“Suallarımıza Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Peer Stankina cavab verir”
  
   - Cənab səfir, əvvəlcə Azərbaycanla tanışlığınızın tarixi barədə danışmağınızı xahiş edərdik.
   - 1992-ci ildə beynəlxalq nümayəndə heyəti ilə Bakıya gəldim. O zaman biz hökumətlə danışıqlar apardıq. Bakı ilə ilk tanışlığım belə oldu. Və mən 2005-2006-cı ildə Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının Nəzarət Şurasının əməkdaşı kimi çalışırdım. Bu qurum Azərbaycan üçün kifayət qədər böyük miqdarda pul ayırırdı ki, bu da məni yenicə müstəqillik qazanan bir dövlətin inkişafı baxımından maraqlandırırdı. Londonda fəaliyyətimi bitirdikdən sonra Azərbaycana səfir kimi gəlmək istədim və çox şükürlər olsun ki, bu arzum baş tutdu.
   - Nə üçün Gürcüstan, Türkmənistan, yaxud Ermənistan yox məhz Azərbaycan? Seçiminizin nə üçün konkret Azərbaycan üzərində dayandığını bilmək istərdik.
   - Mən qeyd etdiyim kimi Londonda Avropa Yenidənqurma və İnkişaf Bankında işlədiyim vaxt Azərbaycan diqqət mərkəzində idi, xüsusilə Baki-Ceyhan-Tiflis boru xəttinin çəkilişi ilə əlaqədar. Və o zamandan Azərbaycan məni çox maraqlandırdı. Çünki bu ölkə bizim üçün həm siyasi- iqtisadi, həm də digər cəhətdən strateji əhəmiyyətlidir. Hər il də Azərbaycanın Almaniya üçün iqtisadi, siyasi əhəmiyyəti get-gedə artır.
   - Neçə müddətdir buradasız?
   - Bu gün 3 il 2 gündür. (müsahibə 6 avqustda götürülüb)
   - Biz Sizin sevdiyiniz Azərbaycanda daha çox qalmağınızı arzulayırıq.
   Almaniya ilə Azərbaycan arasında rəsmi əlaqələrin tarixi o qədər də qədim deyil. Ancaq alman xalqı, onun zəngin keçmişi, mədəniyyəti ilə tanışlığımızın tarixi kökləri daha qədim zamanlara gedib çıxır. Bu istiqamətdə danışmağınızı istərdik.
   - Biz bir həftədən sonra Göygölün- keçmiş Yelenadorf rayonunun 190 illiyini qeyd edəcəyik. Bu rayon 1819-cu ildə yaradılıb. Burada alman tədqiqatçıları çox iş görüblər. Adam Xulyaris adlı tədqiqatçı artıq XVII əsrdən başlayaraq Azərbaycan haqqında məlumatlar toplayıb. Təbii ki, Azərbaycan-Almaniya arasında münasibətlərin tarixi 400 il əvvələ gedib çıxır. Və XX əsrdə bizim münasibətlərimiz daha intensiv olub. Hətta I dünya müharibəsində alman qoşunları Bakıya da gəlib çıxmışdır. II dünya müharibəsində isə xoşbəxtlikdən alman qoşunları bura gəlib çıxa bilməmişdir. Bizim diplomatik münasibətlərin tarixi isə 20 ilə yaxındır. Buna baxmayaraq Azərbaycanın müstəqilliyini ilkin tanıyan ölkələrdən biri Almaniya olub.
   - Almaniya ilə Azərbaycan arasında formalaşan əməkdaşlığın səviyyəsi Sizi qane edirmi?
   - Bu çətin sualdır. Bu suala çox müxtəlif faktorları nəzərə alaraq cavab vermək lazımdır. Burada siyasi, iqtisadi, mədəni və s faktorlar var.
   - Sizə kömək edək. Mədəniyyət və turizm sahəsi üzrə danışaq.
   - Mədəniyyət sahəsində münasibət və əməkdaşlıq son illər inkişafa doğru gedir. Azərbaycanın Almaniyadakı mədəniyyət ili Azərbaycanın xaricdəki mədəniyyət illəri arasında ilkini idi. Sizin hökumət bu məqsədlə məhz Almaniyanı seçmişdi. Və bu bir daha sübut edir ki, biz Azərbaycan üçün heç də az vacib deyilik. Almaniya xalqı da buna görə çox sevinc və fərəh hissi keçirirdi. Və bu alman xalqına imkan yaratdı ki, onlar Azərbaycanın mədəniyyəti, adət-ənənələri ilə bir il çərçivəsində yaxından tanış olsunlar. Mən o zaman 2008-ci ildə dedim ki, gərək biz gələn il bunun əvəzini Azərbaycana qaytaraq. Çox təəssüflər olsun ki, bizim neftimiz yoxdur və ona görə mədəni tədbirlərə çox pul ayıra bilmirik. Buna rəğmən Azərbaycanın 8 rayon və şəhərində 50-yə yaxın tədbir və proqramımız olub. Biz Bakı, Sumqayıt, Şəki, Gəncə, Göygöl, Lənkəran və Şəmkirdə fəaliyyət göstəririk və güman olunur ki, gələcəkdə bu fəaliyyəti daha da artıracağıq. Sevindirici haldır ki, Almaniyanın Xarici İşlər Nazirliyi bizə vəsait ayırıb və biz də nə isə edə bilmişik.
   Turizm sahəsinə də əməkdaşlığın önəmli bir hissəsi kimi baxırıq. Mən bir çox nazirlik səviyyəsində məsələ qaldırmışam ki, biz burada otelçilik sənətinin öyrənilməsilə bağlı xüsusi peşə məktəblərinin yaradılmasına başlayaq. Ölkənin turizm sahəsində böyük potensialı var. Ancaq ölkə postsovet xarakterə malikdir. Xidmət sahəsində lazım olan ilkin şərtlər yoxdur. Sovet İttifaqı zamanı çoxlu turist var idi, amma buna uyğun təklif yox idi. Hər şey kortəbii idi. Amma indi turistin qarşısında milyonlarla təklif dayanır. Məsələn, o, “Azərbaycana nə üçün gəlsin?” sualına cavab axtarır. O, Azərbaycana aşağıdakı müxtəlif səbəblərdən gələ bilər: Azərbaycan ekzotik ölkədir, burada elə şeylər görmək olar ki, ayrı bir yerdə o mümkün deyil. Ancaq sizdə bu sahədə böyük bir boşluq var. Turistləri Azərbaycana cəlb etmək üçün işləmək lazımdır. Turistin danışdığı dildə reklam və təklif hazırlanmalıdır. Avropa turizm sahəsinə xüsusilə diqqət ayırır. Oradakı insanlar turizmə daha çox meyillidir, səyahət etmək istəyənlərin sayı daha çoxdur. Təəssüf ki, alman dilində gözəl bir broşüra yoxdur. Məsələn, elə bir təklif yoxdur ki, qiymət cəhətdən daha münasib, sərfəli, davamlı olsun. Azərbaycanda turistlər üçün münasib otellər yoxdur, burada yalnız lüks otellərdir. Otellərin personalları xeyli təcrübəsizdirlər. Onların treninqi və təlimi çox aşağıdır. Gündəlik gördükləri işlərdən əlavə, meydana çıxan digər suallara cavab verə bilmirlər. Biz turizm sahəsindəki səyləri daha da artırmaq istəyir və bunu dəstəkləyirik. Burada “Geteçet” turizm şirkətinin xüsusi turizm proqramı var. Biz Cəfər Cəfərovun rektoru olduğu Turizm İnstitutunu da dəstəkləyir və ona yardım göstəririk. Hətta bizim orada xüsusi müşavirimiz də var. Fevralın 24-ü institutda sərgi də nümayiş etdirmişik. Qeyd edim ki, noyabr ayında da belə bir tədbir planlaşdırılır. Bundan başqa, Almaniya Federal Hökuməti Göygöldə alman kilsəsinin restavrasiyasına külli miqdarda pul ayırmışdı. Və biz Göygöldəki icmaya müntəzəm olaraq öz məlumatlarımızı ötürürük ki, turistləri oraya cəlb edib turizmi inkişaf etdirək. Azərbaycanın cəlbediciliyini artırmaq üçün biz Arxeologiyaya aid konfrans keçirtmişik və orada bu cür məkanlar haqqında informasiya öz əksini tapıb. Və biz Bakıda Arxitektor İrs konfransı keçirtmişik. Çox güman ki, sentyabr-oktyabr aylarında bu barədə kitab da nəşr etdirəcəyik. Çünki Bakıda alman memarları həqiqətən böyük işlər görüblər. Bakının o zamankı meri hətta alman əsilli memar olub və o,Bakının böyük bir panoramını hazırlayıbmış. Bu günkü İncəsənət Muzeyi alman Rotşildin tikdirdiyi binadır. Gördüyünüz kimi, biz mədəniyyət sahəsində aktivik. Bir yenilik kimi böyük bir caz festivalı da keçirtdiyimizi qeyd etmək istərdim.
   - Cənab səfir,musiqimizi dinləyirsinizmi? Kimləri bəyənirsiniz?
   - Muğam qərbdən gələn bir insan üçün ölkəyə keçiddir. Düzdür, mən sizə deyim ki, muğamı çox yaxşı başa düşə bilmirəm çünki o həddən artıq intellektual xarakter daşıyır. Zənnimcə, mən ən çox Azərbaycan mətbəxini xoşlayıram. Çox gözəldir.
   - Hansı yeməkləri daha çox sevirsiniz?
   - Yeməkləriniz çoxdur. Restoranlarınızda müxtəlif çeşidli yeməkləri sifariş edirəm.
   - Siz bayaq qeyd etdiniz ki, müəyyən müddət Moskvada çalışmısınız. O dövrdə müharibədən olan filmlərə baxanda hansı hissləri keçirirdiniz?
   - Düzünü desəm, belə filmlərə nə o vaxtı, nə də indi baxmıram. Diplomat olan kəs həmişə çalışır ki, müharibə olmasın. İnsanlar adətən müharibəyə asanlıqla gedirlər, bizim məqsədimiz onları bu yoldan çəkindirməkdir.
   - Ancaq siz bilirsiniz ki, Azərbaycan hal-hazırda müharibə şəraitindədir. Torpaqlarının 20%-i düşmən tapdağı altındadır. Və həmin torpaqlarda çoxlu maddi-mənəvi sərvətlərimiz dağılıb gedir. Əslində, bu abidələr bəşəriyyətindir. Amma bu gün dünya susur. Heç kim bu abidələrdən danışmır.
   - Dünya ictimaiyyətinin BMT-dən savayı bir təsir aləti yoxdur. Və BMT bu sahədə çoxsaylı qətnamələr qəbul edib. Müharibə zamanı bu təşkilatın 4 qətnaməsi qəbul olunub.
   - Amma icra olunmayıb...
   - Buna görə də beynəlxalq cəmiyyət heç nə edə bilmir.
   - Onda bu qətnamələr nəyə lazımdır?
   - Siz özünüz də bilirsiniz ki, 5 dənə veto hüququ olan dövlət var. Nəzərə alın ki, BMT o zaman uğur əldə edir ki, bu 5 dövlətin hamısı eyni istiqamətə yönəlsin. Hər hansı birinin fikir ayrılığı olduqda, bu mümkün deyil.
   - Məyusedici fakt budur ki, “işğalçı” ilə “işğal olunan” arasında fərq qoyulmur. Bu da təcavüzə məruz qalan xalqa pis təsir edir. Bunlar isə BMT-nin nüfuzuna zərbə vurur, “demokratiya,beynəlxalq hüquq” anlamını şübhə altına salır. Yəni, doğrudan da, bu təşkilat qəbul etdiyi qətnamənin arxasında dura bilmir?
   - Mən sizin məzəmmətinizi başa düşürəm. Amma bizim tərəfdən bu məsələyə başqa cür baxılır. İndiki dövrdə konfliktə başqa üsulla yanaşmaq lazımdır. Nəzərə alın ki, müharibədən bəri olan dövrü götürsək, münaqişənin həllinə indiki qədər diqqət ayrılmamışdır.
   - Baxır necə həll olunacaq. Ötən əsrdə, Zəngəzur, Göyçə və başqa əzəli ərazilərimiz alınıb Ermənistana verilib. Bütün həlledici məqamlarda həmişə bəlli havadarları Ermənistanın yanında və tərəfində olub. Məsələyə haqlı münasibət istəyirik.
   - Sizin üçün çox vacibdir ki, bu konflikt həll olunsun. Bir şeyi özünüzdə düşünün ki, Azərbaycan hərbi əməliyyatlara başlasa, bunun axırı necə olar? Bir il əvvəl Gürcüstanda baş vermiş hadisələri gözünüzün önünə gətirin.
   - Biz müharibə deyil, sadəcə torpaqlarımızı geri istəyirik. Cənab səfir, bu yaxınlarda bir qrup Azərbaycan ziyalısı xalq diplomatiyası xətti ilə Qarabağa getmişdi. Sizin buna münasibətiniz? İndiki mərhələdə belə səfərlərin rolu ola bilərmi?
   - Biz nəinki xalq diplomatiyasının uğuruna inanır, hətta bunu dəstəkləyirik. Bunu öz təcrübəmizdən də keçirmişik.. Almaniya ilə Fransa arasında əsrlərlə müharibələr olub. Amma hal-hazırda dostuq. Çünki hökumətlər belə qərar verdilər ki, ilk növbədə insanlar bir-birilə yaxınlaşmalı, dostlaşmalıdırlar. O zaman belə bir məsələ var idi ki, almanlar işğal etdiyi torpaqları fransızlara, fransızlar işğal etdikləri torpaqları almanlara qaytarsın.
   - Müharibədən sonra almanlar sülhə daha çox meyl edir.
   - Bəli düzdür. Almanlar Avropada ən böyük xalqdır. Qonşuların hamısı Almaniyadan qorxur. Amma biz onların qorxmasını istəmirik, sadəcə onlarla dinc yaşamaq istəyirik. Ona görə də biz sülh siyasəti yürüdürük ki, onlar bizimlə əməkdaşlıq etsinlər.
   Almaniyanın Azərbaycanla bağlı mövqeyi aydındır.Biz Azərbaycanın ərazi bütövlüyünü daima dəstəkləyirik. Qarabağ torpağının müstəqillik əldə etməsi barədə söhbət belə gedə bilməz.
   - Cənab səfir, sizinlə səmimi söhbət bizi çox məmnun etdi. Təşəkkür edir və işlərinizdə uğurlar arzulayırıq.
   Səfir Peer Stankinayla sağollaşarkən belə bir arzusunu da diqətimizə çatdırdı: “İstərdim ki, Azərbaycanda həyata keçirdiyimiz mədəni və sosial tədbirləri “Mədəniyyət” qəzeti daim işıqlandırsın”.
  
   Söhbətləşdi: Nuranə Bəhramqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar