Arzum: «Demək, istedad da, səs də heç nəyə yaramır»
  
   Onu bəzən Azərbaycanın Şakirası da adlandırırlar. Çünki təkcə zərif və xoşagəlimli səsi ilə deyil, həm də səhnədə dinamik hərəkətləri ilə tamaşaçıların rəğbətini qazanıb. Təqdimatı oxuyan kimi, yəqin ki, diqqətli oxucular söhbətin «Azəri-star-1» musiqi yarışmasının iştirakçılarından olan Arzumdan getdiyini başa düşdülər. Bir neçə gün əvvəl redaksiyamızın qonağı olan müğənni ilə söhbətimizdə şou-biznes sahəsində artıq öz dəst-xətti olan Arzumun yaradıcılıq planları ilə tanış olduq, eyni zamanda bizi maraqlandıran suallara cavab aldıq.
  
   - Son günlər Azərbaycanın rayonlarında konsertlər verirsiniz. Belə bir layihəni həyata keçirmək ideyası haradan qaynaqlandı?
   - İyulun 21-dən Azərbaycan turnesinə çıxmışam. Artıq Quba, Qusar, Xaçmaz, Göyçay, Mingəçevir və Lənkəran rayonlarında solo-konsert vermişəm. İndi isə Sumqayıtda və Gəncədə turnenin davamı olaraq konsertlərə hazırlaşıram. Nəhayət, yekun olaraq Bakıda konsert proqramı ilə çıxış edəcəm. Bununla turnenin birinci hissəsi başa çatacaq. Sonra isə Şəki, Zaqatala, Naxçıvan, Tovuz, yenə də yekun olaraq Bakıda konsertlər verəcəm.
   Onu da qeyd edim ki, ilk dəfə belə bir layihəni Zülfiyyə Xanbabayeva reallaşdırıb. Həmin vaxt bu layihə mənim diqqətimi cəlb etmişdi. Düzdür, mənim hazırda həyata keçirdiyim layihə bir qədər başqa formatdadır, amma nəticə etibarilə eynidir.
   - Deyirsiniz artıq 6 rayonda konsertləriniz baş tutub. Bu layihəni həyata keçirməyiniz populyarlığınıza təsir edibmi?
   - Əvvəla, onu deyim ki, turneyə çıxmazdan əvvəl o qədər həyəcanlanırdım, elə bilirdim istədiyim tamaşaçını görə bilməyəcəm. Çünki hələ gəncəm, yaxşı tanınmıram və s. Amma şükürlər olsun ki, xalqım mənim bu nigarançılığıma elə Qubadakı konsertdəcə son qoydu. Burada konsertə 5 min, Qusarda 10 min, Xaçmazda 9 min, Göyçayda 6 min, Mingəçevirdə 30 min tamaşaçı gəldi. Məni yaxından tanıdılar. Başa düşdüm ki, müğənnidə səslə yanaşı səmimiyyət olmalıdır. Əgər səmimiyyət yoxdursa, onda istedad da, səs də heç nəyə yaramayacaq.
   - Daha hansı layihələri həyata keçirmək niyyətindəsiniz?
   - Azərbaycanın rayonlarına turnelərimi yekunlaşdırandan sonra ikinci bir layihəni gerçəkləşdirmək niyyətim var. Bildiyiniz kimi, 2009-cu il prezident İlham Əliyev tərəfindən ölkədə «Uşaq ili» elan edilib. Bu münasibətlə may-iyun aylarında 5 uşaq evində konsert verdim. Bu konsertlər zamanı uşaq evlərindən 3 nəfər uşaq seçmişəm. İndi həmin uşaqlarla birlikdə klip çəkməyi planlaşdırıram. Bu böyük bir iş olmasa da, düşünürəm ki, az da olsa, uşaqları sevindirəcəm.
   Ümumiyyətlə, sizə bir sirr açım. Uşaq vaxtı mən fikirləşirdim ki, tanınmış biznesmen olacam və bu zaman gördüyüm ən birinci iş kimsəsiz uşaq evləri ilə yaxından əlaqə saxlamaq, onlara yardım etmək olacaq. Tale elə gətirdi ki, müğənni oldum. İndi belə layihələrlə, az da olsa, uşaqlıq arzularımı gerçəkləşdirmək istəyirəm.
   Bilirsiniz, uşaq evlərində verdiyim konsertlərdən əvvəl onların üzlərindəki məzlumluq, gözlərindən yağan kədər mənə o qədər təsir etmişdi ki... Proqramın sonunda həmin kədərin sevinclə əvəzləndiyini görəndə elə bil bütün dünyanı mənə verirdilər. Yəni bu uşaqlara az da olsa, sevinc hissi bəxş etdiyimə görə özümü dünyanın xoşbəxt insanı hesab edirəm.
   - Musiqi təhsiliniz varmı?
   - Beş illik pianino sinfini bitirmişəm. 10-cu və 11-ci sinifləri Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuşam. Hazırda Milli Konservatoriyanın 4-cü kursunda oxuyuram. İnşallah, gələn il magistratura təhsili almaq arzusundayam.
   - Sizə hərdən Azərbaycanın Şakirası da deyirlər: səhnədəki dinamik hərəkətlərinizə, rəqslərinizə görə. Səhnədə oxumaq və eyni zamanda rəqs etmək çətin deyil ki?
   - Uşaq vaxtlarımdan rəqsə meylim olub. Düzdür, valideynlərim rəqsə getməyə icazə vermədilər, amma evdə özüm bununla məşğul olurdum. «Azəri-star» yarışmasından sonra isə gördüm ki, rəqslə mahnı birlikdə tamaşaçılar tərəfindən çox yaxşı qarşılanır. Ona görə də çalışıram ifalarım zamanı rəqslərdən də istifadə edim. Çətin olmağına gəldikdə isə deyim ki, çətindir.
   - Hansı bəstəkarlarla işləyirsiniz?
   - Cavanşir Quliyevin, Şəfiqə Axundovanın mahnılarını onların öz istəyi ilə oxumuşam. Gənc bəstəkarlardan Muxtarla, Rəşadla, Elvinlə, Aqşinlə işləyirəm. Hazırda sözləri və musiqisi özümə aid olan 3 mahnı üzərində çalışıram. İnşallah, payızda həmin mahnıları dinləyicilərimin ixtiyarına verəcəm. İndi gənclər arasında çox populyar olan üç mahnının sözləri özümə aiddir. Bunlar «Qara-qara», «Bulutuz» və «Lava»dır.
   - Azərbaycan estradasında bənzəmək istədiyiniz müğənni varmı?
   - İfa tərzinə görə yox, təmkininə görə Manana və İradə İbrahimova kimi olmaq istərdim. Bu iki müğənni məni qalmaqal həvəskarı olmadıqları üçün özlərinə doğru çəkir. Mən Qoç bürcündən olduğum üçün çox emosionalam. Hər şeyə tez reaksiya verirəm. Bu sahədə də anam öz məsləhətləri ilə mənə kömək edir. Hər bir sənət adamının sənətə gəlməsi üçün ona kiminsə mənəvi yardım etməsi təbiidir. Mənim ən yaxın köməkçim və deyərdim ki, talismanım anamdır. İndiyə qədər əldə etdiklərim üçün yalnız ona borcluyam. Çünki şou-biznes elə bir yerdir ki, orada mənim kimi hövsələsiz adamları çox tez sıradan çıxarmaq olar.
   - Məlumdur ki, siz də estrada janrında oxuyursunuz. Bəs Azərbaycan musiqisinin kökü olan muğama münasibətiniz necədir?
   - Mən Milli Konservatoriyada muğam şöbəsində, xalq artisti Aygün Bayramovanın sinfində təhsil alıram. Musiqi albomumda ifa etdiyim muğamlar da var. Ümumiyyətlə, hesab edirəm ki, muğam bütün musiqi janrlarının özəyidir. Onu bilmədən sənətdə heç nə əldə etmək mümkün deyil.
   - Estrada ilə muğamın sintezinə necə baxırsınız? Gələcəkdə belə bir layihə təklif edən olsa, qəbul edərsinizmi?
   - Mən artıq belə bir mahnı üzərində işləyirəm. Vətən haqqında mahnıdır, arada da kiçik bir muğam parçası səsləndirirəm. Bu mənim öz ideyamdır. Amma gələcəkdə bəstəkarlarımızla bu üslubda geniş bir layihə gerçəkləşdirmək fikrindəyəm. Təxminən Eldar Mansurovun Manana və Zabit Nəbizadə ilə birlikdə həyata keçirdiyi layihə kimi.
  
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar