam, iki-üç saatında jurnalist-təsisçiyəm, bir-iki saatlığa «Qadın və Tərəqqi» - İctimai Birliyinin sədri, bir saat yazıçı (hekayələr yazıram), para saat həvəskar bəstəkarlıq...
   - Deyəsən, söhbətimiz «beşulduzlu» alınacaq...
   - Bu qəribə «rubrika»nıza, olsa-olsa, kolleqalığımız xatirinə «dobro» verə bilərəm.…
   - Bu titulların hansı ilə «forslanırsız»?
   - (Gülümsünür) Mən bütün ömrüm boyu heç nə ilə forslanmamağımla «forslanmışam» və gəlin, «oxucu ovqatı»na hesabladığınız bu yumoristik tonu ciddiyə dəyişək. Mən belə düşünürəm ki, hər bir insan həm də özündən sonrakı - yəni, fiziki yaşamından sonrakı adı üçün, xüsusən də övladları üçün yaşamalıdır, yaxşı xatirələr qoymalıdır. Məncə, övlad üçün ən qiymətli vərəsə valideynlərindən qalan (və xərcləndikcə azalan) ləl-cəvahirat yox, eşidildikcə artan xoş xatiratlardır.
   - Bu gözəl kəlmələr, belə demək mümkünsə, «ailə vəkilliyi»nizə aiddir. Bəs millət vəkilliyinizə dair nələr deyə, hansı məsələlərə toxuna bilərsiniz?
   - Elə deputat kimi də məni ən çox narahat və məşğul edən məsələ gənclərimizin ailə problemləri, elm və təhsil qayğılarıdır. Gənclərimizin tez ailə qurub, bundan da tez ayrılmaları məni çox narahat edir. Bildiyiniz kimi, Konstitusiyada əlavələr var ki, ailə dövlət tərəfindən qorunur. Bu, öz yerində. Amma mən istərdim daha güclü, bu «kiçik dövlət»lərin möhkəmliyi naminə elə sərt qanunlarımız olsun ki, gənclər evlənərkən, çox məsuliyyətli olsunlar.
   - Dediniz gənclər nə edərkən?..
   - Evlənərkən...
   - Bilirəm, Lalə xanım, mən bu sualı bir xatirəyə ayaq üçün qəsdən verdim. 1960-cı illərin əvvəllərində ADU-nun (BDU) jurnalistika fakültəsinin gənc müəllimlərindən biri uzun yazışmalardan sonra (əvvəl Azərbaycan, sonra rus, daha sonra isə ingiliscə teleqramları hesabına) Azərbaycan KP MK-nın birinci katibinin qəbuluna düşür və bəyan edir ki, mən elmlər namizədiyəm, 32 yaşım var və hələ subayam. Katib çox nəzakətlə: «Evlənin dəə...» deyir. Müəllim isə ondan da nəzakətli bir tərzdə buyurur: «Yoldaş katib, əvvəl «ev» gəlir, sonra «lənmək» Ev verin, lənim».
   - (Gülür) Eşq olsun o mübariz bəyə və məncə, o məntiq təməlində qurulmuş ailə elə o məntiqlə də ömür sürmüş olar. Siz isə, sözsüz ki, bu xatirə ilə bugünkü gənclərimizin ev problemlərinə işarə vurursuz. Deyim ki, bu məsələ bütün dövrlərimizin problemidir, ancaq indilər xalqımızın əməkhaqqı «səbəti», qazanmaq müstəqilliyi əvvəlki dövrlərə nisbətdə xeyli artıqdır və üstəgəl, məlum «ipoteka» kreditləri.…
   Bundan əvvəl etdiyim söhbətin nəbzi isə təkcə maddi, «daşınmaz əmlak» üstə yox, nəsildən-nəslə daşınan mənəvi əmlak, şan-şərəf üstə döyünür. Maddiliyə qalsa, hər çətin dünənin asan sabahı ola bilər. Amma hər hansı maddi səbəbdən dağılan ailənin mənəvi sabahı yoxdur. Yəni, istərdim yeni ailə quran gəclərimiz dərk etsinlər ki, evlilik tək elə gözəl hisslər deyil. Bizim valideynlərimiz bunu öz «saqqallı» uşaqlarına daim ən vacib layla kimi səslənməlidirlər.
   - Bəs bir jurnalist, mətbuat işçisi kimi özünüz barədə nə söyləyə bilərsiniz?
   - Deyim ki, jurnalistikaya korrekturadan başlamışam. 21 il «Vışka» qəzetində çalışmışam. Azərbaycanın çox rayonlarını gəzib-dolaşmış, bütün xarakterial xüsusiyyətlərini, ictimai-məhəlli fəlsəfəsini müşahidə etmiş, kifayət qədər görüb-götürmüşəm. Cəmiyyətə, xüsusən gənclərə fayda verən materiallar yazıb dərc etdirməyə çalışmışam.
   - Yəqin ki, rayonlarda sadə insanlarla da çox görüşmüsünüz və indi deputatlıq fonunda, onları necə və kimi daha çox xatırlayırsız?
   - 20 il əvvəl Şamaxıda bir çobanın qonağı olmuşam və onun zəhmətkeşliyi, dünyagörüşü, həyat fəlsəfəsi məni çox heyrətləndirmişdi.
   - Nəğmələriniz haqda - biz bura bəstəkarlığınızı deyib gəlmişik...
   - Mən professional bəstəkar deyiləm. «Ömrümdən gedən illər» mahnımı Nisə xanım Qasımova ifa edir. Mən hər şeirə musiqi bəstələyə bilmirəm. O şeir ki mənim könlümü çalır, mən yalnız onda bəstələyirəm.
   - Mahnı, musiqi yaradıcılığınız daha çox hansı ehtiyacdan yarandı; öz könül rübabınızdan, ya həyat diktəsindən?
   - Mənim bütün qərarlarımın fərmanvericisi öz ürəyimdir.
   - O cümlədən yazıçılığınızın...
   - Hə. Gəncliyimdən yazırdım. Amma sovet vaxtı «dəcəl» hekayələrimi çap etdirmək çox çətin idi, hər zaman siyasi «olmaz!»lara, ədəbi tənqidlərə məruz qalırdım. Lakin 40 yaşımdan sonra balaca-balaca hekayələr yazdım və «Anlamaq istəyirəm» adlı bir kitabçam çıxdı.
   - Diktofonöncəsi söhbətinizdən duyduğuma görə, analıq «vəzifə»nizdən daha geniş danışacaqsız...
   - Bu «yaradıcılıq»da özümü çox xoşbəxt sayıram. Bir oğlum, iki qızım var. Oğlum kişi kimi kişidi, qızlarım da xanım kimi xanım. Allahın köməkliyilə çalışmışam onları həyata elə hazırlayım ki, aylarla, illərlə qoyub öz işimin dalıyca getsəm, narahat olmayım. Onlar da mənə hədsiz etibar qayığısı göstərirlər.
   - Hansının adını Siz qoymusuz?
   - Hamısının. Hamısının da adında bir işıq var: Ziya, Səma, Nuranə.
   - Hansını daha çox istəyirsiz?
   - Ana öz övladları barədə fərq qoymaz.
   - Sizcə, «besavadlıq zamanasında» boşanmalar çox idi, ya müasir savadlılıq zəmanəsində?
   - Keçmiş zamanlarda boşanma, sadəcə, ayıb sayılıb. Ərə gedən qadınlar döyülüb-söyülsələr də, təhqirlərdən üzləri, əzab-əziyyətdən belləri əyilsə də, başlarını qaldırıb yuxarı baxmırdılar. Dözürdülər və müəyyən bir yaşa gələndə insan simasını itirirdilər. Bu məsələdə həm savad, həm də insanın genetikası böyük rol oynayır. İnsanın genetikası pis, savadı, «hüququm» anlayışı aşağıdırsa, hər şey bitdi. Burda heç nə etmək olmaz. Ancaq savadlı, intellektual ölkənin gələcəyi ola bilər. Mən 10 ildir uşaq evlərilə əlaqələrdəyəm. Ətrafımdakı çox gözəl, ayıq, ictimai düşüncəli qadınlarla çox işlər aparmışıq və bu da ona gətirib çıxarıb ki, o uşaqlar məktəbi bitirərkən «neynim-necə eləyim» dilemmaları qarşısında qalmırlar; universitetlərə daxil olurlar, ailə qururlar. Bizim Oksana adlı bir sevimli qızımız var. Öz savadı ilə universitetə daxil olub. Məktəbi bitirərkən mən ona dedim: «Sən düz ol, Allah ilə ol, yolların həmişə açıq olacaq». Yeri gəlmişkən, mən bu sözləri bütün insanlara aid edirəm. Hə, o qızı bir ailə himayəyə götürdü və bu yaxınlarda o, mənə zəng vurub dedi ki, bu il universiteti bitirir və daha yüksək təhsil və ümumən karyera üçün Amerikaya gedir - dövlət xətti ilə. Kim nə deyir desin, məncə, təkcə yaradıcıların yox, bütün insanların «şah əsəri» övladdır.
   - Bu postulatda jurnalistlik-yazıçılığınızın «baiskarlığı» az deyil və istərdim bu sahələrdəki fəaliyyət və özəlliklərinizdən də bir «özünəməxsus» söhbət edəsiniz...
   - Çox əfsuslar olsun ki, mən jurnalistikada özümü peşəkar kimi realizə edə bilmədim və özümü güclü jurnalist saymıram.
   - Bəs təsisçisi olduğunuz bu maraqlı «Mir jenşinı» qəzeti azmı söz deyir?
   - (Məmnun bir təbəssümlə) Bu qəzetim nə qədər söz deyir, bilmirəm, amma mən özüm deyim ki, böyük təcrübəm olsa da, böyük jurnalistlərin yanında özümü sıravi qələm əhli hesab edirəm. Məsələn, çox yaxın rəfiqəm Elmira Axundova! Mən onunla qürur duyuram. Onun ulu öndərimiz Heydər Əliyev haqda elə kitab və yazıları var ki, oxucuya ustad qələm, ecazkar maestro simfoniyaları təsiri bağışlayır!
   - O ampluada neçə jurnalistin adını çəkə bilərsiniz?
   - Çox olsa, barmaqhesabı qədər.
   - Bayaq valideyn-övlad tandemindən bəhs etdik, bunu sənət-peşə sələf-xələfliyinə də aid etmək olmazmı? Yəni, niyə axı jurnalistikanın Elmira Axundova kimi valideynləri özləri kimi övladlar yetişdirməyiblər?
   - Bunu zaman elədi. İqtisadiyyatı olmayan ölkənin mənəvi inkişafı olmur. Bu da bizdə müharibədən sonra yarandı. İnşallah, indi inkişaf var və zaman elələrini yetişdirəcək.
   - Təbiətin hansı səsindən xoşunuz gəlir: yağışdan, maşın səsindən, quş cikkiltisindən, ya bilkə kiməsə vurulan şapalaq səsindən?
   - Quş səsləri daha xoşdur.…
   - Sizi bəstəkarlığa o səslər gətirdi?
   - Yox, sənətə səsləyən səs İlahi bir şeydi. Bir 10 il öncə bir şairənin şeiri tutdu məni və musiqi təhsilimə güvənib, keçdim pianino qarşısına. Bir günün içində iki şeirə musiqi yazdım: «Ömür belə neçə keçdi» və «Bu eşq yandırdı məni».
   - Əgər o şeirin adı, tutalım, «Bu yol yaman yordu məni» olsaydı da yazardınız o musiqini?
   - Yox, o tip mövzular adamı pianino arxasına yox, yazı masası arxasına çəkə bilər.
   - Bəstəkarlardan kimi daha çox sevirsiz?
   - Klassiklərdən Qara Qarayevi, Bethoveni, müasirlərdən Eldar Mansurovu.
   - Deputat, camaat, dolanışıq...
   - Aydındır. Bəzi jurnalistlər yazırlar ki, deputatların maaşı çoxdur. Amma, inanın, mən jurnalist olarkən aldığım maaşla öz tələblərimi daha yaxşı ödəyirdim, nəinki indi. Hətta o vaxtkı qazancımdan uşaq evinə də aparırdım. İndi deputatam və xərc ünvanları o qədər artıb ki, maaşım məni görmür.
   - Sizə «axırıncı dəfə avtobusa nə vaxt minmisiz» sualı verilsə, inciməzsiz?
   - İncimədən cavab verirəm ki, bugünlərdə uşaq evinə getdiyim avtobus istisna edilməklə, bir 10-15 ildi ictimai nəqliyyata minməmişəm. Bilirsiz, bu da var ki, əgər bu gün mən, tutalım, öz rayonumuza avtobusla getsəm, seçicilərimin bir çoxu məni öz «sovet mentaliteti» səviyyəsində qarşılayar.…
   - Deyirlər, analara məsləhəti yalnız analar verə bilər...
   - İlk növbədə, övladları arasında fərq qoymasınlar, səbrli olsunlar, yetkinlik yaşına çatanda uşaqlara ehtiyatla yanaşsınlar, səbrlə davransınlar, onlara dost kimi yol göstərsinlər, ailə qurduqdan sonra həyatlarına müdaxilə etməsinlər.
   
   Söhbətləşdi: K.Cəbrayıl







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar