Rəhman Əlizadə: «Bacarıqlı heç, amma istedadlı adam həmişə əziyyət çəkir»
      
   Dramaturqların barmaqla sayılacaq qədər qıt vaxtında, rejissorların məzuniyyətə buraxılıb istirahət etdiyi yay bürküsündə Dövlət Kukla Teatrının baş rejissoru, dramaturq, «Pyeslər» kitabı təzəcə çapdan çıxmış Rəhman Əlizadə ilə görüşüb söhbətləşdik. Tanınmış teatr adamının 60 illik yubileyinə təsadüf edən görüşümüzün səbəbi yubiley olsa da, mövzusu sadəcə teatr oldu. Elə Rəhman müəllimin çox sevdiyi teatr...
   
   Yay gecəsində yuxu
   
   - Rəhman müəllim, bir az əvvəl Gənclər Teatrına baş rejissor göndərilmişdiniz. Məlum islahatlardan sonra yenidən Kukla Teatrına qayıtdınız. Bu ərəfəni fəaliyyətinizdə necə bir dövr kimi qiymətləndirirsiniz?
   - Əgər bir adam bir sənətlə məşğuldusa, hara getməsindən asılı olmayaraq, o sənəti içində daşıyır. Yəni bir rejissor kimi düşüncəmdə öz teatrım var. Hara getsəm, o teatr mənimlədi. Dünyanın harasına getsəm, Rəhman Əlizadəni aparacam.
   Gənclər Teatrına getməyim belə oldu ki, oranın baş rejissoru rəhmətlik Hüseynağa Atakişiyev mənim beş-altı komediyamı tamaşaya qoymuşdu. Özüm də orada bir dəfə tamaşa qoymuşdum. Onda Gənclər Teatrının aktyorları da müraciət edib məni o teatra az-çox bələd olan biri kimi baş rejissor çağırdılar. Orada altı tamaşa hazırladım - «Mürafiə vəkillərinin hekayəti» (A.F.Axundov), «Sara xatun» (N.Saraclı) və s. İş elə gətirdi, teatrda islahatlar başladı, teatrlar birləşdirildi və mən yenə Kukla Teatrına, öz yerimə qayıtdım. Mən bu teatrda 35 tamaşa hazırlamışam.
   - Bəs Satira Teatrı?
   - «Satira» teatr studiyasıdır. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərir. Yalnız Mədəniyyət və İncəsənət Universitetinin dördüncü kurs tələbələrini götürdüm. Studiyada özümün «Vicdansız» adlı komediyamı hazırladım. Tamaşalar göstərildi. İndisə Şekspirin «Yay gecəsində yuxu» pyesini tamaşaya hazırlamaq fikrindəyəm.
   - Sizcə kukla bəzəmək, kukla oynatmağın fəlsəfəsi nədir, nədən gəlişir? Estetik təfəkkürdə kukla oynatmaq nəylə bağlıdır?
   - Kuklaçı aktyor bir yaradıcı kimi «mən»indən imtina edir sanki. O ideya və hisslərini cansız bir taxta parçasına ötürür. Yəni kuklaçı aktyorla tamaşaçının arasında bir kukla var. Kukla, yəni oyuq arada qalır, yəni mən oyuqla göstərir, oyuqla deyirəm. Həm də bunun bir mistikası var.
   Uşaq öz oyuncağı ilə sanki canlıymış kimi rəftar edir. Məsələn, aktyor bir obrazı yaradır. Kuklaçı aktyor isə o canlı ifadan da artıq bir obraz yaratmaq niyyətindədir. O canlı aktrisanın edə bilmədiklərini kukla ilə etmək istəyir. Əsas olan inandırmaq və heyrətləndirməkdir ki, bu balaca taxta divdi, özü də çox qorxulu divdi.
   
   «MXAT»da işləmişəm...
   
   - Kukla Teatrında bir stereotip formalaşıb və bu teatrı profilləşdirir, məhdudlaşdırır. Sanki kukla teatrı yalnız uşaqlar üçündür. Axı kuklalarla böyüklər üçün də tamaşa hazırlamaq olar...
   - Bu teatrda işlədiyim 13 il müddətində bu çərçivəni dağıtmışam. Brextin «Kuraj ana və uşaqları», Axundovun «Hekayəti Xırs-quldurbasan» pyeslərini qurmuşam. Eksperimental tamaşalar da olub. İndi gənclərə meydan vermişik. Özü də peşəkar teatrda.
   Bilirsiniz, əvvəllər bizim nəsil rejissorlar bir müddət xalq teatrında işləyirdilər. Dövlət teatrında bizə eksperiment etməyə imkan vermirdilər.
   Mənim də, Vaqif İbrahimoğlunun da, Hüseynağa Atakişiyevin özünün də xalq teatrı olub. Bir növ bu teatrlarda peşəkarlaşdıqdan sonra dövlət teatrına gəlmişik. Mənim işlədiyim Mərdəkan Xalq Teatrı var idi ona zarafatla “MXAT” deyirdik. Bu “MXAT” xaricə də getdi. Çexoslovakiyaya getdi, Moskvaya getdi və s. Lütfi Məmmədbəyovun xalq teatrı var idi. Nə qədər məşhur aktyor bu teatrdan çıxdı - Səməndər Rzayev, Mikayıl Mirzə, Mərahim Fərzəlibəyov və b. Yəni belə bir proses gedirdi. Rejissor bu prosesdən keçməlidi. Musiqini öyrənməlidi, qrafikanı, müasir ədəbiyyatı, klassikanı, dramaturgiyanı... yəni bilməli olduğu bir aləm şey var.
   - İndi gənclər üçün studiyalar yoxdur ki?..
   - O zaman Tofiq Kazımov, Mehdi Məmmədov kimi rejissorlar öz teatrını aça bilməzdi. İndi kim istəsə öz teatrını aça bilər. Məsələn, mədəniyyət evləri boşuna qalıb. Burada işləyə bilərlər. Özünü rejissorluqda sınamaq istəyən cavan adam bununla məşğul ola, hətta pul da qazana bilər.
   Məsələ istedaddadır. Bilirsiniz, istedadlı adam var, bir də var bacarıqlı adam. Bacarıqlı heç, amma istedadlı adam həmişə əziyyət çəkir. Çox qəribə bir şeydi. Böyük dramaturqlar, yazıçılar, şairlər sanki əziyyət çəkmək üçün doğulublar. Bu, sanki yazılmamış qanundur.
   
   O yerdə ki şərt var, orada oyun var...
   
   - Bu sualı həmsöhbət olduğum əksər sənət adamlarına verirəm. Hamı da fərqli cavablar verir. Madam ki, bu məqama çatdıq, sizdən də soruşum, oyun qurmağınız, oyun düzənləməyiniz yaşamağınıza, həyatınıza paradoks deyil ki?
   - Elə bir peşə yoxdur ki, orada oyun olmasın. Müəllim dərs deyirsə, o artıq bir oyun qurub. Həkim xəstə münasibəti də bir oyundur. Yəni iki nəfərin söhbətində bir əməl var. Hətta biz sizinlə danışırıq, bu da artıq bir oyundur. Siz mənimlə danışarkən şüuraltı olaraq istədiyiniz məlumatı tam almaq istəyirsiniz. Bu artıq dramaturgiyadır və oyundur. Aktyor sənətində bu artıq texnikadır, peşədir. Bu peşənin iki min beş yüz il tarixi var. Bu üç dinin üçündən də əvvəl yaranmış bir sənətdir. Sonra kilsələrdə də dramlardan istifadə olundu. İslamda şəbeh tamaşaları yarandı. Kukla teatrının özündə bütpərəstlikdən gələn məqamlar var. Hətta ən qədim əhvalatın - Adəmlə Həvvanın alma yeyib cənnətdən qovulması da belədir. Burada da şərt qoyulur-almaya toxunmamaq şərti. O yerdə ki şərt var, orada oyun var. Demək, Tanrı şərt qoymaqla bir oyun qurub. Hər sahədə bir oyun var. Siyasətdə də, iqtisadiyyatda da. Teatrdasa oyunun qanunları var.
   Bu işin də formulu özünlə səmimi olmaqdır. Hərçənd daim yalnız heyvanlar səmimi ola bilir. Peşəkarlıq da öz yerində. Əsas odur ki, özün-özünü oynamayasan. Bir var oyun qurmaq, bir də var rejissorluğu oynamaq, şairliyi oynamaq... Ən pisi budur. Şairdisə gərək dəniz qırağında kədərli pozalarda dayansın, rejissordusa, məşqdə qışqırsın... Bu, yolverilməzdi. Bu mənada səmimi olasan.
   Kitabxanadan kitab alıram oxumağa, təəccüblənirlər ki, Rəhman Əlizadə kitab alır oxuyur. Amma bu, mənim işimdi də. Bu, mənim sənətimdi. Bunu böyütmək, ya da buna təəccüblənmək lazım deyil.
   - Rəhman müəllim, dramlar yazırsınız, sözsüz ki, orada sizi düşündürən problemlərdən, mövzulardan danışırsınız. Cəmiyyətdə gedən proseslərlə nə dərəcədə maraqlanırsınız? Yoxsa hər şey müşahidələrinizə əsaslanır?
   - Sənətkar qılafda qala bilməz. İllah da teatrda. Teatr son dərəcə sosial, kütləvi bir sənətdi. Və teatr, sənət yaranandan problem insan problemidi. Əsas faktor insandı. Teatrda şəxsiyyət problemi və ya fərd və cəmiyyət problemi qoyulur. Əbədi problemlər, mövzular var. Bu problemlər formasını dəyişir, amma mahiyyətini dəyişmir. Məsələn, Leyli-Məcnun problemi əbədidir. Amma o başqa məsələ ki, indi Məcnun olub çöllərə düşmək özü bir problemdi. Cəmiyyətdən qaçmaq mümkün deyil. Mən bu məsələyə hətta bir az komik nöqteyi-nəzərdən yanaşdım. Məsələ, sadəcə problemə necə yanaşmaqdadı.
   İndi çoxları cavanların korlandığını deyir. Amma bəlkə də bunu deyənlər özləri qocalıblar. Şərt fiziki şəkildə yaşlanmaqdan getmir ha. İndiki cavanlar sadəcə olaraq az oxuyurlar. İş də bundadır. Vəssalam.
   
   «Saf məhəbbət»dən «Əbləhlərin toyu»na kimi
   
   - İndinin gənclərini qınadız. Bəs siz gəncliyinizdə nə yazıb, nə oxuyurdunuz?
   - Doqquzuncu sinifdə oxuyanda «Saf məhəbbət» adlı faciə yazmışdım. İlk komediyamı 1975-ci ildə yazmışam. Sonra rəssamlıqla da məşğul oldum. Universitetdən sonra yavaş-yavaş rejissorluqla, dramaturqluqla məşğul olmağa başladım. «Dadaşbala əməliyyatı»nı Gənc Tamaşaçılar «Doğmalar» pyesini Sumqayıt, Gəncə teatrları hazırladı. «Günah» pyesi Akademik Milli Dram, «Sabah çoxdan başlanıb» Gənc tamaşaçılar teatrlarında oynanıldı. Hətta ittifaq üzrə müsabiqədə yer tutdu bu tamaşa. Bir-birinin ardınca daha altı pyes yazdım. İndi belə şey yoxdur. Bir pyes yazan dayana bilməz, gərək mütləq hansısa teatra aparsın. Mənim bir pyesimi Mərkəzi Komitədə araşdırıblar. Özümü çağırıb danışdırıblar. «Günah»ın dövlət sifarişi olmasına baxmayaraq, Moskvanın icazəsi ilə tamaşaya buraxıblar. İndisə daha rahatdı - «Buyur, istədiyini yaz». İndiki nəslin daha bir üstünlüyü var. Onların özlərinin öz gənc sənətşünasları var. Onlar bir-biri ilə maraqlanır. O zamansa yalnız bir neçə nəhəng, adlı-sanlı rejissordan yazırdılar. Amma söhbət ondan gedir ki, fakt olaraq ortalığa çıxacaq bir əsər yox dərəcəsindədir. Məsələn, mən Ramiz Rövşəndən sonra o səviyyəli şair görmürəm. Ramiz Rövşəni təkrarlamaq da lazım deyil.
   - Bəlkə onları siz tanımırsınız?
   - Xəbərim var. Amma yenə də fakt olaraq ortalığa çıxası bir şey yoxdur. Bədii tərcümələr yoxdur. Orijinaldan tərcümələr yox dərəcəsindədir. Baxmayaraq ki, hamı dil öyrənir. Məşhurlaşmaq həvəsi var. Müğənnilərdə olduğu kimi, ədəbiyyatda da bu proses gedir.
   
   Bundan yaxşı nə olsun?
   
   - Kukla Teatrında peşəkar kadr problemi nə dərəcədədir?
   - Mədəniyyət və İncəsənət Universitetində sırf kuklaçı aktyor ixtisası yoxdu. Obraztsovun bu istiqamətli kursu olub, onu bizdən bir nəfər qurtarıb - Nazim Bəykişiyev. O isə teatr rəssamlığı ilə məşğuldur. Aktyorluğu öyrənmək olur. Rejissorluq isə öyrənilən bir şey deyil. Rejissor səhnənin şairidi.
   - Teatrınız təmirdən yeni çıxıb, yeni avadanlıqlarla da təchiz olunub. Bu yəqin ki, yaradıcılıq üçün daha böyük imkanlar deməkdir.
   - Teatrda işıq çox vacibdi. Bütün işıq qurğuları, səs avadanlıqları yenilənib. Son dərəcə yüksək səviyyədə. Artıq kimsə tamaşa hazırlaya bilmirsə, bu, onun problemidi. Çünki bəhanə yoxdur.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar