Hüseynbala Mirələmov: “Bəşəriyyətin ən böyük kəşfi kitabdır”
Sentyabrın 12-dək davam edəcək sərgi-yarmarkaya respublikamızla yanaşı, Türkiyə, İran, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Misir, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və digər ölkələrin nəşriyyat və poliqrafiya təşkilatı qatılacaq. Bu tədbiri qısaca, kitab bayramı da adlandırmaq olar. Onu da deyək ki, mədəni həyatımızda mühüm hadisə olan kitab-sərgi yarmarkası respublikamızda ilk dəfədir ki, keçirilir. Kitab, kitabın insan həyatındakı rolu və ədəbi mühitimizlə bağlı fikirlərini bölüşmək üçün yazıçı, millət vəkili Hüseynbala Mirələmovla görüşdük.
- Hüseynbala müəllim, söhbətimizin əsas mövzusu kitabdır. Əvvəlcə, Bakıda açılacaq Kitab Sərgi-Yarmarkası haqqında danışmağınızı istərdik.
- Bu tədbir Azərbaycan mədəniyyətinin ildən-ilə daha da inkişaf etdiyini göstərir. İncəsənətimizin təbliği sahəsində son 4-5 ildə görülən işləri sadalasaq, yəqin ki, bir kitablıq material alınar. Mən bir yazıçı, millət vəkili kimi Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətindən çox-çox razıyam. Demək olar ki, əksər mədəniyyət müəssisələri, o cümlədən Heydər Əliyev Sarayı, Axundov adına Mərkəzi Kitabxana, Gənc Tamaşaçılar Teatrı, Dövlət Film Fondu, Bəstəkarlar İttifaqının binaları əsaslı şəkildə təmir olunub.
Sərgi ilə bağlı onu deyə bilərəm ki, bu, ən əvvəl bizim suverenliyimizin, dövlət müstəqilliyimizin bəhrəsidir. Ölkəmizdə mədəniyyətlə bağlı keçirilən tədbirlərin, reallaşdırılan layihələrin sırası ildən-ilə sıxlaşır. Bu, mədəniyyətimizin inkişafı ilə yanaşı, həm də iqtisadi inkişafımızı təsdiq eləyən bir faktdır.
Bakının 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması, ötən ilin sonunda şəhərimizdə «Mədəniyyətlərarası dialoq» mövzusunda beynəlxalq konfransın keçirilməsi və ümumiyyətlə, Bakının bu səpkili möhtəşəm tədbirlərə ev sahibliyi etməsi məni bir ziyalı kimi çox sevindirir.
Kitab mədəniyyətin, elmin, savadın, biliyin, zəngin mənəviyyatın mənbəyidir. Bəşəriyyətin ən böyük kəşfi kitabdır. Kitab heç vaxt bitməyən bir xəzinədir. İnsanın zərrə-zərrə kitabdan yığdığını onun əlindən heç kim ala bilməz. Dünyanın böyük fikir adamlarını kitablardan tanımışıq, kitablardan sevmişik. Bəşəriyyətin inkişafı kitabdan keçib.
Bizdə kitab çapı getdikcə təkmilləşir. İndi bizdə müasir avadanlığa malik özəl nəşriyyatlar yaranıb. Bizim çap məhsullarımız müxtəlif beynəlxalq kitab yarmarkalarında nümayiş etdirilir. Bu sırada mən Heydər Əliyev Fondu tərəfindən çap olunmuş yüksək keyfiyyətli kitabları misal gətirmək istəyirəm. Bu kitablar beynəlxalq sərgilərdə mükafatlar alıblar. Ulu öndərimizin həyat və yaradıcılığı, Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri haqqında olan bu kitablar dünyanın adlı-sanlı kitabxanalarına və universitetlərinə hədiyyə edilib.
- Kitab mövzusunda söz düşmüşkən, bir məsələyə də münasibətinizi bilmək istərdik. İndiki orta və yaşlı nəslin nümayəndələri şikayətlənir ki, cavanlar kitab oxumur. Doğrudanmı belədir?
- Moskvaya gedirsən, görürsən ki, kitab mağazası gecə saat 1-ə kimi işləyir. Orda Nikitinskaya küçəsi var. O küçədəki kitab mağazası səhərə kimi açıq olur. Təsəvvür eləyirsiniz: kitab mağazası 24 saat işləyir! Bəs bizdə necə? Azərbaycanın mədəniyyət pasportu sayılan «Kitab passajı»nın yalnız bir tərəfində kitab satılır, o biri tərəfində isə paltar və içkilər satılır. Bəs, ayıb deyil?
Yadımdadı, mən 6-cı sinifdə oxuyurdum. Bizi Lerikdən Şamaxıya - pioner düşərgəsinə aparırdılar. Bakıya gəldik, burda iki-üç saat ləngiyəsi olduq. Bakıda birinci getdiyim yer «Kitab passajı» oldu. Sonralar da, illər boyu ən çox üz tutduğum ünvan, doğma yer bu mağaza olub mənim üçün. İndi ordan keçə bilmirəm, ürəyim ağrıyır. Kitab mağazası təyinatı üzrə işləməlidir. Yaxşı, Hökumət Evinin arxasında «Kitab evi» vardı. Bəs o hanı? Baxın görək, bu gün paytaxtımızda neçə kitab mağazası var? Bəs 20 il əvvəl neçə belə mağaza vardı?
- Sizcə, kitab mağazalarının kütləvi şəkildə kafeyə, çayxanaya və s. çevrilməsinin bir əsas səbəbi də elə oxucu azlığı ilə bağlı deyilmi?
- Əlbəttə, mən oxucu azlığı demərəm buna. Oxucunun yoxluğu deyərəm. Bu, daha düzgün olar. Rusiyanın bircə şəhərində belə fakta rast gəlməzsən. Orda kitab mağazasının ərzaq dükanına, yaxud oyun zalına çevirsələr, sizi inandırıram ki, adamlar oranı od vurub yandırarlar. Bizdə nə vaxt, harda eşitmisiniz ki, onca nəfər oxucu durub getsin o «Kitab passajı»nı alt paltarı satılan dükana çevirən sahibkarın yanına, onu divara dirəsin, mətbuatda o adamı məhşər ayağına çəksin, onu ictimai qınaq obyektinə çevirsin, bir sözlə, etiraz eləsin. Yoxdu belə oxucu. Lap o biri kitab mağazalarını götürək. Bircə nəfər durub dedimi ki, bu məbədgahları niyə belə günə qoyursunuz? Bir də təkrar edirəm: SSRİ vaxtında bizdə də, Rusiyada da mağazalar axşam saat 8-də bağlanırdı. Rusiyada kitab mağazaları daha da çoxaldı. Elə qoy yadıma düşmüşkən deyim. Moskvada bizim səfirliyin yaxınlığında, Tverskoy küçəsindəki kitab mağazası səhərə kimi işləyir. Niyə? Çünki kitaba tələbat var. Bu tələbat olmasa, işləməz. Orda dəfələrlə olmuşam. 2-3 gün əvvəl Moskvada böyük kitab sərgisi keçirildi. Rusca VDNX deyirlər - Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi. O yer özü böyük bir şəhər boydadı. Məni də dəvət etmişdilər. İşin çoxluğundan bu dəfə gedə bilmədim. Hər il burda böyük bir kitab sərgisi keçirilir. İndi gəlin bu məsələni aydınlaşdıraq. Moskvada, Bakıda, yəni biz hamımız eyni dövlətdə yaşamışıq. Eyni siyasətlə nəfəs almışıq. Hamımız sovet tərbiyəsi görmüşük. İdeologiyamız bir olub. Bəs onda bunu necə başa düşək: Moskvada kitaba tələbat ildən-ilə artır, bizdə isə azalır. Moskva metrosuna girirsən, az qala, bu vaqonlardakı sərnişinlər sovet dövründə olduğu kimi kütləvi şəkildə kitab oxuyurlar? Durub deyərsiniz ki, bəlkə bu, yaşayışla bağlıdır? Əsla, yox! Bir də tam əminliklə deyirəm: yox! Baxın şəhərimizə. Küçələrimizdə xarici maşın əlindən tərpənmək olmur. Hər yanda tikinti-quruculuq işləri gedir. Şəhərdə boş restoran-kafe görməzsiniz. Lap belə ucuz şou-proqramlara SMS göndərənlərin sayına baxın. O SMS pulu ilə minlərlə kitab almaq olar. Baxın, bir vaxtlar 500 min tirajı olan «Azərbaycan» jurnalı indi ayda 1000 tirajla çıxır. «Ulduz»un tirajı isə ondan iki dəfə aşağıdır. Əvvəllər şair-yazıçılarla oxucuların görüşləri olardı, kitabların müzakirəsi keçirilərdi. İndi bunların heç biri yoxdu.
- Yox, Hüseynbala müəllim, tək-tük də olsa, kitab müzakirələri, imza günləri, yəni təzə kitabı çıxan müəlliflə görüşlər təşkil olunur. Bilirsiniz, pis olan nədir? O müzakirələrdə səslənən fikirlərlə başqa yerdə, deyək ki, çayxanada deyilən fikirlər bir-birinə əks olur.
- Bilirəm nə deyirsiniz. Adamlar həqiqəti demirlər. Bu yaxınlarda 4-5 dost çay masası arxasında söhbət edirdi. Dostlarımızdan biri şair olmasa da, yazı-pozuya yaxın adam idi. O, bir şeir oxudu və fikrimizi soruşdu. Mən də şeirinin zəif olduğunu dedim. Dildə mənimlə razılaşsa da, gördüm ki, rəngi, qırımı başqa şey deyir. Nə edəsən, belədi də. Hamı öz yazdığı haqqında müsbət fikir eşitmək istəyir. Hansı ki, əsl dost, bir insan kimi də, bir yazar kimi də sənin çatışmayan cəhətlərini, qüsurlarını deməlidi.
- Oxucu qıtlığından gileyləndik. Axı, bizdə son illər ciddi əsər də yazılmır.
- Siz ciddi əsər nəyə deyirsiniz?
- Yəni, ədəbi aləmdə rezonans doğuran əsər. Deyək ki, sovet dağılmamışdan əvvəl Yusif Səmədoğlunun «Qətl günü» romanı çıxdı. Bu, çox böyük ədəbi müzakirələrə səbəb oldu. Belə əsər deyirəm.
- Bilirsiz, belə bir əsərin yaranmamasının əsas səbəbi də stimulun, daha doğrusu, oxucunun olmaması ilə bağlıdı. Kimin üçün yazırsan, axı oxuyan yoxdu.
- 11 il əvvəl senzuranı ləğv elədik...
- İndi əksəriyyət bu məsələdə yekdildir: senzura pis idi. Mən də onlarla razıyam. İndi bir məsələni mənə aydınlaşdırın: bəs qəzet-jurnallardakı bu təhqirlərə nə deyirsiniz? Mən ədəbi aləmdən danışıram. Bizim klassiklərimizin, yaşlı nəslin nümayəndələrinin ünvanına yazılan hərzə-hədyanı neyləyək? Keçmişə belə radikal yanaşmanı necə başa düşək? Bu nifrət hardan qaynaqlanır? Ağlı olan oturduğu budağı baltalamaz. Min il də keçsə, deyək ki, Səməd Vurğunu, Rəsul Rzanı ədəbiyyat tariximizdən silmək mümkün deyil.
- Sovet dövründə olduğu kimi, indi də şair-yazıçılara mükafatlar verilir. Siz də bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi «Qızıl Kəlmə» ədəbi mükafatına layiq göruldünüz. Ümumiyyətlə, dövlətin şair-yazıçıya mükafat verməyinə necə baxırsınız?
- Lap yaxşı. Bunun nəyi pisdir? Yazıçı robot deyil, canlı insandır. Mükafat onu həvəsləndirir, daha da yaxşı yazmağa ruhlandırır. Mükafat cəmiyyət arasında yazıçıya nüfuz qazandırır. Bu, qələm əhlinin maddi vəziyyətinin yaxşılaşmasına kömək edir. Yazıçıya göstərilən bu diqqət elə ədəbiyyatın inkişafına göstərilən qayğıdır.
- Hazırda hansı əsər üzərində çalışırsınız?
- Artıq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva haqqında kitabı yazıb başa çatdırmışam. «JZL» seriyasından olan bu kitab Moskvanın «Molodaya qvardiya» nəşriyyatında çap olunacaq. Nəşriyyatla müqavilə də bağlamışam. Kitab bu ilin sonunda çapdan çıxacaq. Bundan əlavə, «Qumrunun yumurtaları» povestim bu ay «Azərbaycan» jurnalında çap olunacaq. «Gəlinlik paltarı» povestimin ikinci nəşri hazırdı. Bugünlərdə çıxacaq. «40-cı otaq» romanı, «Əclaf» və «Qumrunun yumurtaları» povestlərini isə bu yaxınlarda kitab halında nəşr etdirəcəyəm.
Söhbətləşdi: Qorxmaz Şıxalıoğlu