…Hər ifada buta dalınca gedir Elnarə 
   
   Elə bil min il bundan əqdəmin adamıdı bu xanım. Sanki şirvanlı Tapdıq kişinin qızı yox, Turanlı Dədə Qorqudun balasıdı. Bir az da Allahın bəlasıdı. Hardan desən, ordan cavab verir, hara getsən, ordan gəlir. Doşabdan danışır, bal çıxır. Qara deyirsən - al saçır.
   
   Söhbətimizin bir məqamında şüşədən söhbət düşdü və o da qayıtdı ki, "divin canı şüşədə, erməninin qanı Şuşadadı - o qan tökülməyincə, mənim səsimdən ağı əskik olmayacaq"...
   Bu gənc yaşında "aydan arı, sudan duru" kimi məsəllərə, sözdən bal tutan qarılara oxşayır, pir olmuş! Bu incə-mincə boy-buxunla qaçaq Nəbinin qoçaq Həcəri kimi kəsərlidi. Danışanda, elə bilərsən, el danışır, sel qovuşur. Mübahisədə kəlmələri nizami ordu, məntiqi sərkərdədi. İfa səsinin yeli çıraq söndürsə də, milliliyinin dili evlər tikib, işıqlar yandırar.
   Bəs müsahibədə? Hələ söhbətimizin tanışlıq mərhələsində vermişdim bu sualı və almışdım bu cavabı: "Məni çox qalama, bir qalam qala. Sakitə sakitəm, bir qalam qala!".
   Elə müsahibəmizin "rəsmi" hissəsinə bu bərədən keçdik.
   - Elnarə xanım, səsinizin-avazınızın bir küncündə qərar tutmuş yanğılıq, ağı-acılıq, özünüzdə-sözünüzdəki od-yaloluq hansı ocaqdan qaynaqlanıb?
   - Bəri başdan razılığımı bildirirəm ki, sual-cavaba bu mətləbdən başladınız. Bu nöqtə açılmasa, sonra deyəcəklərimə yol açılmayacaq, çətin başa düşüləcəm...
   - Biz elə indidən çətin başa düşməkdəyik...
   - Çətin mətləbdi, axı. Mənə deyirlər ağlamalı oxuyursan. Özü də daha çox, çoxgülənlər deyir bunu. Öz-özümə deyirəm o gülümsərovlar niyə fikirləşmirlər ki, Vətəninin bir parçası işğal olunmuş adam balası da gülməli oxuya, cingiltili dərs deyə, dingiltili oynaya bilərmi?..
   - Əlbəttə. Amma müsahibəmizə də çox ağlamalı başlamamaq üçün, gəlin mövzunu bir az caydıraq, sonra keçərik Qarabağa. Məsələn, ifaçılığınızın "ilk məhəbbəti" haqda...
   - Mənim ilk məhəbbətim Qarabağ olub və Allah eləməsin, belə getsə, son məhəbbətim də Qarabağ olacaq. Bu düyün başlayanda mən orta məktəbin qanan sinfində - IX-da oxuyurdum. O vaxt mən əməlli-başlı dərdə düşmüşdüm. Anam deyirdi a bala, bu sənlik döyül, axı. Bu bizlikdi, amma heç biz də bir iş görə bilmirik. Milyon arvad dəsmal götürüb ağlasa da, Qarabağın dərdini bağlaya bilməz.
   Həə... İndi mən durum nətəər gülə-gülə oxuyum?! Bu, mənə çatmır. Qarabağsız "Qarabağ şikəstəsi"ni əvvəlki kimi, əvvəlki sözlərlə nətəər oxumaq olar? Bu, ona bənzəmirmi ki, birisinin anası ölüb, balası deyir "anacan, qoy başımı qoyum dizlərin üstə". Necə yəni, "Mən dönsəm - üzüm dönsün, Sən dönsən, neylim sənə"?! Bu sözlərin hazırkı Qarabağa nə dəxli var? Bəyəm "dönməmişik" ki, "üzümüz də dönə"?! Oğul ona deyərdim, nə qədər ki Qarabağ tapdaq altındadı, bu şikəstənin söz libasını dəyişə. Tutalım:
   
   Sonam, hardan gəlirsən,
   Qəriblikdən gəlirsən?
   Getdin gördün el köçüb -
   Eldən küsüb gəlirsən?..
   
   Yəni Vətən ürəyi, yurd ciyəri parçalanmış bəndə ağlamasınmı? Ağlamaq "qəbahətdirsə", zəiflik əlamətidirsə, bəs görəsən, belə bir vəziyyətdə uğunub getmək, atdanıb-düşmək nəyin əlamətidir? Yadlar, yağılar mənim yurduma "Vətən!" deyib hayqıranda, o yurdun halal sahibləri, doğmaları "kəfən…" deyib vaysınmasınlar? Belələri üçün mal-mülk davasından savay bir dava yoxmu, bu dünyada?
   - "O zamanmı bitdi bizim dilimizin "sənin-mənim" qabarı da? O zamanmı bitdi bizim dilimizin "haralısan" damarı da?"
   - Əla! Lap yerinə düşdü rəhmətlik Məmməd Arazın bu misraları. Deyirəm, nə yaxşı ki, mən sənəd-sünədcə qarabağlı deyiləm. Yoxsa elə bilərdilər ifalarımdakı minor notlarla çəpərbazlıq edirəm…
   - Səsinizdə, nəfəsinizdə, bir ozanlıq, aşıqsayağılıq da hiss olunur. Nədi bu, şirvanlılığınızdan yanadı, ya Dədə sənətimizlə bağlıdı?
   - O xanəndə xanəndə deyil ki, - birincisi, aşıq musiqisini sevmir, ikincisi, bilmir. Deməli, o xanəndədə nə eşq var, nə ritm.
   - Hərdən belə şaqqıldayıb gərənaylayırsınız a, deyəsən onlar elə aşıq sənətinə vurğunluqdan gəlmədi?
   - O eşqin, o hayqırtının hardan gəldiyini, and olsun, heç özüm də bilmirəm. Axı, Allah-təala çox şeyləri sirr olaraq saxlayır.
   - Söz ki sözdən düşdü, keçək sözə. Kimin sözü ağladıb Sizi?
   - Füzuli məna ilə ağladıb, Seyid Əzim məzmun ilə… Mən Füzulinin hələ toxunulmamış, oxunulmamış qəzəllərini oxuyuram. Bütün başqa şairlərin eşqi, məhəbbəti başqa bir aləmdi, Füzulinin eşqi, məhəbbəti isə bütöv bir aləmi! Demək olar hamı adi eşqdən yazır, Füzuli isə ilahi eşqdən. Yekə çıxmasın, mənim özümün də özgə bir aləmim var. Əslində, mən heç belə olmağımı istəməzdim. Məsələn, mənim üçün fərqi yoxdur nə yeyim, nə geyinim, necə gözəl görünüm, kimin gözünə, kimin cibinə girim ki, bir az artıq pul qazanım, ad alım. Neynim, Allah-təala məni belə gətirib dünyaya, belə də ölüb gedəcəm…
   - Populyarlığa necə baxırsız?
   - Qısa və dolayı deyəcəm. Məsələn, tum satan, nazsatan, sözgəzdirən arvadlar var ki, onları hamı tanıyır. Ancaq ağıllı-abırlı xanımlar var ki, onları məhəllədən kənarda heç kim tanımır. Hə, indi o nazsatan, o tumsatan daha populyardı. Amma həm də daha sevimli, daha şərəflidi? Sənətdə də belədi. Biri var - hər gün, hər yerdə oxuyasan, bir də var - sənət yaradasan. Mən öləndə 2 söz deyib gedəcəm. Deyəcəm, ey bizdən sonra gələnlər! Ya hər şeyinizdən keçib bütün adlara, papulyarlığa nail olun, ya da bütün insaniyyət yükünüzlə birgə hıqqana-hıqqana şərəfli sənət dağına qalxın!.. Populyarlığı sənətlə qazananda gözəldi. Mən sənəti qaynar vulkana bənzədirəm. Ora düşən yanmalıdır. Tək elə oxumaq cəhətdən yox, həm də şəxsiyyət cəhətdən. Bu vulkandan salamat çıxmaq çox çətindi. Amma çıxdınmı, bu dünyanın əbədi sakinisən.
   - "Bizim" şou-biznesdən danışmağa dəyər? Sözün özü yad, oxuyanların hərəkətləri yad, oxuduqları hər mənada xaric...
   - Gəlin belə danışaq da. Bu gün şou-biznes aləmində nələr baş verdiyini bütün aləm bilir. Şou-biznesçilər isə… sanki bundan "xəbərsizdilər". Bu millətin gözü tərəzidi, onların əməlləri isə qəlp mallar. Onların ən matah malları "qalmaqallardı". Onlar bunu da bilirlər ki, bircə gün ekranda görünməsələr, yaddan çıxacaqlar.
   - Yaxşı, bir sədaqət sözü var; dosta sədaqət, ərə sədaqət, Vətənə sədaqət. Bəs sənətə sədaqət? Deyəsən, bu xalq əsl sənətə bivəfalıq edir…
   - Məni sevənlərin qulaqlarından iraq! Azərbaycanın 5-10 faiz düşünən beyni, sidqli ürəkləri məni sevirsə, bəsimdi. O sevənlər ki, intellekt cəhətdən, mədəniyyət baxımından o qədər yüksəkdədirlər ki, mən daim onların zövq səviyyələrinə qalxmağa çalışıram. Qoy məni pulu halal qazanan adamlar xoşlasın, başqasının pulunu xərcləyənlər yox. Universitetlərdə, akademiyalarda çalışan zəki insanlar mənə məhəbbət bəsləyirlərsə, daha mən nə istəyirəm?! Onlar üçün yaşamağa və oxumağa dəyər.
   - Bəs bir vətəndaş kimi narahatsınızmı ki, niyə belə düşünən insanların sayı azdır?
   - Narahatam, əlbəttə. Narahatam, amma bir az da bu sual qarşısında acizəm. Bilirsiz, oğru elə bilir hamı oğrudu, doğru elə bilir hamı doğrudu. And olsun Allaha, mən elə bilirəm ki, hamı yaxşıdı.
   - Mənim bir trafaret sualım var: səsinizin səsi nə vaxt çıxıb?
   - 1996-cı ildən oxuyuram. Kəndimizdə məktəb 8 illik idi. 9-10-u oxumaq üçün qonşuluqdakı Təklə kəndinə gedirdik. O məktəbə təzəcə gəlmişdik ki, dedilər bir tədbir keçirilir, sən də orda oxumalısan. Köhnələrdən kimsə məni "satıbmış" də! Dedim, nə?! Dünya dağıla oxumaram! Neynim, bura təzə gəlmişəm, utandığımdan ölürəm. Girmişəm stulların altına, nəfəsimi çəkmişəm içimə. 2-3 dəfə elan verdilər, mənsə "yoxam". Axırda məni dartıb çıxardılar üzə, məktəb direktoru Heybət müəllim dedi nə özünü naza çəkirsən, qız?! Oxuyursan oxu, oxumursan cərə oxu, cəhənnəmə oxu! Klubun müdiri yaxınlaşdı mənə, dedi, Elnarə, oxumasan, bu kişinin gözündən düşəcəksən. Bir Allah bilir o səhnəyə necə çıxdım və bir "Sarı bülbül" oxuyub, qayıtdım utanıb ölməyə… Xəcalətimdən öldüyüm dəmdə Heybət müəllim qayıtdı ki, "Deməli, sən bu cür oxuyurmuşsan?!" Sonra günahkar bir görkəm aldı və qayıtdı ki, "Sabahdan sənə nə demişəm, hamısı qayıtsın özümə. Bura gəl görüm." Hara gəlirəm, ikiqat olub donmuşam. Birdən onun gur səsini eşitdim: "Ay camaat, bu Elnarə oxuyacaq, özü də aləm oxuyacaq. Evdən buraxsalar, məşhur xanəndə olacaq!"
   Bax, mənim səsimin səsi belə çıxıb.
   Məktəbi quratarandan sonra - 1990-cı ildə Asəf Zeynallı adına texnikuma qəbul olundum. Ağaxan Abdullayevin sinfini bitirmişəm.
   - Oxuyanda niyə belə bir jestlə - "vecimə deyil" ədası ilə oxuyursız: yəni, qulaq asırsan as, asmırsan asma...
   - Düz eləmirəm? Bəlkə, bəziləri kimi xahiş edim ki, mənə əl çalın, məni xoşlayın…
   - Sənətə məhəbbətdən başqa sevgi, məhəbbət yoxdu?
   - Allaha sevgidən başqa bütün sevgilərdə şeytani hisslər də var. Elə insanlar görmüşəm ki, şəhvani sevgi onları Qafqaz dağlarına qaldırıb. Amma sonra Himalay dağının başından yerə çırpıb. Bu gün gedib ailə qururlar, sabah biri-birini qırırlar… İnsanların bir-birinə olan sevgisi də Allah rizası üçün olmalıdır.
   - "İlk məhəbbət"iniz "Sarı bülbül" olub, bəs sonrakı məhəbbətləriniz?
   - Məncə, sizin oxucularınız həm də mənim hörmətli tamaşaçılarım, əziz dinləyicilərimdi. Deməli, nələr oxumuşam, onlar da bilir. Nələr oxuyacağam, bunu da eşidib-bələcəklər.
   - Sonda bir çətin sual: 1972-ci il iyunun 17-də Şamaxının Çuxanlı kəndində bir qız dünyaya gəldi. Böyüdü, böyüdü, oxudu, oxudu, oldu gözəl və məşhur bir xanəndə. O qız kim idi?
   - (Gülümsünür) Mən onu çox tez-tez görürəm - hər dəfə güzgüyə baxanda...
   
   Söhbətləşdi: K.Cəbrayıl







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar