İ.Bağdadi: “Misirdə daha bir dostunuz olacaq”
   
   Bugünlərdə əməkdaşımız Misirin Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzində olub və mərkəz müdirinin müavini doktor imam Bağdadidən qısa müsahibə alıb. Oktyabrın sonunda üçillik fəaliyyət müddəti başa çatdığı üçün öz ölkəsinə dönəcək həmsöhbətimiz Azərbaycan haqqında təəssüratlarını bölüşüb.  

   -Öncə deyim ki, Mədəniyyət Mərkəzimiz 10 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində özümüzə çoxlu dost qazanmışıq. Burada təhsil alan misirli gənclərlə yanaşı, dostlarımız da bütün tədbirlərimizdə iştirak edir, mərkəzə öz doğma evləri kimi baxırlar. Yeni ünvana köçməyimiz şəraiti yaxşılaşdırmaq istəyindən irəli gəlib. Artıq böyük konfrans salonumuz var, kitabxanamız daha iri zalda yerləşib, otaqlarımızın sayı artıb. Bundan sonra, bizim üçün də, tədbir iştirakçıları üçün də çox rahat olacaq. İndi konfranslara daha artıq qonaq dəvət edə biləcəyik.
   -Ötən aylarda Mədəniyyət Mərkəzində keçirilən tədbirlər haqqında danışmanızı istərdik.
   -Bildiyiniz kimi, mərkəzdə neçə illərdən bəri ərəb dili kursları keçirilir. Bu il ərəb dilinin öyrənilməsinə, Misirdə riyaziyyatın inkişafına dair konfranslar təşkil etmişik. Ölkəmizin məşhur adamları - müğənni Ümmü Külsümə, bəstəkar Əbdül Vahaba həsr olunmuş mötəbər tədbirlərimiz də maraqla qarşılanıb. İnşaat Universitetində, BDU-da Misir mədəniyyəti, mərkəzimizdə isə rəssamlığın bir qolu olan plastik incəsənət sərgilərini keçirdik. Bu münasibətlə misirli rəssamlar da Bakıya gəlmişdilər.
   Bakıda fəaliyyət göstərən İrəvan Dövlət Teatrının məşhur misirli yazıçı Tofiq Əl Həkimin “Karıxmış Sultan” əsərini tamaşaya qoyması, onun R.Behbudov adına Mahnı Teatrında və mərkəzimizdə oynanılması böyük rəğbətlə qarşılandı. Əsərdə hələ qədim zamanlardan Şərqdə qanunun şah olduğu müxtəlif hadisələr göstərilir. Hətta Sultan belə qanun qarşısında aciz qalıb karıxır...
   Bizim fəaliyyətimizdə müştərək olan dini bayramlarımız, Misir filmlərinin nümayişi, Azərbaycanın tarixi günlərinin keçirilməsi də yer alır. Yaxın günlərdə 2009-cu il Bakının islam mədəniyyət paytaxtı elan edilməsilə bağlı daha bir mötəbər tədbir keçirəcəyik. Bütün işlərimizdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bizə yaxından kömək edir. Təhsil Nazirliyi, müxtəlif universitetlərdən tələbələr, müəllim-professor heyəti, jurnalistlər, sadə Azərbaycan vətəndaşları tez-tez qonağımız olurlar.
   -Bildiyimizə görə, yaxınlarda Misirə dönəcəksiniz.
   -Bəli, artıq noyabrın əvvəllərində Qahirədə olacağam. Burada çalışdığım üç il müddətində hər yer mənə elə doğmalaşdı ki, zənnimcə Azərbaycan da mənə vətəndir - ikinci vətən. Həyat yoldaşım Nevin Əhməd, övladlarımız Nuran, Nurəddin də buraları çox sevdilər. Sumqayıt, Gəncə, Quba, Ağsu, Şirvan bölgəsi və digər regionlarda olduq. Azərbaycanla bağlı gözəl təəssüratlar məni heç vaxt tərk etməyəcək. Qahirədə yaşamağım uzaq düşmək deyil, Misirdə Azərbaycanın daha bir dostu olacaq. Eşitdiyimə görə, əvvəllər mədəniyyət mərkəzinə rəhbərlik etmiş Saleh Məşəl, doktor Seyid Qanemi Misirə səfər edən jurnalistlərin, ərəbşünas alimlərin görüşünə gəlib onları öz evlərinə dəvət edirlər. Məni də bu dostların sarasında görün.
   -Azərbaycan xalqına olan arzularınız nədir?
   -Azərbaycanlılara sülh, əminamanlıq, ərazi bütövlüyü, firavan həyat, daha böyük tərəqqi diləyirəm. İstəyirəm xalqlarımız, ölkələrimiz arasındakı dostluq daha da möhkəmlənib genişlənsin. Azərbaycana yenə də gəlmək istərdim. Yəqin onda mavi Xəzərə, Dənizkənarı parka, çox sevdiyim ölkənin hüsnünə bir daha heyran qalardım. Qahirəyə dönsəm də, ürəyimin bir parçasını burda qoyub gedirəm...
   -Mədəniyyət mərkəzinə nə diləmək istərdiniz?
   -Mərkəzin rəhbəri doktor Adel Dərviş çox işgüzar insandı. Əminəm ki, burada həmişə fəal iş aparacaq, mərkəzin fəaliyyət göstərdiyi on il ərzində qazandığı nüfuzu daha da artıracaq. Səfirimiz Saber Mənsur keçirdiyimiz bütün tədbirlərdə fəal iştirak edərək mövzu ətrafında maraqlı söhbətlər aparır, verilən sualları ətraflı cavablandırır. Bu, biz işçiləri, qonaqları çox ruhlandırır. Əminəm ki, cənab səfir, işlərinin çox olmasına baxmayaraq, mərkəzin tədbirlərində iştirak etməyə həmişə vaxt tapacaq. Ümidvaram ki, cənab S.Mənsur, doktor Adel Dərviş, Azərbaycanda təhsil alan misirli gənclər xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə hələ çox töhfələri verəcəklər.   

  Söhbətləşdi: İradə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar