Kimin qəlbini fəth etməyib bu Səs?!.
  
   Bu Səs üsyançıdı, qiyamçıdı, işğalçıdı, həzərat! Zil adlı top-tüfəngi, bəm nişanlı əlbəsələri, ruhi vəsvəsələri var bu Səsin. Çənlibelli baş igidimiz kimi yaraqlanıb-yasaqlanır, dəli-dolularını başına yığıb çıxır cəngi-səhnələrə, əl-qol ata-ata Səs atdandırmağa. Qoç Koroğlu kimi nərələnib, Aşıq Cünun kimi avazlanmağa. Qurşun-qurşun xalları ilə qarşısındakı xanları, paşaları (haşa sovetlərdən!), «ha nənəm qurban!»ları, hayıl-mayıl cayılları şil-küt eləməyə. Hələ bir adını da Alim qoyublar! Qadam, belə zalim alimlik olar?! Bu ki şirvanşahlar ordusunun qılınc cingiltiləri, qalxan qalxıntıları, bayraq dalğalanmalarıdı!
   Hey, səs-sədaların Şamaxı zəlzələsi, hayqırtıların qartal qıyı, zəngulələrin bülbül təcallası! Bir bəri dur görək o sinədə daha nələr var...
  
  
   - Alim müəllim, o qədər sadə, ifallı adamsız ki, adam istəyir Sizə sən desin...
  
- Lap yaxşı. Başlayaq «sən-sən»ə, söhbətimizi vuraq başa.
   - Sənin səsin, sənətin haqda mətbuatda, efir-ekranda çox danışılıb, çox danışdırıblar. Mənsə istəyirəm oxucularımıza sənin daxili aləmini, mənəvi dünyanı çatdırım. Nədən başlayaq?
  
- Səninçün birinci nədisə, ondan.
   - «Məhək daşından» başlayaq. Bir vaxtlar deyirdilər, elə oxuma, Xan əmi eşidər, özünü elə aparma, bu sözü demə, Cabbarın, Seyidin qulağına çatar...
  
- Həə, Allah onlara rəhmət eləsin!..
   - İndilər belə bir çəkinməli sənətkar varmı?
  
- İndilər sənət var, amma sənətkarı deyəmmərəm.
   - Niyə o yeri tutan, tutmaq istəyən yoxdur?
  
- Nə bilim, bu da müsabiqə ilə deyil ki. Bu bir Allah vergisidir...
   - Ümumiyyətlə, bu «qorxu» gərəkdirmi?
  
- Bu qorxu qorxmaq deyil. Adlarını çəkdiyin o dühaların dövründə də çox dəbdə olan xanəndələr, müğənnilər vardı. Amma bugünün dürbini ilə baxsaq, onlar nəinki Xanın, Seyidin yanında, heç o ustadların səsinin gedib çatdığı uzaqlıqda da görünmürlər. «Zər qədrini zərgər bilər» - deyən xalqın özü ən böyük zərgərdir. Populyar olmaq o demək deyil ki, xalq onları sevir, yainki tarixdə qalacaqlar. Belələri «ustaddan ayıbdır» fikrinin özünü ayıb sayırlar... Elələri hardan bilsinlər ki, ustaddan halallıq alınar, ustada, sənətə kəm baxılmaz! Bizdə axır zamanlar elələri demək olar, yoxdu. Amma yəqin ki, haçansa haqq yerini tapar. Bunun üçün narahat olmayaq. Azadlıqdı. Kim gecə nə düşünür, səhər çıxarır bazara. Bədbəxtlik ondadı ki, bu bazarda o qəlp malları xalislərdən tez alırlar.
   - Camaat deyir Alim hərdənbir Azərbaycana da gəlir...
  
- Hesab elə ki, başa düşmədim...
   - Yəni, səfərlərdə çox olursan...
  
- Aydındı... Belə getsə, bir gün sensasiya yazacaqsız ki, ay camaat, Alim Qasımov Azərbaycana gəlib!
   - Aha, ciddi söhbətə keçid üçün pis zarafat olmadı bu, deyəsən...
  
- Deməli, pratakol söhbəti eliyəcəyik?
   - Hə, ara-sıra. Hələlik son səfərdən son soraq...
  
- Bu dəfəki səfərimiz Səmərqənddən başlayıb, gedib çıxdı Amerikaya. Sonra necə davam etdi, nələr oldu - yavaş-yavaş deyəcəm.
   Əvvəl xaricdə ancaq çörək pulu verirdilər, indi konserthaqqı, sənəthaqqı da çıxır. Axırıncı səfərim Yaponiyaya, İspaniyaya və Almaniyaya oldu. Bu səfərin xəmiri tək elə mədəniyyət, sənətlə yox, həm də mənəviyyat məsələlərindən yoğrulmuşdu. Yəni, YUNESKO rəhbərinin xahişi ilə olmuşdu. O, bizim Azərbaycan sənətinin cəfakeşi Mehriban xanım Əliyevadan xahiş edib ki, bu kollektivi görmək istəyirəm, Mehriban xanım da bizim mədəniyyət nazirliyinə deyib. Onlar da bizim bütün maddi-mənəvi ehtiyaclarımızı həll edib, işlərimizi sahmanlayıb bu səfəri başa gətirdilər. Çıxışlarımız çox yüksək səviyyədə alındı, qəribə-qəribə şeylər oldu.
   - Məsələn?
  
- Məsələn, «Allahu Əkbər»in qurtardığı o yerlərdə, oxuda-ifada «uzundərə»çilikdən uzaq o ölkələrdə bizim muğamlarımıza çox səbr, çox böyük maraq və məhəbbətlə qulaq asır, hər konsertdən sonra mənə yaxınlaşıb, qəribə-qəribə vurğunluq fikirlərini bildirdilər. Özü də bu yalnız bizimkilərdən ibarət konsert deyildi, başqa ölkələrdən gəlmiş dəstələr də iştirak edirdilər. Konsertlərin birində hərəyə yarım saat vaxt verilmişdi. Biz öz «borcumuzu» verib qurtardıq və konsertdən sonra banket oldu. Burda ən çox razılıq və təşəkkürlər bizim dövlətin, bizim nazirliyin ünvanına söyləndi. Ən yaddaqalan isə bu oldu ki, bir yapon qadın (mədəniyyət işçisi) bizim çıxışlarımızı çox yüksək - əsil muğam səviyyəsində dəyərləndirdi. O, Azərbaycan muğamını, Azərbaycan musiqisini cənnətdən gələn səs kimi qəbul etdiyini bildirdi. Bu, mənim üçün indiyəcən eşitdiyim çox ütülü sözlərdən, fikirlərdən böyük fikirdi.
   Yaponiyadan getdik İspaniyaya - «Səs festivalı»na. Orada qızım Fərqanə ilə «görəcəkli» bir konsert çıxartdıq; musiqisiz - saat yarım dəfə vura-vura oxuduq. Yerlərində özlərinə yer tapmayan tamaşaçılar çox razı qaldılar. Sonrakı səfərimiz Almaniyaya oldu və çıxışımız tar, kamança çalanlarla - Ələskər, Rauf və qızım Fərqanə ilə oldu. Simfonik dəstədə oranjiman etdiyim mahnını da oxudum və yaman qarşılandı! Səhərisi gün isə öz dədə-baba yolumuzla muğam və iki xalq mahnısı ifa etdik.
   - Alim, belə bir rəy var: muğam ən çox başları, qalan digər musiqilər ən çox ayaqları tərpədir. Xaricdədəmi çox başları tərpədir muğam?
  
- Xariclərə təzə-təzə gedəndə, muğamatın bizim dildə «öldüm-öldüm» məqamlarında görürdüm başları ilə ritm tuturlar və mənə belə gəlirdi ki, onlar məni doluyurlar, başlarıyla «aşqa» deyib, ürəylərində başqa şey fikirləşirlər. Amma sonralar gördüm yox, muğam oxuyanda, doğrudan da, bir ritm, ahəng-ölçü yaranır. Deməli, onlar bunu məndən əvvəl bilirmişlər ki, hələ o vaxtlar da bunu tuturmuşlar. Bizim muğam başı tərpədən, canı silkəliyən eşq imiş, qəlbi gözəl, ürəyi normal ritmlərlə işləməyə qadir sənətlərdən imiş. Əsas odur ki, sənətkar muğamın - bu sənət köhləninin cilovunu tutub lazım olan məqam-mənzilə doğru çəkə bilsin.
   - Bayaq dediyim «qastrollarda o qədər olursan ki, bir azdan sonra Azərbaycanda olmağına sevinəcəklər» eyhamımı bir az ciddiyə alaq.
  
- Bunun taxsırı məndə deyil, artıq dünyanın sevməyə başladığı muğamlarımızdadı.
   - Yox axı, muğamlarımızı dünyaya çoxdan ayaq açdırmışdılar...
  
- Mən elə şeyləri bilmərəm...
   - Onda, bildiyin məsələlərdən danışaq.
  
- Allah biliyimə qüvvət versə, başlayaq.
   - Bu boyda dünya sarayı qazanmış Alim Qasımov ilk «planeti» - beşik evi, ilk yuvası, hələ «heç kim»liyi haqda balaca bir «doklad» edə bilərmi?
   - Mən özüm uşaqlıqda kefindənkeçən aşıq-aşıq ustası olmuşam, siqareti siqaretə calamışam, tinlərdə oturub tum cırtlamışam və bütün bunları birdən-birə tərgitmişəm. Qaldı «ilk yuva»ma, bu barədə uzun-uzadı «segah» deyəsi deyiləm. Ora mənim axirət dünyamdı. Vəssalam.
   - Təsəvvür edək ki, sənin səsin yox idi, kənd-kəsəkdə ruhani, yaxud əkin-biçinçi bir insansan...
  
- Hardaydı məndə o baxt ki, gün axşamacan təbiət həkiminin yanında olan o əkin-biçinçilər kimi mənim də bel-buxunum ağrımayaydı. İşdir-şayəd, ağrısa da, onlar kimi bir cıqqan vaxt tapıb belimi ovxalatdıraydım, bu orucluqda «kamandiri» (bayaqdan bizim söhbətimizin sonunu gözləyən həyat yoldaşına işarəylə) 4-5 saat gözlətməyəydim.
   (Ustadın «komandiri» bu sözləri eşidib işini bilir və təəssüf dolu bir narazılıqla çıxıb gedir)
  
- Hə, sənin o vaxtkı dostlarından biri kör-kövşəndən çıxıb gəlir bu şəhərə, oxuyub olur böyük adam və səni heç yada salmır, heç vaxt baş çəkmir. Belə halda deməzdinmi ki, «filankəs yaman yekəlib»?
   - Bəlkə də... Əgər o, görüb-görüşməyə ləzzətverən adam olardısa, yanmışdığımdan mütləq deyərdim.
   - Həə, indi görüb-görüşməyə ləzzətverən Alim Qasımov özü «yekəlməyib» ki?
   - Mən kiməm, nə karəyəm ki, özümü Allahın o düzünəqulu bəndələrindən, toz-torpaqdan savay heç nəynən çirklənməmiş insanlardan yekə tutam? Nədi, noolub, (gülümsünür) sən bu «bədniyabət» fikrə düşməynən, Allahın bir tikə quru səs verib, bir baş, para baş qaldırdığı bəndəsini xırdalamaqmı istəyirsən? Düzdü, mən bir heylə vaxt tapammıram kt, tez-tez gedib onlara baş çəkəm, amma həsrətlərini çox çəkirəm. Bilirsən, yeri düşmüşkən deyim ki, uşaqlıq dostluğu - əsgərlikdi, tələbəlikdi, qar-qazamatdı - bunların hamısından əfzəldi, şirindi. Qoy bunu sizlərin dilüznən bir aranjiman eliyib deyim ki, uşaqlıq dostluğu da elə ilk məhəbbət kimi bir şeydi - çox şirin, amma əlçatmaz. Əslində mən hələ də özümü onlardan biri hesab edirəm: bir az suçu, bir az bağbanam, şoferəm, fəhləyəm...
   - Necə yəni, «xalq artisti» və «suçu»?
   - Necə bəyəm, noolub, xalq suçusu, xalq bağbanı olmaz? Mənim kimi çalıb-oxuyanları, sənin kimi yazıb-pozanları həmən o xalq taxılçıları, xalq qırxınçıları yedizdirib-geyindirmirmi? Hə, cavab ver də...
   - Biz sual verənlərik.
   - Ver də.
   - Bu günkü xalq artistinin ümumxalq səsi o vaxtkı o xalq məhəllələrində, xalq dərə-təpələrində neyləyirdi?
   - Bu səs o vaxt elə yerində idi. Sadəcə, o vaxtı Bakıda indiki kimi müsabiqələr, Allahın bəzi bəndələrinə verdiyi səslərin axarını tutub dəryaya çəkən sarbanlar yox idi. Amma mənə hamı deyirdi a bala, çıx get yuxarıya, bu dərələr sənin səsivi udacaq.
   - Allah bilir o dağ-dərələrə nə toylar tutmusan. Heyf o «ilk məhəbbət» səslərindən, çiçəyi burnunda avazlardan! Deməli, o vaxtkı səs, o cavan ciknələr getdi, hə?
   - Yox, o səslər indi göylərdədi. Maqnitafonsuz yerlərdə daqnitafon olur. Yerlərin sədalarını göylər saxlayır yaddaşında. Gələcək elm bunları qaytaracaq özümüzə.
   - Hələ bizim, sənin «gəldi-gedər» məşqlərinə də heyfimiz gəlir; belə məqamlarda salonların «püşkünə» düşməyən azmı ilahi xallar baş verir?..
   - Olur belə hallar. Amma biz çox vaxt məşqlərimizi də yazırıq. Hətta toyları da. Sonra da o təsadüflərə qulaq asıb, zərurətlər yaratmağa çalışırıq. Olub ki, hərdən o bədahətən çıxan xallar məni ağladıb...
   - Ay Alim qağa, ev-eşiyin bir küncünə çəkilib öz-özünə ağlayan uşaqlar görmüsən?
   - Əlbət. Göydən-zaddan enməmişəm ki? Elə onlardan biri də mən özüm. Oxəntərə zıqqıldadığım olub ki!
   - Hə, bax o sayaq bir küncə çəkilib özünçün oxuduğun olubmu?
   - Bununçün day qıraq-bucağa nöş çəkilirəm? Mən helə camahatın içində özümə də konsert verirəm də! Amma hərdən özümü imtahançün təklikdə gərənayladığım olur.
   - Özündən, səs-səmirindən bezdiyin vaxt olub?
   - (Gülümsünür) Bir dənə vəfalı dinləyicim var, deyirsən, onunla da aram dəysin?..
   - Sənin üçün əlçatmaz adam var?
   - Bunlar ancaq sənətkarlar ola bilər. Dünyəvi sənətkarlar.
   - Bax bu mənada sənə əli yetməyən adamlar var; onlar nə qohum, nə həmyerli, nə kolleqa, nə jurnalistdi ki, yol tapıb səninlə görüşə bilsin, amma səninlə ünsiyyətə əşhədi-ehyacları var...
   - Yazın ki, mənim qapım, mənim ürəyim onların üzünə həmişə açıqdır. Amma bir şərtlə: məni tərif, mənə sevgi ilə vaxtımızı yelə verməsinlər. Allahdan, peyğəmbərdən, sənətdən, sanbaldan danışaq...
   - Bu günkü toylar... Xalqa toy tutan toylar!..
   - Bəli, bütün digər çətinliklər indiki toyların yanında toya getməlidir. Neyləsinlər, öz çörəkpulunu camaatın zülmündən qazanırlar da. Görmüşdük adamı toya çağırarlar, adam da sevinər. İndi isə deyirsən birini tapıb bir 5-10 manat verim, gedib salsın toya. Vaxt vardı adamlar bu kənddən o biri kəndə toya maşının kuzovunda gedirdilər. Bəziləri 2-3 gün qabaqdan gedirdi ki, daha çox mənəvi zövq alsın, zurna-sazandaların toyqabağı ağnağazına qulaq assın. İndi nə olub? 100 toyu qoy bir yerə - hamısı eynidi: çalanı da, oxuyanı da, oynayanı da.
   - Amma sən aləm bir toy elədin!..
   - Vallah, o toy bir az da pulu havaya sovurmamaq üçün idi. Getdik şadlıq saraylarına, naşad olub qayıtdıq. 4-5 saat üçün bir ətək pul istədilər. O pula biz 3 gün-3 gecə toy elədik; yedik, içdik, musiqi dinlədik, bitib-tükənməz zövq aldıq, məhəbbət gördük...
   - Məhəbbət Kazımovu deyirsən?
   - (Gülüşürük) Yoox, təbiət qoynundakı cəmi-camaat məhəbbətindən gedir söhbət. Qaldı Məhəbbət Kazımov, o da dostumuzdu, biz bir yerdə oxumuşuq.
   - O gözəl, məlahətli müğənninin - təkcə onun yox, bir çoxlarının vokal nalələrinə - «Laçınım-laçınım...» «Füzulim-Füzulim...» ağlaşmalarına necə baxırsən? Axı, bunları erməni də eşidir və o daşnakağızlar deməzmi ki, ay oğlanlar, niyə ağlaşırsız, gəlin torpağınızı alın də!
   - Belə ağlamaqların içində bir etiraz, bir çağırış da var axı. Amma ağlamaq özü də bir az ötkəm, mübariz tonlu olmalıdı.
   - Sənin ifalarında da, az da olsa, sızlartı var...
   - «Heyratı» kimiləri çıxmaq şərtilə, muğamın mayası sızlartılardan yoğrulub.
   - Qədir Rüstəmov «Sona bülbüllər» adlı bir özəl saray yaratdı...
   - Düzdü, Qədir Rüstəmov yaratdı, amma ona o eşqi verən Əhsən Dadaşovlar oldu. O vaxtı böyük ansambl ağsaqqalları, avaz-ağızları bir yerə yığıb-yığışdıran Əhsən, Əhmədxan kimi əjdaha ustadlar vardı ki, onların cəhdləri, xeyir-duaları ilə başa gələn ifaların çoxu tarixə düşüb.
   - Biz çox istərdik ki, Alim Qasımov möhürüylə də bir mahnı ayrıca bir pasport alsın.
   - Bu, qismət ilə əlaqədardı. Məsələn, Qədir «Sona bülbüllər»ə, Zaur «Dilbərim»ə, Niyaməddin «Şahnaz» təsnifinə möhür qoydu. Amma mən, heç özüm də bilmirəm, hansı mahnı ilə tanınıram və yaxud tanınmıram. Bu da var ki, biz bir yerdə durmamışıq, həyat gedirik. Hərdən mənə deyirlər, səninçün hansı dəstgah, ya mahnı yaxındı, deyirəm hamısı.
   - Alim, biz, - əminik ki, bütün tamaşaçılar da həmçinin - heç vaxt istəmərik ki, sən yorğun, xəstəhal vəziyyətlərdə oxuyasan, yaxud ekranlara çıxasan və o qəbil çıxışın bizim beynimizdə həkk olunsun. Düzdü, sənin «pisin» də adamın qəlbində bir iz qoyur. Amma müsahibələrdə hərdən səni zorən ifaya təhrik etmələri düzdümü?
   - Əlbəttə, düz deyil. Oxumaq üçün adamı oxudan məqam, ovqat, şərait gərəkdi, o aləmə girmək lazımdı. Yəni, tamaşaçı o oxumaqda ləzzətdən başqa heç nə axtarmamalıdı.
   - İstərdik nə mənəm-mənəmliyə, nə də təvazökarlığa uymadan deyəsən: Azərbaycanın neçə faizini öz dinləyicin hesab edirsən?
   - Rəqəm deyə bilmərəm. Amma məncə, ruhu, qəlbi olanların hamısını.
   - Bəzən səni, hər notdan ötən müğənnini sevənlər də sevir və bu, mənim xətrimə dəyir. Bəs sənin?
   - Bütün dünyada folklor sevən insanlar var. Tutalım, Almaniyada 10, Fransada 30 faiz. Bu qəbil insanlar harda olur-olsun, muğama qulaq asır, sevirlər. Hətta onun geyim-keçim, oturuş-duruş elementlərinin də fərqinə varırlar. Bu kimi özəlliklər Azərbaycanda da var. Mən bunu muğam festivalında müşahidə etdim.
   - Elə bir ifan varmı ki, hələ səslənməyib və bir gün həkdən - səsdən düşəndə (Allah eləsin bu çox gec olsun) bunu bir sürpriz eləyəsən öz sevər-ölərlərinə?
   - Deyəsən axı... var. Çox professional olmasa da, «sandığım»da belə şeylər var.
   - Bu üstüaçıq şou ilə üstüörtülü sənətin şərik bazarında Alim «piştaxta»sının vəziyyəti necədir?
   - Bizdə bu bazarların «bazarkomları» o insaf-ədalətdə deyillər ki, ora çıxardıqlarının halal-himmət bəhrəsini alasan. Qaldı mənim «piştaxtam»a, vallah, nə deyim. Əsasən, məccanidır; daha çox «əliaşağılar», amma qoyun-qoltuqları milli-mənəvi əskinasla dolu alıcılar yaxınlaşırlar o «piştaxta»ya...
   - Televiziyaların proqramlararası tənəffüs dəqiqələrində - «musiqili hovuzlar» dəmlərində klassiklərlə bərabər, sənin ifaların da verilir və mən bununla bir azərbaycanlı kimi qürur duyuram. Bəs sən bir müəllif-azərbaycanlı kimi?..
   - Alim Qasımov müvəqqətidi. Bu, gələcək nəsillər üçün fəxrdi. Mən özümlə yox, böyük sənətimizlə fəxr edirəm.
   - Alim Qasımov və xalq sevgisi, dövlət qədir-qiyməti... Bunların hansı qabarıqdı, birincidi?
   - Mən heç bir rəngsiz-filansız deyirəm ki, bunların ikisini də birinci, eyni hesab edirəm. Xalqın sevgisindən ruh alıram, dövlət də - sağ olsun, şanı-şöhrəti həmişə uca olsun, bunu qiymətləndirib, mənə mənəvi-maddi qiymət verir...
  
   Söhbətləşdi: Tahir Abbaslı