«Qəm eləməyin, qəm də qəlbin naxışıdı...»
   
   Oxuyanda ətrafa o qədər nikbinlik, xoş emosiyalar saçan Xumar Qədimovanın bu qədər «dərd əhli» olduğunu ağlıma gətirməzdim. Onunla üç saatdan çox çəkən müsahibəmizdə kifayət qədər nəm çəkdik və söhbətin bir məqamında söylədi ki, «Qəm də qəlbin bir naxışıdır». Biz də dedik, bu gileyiniz burda bitsə yaxşıdır...
   
   - Xumar xanım, mahnılarınız Sizdən bizə az söz deməyib, bəs özünüz?..
  
 - Bir deyin görüm mahnılarım mənim haqqımda sizə nə deyib?..
   - Mahnılarınız bizə asta-asta, misra-misra pıçıldayıb ki, qəlbiniz özünüzdən də, sözünüzdən də, nəğmələrinizdən də gözəldi, zərifdi, incə-mincədi...
  
 - (füsunkar təbəssümlə) Daha mənlik nə qaldı ki?..
   - Qalıb, qalıb, - mahnıların avtobioqrafiya «xəbərçiliyi» yoxdur...
  
 - Mən «uzaq» Qazax rayonunun ucqar bir kəndində anadan olmuşam. Əslimiz isə İrəvandandı; ötən əsrin ortalarında ailəmiz Qazağa köçüb və mən orada dünyaya gəlmişəm.
   - Neçənçi ildə doğulmusunuz?
  
 - (gülür) Keçin o biri suala!..
   - Neçə yaşınız var?
  
 - (sürəkli gülüş) Onda mən özüm keçirəm növbəti cavaba: İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. Orta musiqi təhsilim də var.
   - Yaxşı, sənət təvəllüdünüz neçənci ildəndi?
  
 - Ailə məsələləri ilə bağlı, sənətə gec gəlmişəm. Əslində mən heç sənətə gəlmək istəmirdim - sənət mənim içimdə, qanımda, canımda, bütün varlığımda idi. Uşaq vaxtlarımdan oxuyuram, - gözüm Zeynəb Xanlarovaya açılandan...
   - Yəqin bir az da Zeynəb xanımın «Dünyanın xoşbəxti mənəm dünyada!» nidasına susayıb gəlmisiniz sənətə...
  
 - Ola bilər. Amma deyim ki, sənət, populyarlıq elə təkcə xoşbəxtlik deyil, həm də zəhmətdi, əzabdı, əziyyətdi...
   - Amma çoxları sizə, ümumən sənətçilərə həsəd aparır...
  
 - Vallah vaxt olur ki, mən evimin qulluqçusuna həsəd aparıram. İstəyirəm onun yerində olam. Sözümün səmimiyyətinə inanın. Çox duyğulu insanam və bu da mənə çox əziyyət verir. İnanın, evdar qadınlar bəlkə də bizdən qat-qat xoşbəxtdi.
   - Xu...mar... Bu musiqili adı sizə kim qoyub və neçənci ildə?
  
 - Adımı anam qoyub, (gülür) illərin birində, günlərin bir günündə...
   - Yerlibazlığınız yoxdur, deyəsən?..
  
 - Nədir ki?
   - Səməd Vurğunun sözlərinə mahnılarınız yoxdur...
  
 - Niyə ki, var. «Anam», «İstiqlal». Hətta, mənim ağladığım vaxtlar olub ki, Səməd Vurğun niyə ölüb. Hələ günü bu gün də qəbul edə bilmirəm ki, S.Vurğun niyə tez rəhmətə gedib. Amma əsla yerlibazlıq cəhətdən yox, bir S.Vurğun kimi!
   - Sizin sənət həvəsiniz, duyum və dünyagörüşünüz Zeynəb Xanlarova ilə yekunlaşdı, ya?..
  
 - Mənim oxumağa başlamağımın əsl səbəbkarı öz bəstələrim olub. Əvvəllər mən özüm üçün, «ev üçün, ailə üçün» oxuyurdum. Günlərin bir günü, atamın aldığı bax o əziz pianinonun arxasına keçib, «İsa bulağı» (N.Kəsəmənli), daha sonra öz dünyamla bağlı olan «Gələcəyəm» mahnısını yazdım. Sonra Nəriman Həsənzadənin «Kimsə» şeirinə musiqi bəstələdim və onun öz poeziya gecəsində oxudum. Elə o gündən hamı mənə mütləq, mütləq, mütləq oxumağı təklif etdi. Aylar, illər keçdi, başladım musiqi bəstələməyə və gördüm ki, alınır, xoşa gəlir. Növbəti mahnım Vətənlə bağlı oldu.
   - «Gələcəyəm» mahnınız sevgidəndi və o bəstənin Sizi necə cəlb və cəzb etməsi haqda...
  
 - «Gələcəyəm» mahnımı istədiyim bir insana həsr etmişəm. Bu şeiri oxuyanda mən elə həmin o şeirdəki vəziyyətdə idim. Musiqi, mahnı əsasən hər hansı bir halın, ovqatın zirvəsində yaranır. Mən o mahnını yazanda pərişanlığın yeddinci qatında idim...
   - Mahnılarınızın sözləri də çox mənalı, çox seçkin olur. Sözləri belə üfürə-üfürə seçmək Qazaxda doğulmağınızla bağlı deyil ki?
   
- Yox, bu, mənim öz dünyamla bağlıdı. Mənim atam da çox şeirsevən, sonalayıb seçən olub. Aşıq Ələsgərin dəlisi idi atam!
   - Siz kimin dəlisisiniz?
   
- Bütün dərin şairlərin, mənalı sözlərin!
   - Başlayın o sözlərdən, mahnılarınızdan danışmağa...
   
- 30-a yaxın bəstəm var. Son zamanlar yazdığım çox populyar mahnılarım var: «Mənim gülüm», «Qurban olum», «Ruhun ilə yaşayıram». Keçək, belə demək mümkünsə, «retro» mahnılarıma: «Ata», «Ayrılıq», «Məktub»...
   - Stop, Xumar xanım! Müsahibə zamanı jurnalistin hər hansı obyekt-subyektə birbaşa münasibət sərgiləməsi «ofsayt» hesab olunsa da, deyim ki, məni də lap sonda adını çəkdiyiniz mahnınız dəli eləyib. Məktub haqda dünya və milli ədəbiyyatda kifayət qədər söz deyilib. Amma «Bu məktubum yolda itsə yaxşıdı» kimi ilahi bir deyimə hələ rast gəlməmişəm.
   -
Sizi anlayıram. Ona görə ki, bu sözlər mənə də elə bu sayaq təsir edir.
   - Yəni, aşiq nə qədər məsuliyyətli, titrək, tərəddüd məqamında olmalıdır ki, öz sevgi əsərinin yolda itməsini arzulasın...
   -
Bəs şairliyi, poeziyanı nə bilmişdiz!
   - Hələ onu bu sayaq nəğməyə çəkməkliyi və bu cürənə «ciyəriyanmış» fasonda oxumağı demirsiz!
   
- Təşəkkür...
   - Başqa bəstəkarlardan oxuduğunuz mahnılar haqda nə deyərdiz?
   
- Ramiz Mirişlinin «Yandım, elə yandım», «Gəl inad etmə» mahnılarının təkcə ifaçısı yox, həm də vurğunuyam. Xalq mahnılarından «Yaralıyam, dəymə», «Ay qız, kimin qızısan» və sair mahnıları repertuarımın bəzəklərindən sayıram.
   - Xəbərdən xəbəriniz varmı ki, Sizin “Maşın” realiti-şouda iştirakınız mənim xətrimə dəyib... Ağır-batman mahnılar müəllifi və ifaçısı, xanım-xatun Xumar xanım və... «dəcəl»lər yığnağı...
   -
Bu, çoxlarının xətrinə dəyib. Mən özümü xoşbəxt sayıram ki, belə qısqananlarım var.
   - Bəs Siz niyə elə eləməyəsiniz ki, biz də «belə ağır-taxta müğənni xanımımız var», - deyə özümüzü xoşbaxt sayaq?..
  
 - Məni elə görmək istəyənlərə atəşin salamlar!
   - Gəlin təsəvvür edək: Azərbaycan mahnıları qatarla dünyanın Zövq ölkəsinə doğru uçur. Xumar Qədimova öz mahnılarını neçənci vaqonda görür və onlar üzü ha tərəfədir. Vətənə sarı, ya?..
  
 - Ancaq Vətənə sarı! Mən Vətən haqda ancaq oğluma danışanda alınır. Başqaları ilə söhbətləşəndə ürəkdən çıxmır. Deyirəm birdən fikirləşərlər ki, mən də bəzi boğazdanyuxarılardanam...
   - Müğənni rəfiqələrinizin yanında özünüzü necə hiss edirsiz?
  
 - Mənim ən yaxın rəfiqəm özüməm. Heç kim məni özüm qədər başa düşmür. Məni xilas və məşğul edən öz dünyamdır. Mən özümü güclü qadın hiss edirəm, amma, beş-altı həmkarım istisna edilməklə, onların aurası, düşüncə, maraq dairələri bəzən məni məhv edir.
   - Bəs o «beş-altı» nəfərə - yaxşı insanlara münasibətiniz?
  
 - Onları çox sevirəm. Mən çox qürurluyam, amma yaxşı insanın yanında çox zəifə, çox tabeyə çevrilirəm.
   - Siz daha çox sevilirsiz, yoxsa sevirsiz?
  
 - Sevilirəm.
   - Bəs niyə borclu qalırsız?
  
 - «Borclu borclunun sağlığını istər»...
   - Ziqmund Freydə görə, mədəniyyət, abır-həya, əxlaq normaları həyatda çox şeylərə qoruq-qaytaq qoyur. Bu «zərbələrə» tuş gəldiyiniz məqamlar olubmu?
  
 - Mən mədəniyyətə, abıra görə çox şey itirmişəm. Məsələn, mən bir vaxt «valideynlərimdən, qohum-qonşudan ayıbdır» - deyə ailə qurdum, - hansı ki, o ailə mənə lazım deyildi. İnanırsız, mən hələ də anamdan qorxuram və bu qorxmaqlığımdan bəzən həzz alıram, özümü çox xoşbəxt sayıram.
   - Sizi bu ləzzətli pərişanlıqdan ayırmaq üçün standart bir sual: yeni nə layihə üzərində işləyirsiz?
   
- Yeni mahnılar işləyirəm. İnşallah, konsertlərim olacaq.
   - İfa məqamlarında daha çox tanıdığınız adamları düşünürsüz, ya tanımadığınız?
   
- Təbii ki, çoxluq haqda. Yəni, tanımadığım insanlar daha çoxdur və şəxsi münasibətdə olduqlarıma rəğbət bildirib öz borcumdan çıxdığım halda, deyirəm qoy tanımadıqlarıma da sayğılarımı qiyabi - xatırlama «salyut»larımla bildirim...
   - Siz özünüzdəki, üz-gözünüzdəki kədərin, bədbinliyin fərqindəsizmi?
   - Qəm də qəlbin bir naxışıdır...
   - Dədə Ələsgər demişkən «dərd alıb, qəm satıb, nəf eləyirsiz?»
   - Mən ruh adamıyam. Arada özümü o qədər xoşbəxt hiss edirəm ki, deyirəm heç kəs mənim kimi xoşbəxt ola bilməz! Bəzi vaxtlar isə çox bədbinləşirəm. Məni ən çox bədbinləşdirən nostalji hisslərdi...
   - Bu gileylər burda bitsə?..
   - Yaxşıdır!
   - Siz oxuyanda bəzən və qəflətən (!) bizə - tamaşaçılara elə qıyğacı baxırsız ki!..
   - Hə, hərdən olur. Və o anda mən məhz o adama baxıram...
   - ...Narahat olmayın, bu yerdə sual verməzlər...
   - Mən mahnı bəstələyəndə və oxuyanda daimi bir müsahibimlə üz-üzə, göz-gözəyəm.
   - Siz jurnalist olsaydız, bugünkü sənət, sənətçilər haqda, onların nəliyi, necəliyi barədə nə yazardız?
   - Mən bu xarakterlə jurnalist ola bilməzdim. O qədər özünəqapalı insanam ki, heç vaxt jurnalistlik edə bilmərəm. Süni təriflər etməyi sevmirəm. Məsələn, bizim indiki jurnalistlərin əksəriyyəti ən çox populyar adamları izləyirlər, onları daha da «ulduz»laşdırmağa çalışırlar.
   - «Bizim» şou-biznesin vəziyyəti necədir?
   - Bu, mənim ən çox sevmədiyim sualdı. Heç nə deyə bilmərəm. Şəxsən mən - Xumar Qədimova sənət aşiqiyəm, vəssalam.
   - Hər kəsin dünyasında 40 qapı var. Sizin 40-cı qapınızı açan olub?
   - O heç vaxt açılmayacaq.
   - Bu intervümüz yolda itsə yaxşıdır, ya qəzetimizdə dərc olunsa?
   - Baxır sizin bu söhbətimizi necə bəstələməyinizə...
   
   Söhbətləşdi:
   K.Cəbrayıl







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar