Ömər Eldarov: "Bunlar həyatda kimin üçün hər şeyin mayasıdırsa, o, uğur qazanacaq"
  
   Ömər Eldarov heykəltəraş olaraq kimliyini çoxdan təsdiq edib. Parlaq istedadı, maraqlı yaradıcılığıyla. Onu tanımayan, haqqında eşitməyən azdı desəm, yəqin yanılmaram. Natəvanın, Füzulinin, Səttar Bəhlulzadənin heykəllərini, Üzeyir bəy, Rəşid Behbudov, Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli və başqa məşhurların qəbirüstü abidələrini yaradan Ömər müəllim xalq rəssamı fəxri adını, akademikliyi nahaqdan qazanmadığını mübahisəiz-filansız sübuta yetirib. Son on ildəsə Ö.Eldarov akademik Zərifə Əliyevanın və ulu öndərimiz Heydər Əliyevin qəbirüstü abidələrinin müəllifi kimi bir daha özünün əvəzolunmaz heykəltəraşlıq dəst-xəttini bir daha təsdiqlədi.
  
    Bugünlərdə onunla həmsöhbət oldum. Ömər müəllim söhbətə keçmişdən başladı.
   - Əslimiz Dağıstandandı. Bizdən başqa orada Eldarov soyadı yoxdu. Mən Dərbənddə doğulsam da, uşaqlıqdan Bakıda böyümüşəm. Rəssamlıq Texnikumunu burada bitirmişəm. Ali təhsili isə Leninqradda - Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Akademiyasında almışam. Əlli ildən çoxdu bu sənətdə çalışıram.
   -İllərdən, tarixdən söz düşmüşkən, səksəni keçmisiz, göz dəyməsin, enerjiniz tükənməyib. Bəlkə bu, yaşadığınız həyat, qazandığınız nailiyyətlərlə bağlıdı?
   - Tam və birmənalı cavab vermək çətindi. Əlbəttə, həyatımdan gileyli deyiləm. Qəti qənaətim belədi ki, zəhmət insanı ucaltmaqla yanaşı, onu həmişə işgüzar formada saxlayır. İstəyirsən əkinçi, neftçi ol, istəyirsən də müəllim, həkim, sənət adamı - fərqi yoxdu, çalışmaq, özü də gördüyün işdən zövq almaq üçün daim formada qalmağın birinci şərtdir. Bizim nəsildə mənə qədər rəssam, heykəltəraş olmayıb. Allahın qisməti beləymiş ki, bu sənəti seçmişəm. Və əgər könüllü olaraq taleyimi heykəltəraşlığa bağlamışamsa, demək, bütün əziyyətlərə, gərginliyə də dözməliyəm. Bilirsiz, çox adam bizim məşhurluğumuza baxıb "nə qayğısı var?" fikirləşir. Əslində belə deyil. Hamı kimi mən də, digər şöhrətli insanlar da bəzən ən adi qayğılarla üzləşirik. Unutmaq olmaz, eyni ölkədə və eyni dünyada yaşayırıq. Bir qədər absurd görünsə belə, bu, hamımızı birləşdirən ümumi cəhətlərdi. Kimin üçün şükranlıq, səbir, zəhmət həyatda hər şeyin mayasıdırsa, o, uğur qazanacaq, xoşbəxtliyi dadacaq. Yox, əgər bunlara barmaqarası baxırsa, tənbəldisə, yaxud Allah eləməmiş, bədxahdırsa, onun axırı yoxdu. Yaşadığım ömür ərzində kimsəyə pislik, paxıllıq, riyakarlıq etmək haqqında heç düşünməmişəm də. Mənə elə gəlir ki, dediyiniz nailiyyətlərin, enerjili görünməyimin bir səbəbi də ürəyimi belə gərəksiz şeylərlə doldurmamağımdı...
   Əliyevlər ailəsiylə tanışlığım sovet dövründən başlayır. Rəhmətlik Zərifə Əliyeva xəstə yatanda onu yoluxmuşam. Az-az da olsa, Heydər Əliyevlə görüşər, söhbətlər edərdik. Onun həm rahat vaxt tapa bilməməsinə, həm də xarakterinə görə həmin bu azsaylı görüşlər iş-güc, sənət barədə olardı. Ümumiyyətlə, Heydər müəllim pərdə saxlayan, hər kəsi yaxınına buraxmayan insan idi. Deyim ki, sadəliyi özüm üçün şüar etsəm belə, mən də münasibətlərdə aradan pərdənin götürülməməsinə çalışanam. Gümanımca, belə yaxşıdır. Baxın, mənəvi mühitimizdə nələr baş verir? Səbəb nədi? Çoxlarının öz yerlərini bilməməsi, əxlaqi pozuntular, nadanlıq. Bu mənada H.Əliyevlə görüşəndə onun həmsöhbətinə hörmət hissi diqqətimdən yayınmırdı. Sənəti yaradıcı adamları yüksək qiymətləndirirdi.
   - Gərək ki, Siz Heydər Əliyevin bir neçə heykəlini yaratmısız...
   - Dünyada bir əsərin bir neçə surətini çıxarmaqla tarixdə qalan rəssamlar var. Yaxud məşhur bir sənətkarın əsərinin surətini ustalıqla yaradan rəssamlar olub. Üzeyir bəyin Vyanada qoyulmuş heykəlinin müəllifi də mənəm. Halbuki vaxtilə Bakıda Üzeyir bəyin qəbirtüstü abidəsini yaratmışam.
   - Akademiyadakı vəziyyət barədə nə deyərdiz?
   - Cəmi 8 yaşı olan tədris müəssisəsinin vəziyyəti necə ola bilər? Çox şeyin bünövrəsi qoyulur. Çalışırıq işimiz yaxşı alınsın. Elədiklərimizi saymağa başlasam, qeyri-təvazökarlıq olar. Bu isə mədəni adama yaraşan iş deil. Qısası, biznən təmasda olanlar burdakı vəziyyətdən yaxşı xəbərdardırlar. Geniş, ağızdolusu danışmaq üçünsə illər və bundan sonra görəcəyimiz işlər gərəkdi…
  
   Seymur Elsevər