Aydın Talıbzadə: «Türkdilli xalqların teatr durumunu problemli gördüm»
   
   Olsun ki, türkdilli xalqların teatr mədəniyyətində bu günlərin ən ortaq hadisəsi Tatarıstanın Kazan şəhərində keçirilən «Nauruz» IX beynəlxalq teatr festivalıdır. Əlbəttə, ortaq olan yalnız bu deyil. Festivaldan yenicə qayıtmış teatrşünas alim Aydın Talıbzadə ilə söhbətimiz bu mövzuda bilmədiyimiz qaranlıq məqamları aydınlatdı. 
   
    - Aydın müəllim, bu gün dünyada «Türk teatrı» deyə bir anlayış varmı?
   
- Son vaxtlar bizimkilərin revizionist (təftişçi) ruhu mənə ləzzət eləyir: xüsusilə teatrşünaslıqda. Onlar, yəni yeni teatr yazarları, hər şeyin həqiqiliyini yoxlamaq və bilmək istəyirlər. Bu, gözəldir, amma aludə olmağına dəyməz. Anlayışlar da dövrün fikir partiturasına uyğun yaranır: əgər öz iç mahiyyətini doğruldursa, elmdə təsdiqlənir, doğrultmursa... biz onu yavaşca unuduruq və xatırlamırıq. “Türk teatrı” anlayışı artıq müasir teatr tarixinin gerçəkliyidir. Bunda şübhələnməyin. Qərb teatrı tarixində, məsələn, həm “İngiltərə teatrı” termini işlənilir, həm də “ingilis teatrı” anlayışı. Və bundan heç kim eymənmir. “Slavyan teatrı” anlayışını da sizin suala qatmaq olar. Bu kontekstdə “türk teatrı” anlamı yalnız Türkiyə teatrının tarixini, estetikasını, poetikasını fokuslaşdırır və “ümumtürk teatrı” mənasını daşımır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Saxa, Tatarıstan, Altay, Başqırdıstan teatrları türk teatrı kimi yox, türkdilli xalqların teatrı kimi definisiya olunur. Bu isə daha düzdür. Hətta ənənəvi teatr formaları cərgəsində ortaq bir türk teatrı aramaq absurd, cəfəng bir işdir. Çünki teatr həmişə müəyyən ərazidə, müəyyən ənənələrlə, müəyyən ideyalarla, müəyyən emosionallıq şkalasında yaşayan müəyyən xalqın avtoportreti kimi bir şeydir. Çox qəribədir, bəlkə bu, mənim teatrşünas təcrübəmdir, bilmirəm, tamaşaya baxıb xalqı tanımaq olur.
    - Kazan festivalının görünən bir prinsipi vardımı?
   
- Prinsip türkdilli olmaqdır. Mən sizin sualınızı düşünmədən cavablayıram və bu mənə xoşdur. Hərçənd mən də sizdən soruşa bilərəm, siz hansı prinsipləri nəzərdə tutursunuz? Amma söhbət uzanmasın deyə və sizin qəzet mənim cümlələrimi kəsib doğramasın deyə, mən öz sualımı gündəmdən çıxarıram. Keçək üçüncü suala.
    - Festivalda türkdlli ölkələr teatr mədəniyyətinin səviyyəsini, durumunu göstərə bildimi? Nə kimi müşahidələriniz var?
  
 - Şəxsən mənim üçün bu festivalda türkdili faktoru teatr faktorunun özündən önəmlidir. Birdən-birə hamı türkcə danışır və sən duyursan ki, bunlar heç də yad adam deyillər, sənin uzaq soydaşlarındır. Bir də görürsən ki, Saxadan, Xakasiyadan olan bir kimsə sənə nəsə öz dilində anlatmaq istəyir və çətinliklə olsa da, bunu anladır. Türkdilli xalqların teatr durumunu mən bu dəfə problemli gördüm. Artıq XXI əsrdir, oradasa mənə elə gəldi ki, bir çox türkdilli xalqların teatrları hələ də keçən əsrin 70-80-ci illərilə nəfəs alırlar. Seyr etdiyim tamaşalar arasında Ankara və Trabzon teatrları, həmçinin Qırğızıstandan gəlmiş “Uçur” teatrı mənə xoş dəqiqələr yaşatdı.
    - Festival, tamaşa, bayram təntənəsi öz yerində, məsələnin analitik tərəfi maraqlıdır. Keçirilən müzakirələrdə dartışılan əsas mövzular, gəlinən qənaətlər nələr idi?
  
 - Mən rus dilində festivalı güzgüləndirən bir məqalə yazmışam və bildiyimə görə bu məqalə Moskva və Sankt-Peterburq teatrşünaslarının çox xoşuna gəlib. Güman ki, bu məqalə söylədiyim şəhərlərdən əlavə Ufa və Kazan şəhərlərində də dərc ediləcək. Burada isə mən onu saytlardan birinə yerləşdirəcəyəm. İnşallah, oxuyarsınız. Ona görə də analitik məsələlər üzərində gəlişmək istəmirəm. O ki qaldı festivalda tənqidçilər kollegiyasının yekun müzakirəsinə, bütün teatrşünasların çıxışlarındakı əsas ideya bu oldu ki, festivalın daha maraqlı yaşamasından ötrü koordinal dəyişikliklər lazımdır və türkdilli xalqların dünya teatr prosesinə inteqrasiyası labüd və qaçılmazdır.
   - Sizcə, hər hansı bir ölkənin teatr mədəniyyətindəki uğurunu nələr şərtləndirə bilər?
  
 - Müasir teatr dili vasitəsilə əbədi dəyərlər barədə səmimicəsinə danışmağı bacarmaq.
   - Yaxşı, oralarda Azərbaycan teatrına maraq nə səviyyədədir?
  
 - Heç vaxt heç kim demir ki, mən filan teatrla maraqlanıram. Düzdür, nələrisə soruşurlar, informasiya xatirinə, yerli teatrın durumunu bilmək xatirinə. Maraqlanırlar şəxsiyyətlərlə, teatr dünyasında tanınan rejissorlarla. Tutalım, hamı öyrənmək istəyir ki, bu gün Martaller, Kastorf, Le Paj, Joldak, Bob Uilson, Tuncer Cücenoğlu hansı sənət ideyaları ilə çıxış edirlər, nə hazırlayırlar. Bu kontekstdə Azərbaycan teatrına olan maraq digər teatrlara olan maraqdan məxsusi heç nə ilə fərqlənmir.
   - İndiki durumda teatrşünaslığın, teatr tənqidinin prosesdə yeri, görünən perspektivləri, edə biləcəyi nədir, sizcə?
  
 - Festivalın ən cəlbedici tərəflərindən biri bu idi ki, burada, bəlkə də ilk dəfə olaraq, çox güclü tənqidçilər iştirak edirdilər: Anya A.Stepanova, Oleq Loyevski, Alyona Karas, Pavel Rudnev, Dina Davletşina, Nadya Stoyeva, Vladislava Kuprina, Niyaz İqlamov və s. Bir məqamı deyim sizə: teatrşünaslar öz düşüncə tərzlərinə görə festivalda təmsil olunan teatrlardan qat-qat üstün və müasir idilər. Və belə bir komandada işləmək adama ləzzət eləyirdi. Tamaşaya münasibətdə yalnız peşəkar mövqe və əlüstü anlaşma, qısa fikir mübadiləsi və heç kəsə sübut etmək lazım deyil ki, iki vur iki dörd eləyir. Mən bunları niyə danışıram? Təbii ki, Sizin sualınızı əyani nümunə fonunda cavablamaq üçün. Teatr tənqidçiləri, teatrşünaslar teatr prosesini aktivləşdirən və onu toplumda aktuallaşdıran insanlardır. Onlarsız teatr prosesi inert vəziyyətə düşür, ölgünləşir. Hələlik bu qədər... Bu, tamam başqa bir mövzudur. İnşallah, danışarıq.
   
   Aliyə