İlqar Nəcəf: “Azərbaycanda prokat yoxdur”
      
   “Teatral həyat” qısametrajlı filmini çəkən, “Butafilm” prodakşnının direktoru, rejissor İlqar Nəcəf artıq “Buta” bədii filmini də tamamlayıb. Rejissor filmiylə bağlı düşüncələrini oxucularla bölüşdü.
   
   - Filminiz Azərbaycanda çəkilən filmlərdən fərqli olaraq daha tez hazır oldu. Hansı sistemdə işləyirdiz ki, belə tez araya-ərsəyə gəldi?
   -Filmi tez bitirməyimizin ən böyük səbəbi hər işi vaxtında görməyimiz oldu. Ssenariyə uyğun olaraq uşaqların çayda çimmək səhnələri, təbiət, relyefin təsviri üçün filmi iyul-avqust aylarında çəkməliydik. Əgər sovet dönəmindən qalan iş rejimiylə, o sistemlə işləsəydik, əlbəttə ki, filmin çəkilişləri sentyabr-oktyabr aylarına qədər uzana bilərdi. Bu da ssenaridəki hadisələrin təsviri ilə heç uyğun deyildi. Elə ona görə də biz yayda çox gərgin və qızğın işlədik. Aktyorlarla məşq edir, rejissor ssenarisi ilə məşğul olurduq. Hətta ümid edib düşünürdüm ki, bəlkə, tapdığımız obyektdən daha yaxşısını tapa bilərik. Hər həftə sonu bu niyyətlə məkan axtarışında olurduq. Digər səbəb rejissor ssenarisindən kənara çıxma olmaması idi. Ssenari necə yazılmışdısa, film də elə çəkildi. 37 gün orada qaldıq. Çəkiliş günü 25 gün idi. Film bitibdir, bütün materiallar əldədir.
   - “Buta” filmi hansı mövzu və ideya üzərində qurulub?
   - “Buta” ailə auditoriyası üçün nəzərdə tutulmuş bədii filmdir. Filmin baş qəhrəmanı Buta, qoca, yaxud Qönçə olduçunu desəm, doğru olmaz. Çünki “Buta” mayasında səmimi insanlıq münasibətləri, dostluq, sevgi hissləri olan ümumiləşdirilmiş ideyalı filmdir. Filmdə insanlar arasında olan münasibətlər önə çəkilib.
   - Son zamanlar rejissorlarımız filmlərimizin çəkilməsində texniki işçilər üçün qonşu ölkələrə müraciət edir. Səhv etmiriksə, siz də filmin çəkilişində gürcüstanlı və iranlı operatorlarla birgə işləmisiz...
   - “Fokus” jurnalına verdiyim müsahibədə də qeyd etmişəm ki, mənim operatoru Gürcüstandan gətirməyim o demək deyil ki, Azərbaycanda operator yoxdur. Qətiyyən! Əlbəttə, yaxşı operatorlar azdır. Mən tam əminliklə deyə bilərəm ki, bizdə rejissoru başa düşə biləcək, mövzunu dərhal tuta bilən operatorlarımız istənilən qədərdir. Amma mənim işləmək istədiyim bir neçə operator var idi ki, filmim üçün onlara müraciət edəndə həmin operatorlar başqa filmlərin çəkilişində idilər. İndi çoxları deyir ki, kinooperatorlar üçün gedib qonşu ölkələrə müraciət edirlər. Bəli, səbəbsiz deyil. Biz filmin səsini birbaşa çəkiliş meydançasında yazmışıq. Əlbəttə, bunu Azərbaycanda heç kim yaza bilməzdi. Hətta o zamanlar mən bir nəfərlə görüşdüm, onu mənə məsləhət görüb demişdilər ki, yaxşı rejissordur, filmin səsini yerində yaza bilir. Mən həmin şəxsə müraciət edib deyəndə ki, 90-100 % səs istəyirəm, o, heç 40-50% səs yazmağa zəmanət vermədi. Bu zaman artıq mən üz tutdum İrana. Filmin yerində səs yazılışını iranlılar təşkil edib.
   - Aktyor seçimi necə oldu?
   - Filmin ən çətin məqamı elə aktyor seçimidir. Filmin uğurlu alınması daha çox aktyor heyətindən asılıdır. Biz aktyor seçimində riskə getdik. O mənada riskə getdim ki, filmdə tamaşaçıların görə biləcəyi 6 nəfərdən yalnız ikisi peşəkar aktyordur. Digər dördü uşaqlardır. Bir də filmdə nənə obrazı vardır ki, o da qeyri-peşəkardır. Onu Şamaxının Ərkivan kəndindən seçmişəm. Kinonu bilməyən, xalçaçılıqla məşğul olan qoca bir qadındır. Hətta mənə xəbərdarlıq da etdilər ki, böyük riskə gedirsən, alınmaya da bilər.
   - Filmi hansı festivallara göndərməyi düşünürsüz?
   - Hər bir rejissorun arzusu, hətta iddiasıdır ki, filmini hansısa bir mötəbər festivala göndərsin və oradan müəyyən diplomlarla qayıtsın. Bu barədə mən indi konkret heç nə deyə bilmərəm. Hazırda səsin təsvirlər üzərindəki qoyuluşunu bitirmişik. Artıq montaj prosesi gedir. Film araya-ərsəyə tam gələndən sonra artıq bu barədə fikirləşib hansı festivala göndərmək lazım olduğunu müəyyənləşdirəcəyik.
   - Filmi prokat bazarına çıxaracaqsınızmı?
   - Filmi Azərbaycanda prokata çıxarmağı düşünmürəm. Çünki Azərbaycanda prokat yoxdur. Filmi xarici telekanallara, şirkətlərə buraxılış üçün satmaq niyyətindəyik. Yenə deyirəm, bu, filmin necə alınacağından asılıdır.
   - Hazırkı Azərbaycan kinosunun vəziyyəti sizi qane edirmi?
   - Bugünkü filmlərimizin durumu məni qane etmir. Amma o demək deyil ki, bu belə də davam edəcək. İnanıram ki, müəyyən zaman keçdikdən sonra kinomuzun səsi həmin o mötəbər festivallardan da gələcək, uğurlu nəticələrimiz bol olacaq. Mədəniyyət və Turizm Nazirliyinin bu gün götürdüyü kursu çox bəyənirəm. Sanki selleksiya gedir. Çünki rejissorluq elə bir sənətdir ki, maliyyə tələb edir. Gərək onu maliyyələşdirib istedadı üzə çıxarasan. Düşünürəm ki, bir neçə ildən sonra filmlərimizin durumu əla olacaq.
   - “Butafilm” prodüser mərkəzi hansı layihələr üzərində işləyir?
   -“Butafilm” 2003-cü ildən fəaliyyətdədir. Biz bu gün açılıb sabah bağlanan prodakşnlardan deyilik. Baxıram ki, o vaxt adlarını əzbərlədiyim prodakşnların əksəriyyəti indi meydanda yoxdur. Nədən? Çünki onlar özlərini yalnız bir proyektin üzərində kökləmişdilər. Plan-prospektləri aydın deyildi. Amma “Butafilm” bir gün üçün yaranmayıb. Biz olmasaq da, “Butafilm” fəaliyyət göstərəcək. Bizim prodakşn kino çəkmək iddiasında olan mədəniyyət şirkətidir. Bilirsiniz ki, “Buta” bədii filminin 17% maliyyəsi “Butafilm” prodakşn tərəfindən verilib. Bu hansısa prodüser mərkəzinin cəsarətində olan bir şey deyil. Ortada konkret məbləğ var. Məbləği ortaya qoymaq isə böyük risk tələb edir. Hazırda Avropa kino şirkətləri ilə danışıqlar aparılır. Növbəti proyektlərimizdə Mədəniyyət və Turizm Nazirliyi, “Butafilm” ilə yanaşı başqa şirkətləri də görəcəksiniz. Bu da mənə elə gəlir ki, Azərbaycan kinosunun inkişafı üçün ən vacib şərtlərdən biridir. Mütləq kənar maliyyəni bura cəlb etmək, çəkib gətirmək lazımdır.    

  Yeganə CANSAİL







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar