Vaqif Əliyev: «Bu gözəl məkan respublikamızın bütün guşələrinin ən xoş ənənələrini birləşdirərək xalqımızın həmrəylik rəmzinə çevrilmişdir»
   
   Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vaqif Əliyevin “Mədəniyyət” qəzetinə müsahibəsi
   
   - Vaqif müəllim, əvvəlcə Sizi Sumqayıt şəhərinin 60 yaşı münasibətilə “Mədəniyyət” qəzetinin oxucuları və kollektivi adından təbrik edir, Sizə və Sizin simanızda bu şəhərin taleyinə cavabdeh şəxslərə, sakinlərinə cansağlığı, müvəffəqiyyətlər arzulayırıq.
 
  - Diqqətinizə və xoş sözlərə görə təşəkkür edirəm. Sizin qəzet Sumqayıtda keçirilən mədəniyyət tədbirlərinin işıqlandırılmasında və şəhərin ictimai-mədəni həyatının təbliğində fəal iştirak edir. Mən də öz növbəmdə buna görə Sizə minnətdarlığımı bildirir, qəzetinizin kollektivinə yaradıcılıq uğurları arzulayıram.
   - Gəlin, xəyalən də olsa, icra hakimiyyəti kimi bir strukturu böyük simfonik orkestrə bənzədək. Bu orkestrdə ən böyük məsuliyyət, təbii ki, baş dirijorun üzərinə düşür. Beləliklə, Siz, bu orkestrin ifa səviyyəsi, peşəkarlığı haqda nə deyərdiniz?...
   - Sumqayıt tarixən güclü mütəxəssis potensialı ilə seçilən bir şəhər olub. Son illər Sumqayıtda sakinlərin narahatlığına səbəb olan mənzil-məişət problemlərinin həlli, abadlıq-quruculuq işlərinin geniş vüsət alması, sosial sferanın, o cümlədən mədəni həyatın canlanması istiqamətində görülmüş bütün irimiqyaslı işlər şəhərin büsbütün dəyişməsinə səbəb olub. Sumqayıtda tarixi şəxsiyyətlərin xatirəsinə ucaldılmış abidələr, yaradılan yeni park və xiyabanlar, əsaslı təmir olunan yollar, yaşayış binaları və sosial təyinatlı obyektlər məhz şəhərin müxtəlif sahələrində çalışan insanların gərgin əməyinin nəticəsidir. Düşünürəm ki, Sumqayıtın bugünkü mənzərəsi Sizin orkestrə bənzətdiyiniz şəhərimizin icra strukturlarının öz işlərinə nə dərəcədə məsuliyyətlə yanaşmalarının və peşəkarlıq səviyyələrinin göstəricisi kimi qiymətləndirilə bilər.
   - Bəs elə isə, bu orkestrin “solo” ifaçıları haqda bir neçə kəlmə...
   - 60 il ərzində ərsəyə gətirilən Sumqayıt adlı əsərin “solo”çuları şəhərin sadə zəhmət adamlarıdır. Məhz bu əmək bahadırları-inşaatçılar, metallurqlar, kimyaçılar və elm adamlarının əvəzsiz xidmətləri sayəsində ucsuz-bucaqsız çöllükdə gözəl, işıqlı şəhər ucaldılmışdır. Şəhərin bugünkü həyatında da ayrı-ayrı sahələrdə çalışan hər bir şəxs aparılan quruculuq işlərində yaxından iştirak edir və Sumqayıtın inkişafına öz layiqli töhfəsini verir.
   - Vaqif müəllim, Sumqayıta həsr olunan xüsusi buraxılışımızın hazırlanma prosesində çox insanla ünsiyyətdə olduq. Onlardan biri Sizin fəaliyyətinizi qiymətləndirərkən «Vaqif müəllimin gördüyü işlərin çoxu yer altındadır» dedi. Həmin məmur Sizin rəhbərliyiniz altında Sumqayıtın kommunikasiya sisteminin büsbütün yeniləndiyini nəzərdə tuturdu... Əslində, böyük anlamda şəhər mədəniyyəti məhz onun kommunikasiya sistemindən başlayır...
   - Həqiqətən də, hər hansı ərazinin inkişafını şərtləndirən başlıca amil zəruri infrastrukturun yaradılması ilə bilavasitə bağlıdır. İnfrastrukturu yeniləşdirmədən nə sənayenin, nə sosial sahənin, nə də ki, insanların rahat yaşayışını təmin etmək mümkün deyil. Sumqayıtda yeraltı və yerüstü kommunikasiya xətləri əsasən ötən əsrin ortalarında istismara verildiyindən və uzun müddət təmir edilmədiyindən yararsız vəziyyətdə idi. Kommunikasiya xətlərinin təmiri və yenisi ilə əvəz olunması işlərinin nəticəsi vizual cəhətdən görünməsə də, öz həcmi və effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə son illər ərzində həyata keçirilən irimiqyaslı infrastruktur layihələr gələcək tikinti-abadlıq işləri üçün möhkəm zəmin yaratmışdır. Bu gün şəhərin fasiləsiz olaraq təbii qaz, su və elektrik enerjisi ilə təmin olunmasında on kilometrlərlə uzunluğunda müvafiq xətlərin yeniləşməsi istiqamətində görülən tədbirlərin xüsusi rolu olmuşdur.
   - Nə qədər qəribə olsa da, uzun illər Sumqayıtda mədəniyyət idarəsinin şəhərin mədəni həyatında rolu hiss olunmayıb. Ona bir növ, ikinci, hətta üçüncü dərəcəli bir qurum münasibəti bəslənilib...
   - Qeyd etməliyəm ki, əsası qoyulan vaxtdan Sumqayıt kimyaçılar şəhəri, ölkəmizin iri sənaye mərkəzi kimi formalaşıb. Vaxtilə birtərəfli istiqamət alan bu inkişaf şəhərin digər həyati əhəmiyyətli sahələrini, xüsusilə də mədəni həyatını kölgədə qoymuşdu. Ümummilli lider Heydər Əliyevin Sumqayıta 3 aprel 2003-cü ildə etdiyi səfəri vaxtı söylədiyi proqram xarakterli nitqində şəhərin mədəni mühitinin canlanma zərurəti barədə verdiyi tövsiyələr də bu faktordan irəli gəlirdi.
   Ötən müddətdə şəhərin Mədəniyyət İdarəsi başda olmaqla Sumqayıtın bütün mədəniyyət və incəsənət ocaqları öz fəaliyyətlərini məhz ulu öndərin tövsiyələri istiqamətində qurmuşlar. Yeri gəlmişkən, son illər ərzində Sumqayıtda bu sahədə qazanılan nailiyyətlərdə Mədəniyyət və Turizm Nazirliyinin rolunu xüsusilə qeyd etmək istəyirəm.
   Qısa vaxt ərzində şəhərin mədəniyyət sarayları, musiqi məktəbləri, mərkəzi kitabxanası və rəsm qalereyasında aparılan əsaslı təmir işləri mədəniyyət müəssisələrinin fəaliyyətinin canlanmasına səbəb olmuş, keyfiyyətcə yeni mədəni proqramların təşkilinə imkan yaratmışdır. Fəaliyyətini yeni müstəvidə bərpa edən H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı öz rəngarəng tamaşaları ilə nəinki şəhərdə, həm də beynəlxalq festivallarda uğurla çıxış edir. Dövlət Filarmoniyasının Q.Qarayev adına kamera orkestrinin Sumqayıtda mütəmadi xarakter almış çıxışlarına göstərilən isti münasibət sumqayıtlıların həm də klassik musiqiyə olan sevgisini nümayiş etdirir. Sevindirici haldır ki, Sumqayıtda respublikamızın tanınmış incəsənət ustaları və musiqiçiləri ilə bərabər müxtəlif xarici ölkələri təmsil edən kollektivlərin çıxışları ənənə halını almışdır. İndi şəhərə təşrif buyuran xarici qonaqlar da bir qayda olaraq Sumqayıtda fərqli mədəni ab-havanın duyulduğunu, sakinlərin isə yüksək tamaşaçı zövqünə malik olduqlarını xüsusi qeyd edirlər.
   Sumqayıt gənc şəhər olduğundan burada tarixi və mədəniyyət abidələrinin sayı o qədər də çox olmayıb. Son dövrdə şəhərimizdə tarixi şəxsiyyətlərin, mədəniyyət xadimlərinin şərəfinə abidələrin ucaldılması Sumqayıtın mədəni həyatının gözəl ənənəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə onun əzəmətli abidəsi ucaldılmış, mavi Xəzərə yaraşıq verən dənizkənarı mədəniyyət və istirahət parkında böyük mütəfəkkir Nəsiminin heykəli qoyulmuşdur. Yeni yaradılmış abad və gözəl meydanda dahi şair Nizami Gəncəvinin möhtəşəm abidəsi ucaldılmışdır. Böyük dramaturq Cəfər Cabbarlının abidəsi onun adını daşıyan küçədə quraşdırılmış, burada sakinlər üçün yeni istirahət guşəsi yaradılmışdır. Sumqayıtın əsas rəmzlərindən biri olan “Sülh göyərçini” monumenti bərpa olunaraq bu yerdə gözəl fəvvarə kompleksi quraşdırılmış, sakinlərin istirahəti üçün hər cür şəraiti olan füsunkar meydan yaradılmışdır. Şəhərin giriş hissəsində yeni salınmış parkda “Tərəqqi” monumenti, böyük dramaturq Cəlil Məmmədquluzadənin adını daşıyan küçədə onun büstü, Hacı Zeynalabdin qəsəbəsində şair Mikayıl Müşfiqin qorelyefi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş həmvətənlərimizin xatirə lövhəsi, Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış monument - bunların hamısı son illərdə yaradılmış yeni mədəniyyət guşələri kimi şəhər görkəminin ayrılmaz hissəsinə çevrilmişdir.
   - Sizcə, Sumqayıtı Azərbaycanın digər şəhərlərindən və sumqayıtlıları başqa şəhərlərin sakinlərindən fərqləndirən cəhətlər varmı?
   - Sumqayıtın ölkə həyatında özünəməxsus yer tutması təkcə onun yaranma tarixi, respublika iqtisadiyyatında tutduğu mühüm rolu ilə kifayətlənmir. Bu şəhəri fərqləndirən əsas cəhətlərdən biri və bəlkə də başlıcası, burada formalaşan təkrarsız mühitdir. Sumqayıt Vətənimizin bir çox bölgəsindən təşrif buyurmuş insanların mehriban ailəsinin məskənidir. Azərbaycanın hansı yerindən gəldiyinə fərq qoymadan hər bir insanı ağuşuna alan bu şəhərdə möhkəm qardaşlıq və dostluq öz parlaq ifadəsini tapmışdır. Məhz bu gözəl məkan respublikamızın bütün guşələrinin ən xoş ənənələrini birləşdirərək xalqımızın həmrəylik rəmzinə çevrilmişdir. Elə bu səbəbdəndir ki, Sumqayıt Azərbaycanın dünəni və bu gününü özündə həmişə güzgü kimi əks etdirmişdir.
   - Artıq neçə ildir ki, Sumqayıtda çalışırsınız. Hərdən özünüzü əsilli-köklü sumqayıtlı kimi də hiss edirsinizmi?
   - Bir qədər əvvəl qeyd etdiyim kimi, Sumqayıtda Azərbaycanın bir çox yerlərindən gəlmiş insanlar məskunlaşıblar. Haradan gəldiyindən asılı olmayaraq, Sumqayıt hər bir insanı özünə doğma kimi qəbul edir. Sumqayıtda doğulmasam da, bu şəhər mənə çox əzizdir, burada mən özümü Sumqayıtın sakini kimi hiss edirəm. Hesab edirəm ki, bu hissi yaşamadan sakinlərlə yaxından ünsiyyət qurmaq, onların istəklərini başa düşmək daha çətin olardı.
   - Sizcə, şəhərin icra başçısı ilə sıravi sakininin Sumqayıtın inkişafı, gələcəyi barədə fikirləri arasında ortaq istəklər çoxdur, ya fərqli istəklər?
   - Zənnimcə, bizi daha çox ortaq istəklərimiz, ümumi məqsədlərimiz birləşdirir. Çünki həm icra hakimiyyəti başçısının, həm də sıravi sakinin əsas arzusu əhalinin rahat yaşayışının təmin edilməsi, doğma şəhərin daha da çiçəklənməsi və inkişafıdır. Bu ortaq fikrin əsasında sakinlərin problemlərinə göstərilən diqqət dayanır. Müntəzəm olaraq, şəhər rəhbərliyi tərəfindən Sumqayıtın bütün yaşayış massivlərində sakinlərlə görüşlər keçirilir. Bununla yanaşı, şəhər icra hakimiyyətinin internet səhifəsi, eləcə də elektron poçt vasitəsilə sakinlərin mənə və şəhər İcra hakimiyyəti aparatının işçilərinə müraciət etmək imkanlarının mövcudluğu, şəffaf ünsiyyət sisteminin yaradılması məqsədilə təşkil edilmiş internet-forumlar şəhər əhalisinin istək və təklifləri ilə daha dolğun tanış olmaq və bu məsələləri operativ həll etmək imkanı verir.
   - Yaxın illərdə Sumqayıtın simasında, onun mədəni həyatında hansı dəyişikliklər gözlənilir?
   - Bu gün ölkəmiz sözün əsl mənasında mədəni dirçəliş mərhələsini yaşayır. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və dəstəyi ilə respublikamızın müxtəlif bölgələrində tarixi abidələr bərpa edilir, teatrlar, muzeylər, kitabxanalar əsaslı təmir olunur, ən müasir standartlara cavab verən yeni mədəniyyət ocaqları inşa edilərək insanların istifadəsinə verilir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin dünya miqyasında təbliği naminə həyata keçirdiyi nəcib missiya xüsusilə təqdirəlayiqdir. Dövlətimizin həyata keçirdiyi mədəniyyət siyasəti bu gün Sumqayıtda da öz gözəl bəhrəsini verməkdədir.
   Xalqımızın mədəni irsinin təbliğində mədəniyyət abidələrinin rolunu nəzərə alaraq biz Sumqayıtda tarixi şəxsiyyətlərin abidələrinin və heykəltəraşlıq nümunələrinin yaradılması işini davam etdirmək əzmindəyik. Əlamətdar haldır ki, Sumqayıtın yubiley tədbirləri çərçivəsində şəhərin mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəyovun abidəsinin təntənəli təməlqoyma mərasimi keçirilmişdir. Yaxın vaxtlarda şəhərimizdə böyük dramaturq Hüseyn Cavidin abidəsinin ucaldılması da nəzərdə tutulmuşdur.
   Şəhərin mədəni həyatının canlandırılması məqsədilə mədəniyyət ocaqlarının tam gücü ilə hərəkətə gətirilməsinə diqqət xüsusilə artırılmalıdır. Bu baxımdan mədəniyyət və incəsənət ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi, onların fəaliyyətinin məzmun etibarilə daha da zənginləşdirilməsi böyük əhəmiyyət kəsb edir.
   - Bu günlər Sumqayıt şəhərinin 60 yaşı qeyd edilir. Bu yubileylə bağlı arzularınız, planlarınız, proqnozlarınız...
   - Bəli, Sumqayıt hazırda öz tarixinin ən əlamətdar günlərini yaşayır. Dövlətimizin başçısı cənab İlham Əliyevin 24 aprel 2009-cu il tarixli sərəncamına əsasən şəhərin yubileyi ölkə üzrə geniş qeyd olunur. Öz qayğısını heç vaxt Sumqayıtdan əsirgəməyən cənab Prezidentin cari ilin oktyabr ayının 1-də şəhərlə bağlı imzaladığı növbəti sərəncam Sumqayıtda aparılan abadlıq və quruculuq işlərini sürətləndirmək, yubiley ilinə yüksək səviyyədə yekun vurmaq üçün əlavə imkanlar yaratmışdır.
   Yubiley ili çoxsaylı rəngarəng tədbirlərlə, mədəniyyət hadisələri ilə yaddaqalan olmuşdur. Respublikamızın yaradıcı kollektivləri ilə birgə keçirilən Sumqayıta həsr olunmuş rəsm, şeir, mahnı müsabiqələrində, konsert və sərgilərdə ölkəmizin tanınmış mədəniyyət xadimləri və incəsənət ustaları iştirak etmişlər. Sumqayıtın 60 illiyinə həsr olunmuş xüsusi poçt markasının buraxılışı, Sumqayıtın bələdçi kitabının yeni nəşrinin işıq üzü görməsi, şəhər tarixini əks etdirən sənədli filmin hazırlanması yubiley ilinə mühüm töhfələrdən olmuşdur.
   Rekonstruksiyası başa çatdırılmış Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi ölkəmizdə elan olunmuş Uşaq ilində şəhərin azyaşlı sakinlərinə dəyərli hədiyyə olacaqdır. Əsaslı təmiri yekunlaşdırılan Sumqayıtın tarixi muzeyi yaxın müddətdə öz qapılarını sakinlərin və şəhərə gələn qonaqların üzünə açacaqdır.
   Fürsətdən istifadə edərək, Sumqayıt yubileyinin yüksək səviyyədə keçirilməsində fəal iştirak edən şəhərin bütün mədəniyyət işçilərinə öz minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, onlar gələcəkdə də bu mühüm sahənin inkişafına və bununla da, Sumqayıtın ölkəmizin mədəniyyət mərkəzlərindən birinə çevrilməsinə öz layiqli töhfələrini verəcəklər.
   
   Söhbətləşdi: Gülcahan Mirməmməd







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar