“Mən oxumaq istəyirəm”. Üç il əvvəl o, bu qərara gələndə vətəndən kənarda yaşayırdı. Hər bir şıltaqlığı kimi onun bu istəyi də “oxu” nidası ilə qarşılandı. Ailənin ilk övladı, öz el-obasında sayılıb-seçilən Nəsrəddin kişinin ərköyün qızı, özünün dediyi kimi dəlisov, istəklərinə həmişə nail olan Ruhi milli şou dünyamıza “İki damla” klipi ilə gəldi. Bəs sonra…
  
   - Sonra gördüm ki, kənardan izləmək başqa, bu mətbəxə girib orada bişmək tamam başqa bir şeydi. Vətəndən kənarda yaşayanda bütün magazin proqramlarını, mətbuatı həmişə izləyirdim. Amma gördüm ki, izləmək hələ gözlə görmək deyil. Verdiyim qərardan geri çəkilmək uşaqlıqdan mənə yad bir xüsusiyyətdir. Öz-özümə dedim: Ruhi, yalnız irəli!
   - Bu irəli şüarı Ruhini qorxutmurdu?
   - Bəlkə də, qəribə gələcək sizə, amma hələ kiçik yaşlarımdan qorxu hissi məndən uzaq olub. Ətrafımdakı yaşıdlarımın nədənsə qorxduğunu görəndə mən həmişə təəccüblənmişəm. Ola bilsin, bunun səbəbi mərhum atamda gördüyüm mərdanə xüsusiyyətlər, onunla hər yerə getməyim, tay-tuşlarımdan daha çox, böyüklərin söhbətlərini dinləməyim olub. Həyat təcrübəm çox olmasa da, bir həqiqəti özümdə dəqiqləşdirmişəm. Qorxudan qorxmaq lazım deyil. Onun üzünə dik baxanda qorxu özü səndən qorxur.
   Özünütəqdimat çox şey deməkdir. Daxil olduğun, çox da yaxından bələd olmadığın çevrəyə özünü qəbul etdirmək o qədər də asan deyil. Amma, məncə, bunu bacardım, ölkə şousunda yer aldım. Hamıya hörmətlə yanaşdığımdan, özümə qarşı da hörmət və diqqət görürəm.
   - Bacarığınızı danmaq olmaz. Şou arenasına gəlməyinizlə böyük bir layihəyə rəhbər seçilməyiniz arasında az zaman fərqi oldu. Bu təklif idi, yoxsa Ruhinin öz təşəbbüsü?
   - Düzü, 2007-ci ilin “Best Model” yarışması üçün mənə təklif gəlmişdi. Lakin mən bunu qəbul etmədim, ona görə ki, şou-biznesdə təzə idim və istəmədim ki, bu, əksəriyyət tərəfindən özümüreklam kimi qəbul edilsin. Amma moda evimizi açandan sonra artıq özümün istəyi ilə 2008-ci il yarışmasını keçirməyə qərar verdim. Bunun ən əsas səbəbi ön planda milliliyimizin nümayiş etdirilməsi idi. Çünki əvvəlki müsabiqələrdə millilik vurğusu görünmürdü. İstəyim o idi ki, həm özümüzün milli kolleksiyası, həm də Azərbaycanın öz modelyeri olsun. Mənim üçün vacib olan həmin modelyerin bacarıqlı olması idi. Şükürlər olsun ki, buna nail ola bildim. “Best Model-2008”in öz milliliyi ilə fərqlənib seçilərək yadda qalması mənim üçün böyük uğur və fəxrdir. Lakin bir qeydi də xüsusi vurğulamaq istərdim ki, mən modelyer deyiləm. Bu incə və zərif işin adını qazanmaq üçün illərin təcrübəsi lazımdı.
   - Demək, özünüzü yalnız müğənni hesab edirsiz?
   - Özümü müğənni hesab etmək mənim üçün daha asandı.
   - Yeni layihəyə imza atmaq fikriniz var?
   -Yeni və olduqca çox maraqlı bir layihəyə üzərində çalışırıq, amma bu barədə əvvəlcədən danışmaq istəmirəm.
   - Siz danışanda adama elə gəlir ki, təbiətcə çox sakitsiz. İşdə də beləsiz, yoxsa tələbkar?
   - Oho... Mən hədsiz tələbkaram, lap kiçik iş olsa belə. Tələbkarlıq olmayan yerdə nə hörmət olar, nə də işin bəhrəsi. Bir də tələbkar olmayan insan ancaq özü üçün yaşayır. Nə ətrafını, nə dost-tanışını, nə də doğmalarını görür. Bu isə mənə çox yaddır.
   - Bəlkə, bir az tanımadığımız Ruhidən danışaq?
   - Bəzən mənə deyirlər ki, çətin adamsan. Düşünəndə görürəm ki, bu həqiqətən belədi, çünki hər şeyin çətinini axtarıram həmişə, özü də çox riskliyəm. Bu xüsusiyyətlər kiçik yaşlarımdan var məndə. İmkanlı qohum-əqrəbadan ehtiyacı olanları arayıb-axtarmısan. Bayramlarda qapılarını döyüb, məclislərdə onların yanında oturmuşam və bununla da içimdə bir rahatlıq tapmışam. Çox sevdiyim Rəna xanım həmişə məni məzəmmət edir ki, ay Ruhi, gəncsən, yaraşıqlısan, bir qədər açıl, bu qədər qapanma. Amma inanın bunu bacarmıram. Etiraf edirəm ki, Məkkə ziyarətindən sonra mən tamam başqa Ruhi oldum. Hərdən efirdə mahnı ifa edən zaman bir hərəkət etmək istəyəndə içimdə nəsə tutub məni saxlayır, yəni mənə icazə verildiyindən artıq heç nə edə bilmirəm. Hədsiz həssaslığımdan, etinasız ola bilməməyimdən çox əziyyət çəkirəm. Bəzən qəlbimə dəyən bir sözün təsirindən uzun müddət çıxa bilmirəm. Nə bilim? Tanımadığınız Ruhidən çox danışmaq olar.
   - Məqsədinizə həmişə nail olmusuz?
   - Mən özümü Tanrının sevilən bəndələrindən hesab edirəm. Bu yaşda müqəddəs bir yolu mənə nəsib edibsə, demək, bunun özündə belə bir hikmət var. Mənim də həyatımda çatışmayan şeylər var. Tanrının yaratdığı elə nemət var ki, onu mən hələ dada bilməmişəm. Həyatda qazandığım, nail olduğum nə varsa, bu mənim yox, Tanrının istəyidi, mənə yazdığı qismət payıdı - bu yazıya pozu yoxdu.
  
   Tamilla Teymurqızı






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar