Tahir Əmiraslanov: «Medalın, dəvətnamələrin üzərində Bezoar keçisinin rəsmi olacaq»
  
   Son dövrlər müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı bir neçə aydan sonra öz qapılarını növbəti beynəlxalq festivala açacaq. Belə ki, oktyabrın əvvəllərində paytaxtda Beynəlxalq Kulinariya Festivalına start veriləcək.
   Festival çərçivəsində bu mövzuda ən böyük tədbir İSESKO-ya üzv dövlətlərin milli mətbəx və kulinariyasına həsr edilən beynəlxalq konfransın olmasıdır. İslam ölkələrinin iştirak etdiyi tədbirdə milli kulinariya mədəniyyətinə dair fikir mübadiləsi aparılacaq. Beynəlxalq festival çərçivəsində tədbirlərə İslam ölkələrinin milli mətbəx və kulinariyasına həsr olunan incəsənət əsərlərinin nümayişi, kulinariya-incəsənət yarışları da daxildir. Tədbirlə bağlı daha ətraflı məlumat almaq üçün Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovla həmsöhbət olduq.
  
   - Beynəlxalq Kulinariya Festivalının keçirilməsi kimin təşəbbüsüdür və tədbirin keçirilməsində məqsəd nədir?
   - Azərbaycan Kulinariya Assosiasiyası artıq 4-5 ildir ki, belə bir təşəbbüslə çıxış edirdi. Biz Bakı Şəhər İcra Hakimiyyətinə və Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı bildiririk ki, əvvəlki təklifləri də nəzərə alıb, bu il təşəbbüsünüz dövlət tərəfindən proqrama salınmasına kömək etdilər.
   Festivalın mahiyyətinə gəlincə, ilk dəfədir ki, Azərbaycanda belə bir böyük beynəlxalq tədbir keçirilir. Bilirsiniz ki, bu il Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib. Ona görə də bu proqramların daxilinə dövlət tərəfindən «İslam mətbəxi» adlı beynəlxalq festivalın keçirilməsi də əlavə edildi. Qeyd edim ki, festival daxilində həm konfrans, həm də böyük müsabiqənin keçirilməsi nəzərdə tutulub.
   Çətinliyimiz maliyyə məsələləri ilə bağlıdır. Çünki, adətən, belə müsabiqələrin minimum 400 min manatlıq büdcəsi olmalıdır. Bunun bir hissəsini Mədəniyyət və Turizm Nazirliyi ayırıb. Qalan hissəyə gəlincə, sponsorlarla işləyirik və ümid edirik ki, bizə yardım edəcəklər. Qonaqlarımız oktyabrın 5-də gələcəklər. Həmin ayın 6-dan başlayaraq 3 gün müxtəlif ölkələrin çox güclü aşpazları yarışacaqlar. Yarışların yüksək səviyyədə keçirilməsi üçün 7-10 mətbəx nəzərdə tutulub. Praktiki yarışdan başqa həm də Art-kulinariya deyilən, yəni kulinariya incəsənəti yarışları da keçiriləcək. Bunun üçün qabaqcadan şokoladdan, karameldən, duzdan, yağdan heykəllər hazırlayacaqlar. Tədbirin informasiya sponsorunu da tapmağa çalışırıq. Bundan əlavə, tədbir ərəfəsində «Kulina» jurnalının ingilis dilində xüsusi buraxılışı çap olunacaq ki, bu da Azərbaycanın kulinariya mədəniyyətini əhatə edəcək. Kim istəsə, həmin jurnalda öz reklamını yerləşdirə bilər. Bu jurnal xaricdən gələn qonaqlara, səfirlərə, hotellərə, Mədəniyyət və Turizm Nazirliyinin özünə və onun informasiya agentliklərinə paylanacaq.
   - Maraqlıdır, İSESKO-ya üzv dövlətlər sizin təklifinizi necə qarşıladılar?
   - Onlar bunu çoxdan gözləyirdilər. Bu həm də onunla bağlıdır ki, son vaxtlar Azərbaycanın nüfuzu artdıqca dünya dövlətləri ölkəmizə gəlməyə çox böyük maraq göstərirlər. Bundan əlavə, tədbirə Dünya Kulinariya Təşkilatına üzv olan dövlətləri də dəvət etmək istəyirik. Ümumiyyətlə, dünyada İslam mətbəxi üzrə ilk dəfədir ki, belə bir çempionat keçirilir. YUNESKO-nun Dünya Xalq Yaradıcılıq Təşkilatının rəhbəri Karmen de Padilla gəlməyə razılıq verib. Ümid edirik ki, festivalda Dünya Kulinariya Təşkilatının prezidenti də iştirak edəcək. Biz bu qonaqları Azərbaycanın mətbəx mədəniyyəti ilə ətraflı tanış etməyi planlaşdırırıq. Düşünürdük ki, tədbirə təkcə İslam ölkələri deyil, digər ölkələr də gələ bilərlər. Çünki xörək bişirənin hansı dinə mənsub olmasının fərqi yoxdur: bir şərtlə ki, xörək İslam qaydalarına uyğun hazırlansın.
   Onu da qeyd edim ki, mətbəxlərin qurulması üçün çoxlu vəsait lazımdır. Ona görə də mən bütün azərbaycansevərləri bizim assosiasiyaya dəstək verməyə dəvət edirəm. Qoy gələn qonaqların yanında başımız uca olsun. Burada ən böyük məqsəd odur ki, bizim aşpazlarımız, mütəxəssislərimiz əsl kulinariya incəsənəti ilə tanış olsunlar, geniş fikir mübadiləsi aparılsın: bizim kulinarlar dünyada baş verən yenilikləri öyrənsinlər və gələnlər də Azərbaycan mətbəxi ilə tanış olub, mətbəximizlə bağlı bilgilər əldə etsinlər. Tanışlıqdan sonra bizim qonşularımız hansısa bir ölkədə deyəndə ki, bizim yeməklərdir, deyəcəklər ki, elə deyil, biz bu yeməyi Azərbaycanda yemişik.
   - Tahir müəllim, yəqin ki, yarışlarda çox nüfuzlu münsiflər heyəti olacaq. Bu tərkibdə kimlərin təmsil olunması da maraq doğurur.
   - Münsiflər heyətində dünya üzrə ən yaxşı mütəxəssislər təmsil olunacaq. Kulinariya üzrə Dünya Hakimlər Kollegiyasının üzvləri, o cümlədən bəzi ölkələrin daxili hakimlər kollegiyasının üzvlərinin iştirak etmələri gözlənilir. Məsələn, «Art Klass»a hakim kimi Yelena Suçkovanı dəvət etmişik. Onun şokoladdan hazırladığı milli paltar Fransada 1-ci yeri tutaraq qızıl medal aldı. Bir sözlə, münsiflər heyətində dünyada çox önəmli mükafatlar qazanmış mütəxəssislər, tanınmış kulinarlar iştirak edəcəklər.
   - Bildiyiniz kimi, Bakı son dövrlər mədəni hadisələrin mərkəzinə çevrilir. Və elə haqqında danışdığınız tədbirin bir hissəsi də «Bakı İslam Mədəniyyətinin Paytaxtı - 2009»a həsr olunub. Bu xüsusda rəhbərlik etdiyiniz assosiasiya yarışlarda qədim kulinariya mədəniyyətinə malik olmağımızı necə göstərəcək, hansı simvollar və emblemlərlə çıxış edəcək?
   - Mütəxəssislərin təklifi ilə medalın, dəvətnamələrin üzərində Bezoar keçisinin rəsmi olacaq. Çünki dünyada kulinariya üzrə ilk dəfə ət bölgüsünün, ətin hansı hissəsinin hansı xörəyə sərf olunması məhz bu keçinin üzərində aparılıb. Belə ki, Bezoar keçisinin rəsmi 37 min il bundan öncə Qobustanda və Gəmiqayada tapılıb. Bu da o deməkdir ki, Azərbaycanda 37 min il öncə kulinariya məktəbi olub. Ətin hansı yeməyə uyğunluğunu dərhal müəyyən ediblər. Bundan başqa, dünyanın ən qədim samovarı da Azərbaycanda tapılıb və 3700 il yaşı var. Arxeoloji qazıntılara əsasən VII-VIII əsrə aid gildən distillə aparatı tapılıb. Sən demə, spirt və efir yağları bütün dünyada ilk dəfə Azərbaycanda alınıb. İndi həmin qayda ilə rayonlarda tut arağı, zoğal arağı çəkilir. Bu üç fakt onu deyir ki, Azərbaycan kulinariya mədəniyyətinin beşiyidir. «Kulina» jurnalının ingilis dili sayında da bunları qeyd edəcəyik. Eyni zamanda, jurnalda müxtəlif dövrlərdə ayrı-ayrı formalarda geyinmiş aşpazların təsvirlərinə də yer veriləcək. Biz xalqımızın yaratdığı kulinariya mədəniyyətini ortaya qoymalıyıq. Onu da qeyd edim ki, 500 il idi ki, Bezoar keçisinin rəsminin nə demək olduğunu bilmirdilər, amma mən onu aşkar etdim.
   - Eyni zamanda, 2 min il ərzində dünyada ilk dəfə 3-cü qida nəzəriyyəsini də siz yaratmısınız. «Qida informasiyadır, məlumat daşıyıcısıdır», - bunu nəylə əsaslandırırsınız?
   - Aristotel deyirdi ki, qida qan yaradır. Amma zaman keçdikcə, o nəzəriyyə köhnəldi. Mən sübut elədim ki, qida yalnız enerji və qanı qorumaq üçün material deyil, həm də məlumat daşıyıcısıdır, ətraf mühit haqqında dəqiq məlumatı insanın beyninə ötürür. İnsan aldığı məlumata adaptasiya olunur, mühitə qarşı mübarizə aparır. «Xaricdən gətirilən ərzaq bizim üçün zərərlidir». Bu nəzəriyyə artıq xarici ölkələrdə təhsil proqramına salınsa da, hələ ki, bizdə heç bir təşəbbüs göstərilimir.
   - Bu gün sağlam həyat tərzi, sağlam qidalanma da cəmiyyəti düşündürən vacib məqamlardan biridir. Bunların fonunda pəhriz də ortaya çıxır. Bəzən insanlar artıq çəkidən xilas olmaq üçün düzgün pəhrizə əməl etmirlər.
   - Sağlam qidalanma üçün insanın tipini bilmək lazımdır. İnsan öz temperamentinə uyğun qidalanmalıdır. Pəhrizə gəlincə, bu, insanın statusundan asılıdır. Pəhriz ümumi olmamalıdır. Sizə xeyir edən pəhriz başqasına ziyan gətirəcək. Bədəndə hansı xəstəliyin olması, hansı xəstəliyə genetik yönümün olması nəzərə alınmalıdır. Həkim nəticələri ortaya qoyandan sonra bu adama pəhriz yazmaq olar. Bu gün dünyada 38 min pəhriz növü yaradıblar. Bir sözlə, hər bir insana yemək tərzini müəyyənləşdirmək üçün onun psixatipini, fizioloji tipini müəyyənləşdirmək lazımdır. Ömür boyu şimalda yaşayan insan, deyək ki, cənub mühitinə düşəndə fəsadlar yaranır.
   - Bir insanın orqanizminin digər mühitin kulinariyasına uyğunlaşması üçün nə qədər vaxt lazımdır?
   - Əvvəllər insan mühiti yavaş-yavaş dəyişirdi. Amma indi texnikanın inkişafı bunu daha sürətləndirib. İnsan orqanizmi buna birdən-birə adaptasiya oluna bilmir. Bədəndən o informasiyanı silən vasitələr sarımsaq və soğandır. Elə buna görə də türklər işğal etdikləri ölkələrdə bac-xəracı soğanla alırdılar. Xaricə gedəndə bir müddət mədə-bağırsaqda pozuntu olur. Amma qabaqcadan soğan yeyəndə bu baş vermir. Soğan köhnə məlumatları bədəndən silir, bədənin adaptasiya gücünü artırır, immun sistemini gücləndirir və müqavimət güclənəndə təzə qidaya uyğunlaşma baş verir. Bunlar təbii proseslərdir.
  
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar