Yəni insanlıqda, sadəlikdə, humanizmdə...
   
   
   Novruz Davud oğlu Aslanov
   
   
1963-cü il mart ayının 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. «Varlı olmaq istəyirsənsə», «Xeyir və Şər», «Mənim düşüncələrim», «Qızıl Aypara dünən, bü gün, sabah», «Bir daha insan haqqında» kimi ədəbi və elmi kitabların müəllifidir.
   Bunlarla bərabər o, bir çox sevilən mahnıların müəllifi, «Humay İlahəsi» və «Qrand» (musiqi milli-ictimai) mükafatlarının laureatıdır. Novruz Aslanov Yusif Məmmədəliyev adına medala layiq görülmüş və Respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif olunmuşdur. Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur.
   Sambo üzrə idman ustalığına namizəd, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatıdır.

   
   
   Bu müsahibədə suala elə bəri başdan - yazının başlığından başlamağımızda da həmsöhbətimizin məlum və məşhur mahnısının («Yaşın nə fərqi var») «əli var».
   
   Nədən ki,
   
   biz, «Mədəniyyət» qəzeti olaraq, Novruz Aslanı bir sənət adamı - populyar bəstəkar deyib getmişdik, amma həm də milli və bəşəri dəyərlər daşıyıcısı, elitar-universal bir müsahib çevrəsinə düşmüş olduq. İki saata yaxın söhbətimizdən ön və son qənaətimiz də bu oldu ki, insanlıq, vətəndaşlıq, sadəlik, humanistlik «vəzifə»sini yerinə yetirmək üçün rəsmi işin nə fərqi var?
   
   Özü də
   
   təkcə işin, vəzifənin yox, həm də millət vəkili ampluasında «başıqarışıq»lığın, boş vaxta, şəxsiliyə, məhəlliçiliyə bir barmaq yer qoymayan milli-ictimai status daşıyıcılığının...
   Müsahibimizin «sual-cavab»a düşməyən söhbətlərindən onun mənəvi portretini tamamlayan bəzi məqam və elementləri də bu «ön söz»ə daxil etməyi gərəkli saydıq.
   
   Məsələn,
   
   Novruz müəllim başçılıq etdiyi qurumun fəaliyyətindən, xüsusən, başqa bir adı da «həyatvericilik» olan donorluq xidmətindən söz düşərkən, sözarası qeyd etdi ki, onu çoxdan və tam tanıyan məşhur həkimlərdən biri bir kərə belə bir söz işlədib: «Novruz müəllim, biz şəxsən Sizin qanınızı bölüb çox adama köçürürük ki, xəstələr keyfiyyətcə də sağlamlaşsın»...
   
   Aşağıdakı
   
   fikri isə, müsahibimiz sözarası yox, xüsusi bir vurğu ilə bəyan etdi: «İstər milli-mental, istərsə də fərdi-fiziki baxımdan sağlam həyat tərzi üçün cənab prezidentimiz İlham Əliyevin öz çıxış və məruzələrində, müşavirələrində toxunduğu mədəni-mənəvi, sosial-infrastruktal məsələlərə, imzaladığı sərəncamlarda ehtiva olunan predmetlər məcmusuna istinad etmək kifayətdir. Son vaxtlar nəzərə çarpan ümummilli sağlam ruhda idmanın xüsusi rolu var. Güman edirəm «Sağlam bədəndə sağlam ruh olar» frazasının özü də idmanla, bədən tərbiyəsilə çox ciddi məşğul olmuş müdriklərdən birinin dilindən çıxıb. «Bədən tərbiyəsi» birləşməsindəki mənanın fərqinə varırsızmı? Mənəviyyatın tərbiyəsi kimi, orqanizmin, bədənin tərbiyəsi də çox mühüm məsələdir. Son illər professional gənclərimizin bayrağımızı dünyanın hər yerində göylərə ucaltmasından qürurlanmağım öz yerində, həyatımın «ayrılmaz tərkib hissəsi» hesab etdiyim idmanla ciddi məşğul olduğuma görə, mənim belə gümrahlığıma qibtə edənlər də olur...
   
   Yuxarıdakı
   
   mətləb və məramlara rəğmən deyək ki, çox adamın kimliyini onun vəzifəsi, titulları təyin edir. Son dövrlərin nəğmələr bolluğunda bir çox gözəl mahnıları ilə seçilən, onlardan biriylə sevgi «qanun»unun «yaş senzi» «maddə»sini çox lirik-melodik bir bəyanatla ləğv edən Novruz Aslanın kimliyi isə, fikrimizcə, onun daşıdığı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti vəzifəsinə və Milli Məclisin deputatı adına qədər də bəlli oldu. Nəhayət, onunla 120 dəqiqəlik müsahibəmizdən 10 -12 dəqiqəlik çıxarış:
   
   
   - Novruz müəllim, «jurnalist təhqiqatı» məsələsinə necə baxırsız?
   - Normal.
   - Bəs bu təhqiqat şəxsən Sizinlə bağlıdırsa?..
   - Məndən heç bir təəccüb və nigarançılıq gözləmədən söhbətinizə davam edə bilərsiniz.
   - Biz bu görüşümüzə qədər öyrənmişik ki, Siz hər həftə deputat seçildiyiniz regiona gedir, vəkili olduğunuz millətin sosial-iqtisadi, mədəni-mənəvi nəbzinə qoşulur, demək olar, bütün rəsmi və xəlqi tədbirlərdə iştirak edirsiz.
   - Əvvəla, məni belə təqdim edənlərə qəzetiniz vasitəsilə təşəkkürümü bildirirəm. İkincisi, bütün bunlar mənim vətəndaşlıq, deputatlıq borcumdur.
   - İnsanlıq borcunuz haqda da eşitmişik. Deyirlər, hələ bu vaxtadək xəbərdar olduğunuz heç bir ehtiyaclıdan maddi-mənəvi köməyinizi əsirgəməmisiz, heç bir çağrıya «macalım yoxdu», «işim var» deməmisiz...
   - Əlbəttə, imkan daxilində.
   - Sözsüz; imkan xaricində olan məsələ insan fəaliyyətinə daxil deyil. Və... öz imkanları daxilində heç bir ictimai-insani işə biganə qalmayan Novruz Aslanla - «Yaşın nə fərqi var» mahnısının müəllifilə ilgili bizim «işin nə fərqi var» qənaətimizə necə baxırsız?
   - Azad mətbuat işçisinin azad düşüncə məhsulu kimi...
   - Bu saat Sizi o gözəl, o major mahnılar müəllifi ab-havasında görmürük. Axı biz Sizi bəstəkar deyib gəlmişik...
   - Mən özümə heç vaxt bəstəkar demirəm. Ona görə ki, bəstəkar mənim üçün çox böyük sözdü. Bu sözün mənasına varmaq və dərk etmək lazımdı. Mən özümü, sadəcə, bir çox mahnıların müəllifi hesab edir və ətrafıma da belə təqdim edirəm. Mahnılarımın zəif və ya yaxşı olmasını isə ancaq dinləyicilər deyə bilər. Əlbəttə, öz daxilimdə də müəyyən qənaətim var.
   - Düzdü, bu saat Siz royal arxasında yox, rəsmi kreslo arxasındasız, amma hər halda, bu qədər ciddi, zəhmli bir adamı hansı elementlər musiqi kimi çox həlim, belə demək mümkünsə, nərmənazik sahəyə gətirdi?
   - İnsanın xarici görünüşü, durum-qırımı hələ hər şey demək deyil. Çox şey daxili əhval-ruhiyyədən asılıdı. Musiqi daha çox, insanın daxili «portret»i ilə bağlı bir duyğudur. O, ali kədərdən də yarana bilər, ötəri sevincdən də. Vətənpərvərlik, ictimailik, xəlqilik ruhu da öz yerində. Bəzən, bir şeir ruhun əlindən yapışıb səni melodiyaya çəkir və musiqi yaranır. Bəzən də musiqi birinci yaranır ki, bu da xəyalların, fikir və arzuların öz poeziyasıdır. Mən çox vaxt hər hansı musiqi aləti qarşısında oturandan sonra musiqi gəlir. Bu zaman şüur, barmaqlar və qəlbin ittifaqı yaranır. Olur ki, çox tez alınır. Elə də olur ki, bir mahnı 3-4 aya ərsəyə gəlir. Ən çox vaxtaparan isə sifarişli musiqilərdir. Deyim ki, hər şeir mahnıya yatmır.
   - Musiqiyə, mahnıya əl verən klassiklər məlumdur. Bəs müasir şairlərdən ən çox kimlərə müraciət edirsiz?
   - Vahid Əzizin, Baba Vəziroğlunun, Xanım İsmayılqızının sözləri mənim bəstələrimə daha çox uyarlıdır. Son zamanlar - hələ tələbə olan qızımın sözlərinə mahnılar yazıram.
   - Adətən, jurnalistlər üzvü olduqları qəzet, jurnal, TV haqda müsahiblərindən nəsə bir rəy, «bəytərifi» də umurlar, mənimsə sualım təmsil olunduğumuz sahə ilə bağlıdır. Ölkəmizin çağdaş mədəniyyət durumu haqda nə deyə bilərdiz?
   - Mən hər həftənin cümə axşamı uzaq rayonlara gedir, seçicilərimlə görüşürəm. İnanın, indi deyəcəklərimi mənə heç bir şəxsi mənafe dedirtmir, bu, mənim vicdanımdan, məsuliyyətimdən irəli gəlir. Hər bir sahənin, hər bir insanın ictimai amalını, xidmət dinamikasını, həyat tərzini izləmək və qiymətləndirmək lazımdı. Bu saat ölkəmizin mədəniyyət aləmi qədər qaynar həyat yaşayan sahəmiz yoxdur. Bunu təkcə efir-ekranlarda, qəzet-jurnallarda gördüklərimə istinadən yox, real həyatda hər gün gördüklərimə əsasən deyirəm. Teatrlarımızda, muzeylərimizdə bütün ötən əsrdə görülməmiş işlər görülüb.
   Əbülfəs müəllim hansı sahədə işləyibsə, o sahənin infrastrukturunu dünya standartlarına çatdırıb. Onun işgüzar həyatını izləyəndə biz ancaq uğurlar görürük. Mədəniyyət və turizm nazirindən qabaq o, gənclər və idman naziri idi. Fikir verin, o vaxtlar hələ çox gənc olan o nazir o mürəkkəb sahəni necə irəli apardı! Lap elə son sualınızda yan keçmək istədiyiniz «Mədəniyyət» qəzetini götürək. Bu qəzetin də bu səviyyəyə qalxmasını mən Əbülfəs müəllimin qayğı və diqqətinin nəticəsi hesab edirəm - axı mən bu qəzeti nəşr olunduğu ilk illərdən izləyirəm. Bizim başqa millətlərə təqdimatımız ilk növbədə mədəniyyətdən başlayır. Bu çox vacib məsələdi - hətta, bəzi məqamlarda ordudan, idmandan da vacib. Qeyd edim ki, Mədəniyyət və Turizm Nazirliyi bizim Qızıl Aypara Cəmiyyətinin də bir çox problemlərinin həllində yaxından köməklik göstərir. Belə ki, bütün qurultay, konfrans və digər tədbirlərimizin yer, məkan məsələlərini təmənnasız olaraq həll edir, bizim kommersiya təşkilatı yox, humanitar qurum olduğumuzu dilə gətirməyimizi gözləmədən öz humanistliyini sərgiləyir.
   - Başçılıq etdiyiniz qurumun «Fundamental Prisipləri»ndə belə bir yer də var: «O, (QAC) adamların düşdükləri əzab-əziyyətin ölçüsünə görə yardım edir; ilk növbədə ən ağır bəlalara düçar olanların köməyinə tələsir». Bu aspektdən yetimliyə münasibətiniz?
   - Hər bir cəmiyyətin öz tarixi, hər cəmiyyətin və tarixi dövrün öz problemləri var. Cəmiyyətin inkişafı o hallarda hiss edilir ki, mövcud problemlər aradan götürülür, yeni problemlər önlənir. Bütövlükdə ötən əsrlə müqayisədə yetimlik azalıb. Bu il uşaq ilidi və bu xüsusda respublikada görülən işlər, keçirilən tədbirlər az deyil. Biz Konstitusiyada da dəyişikliklər etdik - artıq valideyn himayəsindən məhrum olan uşaqlar dövlət himayəsinə götürülür. İndi çoxlu qeyri-hökumət təşkilatları var ki, yetim uşaqların problemləri ilə məşğul olur. Biz bu həssas zümrəyə çox diqqətli olmalıyıq. Onu da deyim ki, bu sahədə insanları daha geniş şəkildə maarifləndirmək lazımdır. Əfsuslar olsun ki, bizim bir çox yerli donorlarımız (yəni imkanlı şəxslərimiz) öz humanitar işlərini daha çox gizlin etməyə meyllidirlər, şəffaflıqdan, reklamdan qaçırlar. Bu, din baxımından yaxşıdır, amma biz bu insanları tanımalıyıq ki, həm onlara dəstək olaq, həm də bu, xalqın yetişməkdə olan imkanlılarına bir örnək olsun.
   - Bu dünyada təkcə valideynlərdən yox, nankor övladlardan «yetim»lər də var...
   - Bizim şəhərdə 7 minə yaxın xroniki xəstə, tənha qoca var. Bunlar mənəvi qayğı, qılıq və diqqətdən kənardadırlar, övladları bunların yanına gəlmir. Amma bizim təşkilat onları çox yaxşı tanıyır və kömək edir. Bizim tibb bacılarımız onların evini yığışdırır, bazarlıq edir. Sizə siyahını versəm, görərsiz ki, bunlar necə atalar, analar olublar, necə yüksək vəzifələrdə işləyiblər. Amma indi...
   - Deməli, Sizin işləriniz həm deputat, həm bu - bütün mahiyyəti ilə humansit qurumun prezidenti kimi həddən ziyadə çoxdur. Elə buna görə də son sual: günün neçə saatını bəstəkarlığa, neçəsini deputatlığa, neçəsini bu quruma, neçəsini atalıq-valideynliyə sərf edirsiniz?
   - Bir onu deyə bilərəm ki, son vaxtlar bəstəkarlıq keçib arxa plana.
   - Deməli, işin başqa fəaliyyət sahələrinizdə fərqi olmasa da, yaradıcılığınıza dəxli varmış...
   
   Söhbətləşdi:
   T.ABBASLI







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar