Hülya Aslantaş: «Azərbaycanı dünya turizm platformasına daxil etdik»
   
    Azərbaycanın turizm potensialının tanıtdırılması yönündə Mədəniyyət və Turizm Nazirliyi fəaliyyətini getdikcə genişləndirir. Belə ki, nazirliyin və «Millenium» turizm şirkətinin səyi ilə ölkəmiz bugünlərdə daha bir beynəlxalq turizm təşkilatına - «Skal İnternational»a üzv olub. Bu təşkilat turizm və səyahətlər üzrə peşəkarların toplaşdığı bir qurumdur. 1934-cü ildə beynəlxalq assosiasiya kimi yaradılan təşkilat bütün turizm və səyahət sektorlarını əhatə edir. Hazırda qurumun 90 ölkəni təmsil edən 20 min nəfər üzvü var. Turizm üzrə peşəkarların beynəlxalq şəbəkəsi olan «Skal İnternational» turizmdə keyfiyyətin yüksəldilməsini və turizm peşəkarlarının arasında əməkdaşlığın genişləndirilməsini qarşısına məqsəd qoyub. Beynəlxalq təşkilat həmçinin turizmin digər formalarını da (idman, mədəni, konqres, ekoturizm, davamlı inkişaf və b.) dəstəkləyir.
   Sentyabrın 9-da Azərbaycan bu təşkilata üzv qəbul olunub. Bugünlərdə «Skal İnternational»ın Türkiyə Respublikasından yenicə seçilmiş prezidenti Hülya Aslantaşın iştirakı ilə qurumun Azərbaycan nümayəndəliyinin yaradılması münasibətilə rəsmi tədbir keçirildi.
   Mərasimdən sonra Hülya Aslantaşdan Azərbaycanın «Skal İnternational»a üzvlükdən hansı dividentləri əldə edə biləcəyi ilə bağlı suallarımızı cavablandırmasını xahiş etdik. Hülya xanım əvvəlcə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı məlumat verdi:
   
   
   - “Skal» dünyanın turizm sahəsi ilə məşğul olan insanlarını bir araya toplayan ilk ən böyük təşkilatlardan biridir. İlk dəfə 1934-cü ildə Parisdə qurulmuş bu təşkilatın əsas məqsədi turizm sahəsində çalışan mütəxəssisləri bir araya gətirərək, onların arasında dostluq, qardaşlıq, həmrəylik yaratmaqdır. Bu gün təşkilatımızın dünyanın təxminən 500 nöqtəsində, 90 ölkədə 20 min üzvü var. Onlar hara getsələr bir-biriləri ilə əlaqə saxlayırlar, bərabər iş görürlər. Xüsusən Azərbaycan üçün bu quruma üzv olmaq çox önəmlidir. Çünki ölkənizdə turizm yenicə inkişaf edən və perspektivi olan bir sahədir. Hesab edirəm ki, «Skal»a üzvlük Azərbaycanın turizm potensialının dünyada tanınmasına yardım edəcək.
   Əlaqələrin genişlənməsi insanların bir-birilərini daha yaxşı anlamasına səbəb olur və buna görə görülən iş daha keyfiyyətli alınır. Eyni zamanda bu sahənin insanları bir araya gələrək bir-birilərinin problemlərinin həllini tapırlar. Mən «Skal»ın Azərbaycanda nümayəndəliyinin yaradılmasını çox istəyirdim. Çünki Azərbaycan bizim üçün qardaş ölkədir, bizim köklərimiz eynidir. Ona görə də bu istəyimin reallaşmasına çox sevinirəm. İnşallah, siz də yaxın zamanda bu əməkdaşlığımızın faydasını görəcəksiniz. «Skal»a üzv etməklə biz Azərbaycanı dünya turizm platformasına daxil etdik.
   - Sizin təşkilata üzv olmaq üçün Azərbaycan öz növbəsində hansı şərtlərə əməl etməlidir?
   - Təbii ki, şərtlər var. Bu şərtlərin ən əsası odur ki, təşkilat üzvlərinin turizm sahəsində ən azı 3 illik təcrübəsi olmalıdır. Çünki burda ancaq yuxarı səviyyəli idarəçilər iştirak edir. Şərtlərimizə görə, turizm sahəsində yeni fəaliyyətə başlayanlar «Skal»a üzv ola bilmir. Bundan başqa, bizim bəlli kateqoriyalarımız da var. Məsələn, təşkilatımızda hava yolu müdiri, turizm şirkətinin rəhbəri, satış müdiri, hotelin baş meneceri, rezervasiya və satış üzrə menecerlər kimi turizm sahəsinə birbaşa məsul olan idarəçilərdən başqa, turizm sahəsini işıqlandıran jurnalistlər və mətbu orqanlar da təşkilatımıza üzv ola bilər.
   - Neçə dəfə Azərbaycanda olmusunuz?
   - Mən Azərbaycana ilk dəfə 1985-ci ildə gəlmişəm. O zamandan heyran oldum ölkənizə. İkinci dəfə ölkənizi görmək indi qismət oldu. Birinci gəlişimdən 25 il keçir. Onun üçün də indi yenidən burda olduğuma görə çox həyəcanlıyam.
   - Bakıda sizə qeyri-adi təsir bağışlayan nə oldu?
   - Məni heyrətə gətirən mənim köklərimdir. Mən burda atalarımı görürəm. Bizim bir ailə olduğumuzu görürəm. Sizin bizim qardaşımız olduğunuzu, aramızda sərhədlər olmasına baxmayaraq, bizim bir millət olduğumuzu görürəm.
   - Azərbaycanın ümumi infrastrukturunda, turizm sahəsində nə kimi dəyişikliklər gördünüz?
   - Azərbaycan haqqında elə də çox məlumatım yoxdur. Ancaq indi «Skal»a daxil olduqdan sonra sizin haqqınızda daha çox məlumat əldə edəcək, Azərbaycanı yaxından tanıyacağıq. Bizim hər il həyata keçirilən dünyasəviyyəli toplantılarımız olur. Artıq Azərbaycandan olan üzvlər də bu toplantılarda iştirak edəcəklər. Bunlar çox önəmli addımlardır. Məsələn, bizim toplantılarda sərgilərimiz açılır. Orda Azərbaycan da öz potensialını nümayiş etdirən sərgisini açacaq. Bu tanınmaq üçün çox gözəl şansdır.
   - Turizmin ölkənin inkişafında rolu nə qədərdir?
   - Turizm əvvəllər indiki kimi inkişaf etməmişdi. 1930-cu illərdə bu sahə yeni-yeni dirçəlməyə başlayan zaman insanlar sadəcə səyahət edirdilər. Yəni turizmə gəlir gətirən sənaye sahəsi kimi baxılmırdı. Amma bu gün turizm dünyada 75 milyon insana iş təşkil edən bir sahədir. Turizm infrastrukturu bəzi ölkələrdə yeni təşəkkül tapır və bu sahədə ixtisaslı mütəxəssislər hazırlanır. Turizm iqtisadi və mədəni baxımdan dünyada ən uğurlu sahələrdən biri hesab olunur. Çünki həm yeni iş imkanı yaradır, həm iqtisadiyyata faydası olur, həm də gəlir gətirir. Eyni zamanda turizm bir sıra sahələrə - 40 ayrı sektora təsir edir. Bir də turizmin çox önəmli bir vəzifəsi də var. Mən bu il «Qarşılıqlı mədəni əlaqələr» adlı bir mövzu işlədim. Turist başqa bir ölkədə olarkən müəyyən müddət o ölkənin adət-ənənəsi ilə yaşayır. Məsələn, Azərbaycana gələn xariciyə Amerikada, Avropada yediyi yemək verilmir. Təbii ki, qonaq kimi ona milli adətləriniz çərçivəsində öz yeməyinizi təklif edəcəksiniz, mədəniyyətinizi göstərəcəksiniz. Bu zaman həmin insan sizi olduğunuz kimi tanıyacaq. Siz də xaricə getdiyiniz zaman həmin qayda ilə onları tanıyırsınız. İnsanlar bir-birilərini yaxından tanıdıqca görürlər ki, aralarında bir bənzərlik var. Bir sözlə, turizm dünyada sülhün, əmin-amanlığın yaranmasına xidmət edən çox önəmli bir sektordur.
   - Təşkilatınıza üzv olan 90 ölkə içərisində turizm sahəsi üzrə ən çox inkişaf etmiş ölkə hansıdır?
   - İspaniya, Fransa, İtaliya adıçəkilən sahənin inkişaf etdiyi ölkələrdir. Onlardan öyrəniləsi çox şeylər var. Öyrənmək də insanlarla ünsiyyətdən, tanışlıqdan keçir. Elə «Skal»ın əsas vəzifələrindən biri də budur ki, insanlar bir-birilərini həm tanısınlar, həm də lazımi şeyləri öyrənsinlər.
   - Türkiyə də turizm sahəsindən ən çox gəlir götürən ölkələr sırasındadır. Rəhbərlik etdiyiniz qurumun burada rolu nə qədərdir?
   - Hazırda Türkiyə dünyanın turizm sahəsində inkişaf etmiş ölkələri sırasında 7-ci yerdədir. Hər il ölkəmizə 25 milyon turist gəlir. Bizdə «Skal» ilk dəfə 1956-cı ildə İstanbulda qurulub. Bu gün Türkiyədə 14 «Skal» klubu var. Təbii ki, turizm sahəsindən ildə 22 milyard dollar gəlir götürən Türkiyədə «Skal»ın fəaliyyətinin də öz payı var. Turizmi inkişaf etdirmək üçün ölkənizdə lazım olan hər cür şərait var.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar