Elxan Cəfərov: “Azərbaycan kinosundan danışmaq olar, amma kino sistemindən danışmaq hələ tezdir”
  
   Son dövr Azərbaycan kino sahəsində ilk dəfə olaraq dövlət sifarişi ilə tammetrajlı bədii film çəkən rejissorlarımızdan biri də Elxan Cəfərovdur. O, bu yaxınlarda “Qarabağdır Azərbaycan” adlı qisametrajlı ekran əsərini tamamlayıb. “Bəşəriyyətin xilası” filminın isə çəkilişlərinə başlamağı planlaşdırır. Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün rejissorla söhbət etdik.
  
   - Söhbətə “Qarabağdır Azərbaycan”dan başlayaq...
   - “Qarabağdır Azərbaycan” poetik filmi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı dövlət komissiyasının təşəbbüsü ilə çəkilib. Komissiyanın sədri milli təhlükəsizlik naziri Eldar Mahmudov, komissiyanın referenti isə Altay Səfərovdur. Bu 20 dəqiqəlik qısametrajlı film “Sine Allians” şirkətinin istehsalıdır. Burada sifarişçi yox, sadəcə təşəbbüsçü və icraçı kampaniya var. Poetik ithaf adlandırdığımız filmin üzərində baş prodüser Əliağa Məmmədov da böyük zəhmət çəkib.
   “Qarabağdır Azərbaycan” artıq 8 dilə tərcümə olunub. Film Ankarada keçirilmiş “Türk savaşlarının türk mədəniyyətinə təsiri” adlı simpoziumun açılışında, Strasburqda Azərbaycana aid bir qurumun iclasında nümayiş olunub.
   - “Bəşəriyyətin xilası”nda işlər nə yerdədir?
   - Filmin çəkilişləri hələ başlamayıb. “Bəşəriyyətin xilası” şərti addır. Ssenarisi Elza xanıma məxsusdur. Filmdəki zaman Sovet İttifaqının dağıldığı vaxtlara təsadüf edir. Azərbaycan elmi tədqiqat institutlarından birində hazırlanacaq kimyəvi məhlulun üzərində iş aparılır. Müəyyən bir müddət keçdikdən sonra həmin ixtiraçı alimlərdən biri məhlulu əldə edir. Bunun müsbət və mənfi nəticələrini araşdırır. Bu preparatın iki cür istifadə forması var. Onun köməyi ilə insanın yaddaşının müəyyən bir hissəsini silib ondan neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda bu yolla insaniyyəti narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. Amma çox təəssüf ki, bəşəriyyət bu xilası qəbul etmək istəmir və öz qanunlarıyla yaşamaqda davam edir.
   Məncə, bu, çox maraqlı və aktual bir mövzudur. Burada ən vacib məsələ ilk növbədə tamaşaçıda filmə baxmağa maraq oyatmaqdır. Əgər hazırda çəkilən filmləri - müəllif və qeyri-müəllif filmləri adı altında iki qrupa bilsək, bu film ikinci qrupa aid olmalıdır. Detektiv janrında çəkilən qeyri-müəllif filmidir. Çəkilişlər dekabrın əvvəllərində başlanacaq.
   - Çəkiliş qrupunda kimlər var?
   - Çəkiliş qrupumuza gəldikdə isə quruluşçu operator Nadir Mehdiyev, rəssam Fikrət Ələkbərovdur. Bu film üçün də Azərbaycan Kaskadyorlar Assosiasiyasına müraciət olunacaq. Çünki burada da çətin və təhlükəli səhnələr yer alıb. Mürəkkəb, dinamik bir istintaq xətti və romantik sevgi macəraları paralel şəkildə inkişaf edəcək. Onu da qeyd edim ki, film kommersiya xarakteri daşıyır. İstehsalçı “24 kadr” prodüser mərkəzidir. İş dövlətlə müştərək şəkildə aparılır.
   - Bəs “Bəşəriyyətin xilası” bəşəriyyətin marağına səbəb ola biləcək?
   - Filmi başqa ekran əsərləri ilə müqayisə etmək istəməzdim. Amma çalışırıq ki, peşəkar rejissor və operator işi, professional aktyor oyununun köməyi ilə uğur əldə edək. Onu da deyim ki, keçmiş SSRİ ilə bağlı olan filmlər əksər ölkələrdə maraqla baxılır.
   - Film əvvəl Mehriban Ələkbərzadəyə tapşırılmışdı. Amma sonradan sizə həvalə olundu. Maraqlıdır, son zamanlar rejissorlarımız öz mövzularından çox, sifarişli layihələr üzərində işləyirlər.
   - Düzdür, bu filmi Mehriban xanım çəkəcəkdi. O vaxtlar mənə bir-iki fərqli ssenari təqdim olunmuşdu. Məsələn, Ramiz Rövşənin poetik xarakterli, melodram janrında bir ssenarisi vardı. Mən o ssenarini ekranlaşdırmağı düşünürdüm. Lakin məni həmişə melodramdan çox dinamik filmlər maraqlandırıb. Mehriban xanım isə melodrama üstünlük verir. Fikirləşdik ki, biz qəribə bir yerdəyişmə edə bilərik və bunun heç kimə ziyanı dəyməz. Buna görə də biz hər iki tərəfin razılığı ilə ssenariləri dəyişdirdik ki, hərə öz istədiyi işi görsün. Mehriban xanım da oktyabr ayında o filmin üzərində işə başlayacaq. Filmin şərti adı “Xəyanət”dir. Bu yerdəyişmənin həm Mehriban xanıma, həm də mənə çox böyük xeyri oldu. Hər rejissorun öz mövzusu, üslubu özünə qismət oldu.
   - Bildiyimiz qədər, bu filmdə Gülzar Qurbanova da çıxış edəcək.
   - Gülzar xanım hazırda iki filmdə çəkilir. Onlardan biri Maqsud İbrahimbəyovun eyniadlı əsəri əsasında lentə alınan “Ondan yaxşı qardaş yoxdur”, digəri isə Rüstəm İbrahimbəyovun “Kabusun izi ilə” filmidir. Bunlardan əvvəl isə o, gənc rejissorlardan Fariz Əhmədovun “Bir addım” qisametrajlı filmində baş rollardan birini oynamışdı. Bir il ərzində beş filmə çəkilib.
   - Əsasən uşaq filmlərində ifa etdiyiniz rollarla yadda qalmısınız desək, yəqin ki, səhv etmərik. Misal üçün, “Şir evdən getdi”, “Mən nəğmə qoşuram” və başqa filmlərdən danışa bilərik. Bəs rejissor kimi özünüz nə zamansa uşaq filmi çəkməyi düşünürsünüzmü?
   - Uşaqlarla işləmək çox qəliz məsələdir. Yəqin ki, heç vaxt bu işlə məşğul olmaram. Bu yaxınlarda uşaqlarla bağlı bir reklam çəkdim. Düzdür, həmin uşaqlar lap kiçik - 3-5 yaşlı uşaqlar idi. Çəkiliş meydançasında 20-yə yaxın uşaq var idi və bu zaman başa düşdüm ki, uşaqlarla işləmək mənim işim deyil.
   - Son zamanlar uşaq filmləri yox dərəcəsindədir. Bu məsələyə münasibətiniz necədir?
   - Hazırda daha çox serial istehsalına maraq çoxdur. Düşünürəm ki, serial çəkmək uzaqdan asan görünür, lakin əslində elə deyil. Amma bir həqiqət də var ki, serial çəkmək uşaq filmləri çəkmək qədər çətin deyil. Yəqin elə bu səbəbdəndir ki, uşaq filmlərimiz inkişaf etmir.
   - Nəhayət, sonuncu sual. Azərbaycan kinosunun hazırkı durumunu qaneedici saymaq olarmı?
   - Sadəcə, onu deyə bilərəm ki, əvvəlki illərə baxanda vəziyyət pis deyil. Azərbaycan kinosundan bu gün də danışmaq olar. Amma Azərbaycanın kino sistemindən danışmaq hələ tezdir.
  
   Könül Nəcəfova







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar