Oruc İzzətoğlu: "Bəlkə haçansa böyük dalğa gəlib məni dənizə qaytardı"
  
    Müsahibim əməkdar incəsənət xadimi Oruc İzzətoğludur. Bəlkə də, çoxları fikirləşəcək ki, Oruc İzzətoğlu kimdir. Əslində, sözün həqiqi mənasında bir çox böyük layihələrə imza atıb. Xocalı faciəsi haqqında böyük əzab-əziyyətlə araya-ərsəyə gətirdiyi "Haray" filminin adını çəkmək bəs edər. Ancaq nədənsə müsahibimiz hər zaman arxa planda qalıb. Səhnələşdirdiyi tamaşalar bu gün bir çox teatrın repertuarında layiqli əsərlərdən sayılır. Bütün bunlar haqqında onun öz dilindən eşitmək istədik.
  

   - Oruc müəllim, yaxşı olar ki, söhbətimizə tərcümeyi-halınızdan başlayaq...
   - 1949-cu ildə Bakıda doğulmuşam. Təhsilimi 8 saylı internat məktəbində almışam. Uşaq vaxtı atam rəhmətə getdi və ailədə üç uşaq yetim qaldıq. Hərəmizi bir internat məktəbinə qoydular. Çox böyük çətinliklə birtəhər böyüdük. Bütün bu əzablardan sonra ümidim var idi ki, hər şey yaxşı olacaq. Məktəbi qurtarıb İncəsənət Universitetinə daxil oldum. Sonra məşhur A.Efrosun rəhbərliyi altında Moskvada ali teatr rejissorluğunu bitirdim. Elə həmin dövrlərdə o vaxtkı Sankt-Peterburqun “Lensovet”, Moskvanın "Malaya Bromnaya" teatrlarında təcrübə keçdim. 1975-ci ildən peşəkar rejissor kimi fəaliyyətə başladım.
   - Məncə, yaradıcılığınız bir teatrla bağlı olmayıb?…
   - Moskvada olanda mənə təklif gəldi ki, qalıb orada işimi davam etdirim. Lakin həmin il Azərbaycanın böyük rejissoru Tofiq Kazımov rəhmətə getmişdi. Və teatrdakı boşluğu müəyyən qədər doldurmaq üçün məni Bakıya dəvət etdilər. Sonra məni göndərdilər Lənkəran Dövlət Teatrına baş rejissor. Bir müddət orda çalışdım. Sonrakı iş yerim Sumqayıt Dövlət Teatrı oldu. Burda H.Cavidin "Afət" əsərini səhnələşdirdim. Həmin vaxt tamaşa çox böyük uğur qazandı. Bundan başqa bir neçə əsərə də quruluş verdim. Müəyyən səbəblər ucbatından işdən uzaqlaşdım. Akademik Milli Dram Teatrında bir neçə tamaşaya quruluş vermişəm. Sonuncu ən uğurlu tamaşam Mir Cəlalın "Dirilən adam" əsəri əsasında hazırladığım eyniadlı tamaşa oldu. Bu tamaşa həm teatr ictimaiyyəti, həm də tamaşaçılar tərəfindən çox sevildi. Bununla bağlı mənə çoxlu təbriklər gəldi. Sanki teatra yeni nəfəs gəldi. Bütün bunlar bir rejissor kimi məni çox sevindirir. Düzdü, bu tamaşanı hazırlayana qədər çox əziyyətlər çəkdim. Amma xoşbəxtəm ki, nəticə yaxşı oldu. Eyni zamanda C.Cabbarlı adına İrəvan Dövlət Teatrında Misir yazıçısı Tofiq Əl-Hakimin "Karıxmış sultan" əsəri əsasında "Hərraca qoyulmuş sultan" tamaşasını hazırladım. İrəvan Teatrı ilə sonuncu işim yeniliklərlə zəngin olan A.Babayevin əsəri əsasında hazırladığım "Xilaskar" tamaşası oldu. Eyni zamanda "Əzabkeş Zeynəb", "Diqqət, şəhərdə manyak var" və s. tamaşaları da özümün uğurlu işlərimdən hesab edirəm.
   1995-ci ildə isə Heydər Əliyev haqqında ilk bədii filmi-"Haqqa doğru"nu çəkdim. İkinci filmim Xocalı faciəsindən bəhs edən "Haray" oldu.
   - Filmi izləmişəm. Doğrudan da təsirli filmdir. Bilirəm ki, qışda çəkilişlər aparmaq heç də asan deyil.
   - "Haray" filminin çəkilişləri çox çətin oldu. Təsəvvür edin ki, üç ay qış ərzində gecələr çəkilişlər aparmalıydıq. Nəticədə böyrəyim soyuqladı. Həkim mənə 10 günlük möhlət qoymuşdu. Əgər tələb olunan tapılmasaydı, həyatımı itirə bilərdim. Psixoloji cəhətdən çox pis vəziyyətdə idim. Həyatımdan əlimi üzmüşdüm. Düzdü, möcüzə sayəsində pul tapıldı, amma həyata ikinci qrup əlil kimi qayıtdım. Bunların nəticəsində romanım ərsəyə gəldi. Əsərdə bütün bu hadisələri qələmə almışam. İndi əsərlərimi çap etdirmək istəyirəm.
   - Nəyə görə hansısa teatrda daimi olaraq işləmirsiniz?
   - Sumqayıt teatrından ayrılandan sonra işsizəm. Nə qədər çalışsam da, heç yerdə birdəfəlik oturub işləməyə nail ola bilməmişəm, neçə dəfə müraciət etsəm də... Amma mən heç vaxt fəaliyyətmi dayandırmadım. Quruluş verdiyim tamaşalar insanlar tərəfindən yaxşı qəbul edilib.
   Bunlara baxmayaraq, bir dəfə də olsun heç bir teatrdan iş barədə təklif almadım. Amma ümidimi hələ də itirməmişəm. Gözləyirəm.
   - İndi dediniz ki, əsərlər də yazırsınız. Rejissorluq və yazıçılıq bir-birinə mane olmur ki?
   - Bəlkə də, bu söz bir az bayağılaşıb, amma belə cavab verə bilərəm ki, mən incəsənət vurğunuyam. Heykəltəraşlıqdan başqa hər şeyi bacarıram. Tamaşalarımın çoxunda rəssam işini özüm görmüşəm. Qaldı yazmağa, mən uşaqlıqdan yazıram. Maddi imkansızlıq ucundan onları çap edə bilmirəm. Roman, povest, dram əsərləri yazmışam və bunların bir çoxu yaşadığım həyatda başıma gələn hadisələrlə bağlıdır. "Əlvida deməyə tələsmirəm" adlı romanda bayaq dediyim kimi öz həyatımı yazmışam.
   - Bu yaxınlarda 60 yaşınız tamam oldu. Kimlərdən təbrik aldınız. Bu 60 ildə Oruc İzzətoğlunun qazandıqları və itirdikləri nə olub?
    - Çox sağ olun. Ən azından 60 illiyimi yadıma saldığınıza görə minnətdaram. Təəssüf ki, heç kimdən təbrik almadım. Bir-iki nəfər cavan aktyor zəng etmişdi. Başqa heç kim. Bu illər ərzində çox şeylərlə mübarizə apardım. 40 ildir gücüm çatan qədər çalışıram. Amma işsizəm.
   Bircə təsəllim mən olmayanda daim yaşayacaq tamaşalarımdır. Bu məni çox sevindirir. Ən əsası keşməkeşli həyatım 60 il mənə dözüm və səbirli olmağı öyrətdi. Gördüyüm pisliklərdən güc aldım. Bundan sonra da gücüm çatan qədər çalışacam. Mübarizə aparmaq üçün gəlmişik bu həyata. Mənə belə gəlir ki, söhbətimizi burada bitirsək yaxşı olar. Sonda fikrimi 8-ci sinifdə oxuyarkən gördüyüm mənzərə ilə bitirmək istəyirəm. Uşaq vaxtı dənizi seyr edərkən görürdüm ki, iri ləpələr xırda balıqları sahilə atır. Balıqların çabaladığını görüb, onları ovcuma alıb suya atdım. Amma nə fayda, mənim balaca ovcuma çox az balıq yerləşirdi. Sahildəki balıqlar isə çox idi. Mən indi özümü həmin balaca balıqlar kimi hiss edirəm. Bəlkə haçansa, böyük dalğa gəlib məni dənizə qaytardı.
    
   Xanım Cəfərova